Modern.az

Adil Qeybulla: “Bu təklifimi az qala xəyanət kimi dəyərləndirirdilər”

Adil Qeybulla: “Bu təklifimi az qala xəyanət kimi dəyərləndirirdilər”

12 Mart 2012, 16:15

“İqtidar-müxalifət dialoquna ciddi ehtiyac var”

Ötən ilin bir neçə ayını Müsavat rəhbərliyində təmsil olunan bir qrup şəxsin partiyadan istefa verməsi siyasi gündəmi məşğul etdi. Gedənlərdən yalnız biri, professor Adil Qeybulla partiyaya qayıtdı və buna səbəb kimi ictimi qınağı göstərdi. Amma Adil bəy Düvan üzvü kimi getdiyi partiyaya sıravi üzv kimi qayıtdı. Onunla müsahibəmizdə partiyaya sıravi üzv kimi qayıdışından sonrakı fəaliyyəti barədə bəzi məqamlara diqqət yetirmişik.

- Müsavata əvvəlki kimi gedib-gəlirsinizmi? Yəni əvvəlki fəallığınız qalırmı?

- Musavat partiyasının bütün strukturlarında mənim ən azı bir həkim kimi müayinə elədiyim, şəxsi münasibətdə olduğum insanlar var. Həmin cameədə olan adamlarla siyasi münasibətlərdən çox şəxsi münasibətim var. Yəni münasibətlər həmişə isti olub, indi də isti olaraq qalır. Amma rəhbərlikdən getmişəm, sıravi üzv kimi fəaliyyət göstərirəm. Əsasən İctimai Palatada fəallıq göstərirəm. Müsavatçılıq mənim yolumdur və bunu mən bir partiya çərçivəsində qəbul etmək istəmirəm.

- Müsavatdan getdiyiniz müddətdə hakimiyyətdən hansısa təkliflər aldınızmı?

- Yox, mənim hakimiyyətlə hec bir təmaslarım yoxdur. Mənim hakimiyyətlə hansısa bir təmaslarım yalnız və yalnız partiyanın göndərişi əsasında ola bilər. Təbii ki, mən tibb professoru olaraq istər hakimiyyətdə, istər müxalifətdə, istər bitərəflər arasında kifayət qədər tanıdığım adamlar var, amma onların siyasi əqidəsinin bu münasibətlərə dəxli yoxdur.

- Partiyanı tərk etdiniz, sonra qayıtdınız. Nəticə etibarilə rəhbərlikdəki mövqeyinizi itirdiniz. Peşman deyilsiniz ki?

- Partiyadan mənim getməyim şəxsi problem idi, bir inciklik var idi. Amma heç nəyə baxmayaraq mən hesab edirəm ki, bu partiyanın möhkəmlənməsi üçün çalışmaq lazımdır. Bu partiya böyük Məhəmməd Əmin Rəsulzadənin təməlini qoyduğu bir təşkilatdır. Amma indiki Müsavat partiyası Rəsulzadənin qoyduğu resurslarla yanaşı, öz gələcəyi üçün də düşünməlidir. Təşkilatlanmalıdır və həmin keçmişdəki Müsavat partiyasına layiq bir partiya olmalıdır. Mən hesab edirəm ki, bununla bağlı biz xeyli işlər görməliyik.

- Sualım belə bitirdi ki, rəhbərlikdəki yerinizi itirdiyinizə görə peşman deyilsiniz ki?

- Mən sizə tam səmimi deyirəm ki, partiya rəhbərliyində təmsil olunsam da, olunmasam da mənə o partiyanın sıravi üzvləri və ümumiyyətlə milli azadlıq düşərgəsinin nümayəndələri tərəfindən eyni cür münasibət qalır. Artıq yaşım və Azərbaycan siyasətindəki yerim imkan verir ki, o nüfuz əvvəlki kimi qalsın. Müəyyən məsələlərin həllində və yaxud da bəzi məsləhətləşmələrdə mən yenə fərdi qaydada iştirak edirəm. Müsavatın qarşıda qurultayı var, o qurultay ərəfəsində mən partiyanın rəhbərliyində, hansısa strukturda təmsil olunmaq haqqında düşünəcəm.

- Qurultayda sədrliyə namizədliyinizi irəli sürə bilərsinizmi?

- Mən birmənalı şəkildə hesab edirəm ki, biz Müsavat partiyasının qurultayından daha çox 2013-cü ilin prezident seçkilərinə hazırlaşmalıyıq. Və hesab edirəm ki, İsa Qəmbər partiya başqanı olaraq qalmalıdır və prezidentliyə namizəd olmalıdır. Bu mövqeni partiyada böyük əksəriyyət müdafiə edir. Hər halda proseslərin gedişinə baxarıq. Bu məsələ o zaman aktual ola bilər ki, Müsavatın mənafeyi bunu tələb etsin.

- İctimai Palatanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bu palatanın özəyini 2011-ci ilin parlament seçkilərində namizəd olmuş şəxslər və əsasən AXCP və Müsavat nümayəndələri təşkil edirlər. Bundan başqa da burda kifayət qədər milli-azadlıq hərəkatında iştirak etmiş insanlar, keçmiş hakimiyyətdə təmsil olunmuş insanlar, mütəxəssislər iştirak edir. Amma İP hələ təşkilatlanmalıdır və bu proses gedir. Mən hesab edirəm ki, istər İP formatında, istərsə də müxalifətin aparıcı qüvvələrinin digər bir formatında iqtidarla müxalifət arasında vətəndaş sülhü haqqında, ölkənin gələcəyi ilə bağlı bir dialoq başlanmalıdır. Buna çox ciddi bir ehtiyac var.

- Sizin bu mövqeyinizdə olanlar, dəstəkləyənlər var bu mövqeyi?

- Var, təbii. Açığını desək, İctimai Palatanın “Yol xəritəsi” əslində elə bu mövqedir. Amma mən bu mövqeni 2005-ci ildən ortaya qoymuşam. Yəni iqtidarla müxalifət arasında ilkin şərtlər olmadan, qeyd-şərtsiz dialoq başlansın və bu dialoqun gedişi əsasən Azərbaycanın ümummilli məsələləri ilə bağlı, Azərbaycanın demokratikləşməsi və sair bu kimi məsələlər üzrə iqtidarla müxalifət arasında dialoqun başlanması çox vacibdir. “Bakı – Xəbər” qəzetində dərc olunmuşdu müsahibəm. O vaxt mənim bu təklifim ciddi müqavimətlə qarşılandı. Kluarlarda radikal əhval-ruhiyyəli dostlarımız çox müqavimət göstərirdilər, bəzən bunu az qala xəyanət kimi dəyərləndirirdilər, bu mənim də qulağma çatırdı. Amma hal-hazırda bu qənaətə gəlinib, İctimai Palatanın “Yol xəritəsi” faktiki olaraq 2005- ci ildə verdiyim müsahibənin tezisləri ilə tam uzlaşır. Ən böyük müharibələr belə sülhlə, masa arxasında yekunlaşırsa, hesab edirəm ki, Azərbaycanda da dialoq məsələsi də ölkənin gələcəyi üçün, millətimizin taleyi üçün çox mühüm olan bir məsələdir. Biz heç bir halda xaosun, proseslərin inqilabi yolla getməsinin tərəfdarı ola bilmərik. Şəxsən mən bu mövqedəyəm və sona qədər də bir ziyalı kimi öz nüfuzumdan istifadə edib, həm də ümumiyyətlə təmsil olunmuş partiyada və digər təşkilatlarda çalışacam ki, bu istiqamətdə fəaliyyət göstərim və buna nail olum. Bəzən hər iki tərəfdən müəyyən şərtlər irəli sürülməsində ambisiya əlamətləri görünür, bu da o dialoqun baş tutmamasınön əsas səbəblərindən biridir. Dialoq qətiyyən imitasiya xarakteri daşımamalıdır, bu sözdə yox, işdə olmalıdır. Ən əsas odur ki, bu nəticə versin və Azərbaycanda bir vətəndaş razılığı olmasında rol oynasın.

- Sizə elə gəlmirmi ki, bu dialoqun baş tutmasında kimlərsə maraqlı deyil?

- Ola bilər. Bu gün ərəb inqilabları, reğionda baş verən müəyyən hadisələr, ümumiyyətlə bu mənafelərin dəyişməsi, dünyanın yenidən bölünməsi prosesi, cox qlobal proseslər gedir və bu proseslərdə Azərbaycanın layiqli yerinin təmsil olunması, milli təhlükəsizlik məsələmiz, milli mənafeyimiz hər bir adam üçün əsas olmalıdır. Nəinki şəxsi maraqlar, firqə maraqları və siyasi maraqlar və sairə. Bununla yanaşı çalışmaq lazımdır ki, Azərbaycanda demokratik islahatlar dərinləşsin. Yəni biz kənar müdaxilələrə şərait yaratmamalıyıq, bu məsələləri özümüz həll etməliyik. İctimai Palatanın əsas hədəfi Parlament seçkilərinin yenidən keçirilməsi idi və bu hədəfi əsas götürülmək lazım idi. Bu istiqamətdə dialoq çox vacibdir. Çünki parlament hakimiyyətin mühüm bir qolunu təşkil edir və yeni parlament seçkilərinin keçirilməsi, millətin daha layiqli nümayəndələrinin təmsil olunması da mühümdür. Hesab edirəm ki, Azərbaycan iqtidarında buna anlaqlı yanaşan, bunu qəbul edən şəxslər var. Amma buna mane olanlar da var təbii ki. Ona görə də buna siyasi iradə lazımdır. Nəyə görə bizə kənardan hansı dövlətsə təzyiq etməli və yaxud da kimlərsə yol göstərməlidir. Öz problemlərimizi özümüz çözə bilərik.

Qızılgül Abdinova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir