Modern.az

Media islahatları dövlət qəzetlərində: Jurnalistlərdən ilginc TƏKLİFLƏR

Media islahatları dövlət qəzetlərində: Jurnalistlərdən ilginc TƏKLİFLƏR

5 Dekabr 2019, 11:55

Yeni medianın ənənəvi mətbuatı əvəzlədiyi bir vaxtda qəzet bazarının əvvəlki statusunu qorumağı xeyli çətinləşir. Ələxsus, daimi olaraq dövlətin mövqeyindən çıxış edən rəsmi qəzetlərdə illərdir öyrəşdiyimiz standartlar oxucu kütləsində laqeydliyin yaranmasına gətirib çıxarır.


Maraqlıdır, dövlət qəzetlərinə necə maraq yaratmaq olar? Bu qəzetlərdəki çatışmazlığı aradan qaldırmaq mümkündür?


Modern.az məsələ ilə bağlı mətbuat nümayəndələrinin fikrini öyrənib.


Operativlik yoxdur…

Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov hesab edir ki, dövlət mətbu orqanlarının palitrasında rəngarənglik olmalıdır:


““Dövlət nəşrlərində rəngarənglik” dedikdə onu nəzərdə tuturam ki, ən azından dəqiqliyi şübhə doğuran xəbərlər barədə rəsmi məlumatları oradan oxuyaq, məsələ aydınlaşsın.

Gəlin praktikaya nəzər salaq. Bəzən hansısa nazir və ya digər yüksək vəzifəli şəxsin kimisə işdən çıxarması barədə məlumat yayımlanır. Elə bir məqam olur ki, dəqiqləşdirmə aparmaq çətinləşir – bunun səbəbləri barədə danışmayaq. Zənnimcə, bu zaman sadəcə üz tutulası yeganə dəqiq mənbə dövlət mətbu orqanlarıdır. Nəzərə alaq ki, həmin qəzetlərin saytları da fəaliyyət göstərir. Bu mənada hər hansı qərar, ya da dövlət siyasəti ilə bağlı digər məlumatların operativ şəkildə orada işıqlandırılması yaxşı olardı”.

A.Kərimov Rusiyanın dövlət agentlikləri olan TASS və “Ria Novosti”nin fəaliyyətindən də nümunə çəkib:

“Bu agentliklərdə xəbərlər gecikmədən, operativ şəkildə yayımlanır. Həm də bölmələri çoxdur, geniş oxucu kütləsi tərəfindən maraq doğuran digər yazılar da dərc olunur. Bu oxucu üçün də yaxşıdır, çünki yoruculuq gətirmir”.

 

Şablon yazılar, uzun başlıqlar, mənasız xəbərlər, əttökən "analitik" məqalələr, mədhiyyələr…

 


"Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə
dövlət qəzetlərinin hüquqi statusundan başlamış informasiya siyasətinə qədər bütün məsələlərin yenilənməli olduğunu vurğulayıb:

“Azərbaycandakı qəzetlərlə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Həmin qəzetlərin hüquqi statusundan başlamış informasiya siyasətinə qədər bütün məsələlər yenilənməlidir. Əvvəla, bu qəzetlərin mövcudluğu ölkə qanunvericiliyinə ziddir. Azərbaycanda dövlət qəzeti ola, dövlət qurumu KİV-i maliyyələşdirə bilməz. İkincisi, həmin qəzetlər sovet dövründə çap olunan qəzetlərə bənzəyir. Hamısı eyni şablon yazılar, uzun başlıqlar, mənasız xəbərlər, əttökən "analitik" məqalələr, mədhiyyələrdən ibarətdi. Bir də görürsən ki, həmin qəzetlərdə hansısa yazı dərc olunub, bir cümləsini axtarışa verirsən, məlum olur ki, həmin cümlə bəlkə də 100 dəfə hansısa yazıda dərc olunub. Ona görə də dövlət qəzetlərini oxuyan yoxdur. Bu qəzetlərin saxlanılması dövlətə əlavə yük, maliyyə itkisi və kağız sərfiyyatıdır. Bir zamanlar belə arqumentlər səslənirdi ki, dövlət qəzetlərinin saxlanılması rəsmi sənədlərin dərci üçün vacibdir. İndi isə internet əsridir, onlayn media dövrüdür, bu sahə günü-gündən inkişaf edir. Onsuz da bütün rəsmi sənədlər onlayn mediada dərc olunur, hamı da onları asanlıqla oxuya bilir. Belə olan halda rəsmi sənədlərin dərci üçün dövlət qəzetləri saxlamağa ehtiyac yoxdur. Ona görə də dövlət qəzetləri ya işlərində ciddi dəyişikliklər etməli, müasir dövrün tələbləri ilə ayaqlaşmalı, ya da bağlanmalıdır”.


Vaxtı keçmiş materialı təkrar qəzetdən oxumağa ehtiyac qalmır…


Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev
qeyd edir ki, rəsmi qəzetlərə o zaman maraq oyanar ki, saytlarda getməyən unikal materiallar dərc olunsun:

“Texnologiyanın sürətlə inkişaf etməsi çap məhsullarına marağı azaldıb. Bu baxımdan insanlar xəbərləri daha çox sosial şəbəkələrdən və saytlardan izləməyə üstünlük verirlər. Təbii ki, saytlar qəzetlərlə müqayisədə daha operativ informasiya çatdırırlar. Saytların yaydığı materialları isə bir gün sonra qəzetlər dərc edirlər. Bu zaman oxucu üçün vaxtı keçmiş materialı təkrar qəzetdən oxumağa ehtiyac qalmır. Qəzetlərə o zamanı marağı olar ki, saytlarda getməyən unikal materiallar versinlər. Onda oxucu həmin xəbərləri qəzetdən oxuyacağını bildiyin üçün qəzetə maraq göstərər. Əlbəttdə ki tək o deyil. Bununla yanaşı, bir çox məsələlərdə var. Qeyd etdiyim kimi, saytlarda çıxan yazıların bir gün sonra qəzetdə oması oxucunun marağını çəkməyəcək. Qəzetlər elə materiallar hazırlamalıdır ki, oxucu onu saytlarda deyil, yalnız qəzetdə oxuya biləcəyi üçün qəzet almağa maraq göstərsin”.

 

Dövlətin qəzeti olmur, bu heç yerdə belə deyil…


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
dövlət qəzetlərinin mövcud olmasının özünün bir çatışmazlıq olduğunu bildirib:


“ Dövlət qəzeti anlayışı ümumiyyətlə olmamalıdır. Bu qəzetlərdə hansısa dəyişikliyin olması, irəliləyişin olmasını gözləmək düzgün deyil. Dövlətin qəzeti olmur, bu heç yerdə belə deyil”.

 

Dövlət qəzetindən yenilik tələb etmək də bir qədər doğru deyil…

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu ölkədə dövlət qəzeti deyilən bir anlayışın absurd olduğunu bildirib:



“Ümumiyyətlə, dövlət qəzetlərinin ləğv olunmasının tərəfdarıyam. Dövlətin bir rəsmi qəzeti ola bilər ki, onda rəsmi qərarlar, sərəncam və parlamentin qərarları öz əksini tapa bilər. Yəni, dövlətin adından bir qəzet çıxış edə bilər. Yoxsa ki, çox sayda dövlət qəzetinin olması açığı, bir qədər qəribə gəlir. Dövlət qəzetindən yenilik tələb etmək də bir qədər doğru deyil. Çünki həmin qəzetin rəhbərliyi, jurnalist kollektivi dövlətin maraqlarının müdafiəçisinə çevrilir. Yəni bu qəzetlər klassik qəzetçilik prinsipləri ilə çıxış edə bilmirlər. Böyük həcmli yazılar dərc etdirmək, baş verən hadisələrlə bağlı şəxsi mövqeyi ortaya qoymaq dövlət qəzetləri üçün xarakterik bir məsələ deyil. Rəsmi qəzetlərin digər qəzetlərdən fərqi reklam bazarında üstünlüyü ilə bağlıdır. Bu qəzetlər sosial reklam paketini daha rahatlıqla əldə edir, müəyyən məsələlərdə onlara daha  çox güzəşt olunur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi