Modern.az

İctimai nəzarətin effektiv təşkili: Milli maraqların qorunmasında faktor kimi

İctimai nəzarətin effektiv təşkili: Milli maraqların qorunmasında faktor kimi

4 Dekabr 2019, 16:03

Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri vətəndaşların ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlətin idarə olunmasında iştirak hüququnu və bu hüququ reallaşdırmağın yollarını özündə ehtiva edir. Konstitusiyaya görə vətəndaşlar dövlətin idarə edilməsində bilavasitə və seçdiyi nümayəndələri vasitəsi ilə iştirak edirlər.

 

İctimai iştirakçılıq dünya təcrübəsində

Dünya təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.

Dünyanın bir çox ölkələrində ictimai iştirakçılıq ictimai nəzarətin təmin edilməsinin əsas komponentidir. İctimai iştirakçılığın ən effektiv  üsullardan biri müxtəlif qurumların nəzdində məsləhətləşmə şuralarının yaradılmasıdır. Xüsusilə, Avropa təcrübəsində mərkəzi icra hakimiyyəti orqanlarında, ayrı-ayrı bələdiyyələrdə  məsləhətləşmə şuraları formalaşdırılır. Geniş istifadə olunsa da dünyada ictimai nəzarətin təmin edilməsi metodları bununla kifayətlənmir.

 

İctimai iştirakçılıq qanunvericilik aktlarında

Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin istənilən birlik, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ var. Vətəndaş cəmiyyətini təmsil edən təsisatların qərarların qəbul olunmasında iştirakı, dövlət və özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinin hüquqi əsasları da müvafiq qanunvericilik aktlarında əks olunub. İctimai nəzarət üçün hüquqi əsaslar yaradan qanunvericilik aktları sırasında əsas yeri “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikası Qanunu tutur. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Qanuna görə ictimai iştirakçılıq aşağıdakılardır:

  • Dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak;
  • Mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində iştirak;
  • Dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin öyrənilməsi proseslərində vətəndaş cəmiyyəti təsisatlarının iştirakının təmin olunması.

Sözügedən qanunda ictimai iştirakçılığın 6 forması nəzərdə tutulub. Bunlar:

  • Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında ictimai şuralar,
  • İctimai əhəmiyyətli qərarların qəbulu zamanı ictimai müzakirələr,
  • Hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimai dinləmələr;
  • İctimai rəyin öyrənilməsi;
  • Hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
  • Hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün yazılı məsləhətləşmə.

 

İctimai nəzarətin həyata keçirilməsinə dövlət dəstəyi

Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsi daha çox dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunur. İctimai nəzarətin effektiv həyata keçirilməsi məsələsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti danılmazdır. Bu qurum tərəfindən mütəmadi olaraq, qeyri-hökumət təşkilatlarının müxtəlif layihələrinin maliyyələşdirilməsinə maddi dəstək göstərilir. Şura Cənab Prezident İlham Əliyevin elektron hökumətin inkişafı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək və bununla da fəaliyyətində şəffaflıq və aşkarlığı maksimum dərəcədə artırmaq məqsədilə elektron xidmətlərin sayını artırdı. QHT-lərə Dövlət Dəstəyi Şurası bu proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri vahid bazada cəmləşdirmək üçün SƏLİS - Sürətli Əlaqələndirmə və Layihə İdaretmə Sistemi də yaradıb. SƏLİS QHT-lərlə canlı təması minimuma endirərək, Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəni təmin edir.

 

İctimai Şuralar - ictimai nəzarətin həyata keçirilməsinin ən effektiv mexanizmi kimi

Qanuna uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin nəzdində İctimai Şuralar formalaşdırılıb. Bu İctimai Şuralarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri  vətəndaş cəmiyyəti subyektləri olaraq təmsil oluna bilərlər.

İctimai Şuralar bu və ya digər icra orqanlarının həyata keçirdiyi siyasətlə bağlı ictimaiyyət arasında müəyyən qiymətləndirmələr aparır, həmin siyasətin ictimaiyyəti narahat edən müddəalarını araşdırır və bu siyasətin həyata keçirilməsində effektivliyi təmin etmək məqsədilə ictimaiyyəti narahat edən məlumatları aidiyyəti strukturlara təqdim edir. Aidiyyəti strukturlar isə həmin məlumatlar əsasında öz fəaliyyətinə düzəlişləri aparır. Beləliklə, məqsədi işinin səmərəliliyini artırmaq olan qurumlar sosiumun nəbzini tutaraq, müvafiq qərarlar verə bilirlər.

