Modern.az

Eks-nazir: “Əgər partiyamız məsləhət bilsə ki, yeni parlamentdə fayda verə bilərəm...” - MÜSAHİBƏ

Eks-nazir: “Əgər partiyamız məsləhət bilsə ki, yeni parlamentdə fayda verə bilərəm...” - MÜSAHİBƏ

5 Dekabr 2019, 15:33

Əvəz Ələkbərov: “Qəbul edilmiş qanunların yaxşı icra mexanizmi olmalıdır”

 

Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri”, UNEC-in  “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, “Professorlar klubu”nun  rəyasət heyətinin sədri, Respublikanın əməkdar müəllimi, professor Əvəz Ələkbərov son günlərin ən çox müzakirə olunan məsələsi – növbədənkənar parlament  seçkiləri ilə bağlı Modern.az-la həmsöhbət olub.


- Əvəz müəllim, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərlə bağlı fikirlərinizi bilmək istərdik.


- Hamımızın bildiyi kimi, ölkəmizdə çoxlu yeniliklər baş verir, struktur, kadr islahatları, Prezident İlham Əliyevin çoxlu çağırışları var. Həmin çağırışlar bütün cəmiyyətimizi əhatə edir. Ona görə də, yeni çağırışları dəstəkləyən, onlara rəvac verən, nisbətən cavanları təmsil edən, müasir Parlament etiketlərinə cavab verən yeni Milli Məclisin formalaşması labüddur.


- Milli Məclisin qəbul etdiyi qanunlar yetərlidirmi? Sizi qane edirmi?

- Düşünürəm ki, Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar çox sivildir, qabaqcıl ölkələrin qanunvericilik aktlarından geri deyil və beynəlxalq təcrübəyə əsaslandırılıb.  Əlbəttə, qəbul olunmuş qanunların yaxşı icra mexanizmləri olmalıdır ki, onlar yaxşı işləsinlər.


- Sizcə, iqtisadi sahədə hansı yeni qanunlar qəbul edilməlidir?


- Mənim fikrimcə bizim iqtisadi qanunvericilik aktlarımız normaldır və onlar bugünkü şəraitə cavab verir. Amma düşünürəm ki, onların üzərində işləmək zəruridir, “Rəqabət haqqında” qanunun qəbul edilməsinə, “Büdcə Məcəlləsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac görürəm.


- Əvəz müəllim, yeni Parlamentdə təmsil olmaq   istəyərdinizmi?

- Hələ mən bu barədə heç düşünməmişəm. Amma öz xarakterimə görə, belə deyə bilərəm ki, mən harada olsam xalqıma fayda vermək missiyasını həyata keçirərəm. Bildiyiniz kimi, mən elmi və pedaqoji faəliyyətlə məşğulam və Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məni ümummilli lider Heydər Əliyev bu partiyaya qəbul edib. Neçə illərdir daim ölkəmizdə gedən islahatları dəstəkləmişəm və partiyamızın ideyalarına sadiqəm. Əgər partiyamız məsləhət bilsə ki, mən yeni parlamentdə fayda verə bilərəm, onda mən bu barədə qərar verərəm.


- Siz yaşlı və cavan kadrların birgə işləməsindən yaxşı nəticə gözləyirsinizmi?


- Əlbəttə, cavan nəsil yaxşı təcrübə toplamalı və püxtələşməlidir. Yaşlı  nəsil öz bildiklərini cavan nəslə ötürməlidir. İnsanlar var ki, 80 yaşında da işqabiliyyətlidirlər  və cəmiyyətə fayda verirlər. Bir dəfə Norvecdə idim, mətbuatda 85 yaşlı bir kişiyə cavan bir adam “qoca”demişdi. Ona görə 85 yaşlı onu məhkəməyə vermişdi ki, hələ mən qocalmamışam.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi