Modern.az

Bakıda Türk Ocaqlarının 100 illiyilə bağlı daha bir tədbir - FOTOLAR

Bakıda Türk Ocaqlarının 100 illiyilə bağlı daha bir tədbir  - FOTOLAR

13 Mart 2012, 20:03

Bu gün Ataturk Mərkəzində Türk Ocaqlarının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirdə millət vəkilləri, Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ və digər qonaqlar iştrak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, bu il Türk Ocaqlarının 100 ili tamam olur və bu qurum Türkiyə tarixində mühüm rol oynayıb.

Daha sonra Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ  qeyd edib ki, Türk Ocaqları türk tarixinin ən çətin dönəmlərində fəaliyyətə başlayıb: “Altı yüz illik imperatorluğun parçalandığı bir dövrdə bu təşkilat türk milli varlığını qorumaq məqsədilə bir qrup türk ziyalısı tərəfindən qurulub”.

B.Bozdağ Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Azərbaycanın dünyada qazandığı uğurlardan biri adlandırıb:
“Türkiyə qardaş türk dövlətlərinin müstəqillik əldə etdiyi ilk illərdən onların yanında olub. Sahib olduğumuz insanlarımızın iqtisadi və maddi qaynaqlardan güclü olduğunu düşünürük. Ortaq gələcəyimiz üçün atılan hər bir addımı dəstəkləyəcəyik”.

"Biz dahi şəxsiyyət Heydər Əliyevin "İki dövlət - bir millət" sözünü daim yaşatmalıyıq. Ortaq tarixə sahib çıxsaq, gələcək birliyimizi təmin etmiş olacağıq", - deyə Bozdağ deyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə münasibətlərindən, iki ölkə arasındakı dostluq və qardaşlıq bağlarından  danışıb.

“Əziz dostlar, öz evinizə xoş gəlmisiz. Bu gün Əli Bəy Hüseyinzadənin, Əhməd Bəy Ağaoğlunun və “Türk Ocaqları”nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür. Məhz onlar “Türk Ocaqları”nın qurucuları olmuş, silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətirmişlər. Burda iştirak edən hər kəs çox bəxtiyardır ki, “Türk Ocaqları”nın 100 illik şərəfli yubileyinin iştirakçısıyıq. Böyük öndər Heydər Əliyevin sözləri ilə desəm, “Biz bir millət iki dövlətik”. Bu mənada da “Türk Ocaqları”nın yubileyinin Azər­baycanda qeyd edilməsi çox anlamlıdır. Mən möhtərəm Prezidentimizin sözlərini xatırlatmaq istərdim – “Bir millətin iki diasporası ola bilməz”. Hesab edirəm ki, hər iki dövlətimizin ictimai birlikləri də bir-biri ilə sıx əlaqələr qurmalıdır. Bu yubiley mərasiminin keçirilməsinin, belə bir mötbər nümayəndə heyətinin respublikamıza gəlişinin həmin əlaqələrə böyük təsiri olacaq”.

Xanım Paşayeva qeyd edib ki, Türkiyə və Azərbaycanın birliyi özünü son aylarda bir daha Fransa Senatında qəbul edilən məlum qanuna münasibətdə və Xocalı soyqırımı ilə bağlı İstanbulun Taksim meydanında keçirilən möhtəşəm aksiya zamanı bariz şəkildə göstərib.

Sonda digər millət vəkilləri və türkiyəli qonaqlar Türk Ocaqlarının fəaliyyəti, onun inkişaf istiqamətləri barədə fikirlərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir