Modern.az

Səfir Cavad Cahangirzadə: “İranın ali dini rəhbəri, Milli Məclisin sədr müavini, iki nazirimiz Azərbaycan əsilli şəxslərdir” - MÜSAHİBƏ

Səfir Cavad Cahangirzadə: “İranın ali dini rəhbəri, Milli Məclisin sədr müavini, iki nazirimiz Azərbaycan əsilli şəxslərdir” - MÜSAHİBƏ

4 Dekabr 2019, 08:37

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Modern.az saytına müsahibə verib.

 

- Cənab Cahangirzadə, İranla Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
Bir səfir olaraq, bu əlaqələrin inkişafı istiqamətində nələri planlaşdırırsınız?


- Biz iqtisadi sahə üzrə əməkdaşlıqda rekord göstəricilər əldə etmişik. Bu rekord ötən 20 ildə heç vaxt olmayıb. Siyasi sahədə əməkdaşlığa gəlincə, siz İran və Azərbaycan prezidentlərinin inkişafa doğru atdıqları addımları görə bilərsiniz. Yaxın günlərdə Qoşulmama Hərəkatı çərçivəsində onların görüşü baş tutru. Bu həftə Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev böyük heyətlə İrana təşrif buyuracaq. Bu gün İranın Rabitə naziri Azərbaycana səfərə gələcək. Daha sonra isə Şəhərsalma nazirimizin müavininin və Sənaye nazirimizin Azərbaycana səfəri gözlənilir. Bu gedib-gəlmələr daimi olur. Hər səfərlərdə bir-birimizə olan hörmət və məhəbbətimiz artır. Bunlar göstərir ki, İran Azərbaycanla olan əlaqələrini gündən-günə artırmaqdadır. İqtisadi münasibətlərimiz zamanla daha da güclənir. Hazırda İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.


- İqtisadi münasibətlərimizin yüksələn xətt üzrə artdığını söylədiniz. Hazırda İran və Azərbaycan arasında dövr edən maliyyə nə qədər təşkil edir?


- Statistik göstəricilərə əsasən, son 10 ay ərzində bu məbləğ rəsmi olaraq, 420 milyon dollar təşkil edib. Lakin bizim ölkələrin iqtisadi əlaqələri bu məbləğdən iki-üç dəfə artıqdır. Onu da nəzərə alaq ki, son 10 ayda  Azərbaycandan 1 milyon 400 mindən artıq adam İrana səfər edib. Təbii ki, bu səfərlərə ticarət, turistik sahələr və səhiyyə də daxildir. Söylədiyim məbləğə  turizm və səhiyyə sahələri daxil deyil. Eyni zamanda İrandan da Azərbaycana xeyli sayda turist gəlir. Enerji sahəsində də əməkdaşlığımız var. Real baxsaq, İranla Azərbaycan arasında bütün sahələr üzrə maliyyə dövriyyəsi 1 milyard dolları aşıb.

- İranlı investorların Azərbaycana olan marağı sizi qane edirmi? Son bir ildə İran investorları  Azərbaycana nə qədər yatırım edib?


- Məsafəmizin yaxın olması iranlı investorların burada quracaqları işi asanlaşdırır. Bir çox sahələr var ki, iranlı investorlar Azərbaycana yatırım qoymaq niyyətindədirlər. Hazırda Hacıqabulda avtobus istehsalı sahəsində bir şirkətimiz fəaliyyətə başlayıb. Yükdaşıma maşınları və traktor sahəsində fəaliyyət göstərəcək şirkətimiz Masallıda öz işə başlamağı planlaşdırır.
Qida sahəsində Pirallahıda şirkətimiz qurulub. Əgər biz İranın Azərbaycandakı səfirliyi olaraq investorları düzgün himayə edə bilsək, sərmayə təbii ki artacaq. Məsələn,  2004-cü ildən 2016-cı ilə kimi iranlı iş adamları Birləşmiş Ərəb Əmirliklərinə 240 milyard dollar investiya yatırıblar. Hüquq və məhkəmə sistemində olan əlaqələrimizi gücləndirərək, mövcud şərtləri bir az yüngülləşdirə bilsək, təbii ki, o məbləğin böyük bir hissəsi Azərbaycana axa bilər. Bu sahədə Azərbaycan Prezidentinin yeni qərar və sərəncamlarını gözləyirik. Bu qərarlardan sonra biz iranlı sərmayədarları və biznesmenləri maarifləndirərək, Azərbaycana dəvət edəcəyik.


- Bu yaxınlarda İranda siyasi sabitliyin pozulması xəbəri Azərbaycan gündəmini zəbt etdi. Məlumatlara görə, etirazçılar arasında ölən və yaralananlar olub. Etirazlar niyə belə kütləvi hal aldı?


-
İranda enerji çox ucuz idi və onun qiymətində müəyyən qədər dəyişikliklər baş verdi. Bu hal isə ölkədə yaşayan bəzi insanların etirazına səbəb oldu. Ölən və yaralıların sayı haqqında səfirliyin dəqiq rəsmi açıqlaması yoxdur. Lakin əminliklə deyə bilərəm ki, bu say elə də çox deyil. Bu məsələ İranın daxili məsələsidir. Artıq 41 ildir ki, İran embarqolara məruz qalır və heç kimsədən asılı deyil, müstəqil yaşayır və inkişaf edir. Uzun illər öncə Səddam Hüseynin rəhbərliyi dövründə İraq İrana qarşı müharibə apardı. Minlərlə şəhidimiz, əlillərimiz və qaçqınlarımız oldu. Bu müharibənin başlamasına İraqı sövq edən qüvvələr var idi. O qüvvələr ki  həmin gündən indiyə kimi İranın gücü ilə barışa bilmirlər.
Son etirazlar ölkə daxilində baş verdi. Onu da qeyd edim ki, İran dövləti həmişə öz vətəndaşının yanındadır. Ola bilər ki, bu etirazlardan sonra yaşam şəraiti çətin olan vətəndaşlarımıza dövlətimiz tərəfindən birbaşa yardımlar olunsun. Etirazların səbəbləri dövlət tərəfindən araşdırılmaqdadır. Artıq İran ərazisində tamamilə sabitlikdir. Ölkə rəhbərliyi və eləcə də vətəndaşalrımız əl-ələ verərək, yalnız ölkəmizin rifahı üçün çalışacaqlar.


- Etirazlar İranın hansı bölgələrini əhatə edirdi?


- Paytaxt Tehran da daxil olmaqla, bir çox bölgələrimizdə yaşandı. Etirazlar kütləviləşməyə doğru getdiyi bir zamanda bir çox vətəndaşımız öz ölkələrinin müdafiəsinə qalxdılar. Etirazçılar dialoqlara dəvət olundu. Onları narahat edən bütün məqamlar dövlət tərəfindən qeyd olundu və yaxın günlərdə ortaq həll yolu tapılacaqdır.


- İran rəsmi şəxsləri deyirlər ki, etirazların kütləviləşməsinin arxasında başqa bir xarici dövlətlərin İranın sabitliyinin əleyhinə yönəlmiş maraqları dayanır...

- Bəli... Əgər biz ABŞ-ın dövlət katibi Maykl Pompeonun sözlərinə baxsaq, bunu asanlıqla anlayarıq. İran dövləti bu gün bütün vətəndaşlarının fikrinə hörmətlə yanaşır. İstər müxalifət olsun, istərsə də iqtidar. Bir daha qeyd edim ki, İranın ən böyük gücü ölkəni sevən və onun bölünməzliyi üçün mübarizə aparan güclü savada və intellektə malik vətəndaşlarındadır. O vətəndaşlar heç zaman razı olmazlar ki, ölkəmizdə başqa bir dövlətin marağı üzərində qurulan etirazlar parçalanmalara səbəb olsun. Hər ölkənin öz sərhəd və qanunları var. Başqa bir ölkə İranın sərhədinə, ölkədəki qərar və qanuna heç zaman müdaxilə edə bilməz.


- 2018-ci ildən İrana qarşı nüvə sanksiyaları həyata keçirilməkdədir. Bu hal da İranın iqtisadi imkanlarını müəyyən qədər məhdudlaşdırır. Hazırda İranda iqtisadi vəziyyət necədir?

- Bəli. Biz bu faktı dana bilmərik. Sanksiyaların ölkəmizə ziyanının olmadığını deyə bilmərik. Təbii ki, sanksiyalar ölkə iqtisadiyyatının inkişafına müəyyən qədər təsir göstərir. Ölkədə müəyyən qədər çətinliklər var. Səhiyyə sahəsində İrana sanksiyalar tətbiq olunmaqdadır. Xərçəng və başqa ağır xəstəlikləri olan İran vətəndaşları üçün xaricdən gələn dərmanlar kəsilib. İran səhiyyəsi bu xəstəliklərlə özünün  istehsal etdiyi dərmanların gücünə mübarizə aparmaqdadır. Ölkənin təbii sərvəti olan neftin İran büdcəsinə müəyyən qədər köməyi olurdu. Artıq bu gəlirlər sanksiyalardan sonra xeyli aşağı düşüb. İradəmiz müstəqilliyimiz üzərində qurulub. Biz xarici müdaxiləni nəinki İrana, dünyanın heç bir ölkəsinə rəva bilmirik. Hər bir ölkə öz qanunları ilə idarə olunmalı və inkişaf etməlidir. İnsanlar arasında çaxnaşma və qarşıdurma yaradaraq, bundan öz gəliri üçün istifadə etmək yolverilməzdir. İran heç zaman öz ərazisində başqa bir ölkənin maraqlarının gerçəkləşməsinə yol verməyəcək.


- Belə bir məlumat da var ki, məhz sanksiyalardan sonra İranın ümumi daxili məhsulu (ÜDM) 3,8 faiz, bu il isə 9,8 faiz aşağı düşüb. Bu məlumatlar doğrudur? Ölkə rəhbərliyi vəziyyətdən çıxmaq üçün xüsusi inkişaf proqramı hazırlayıbmı?


- Əlbəttə, xüsusi inkişaf proqramlarımız hazırlanıb və təmilləşdirilməkdədir. Həm kənd təsərrüfatı, həm sənaye, həm də turizm sahəsi üzrə bu cür xüsusi proqramlar hazırlanıb. Təhlükəsizlik və digər sahələrimizdə də  ölkəmizi inkişafa doğru aparacaq bu tipli proqramlarımız var. Həmçinin, dövlət büdcəsinin neftdən olan asılılığını aradan qaldırmaq üçün ölkəmizdə qeyri-neft sektorunun inkişafına dair proqramlar hazırlanıb və reallaşdırılmaqdadır.


- Ölkə iqtisadiyyatına gəlir gətirən əsas məqamlardan biri də kiçik və orta sahibkarlığın inkişafıdır. Bəs İranda kiçik və orta sahibkarlığın inkişafına dövlət hansı dəstəyi göstərir?  Kreditlər hansı faizlərlə verilir?


- Bizdə kreditlər də, mənfəətlər də, yuxarı faizlələ yüksək məbləğlərlə verilməkdədir. Həm Milli Məclis, həm də dövlətimiz çalışır ki, kredit faizlərini azaltsın. Bunun üçün də bizə müəyyən qədər zaman lazımdır. Bu gün zavodlarımızın bir çoxu dövlətdən aldıqları kredit hesabına ayaq üstündə durur.  İran sənayesi çox keyfiyyətli məhsullar istehsal etməkdədir və bu məhsullar Qərbin - yəni Avropanın inkişaf etmiş dövlətlərinin istehsal etdikləri məhsullarla ayaqlaşır. Sanksiyaların İrana qazandırdığı imtiyaz o oldu ki, sənayemiz inkişaf etdi və məhsullarımız daha da keyfiyyətli oldu. 40 il bundan əvvəl universitetlərimizdə 125 min tələbə təhsil alırdısa, indi bu say 5 milyona yaxındır. Əvvəllər ana ölümü hər 1000 nəfərə 110 idisə, indi bu say 22-dir. Təbii ki, bu da dünya standartlarından xeyli aşağıdır. Xəstəxanalarımızın sayı son illərdə xeyli artıb. Raket istehsalı sahəsində İran dünyada 6-cı yeri tutursa, nanotexnologiyalar sahəsində dünya üzrə məhz 4-cü yerdədir. Təzyiqlər və sanksiyalar bizim üçün çox çətinliklər yaratdısa, müəyyən qədər inkişafımıza da təkan verdi.



- Səudiyyə Ərəbistanı və İran tez-tez bir-birini sabitliyi pozmaqda iddiham edir. Bu ittihamlar nə xarakterlidir?


- İranın bugünkü mesajı budur ki, müsəlman dövlətləri bir-birinə yardım etsinlər. Regionda əl-ələ verməsək, vəziyyətdən çıxmağımız xeyli çətin olacaq. Onu da bilirik ki, kənardan təzyiq edən qüvvələrin ürəyi nə bizə, nə Suriyaya, nə də İordaniyaya yanır. Məlumdur ki, Yəməndə də bir çox çətinliklər yaranıb. Xeyli sayda uşaq aclıqdan tələf olub. Vəziyyətdən ən yaxşı çıxış yolu region dövlətlərinin birləşməsi və bu çətinliklərin birlikdə dəf olunmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına bu il sədirlik etdi və bu da ona təkan verdi ki, bu hərəkata qatılan dövlətlər arasındakı birlik güclənsin.


- Yəməndən danışdınız.. Bu bir faktır ki, ABŞ İranı həmişə Yəmən və Livanda gərginlik yaratmaqda ittiham edir. Bu barədə nə deyə bilərsiniz?


- İran dövləti yaşadığı regionda olan hər hansı bir dövlətə zülm olunması ilə heç zaman razılaşa bilməz. İran Suriyaya beynəlxalq qaydalara uyğun olaraq gedib. İranın Suriyaya gedib orada bazalar qurmasının əsas səbəbi odur ki, Suriya dövləti bununla bağlı bizdən kömək istəyib. Livanda da bir çox insan var ki, ABŞ-ın ölkəsinə müdaxiləsini qəbul etmir. Söz və səs bir olanda, fikirlər də bir olur. ABŞ hər yerdə öz istəklərini təbliğ etməyə çalışır və buna başqa bir ad qoyur.  
ABŞ İranın bölgədə yeritdiyi sabitlik və sülh siyasəti ilə razılaşa bilmir. İran isə regiondakı mövqeyini gizlətmədən açıq şəkildə orta qoyur. ABŞ-ın neçə min kilometrlər aşaraq, İranın daxili məsələlərini müzakirə etməsi və ya İran üçün nəyin yaxşı, nəyin pis olmasını yaxşı bilməsi heç vaxt mümkün deyil. Region dövlətlərinin də həmçinin.
Təbii ki, İranın bu mövqeyini ABŞ qəbul etmir. ABŞ-ın regiona olan müdaxiləsi region dövlətləri arasında münaqişələri və bu münaqişələrin həllinə yönəlmiş zamanı artırır. Azərbaycanın regionda yaşadığı Dağlıq Qarabağ münaqişəsi də, uzun illərdir həllini tapmayan münaqişə olaraq qalmaqdadır.


- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsinə toxundunuz. Bilirsiniz ki, bu münaqişə Qafqaz regionunda İrana qonşu Azərbayacan və Ermənistan arasında uzun illərdir davam etməkdədir. Bu gün İranın hər iki ölkə ilə müəyyən istiqamətlrədə əlaqələri var. Rəsmi Tehranın münaqişəylə bağlı mövqeyi necədir?


-
İran hər zaman Azərbaycanın ərzi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdədir. Tarix boyu Azərbaycanın dərdi İranın dərdi, Azərbaycanın sevinci İranın sevinci olub. Ümid edirik ki, Dağlıq Qarabağ problemi tezliklə sülh yolu ilə öz həllini tapacaq. İran dövlətinin torpaq uğrunda can qoyan şəhidləri olduğu kimi, Azərbaycan şəhidlər verib. Azərbaycanın acısını biz öz acımız və kədərimiz kimi hiss edirik. Azərbaycan şəhidlərinə hörmət və ehtiramla yanaşırıq. İran hər zaman Azərbaycanın yanındadır. Bəzi əks-təbliğatlar var ki, bu gün Azərbaycan və İran əlaqələrini sarsıtmağa çalışır. Tam əminliklə deyə bilərəm ki, ölkələrimiz arasına nifaq salamaq istəyən qüvvələr öz məkrli siyasətlərinə nail ola bilməyəcəklər. Mədəniyyətimiz və tariximiz arasında oxşarlıqlar çoxdur. Ən əsası isə bizim ürəklərimiz bir yerdədir. Ürəyə isə heç zaman hökm etmək olmaz. İndi  ayrılmaq deyil, birləşmək zamanıdır. Gərək bütün sahələrdə çalışan insanlar atdığı addımlarda bunu nəzərə alsınlar. Siz mətbuat sahəsində, mən siyasət sahəsində və digər insanlar da öz sahələrində bu məsələyə diqqətlə yanaşlamalıdırlar. Əgər bugün İrandan Azərbaycana investorlar gəlirsə, bu, hər iki ölkənin mənfəətinədir.



- İran təhsilində Azərbaycan dilinin tədrisi aparılmır. Belə bir xəbərlər var ki, yaxın zamanda İran məktəblərində Azərbaycan dili də tədris olunacaq. Bu doğrudurmu?


- İran İslam Respublikasının qanunlarına görə, ölkədə  dövlət dili məhz fars dilidir. Necə ki, Azərbaycanda olan ləzgilər, talışlar, tatlar və digər millətlər üçün rəsmi dövlət dili Azərbaycan dilidir, İranda yaşayan bütün millətlər və etnik azlıqlar üçün dövlət dili məhz fars dilidir. Lakin buna baxmayaraq, İran universititetlərində digər dillər də, əcnəbi dil kimi tələbələrə tədris olunmaqdadır. Təbriz, Urmiya, Ərdəbil, Zəncan kimi böyük şəhərlərimizdə Azərbaycan dilində televiziya və radiolar fəaliyyət göstərir. Bu gün, İranda yaşayan Azərbaycan əsilli insanların sayı kifayət qədər çoxdur və onlar ailə və məişətdə Azərbaycan dilindən geniş istifadə edirlər. Lakin hər şeydən öncə o insanlar özlərini İran İslam Respublikasının vətəndaşı hesab  edirlər. Bildiyimiz kimi, İranın ali dini rəhbəri məhz Azərbaycan əsillidir. Bizim Baş Qərargahımızın ali generalı, Milli Məclisimizin sədr müavini, Müdafiə və Sənaye nazirlərimiz də Azərbaycan dilli şəxslərdir. Təbii ki, İranda heç bir ayrı-seçkilik ola bilməz. Hamımız öz mədəniyyətimizi qoruyaraq, İran dövləti üçün çalışırıq. İranı canı və qanı kimi qoruyan bir çox Azərbaycan dilli insanlar var. Mənim doğma qardaşım məhz İranın azadlığı uğrunda canından keçərək, şəhid olub. İran dövləti öz vətəndaşları arasında heç zaman ayrı-seçkilik salmayıb. Hamını bir bayraq altında yumruq kimi birləşdirməyi bacarıb. Təbrizdə və bir çox digər şəhərlərdəki universitetlərdə də əcnəbi dil olaraq Azərbaycan dili uzun illərdir tədris olunmaqdadır. Artıq bu ildən etibarən İrandakı məktəblərdə də, Azərbaycan dilinin tədrisinə start verilib.


- Cənab səfir, son olaraq sizin diplomatik fəaliyyətiniz haqqında məlumat almaq istərdik. Azərbaycan sizin səfir olduğunuz ilk ölkədir?


- Azərbaycan mənim səfir olduğum ilk ölkədir. Bu gün İran-Azərbaycan əlaqələrinin inkişafı adına çalışıram. İrana dost və qonşu olan Azərbaycanda səfir olmağımdan böyük qürur duyuram.
Üç dönəm, yəni 12 il İran İslam Respublikası Milli Məclisinin deputatı olmuşam. Həmçinin, Təhlükəsizlik Komitəsinin üzvü olmuşam. Milli Məclisdə Araşdırma Mərkəzinin birinci müavini kimi çalışmışam. Çox əzəmətli Araşdırma Mərkəzimiz var və o təşkilat ictimai, sosial, mədəniyyət, həmçinin digər sahələrdə fəaliyyət göstərir. Bu Mərkəz daim İran Milli Məclisinə öz fikir və məsləhətlərini verir. Parlamentin Asiya ölkələri üzrə nümayəndəsi olmuşam. Bununla əlaqədar Məclisdə təklif və konsepsiyalarla çıxış etmişəm. Əlaqələrimizin qurulması və inkişafında əlimdən gələni əsirgəməmişəm. Bundan sonra da İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsi və inkişafı uğrunda var gücümlə çalışacağam.

                             
Leyla ŞAH

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər