Arxiv
5 Dekabr 2019, 09:06 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Rəssam təxəyyüllü bəstəkar - Soltan Hacıbəyov

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrindən biri olan Soltan Hacıbəyov dünya şöhrətli bəstəkar olaraq yetkin və böyük sənətkarlıq qabiliyyəti ilə musiqi tariximizə öz damğasını vurmuş, dövrünün reallıqlarını göz önündə bulunduraraq istər keçmiş ittifaqda, istərsə də bütün dünyada milli musiqimizi ən gözəl şəkildə təmsil etməyi bacarmışdı.    
           
Məşhur əsilzadə və ziyalı bir nəslin nümayəndəsi olan Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Azərbaycanın musiqi beşiyi olan Şuşada dünyaya göz açmışdı. Uşaqlıq çağlarında Şuşanın zəngin musiqi mühitində bir çox görkəmli xanəndə və tarzən ilə yaxından tanışlıq imkanı qazanmış Soltan Hacıbəyov öz gələcəyini musiqidən kənarda hiss etmirdi. O, orta məktəbi bitirdikdən sonra paytaxta köçərək Bakı musiqi məktəbinə, A.Kolpinskinin nəfəs alətləri sinifinə daxil olur. Elə ilk bəstəkarlıq nümunələrini də bu məktəbdə oxuduğu zaman yaradır. Geniş yaradıcılıq marağından xəbər verən bu əsərlərin içində uşaq kantatası, fortepiano üçün pyes və hətta sadə insanların həyatından bəhs edən “Qızılgül” operettası da vardı. İstedadı və bacarığı onu Konservatoriyanın bəstəkarlıq şöbəsinə, professor Boris Zeydmanın sinifinə gətirir.              

Qeyd etmək lazımdır ki, keçən əsrin 30-cu - 40-cı illəri Azərbaycan musiqi mədəniyyətində dirçəliş dövrü kimi tarixə yazılmışdır. Məhz, bu illərdə respublikada Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev və digər gənc və istedadlı bəstəkarlar yetişməkdə idi. Təbii ki, belə bir nəslin yetişməyində yenədə dahi Üzeyir Hacıbəyovun inkarolunmaz xidmətlərini qeyd etmək lazımdır. Görkəmli bəstəkar xalq musiqisinin əsaslarının tədrisini milli bəstəkarlıq sənətinin başlıca amili hesab etmiş və bu işi həyata keçirilməsini demək olar ki, öz üzərinə götürmüşdü.      
        
Konservatoriyada oxuduğu illərdə seçdiyi sənətin texnikasına dərindən yiyələnən Soltan Hacıbəyov bəstəkarlıq fəaliyyəti ərzində musiqinin müxtəlif janrlarına müraciət etmiş, bir çox mahnı və romansların, simfonik və kamera instrumental əsərlərin müəllifi olmaqla yanaşı komediya və dram tamaşalarına da musiqi tərtibatı vermişdi. Görkəmli bəstəkar öz əsərlərində musiqinin modernliyinə böyük həssaslıqla yanaşsada, müəllimi Üzeyir bəyin tövsiyələrinə sadiq qalaraq intonasiyalı, ritmik və çox janrlı xalq musiqi xəzinəsindən də hər daim bəhrələnməyə çalışırdı. Xatırlatmaq istərdik ki, Üzeyir bəy S.Hacıbəyovun atasının əmisi oğlu idi və təbii ki, onun bir savadlı musiqiçi kimi yetişməsində dahi bəstəkarın böyük zəhməti olmuşdu.       
     
Gənc bəstəkarın yaradıcılığında əhəmiyyətli bir hadisədə onun qəhrəmanlıq mövzusunda yazdığı “Birinci simfoniya”sı idi. Bu əsəri Azərbaycanda inkişaf etməkdə olan milli simfoniya janrının ilk nümunələrindən hesab etmək olardı. Əsərin 1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə özünün dirijorluğu ilə ifa olunması onun yaradıcılığında ən əhəmiyyətli hadisələrdən biri idi və Hacıbəyovun simfoniyası geniş ictimaiyyətin diqqətini cəlb etmişdi. Görkəmli sovet bəstəkarı Reynhold Qliyer onun haqqında yazırdı: “Onun bacarığına şübhə ola bilməz. O, böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə sahib bir bəstəkar olacaqdır”.              
Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda bir sıra əsərlərlə yanaşı, ona şöhrət gətirəcək bir əsəri – “Karvan” simfonik lövhəsini yaradır (1945). Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazi” adlı operası üzərində işləyən bəstəkar “Şur” muğamı əsasında bəstələnmiş simfonik parçanı yeni bir əsərə çevirərək ona həyat verir. “Karvan” simfonik lövhəsinə diqqət kəsilən dinləyicini bir anlıq qumlu Asiya çöllərini xatırladan şirin şərq nağıllarına aparır. Səbrlə, aramla irəliləyən dəvə karvanı gah sakit, gah da fırtınalı anlar yaşayır. Doqquz dəqiqə ərzində bu möhtəşəm musiqi əsəri insana həyatın necə keşməkeşlı olduğunu göstərir.               
1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada işləyib hazırlayır və Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunur. Sonralar “Karvan” simfonik lövhəsi bir çox sovet dirijorunun repertuarında başlıca yer tutur. Əsər qısa müddət ərzində dünyaya səs salır, ABŞ-da val firmasında lentə alınır, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunur və sevilir.     
             
Tezliklə, Soltan Hacıbəyov “İkinci simfoniya”sını tamamlayır (1946). Bu əsərdə bəstəkarın fərdi yaradıcılıq tərzinin xüsusiyyətləri daha canlı şəkildə formalaşmış, həqiqətin təsvirləri geniş və daha dərin nümayiş olunmuşdur. Əsərdə sovet simfonik məktəbinin ən böyük nümayəndələri - S.Prokofiyev və D.Şostakoviç musiqisinin böyük təsiri nəzərə çarpmaqdadır.       
        
Soltan Hacıbəyovun yaradıcılıq fəaliyyətində ən böyük uğurlarından biri də təbii ki, “Gülşən” baletinin meydana gəlməsi idi. Azərbaycanda ilk dəfə bu janra Əfrasiyab Bədəlbəyli müraciət etmişdi. Onun “Tərlan” (1939) və “Qız qalası” (1940) baletləri Azərbaycan milli balet sənətinin ilk nümunələri sayıla bilər. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda bu janra ilk müraciət edən bəstəkar Soltan Hacıbəyov olmuşdur. Onun 1950-ci ildə yaratdığı "Gülşən" baleti Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynanılan ikinci balet tamaşası idi. Azərbaycanda balet sənətinin formalaşmasında mühüm rol oynamış bu əsər kompozisiya etibarı ilə aydın və lakonikdir. Müasir həyatdan bəhs edən əsərdə insanların sevgi hissləri ilə əməksevərliyi vəhdət təşkil etməkdədir. Əsərin liberettosu görkəmli balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadə və sovet teatrşünası, balet ssenaristi Pyotr Fyodoroviç Abolimovundur. Moskvada keçirilən II Azərbaycan ədəbiyyat və incəsənəti dekadasında “Gülşən” baletindən bəzi parçalar oynanılmışdır.       
        
Rəssam təxəyyüllü bəstəkar olan Soltan Hacıbəyov milli rəng çalarlarından özünəməxsus bacarıqla istifadə edərək ard-arda bir-birindən uğurlu əsərlər yaratmağa davam edirdi. Onun musiqi camiəsinə səs salan əsərlərindən biri də 1956-cı ildə yaratdığı simfonik orkestr üçün uvertüra idi. Bəstəkar Azərbaycan və rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdu. Mövzu etibarılə, aydın, qabarıq və nizamlı şəkildə işıqlı nikbinliyin, dinamizmin, məqsədəuyğunluğun inkişaf etməsi əsərin V.A.Motsartın bəzi opera süjetlərini və ya M.İ.Qlinkanın “Ruslan və Lüdmila” operasında Ruslanın uvertürasını xatırladırdı.

              
Soltan Hacıbəyov yaradıcılıq işi ilə əlaqədar ittifaq respublikalarında və xarici ölkələrdə səfərdə olur, həmin yerlərin bəstəkar və musiqiçiləri ilə dostluq münasibətləri yaradırdı. Hər dəfə vətənə döndükdən sonra gəzdiyi məmləkətlərin insanları haqqında musiqi əsəri yaratmağı səfərinin nəticəsi kimi görürdü. "Bolqar süitası", "Çex rəqsi", “Salam Ukrayna” nəğməsi, “Hind süitası” belə səfərlərin məhsuldar nəticəsidir desək heç də yanılmarıq. Öz işinə məsuliyyətlə yanaşması, mənsub olduğu xalqa və vətəndaşı olduğu dövlətə keyfiyyətli və maraqlı musiqi əsərləri yaratması ona 1973-cü ildə SSRİ Xalq artisti fəxri adı qazandırmışdı. 

                  
Təbii ki, görkəmli bəstəkarın yaratdıqları yuxarıda adları sadalananlarla kifayətlənmir. Onun zəngin və çoxşaxəli yaradıcılığında neçə-neçə xoş avazlı uşaq bəstələri (Nizami Gəncəvinin “İskəndərnamə” əsəri əsasında “İskəndər və çoban” adlı operası Azərbaycanda uşaqlar üçün bu janrda yazılan nadir əsərlərdəndir), simfonik əsərləri və eləcə də bir çox teatr tamaşalarının musiqi tərtibatları (“Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və  intiqam”, “Əliqulu evlənir” və s.) yer almaqdadır.   
                
Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz görkəmli bəstəkar, dirijor və musiqi xadimi Soltan Hacıbəyov eyni zamanda bir pedaqoq kimi də gənc kadrların hazırlanmasında uzun illər səmərəli fəaliyyət göstərmiş, bəstəkarlıq sənətinin sirlərini onlara aşılamağa çalışmışdır.                   
Onun yaratdığı hər bir musiqi əsəri birər inci olaraq Azərbaycan milli musiqi xəzinəsini bir daha zənginləşdirmişdir. Heç şübhəsiz ki, zaman keçsədə, görkəmli bəstəkarın işıqlı, həyatverici və rəngarəng tonlar üzərində yaratdığı musiqi irsi daima öz populyarlığını qoruyacaq və xalqımızın musiqi kimliyini dünya arenasında qürurla tanıdacaqdır.  

     
Cavid MƏMMƏDLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32