İctimai Şuralar həmçinin, bu və digər səviyyədə həyata keçirilən siyasət haqqında informasiyanı ictimaiyyətə çatdırır. Siyasətin hansısa mühüm elementləri, yenilikləri, cəmiyyət üçün nəzərdə tutulan mesajları ola bilər ki, bunu ötürmə vəzifəsi də məhz İctimai Şuralara verilir.

Azərbaycanda “İctimai İştirakçılıq” haqqında qanun qəbul olunana qədər ictimai şuraların müxtəlif formaları ayrı-ayrı icra qurumların tərkibində fəaliyyət göstərirdi. Lakin həmin təsisatlar qurumların təşəbbüsü və qərarı ilə yaradılırdı.

Azərbaycanda ilk dəfə ictimai Şuranın yaradılması təşəbbüsü 2006-cı ildə Ədliyyə Nazirliyi tərəfindən irəli sürülüb. Həmin vaxt “İctimai İştirakçılıq haqqında Qanun” belə qəbul edilməmişdi. Bir neçə il sonra qanun hazırlandı, Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olundu. Həmin qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarələrin tərkibində İctimai Şuraların yaradılması göstərilsə də, hələ də bəzi qurumlarda bu məsələ öz təsdiqini tapmayıb. Məsələn, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında, dövlət agentliklərinin əkəriyyətində İctimai Şuralar yoxdur.

Tərkibindəki İctimai Şuraların aktivliyi ilə seçilən dövlət qurumları da az deyil. Məsələn, Ədliyyə Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi (ASAN xidmət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dini Məsələlər üzrə Dövlət Komitəsinin nəzdindəki İctimai Şuralar nümunə olaraq göstərilə bilər. Şəxsi təşəbbüsü ilə tərkibində İctimai Şura formalaşdıran və onun effektiv fəaliyyətinə şərait yaradan publik hüquqi şəxs kimi ən obyektiv nümunə isə İqtisad Universitetidir.

 

 

5 ildə 60-a yaxın konseptual təklif…

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirir ki, son illərdə rəhbərlik etdiyi təsisat ictimai nəzarətin təmin edilməsi sahəsində əhəmiyyətli işlər görüb. Şura sədrinin sözlərinə görə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın əsas fəaliyyəti qanunun vacib müddəlarının həyata keçirilməsini özündə ehtiva etməkdir:

“İctimai Şuranın əsas vəzifələrindən biri miqrasiya qanunvericiliyindən irəli gələn əməliyyatları həyata keçirməkdir. Bu mənada Dövlət Miqrasiya Xidmətinə müəyyən əsaslandırılmış təkliflər də təqdim edilir. Son 5 il ərzində tərəfimizdən dövlət qurumuna 60-a yaxın konseptual təklif irəli sürülüb. Yüzlərlə miqrant bu və ya digər məsələlərlə bağlı İctimai Şuraya müraciətlərini ünvanlayıb. Onların problemlərinin həll olunması istiqamətində Miqrasiya Xidmətinə təqdim etdiyimiz təkliflər müsbət qarşılanıb.

Son bir neçə il ərzində miqrasiya qanunvericiliyinin təşkili ilə bağlı dəyişikliklərin böyük əksəriyyəti İctimai Şuranın təşəbbüsü ilə formalaşdırılıb. Çünki biz cəmiyyətdə gedən prosesləri nəzarətdə saxlayırıq, ictimaiyyəti, o cümlədən miqratları, əcnəbiləri maraqlandıran vacib məsələləri qeyd edirik. Qanunvericilikdə hansısa dəyişikliyə ehtiyac varsa, araşdırıb, müvafiq təklifimizi səsləndiririk.

İctimai Şuranın xətti ilə ictimai müzakirələr, forumlar, dəyirmi masalar təşkil edilir. Müxtəlif layihələrin icrası, maarifləndirmə, təlim proqramları və s. həyata keçirilir.

Müvafiq dövrlərdə ASAN Xidmətin həyata keçirdiyi qiymətləndirmədə 2018-2019-cu ilin nəticələrinə görə, Dövlət Miqrasiya Xidməti hər iki ildə birinci yerə layiq görülüb. Bu indeks bir neçə indikator üzrə aparılır və bunlardan başlıcası vətəndaş məmnunluğudur. Məhz bu üstünlüyün əldə olunması məqsədilə Miqrasiya Xidmətinin miqrantlara, əcnəbilərə göstərdiyi xidmətin keyfiyyətinin artırılmasına çalışmışıq. İrəli sürdüyümüz təkliflər qiymətləndirildiyinə görə, Miqrasiya Xidmətinin ön sırada olmasında İctimai Şuranın rolunun böyük olduğunu düşünürəm”.

 

İctimai Şuradan öncə  dövlət qurumu ilə vətəndaş arasında anlaşılmazlıqlar…

A.Allahverənov onu da qeyd edib ki, istənilən səviyyədə olmasa da, əvvəllər Miqrasiya Xidməti ilə ictimaiyyət arasında kommunikasiya olub:

“Lakin bu əlaqələr effektiv deyildi. Bəzi hallarda informasiya itir, qurumun işləri barədə ictimaiyyətin xəbəri olmurdu. Bundan əlavə, ictimaiyyəti narahat edən məqamların Miqrasiya Xidmətinə çatdırılmasında problemlər çox idi. Şəffaflıqla bağlı mövcud olan ciddi çatışmazlıqları da nəzərə alsaq, vətəndaş məmnunluğunun istənilən səviyyədə olmadığı təsdiqləyə bilərik. Çünki vətəndaş qurumun fəaliyyətindən xəbərsizdirsə, xidmətdən narazıdırsa, qurumun uğurundan söhbət gedə bilməz. Bu çatışmazlıqların aradan qaldırılması üçün dövlət qurumu və ictimaiyyət arasında interaktiv rabitəni təşkil edə biləcək təsisata ehtiyac var idi. İctimai Şura bunu öz üzərinə götürüb, həyata keçirə bildi. Ona görə, hazırda İctimai Şuranın fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən qiymətləndirilir. Şuranın əməkdaşları təltif edilir, onlara diplomlar, medallar təqdim edilir. İctimai Şuranın fəaliyyətindən aidiyyəti qurumlar da, ictimaiyyət də razıdır”.

 

 

İctimai Şuraların fəaliyyətinə maneələr

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, yaradılan bəzi İctimai Şuraların səmərəli fəaliyyət göstərə bilməməsi halları da mövcuddur. Ə. Nuriyev bunun səbəblərindən biri kimi maliyyə resurlarının məhdudluğunu göstərir:

“İctimai nəzarətin effektiv təşkili üçün böyük məbləğlərdə maliyyə tələb olunur. Dövlət bu sahəni tamamilə maliyyələşdirməli deyil. Ayrı-ayrı ölkələrin təcrübəsində görürük ki, vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşməsində dövlətin payı  30 faizə belə çatmır. Bu prosesin böyük hissəsi ianələrlə və özəl sektorun yardımı ilə həyata keçirilir. Azərbaycanda isə özəl sektorun bu məsələdə aktivliyini müşahidə etmirik”.

 

İctimai nəzarətin təmin olunması prosesində milli maraqların qorunması

Ekspert ictimai nəzarət prosesində milli maraqların qorunmasından danışarkən xarici ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin addımlarını xüsusi qeyd edib. O hesab edir ki, ölkəmizdə də zaman-zaman həmin qüvvələrə dəstək verənlər olur:

“Onlara qarşı konkret strategiya olmalıdır. QHT-lərə Dövlət Dəstəyi Şurası bir neçə il bundan əvvəl xarici qeyri-hökumət təşkilatlarına qrant ayrılmasını reallaşdırdı. Beləliklə, Azərbaycan məktəblərinin dünyaya tanıdılmasından tutmuş, erməni təcavüzkarlığının sübut olunmasına qədər bir çox uğurlu təqdimatlar həyata keçirildi. Belə addımlar milli maraqların qorunmasına xidmət edir. Bu istiqamətdə dövlət orqanlarının üzərinə düşən əsas vəzifə vətəndaşları daha çox məlumatlandırmağa can atmaqdır”.

 

Aysel ASLAN

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi “SƏLİS Jurnalist” müsabiqəsi üçün hazırlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır