Modern.az Abbas Əliyevin şeirini təqdim edir:
Ömür kitabımı qoydum qarşıma
Haradan haraya gətirdin məni.
Bir bahar fəslində bənövşə idim
Kol edib yollarda bitirdin məni
Beləcə itirdin, itirdin məni.
Qış olub sazağa çəkmisən hərdən
Yol olub uzağa çəkmisən hərdən
Lüzumsuz sınağa çəkmisən hərdən
Nə yaman sonladın, bitirdin məni
Beləcə itirdin, itirdin məni.
Gur ocaq altında kor olan közəm
Bu qədər ağrıya çətin ki, dözəm
İndi dodağında daşlaşmış sözəm
Nəğməmdə ən gözəl sətrimdi mənim
Beləcə itirdin, itirdin məni.
Sənə ulduz dedim sayrışammadın
Bir eşqin yükünü daşıyammadın
Bu boyda sevgini yaşıyammadın
Əlimi həsrətə yetirdin mənim
Beləcə itirdin, itirdin məni.
Mənim eşqim boyda günahsan indi
Dilimdə qarğışsan, bir ahsan indi
Üzü qaranlığa sabahsan indi
Nələri dilimə gətirdin mənim
Beləcə itirdin, itirdin məni.
Silib tulladığın yersiz yaddaşam
Kənara atdığın quru bir daşam
Belə dünya üçün doğulmamışam
Nə erkən əcələ götürdün məni
Beləcə itirdin, itirdin məni.
Abbas Əliyev
10.10.2018