Modern.az

Anna Akopyanın “muğam konserti”?

Anna Akopyanın “muğam konserti”?

7 Dekabr 2019, 09:13

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bəyan etdiyi "sülh platforması" Dağlıq Qarabağ probleminin həllində Ermənistanın işğalçı mövqeyinin daha bir təzahürüdür.  A.Akopyan həqiqətən sülh tərəfdarıdırsa, o zaman mövqeyini qadınlara deyil, ilk növbədə əri N.Paşinyana ünvanlamalı idi.  Çünki Dağlıq Qarabağ ətrafında Azərbaycan-Ermənistan danışıqlarının beynəlxalq hüquq müstəvisində həllinə mane olan birinci elə N.Paşinyandır.  Onun qondarma "DQR"ə səfərində erməni əsgərlərini döyüşə, müharibəyə çağırması Ermənistanın özündə belə birmənalı qarşılanmayıb. Yeri gəlmişkən qeyd edim ki, Rusiya mediası N.Paşinyanın psixi müayinəsi üçün Ermənistan müxalifətinin maddi vəsait toplaması barədə xəbər yayıb. Görünür, ərinin psixi cəhətdən nasazlığı və buna rəğmən siyasi sərsəmləmələri arvadına da sirayət edib. Azərbaycan xalqının bu barədə qədim və ibrətamiz aforizmlərini N.Paşinyana və A.Akopyana xatırladıram: "Ərlə arvadın torpağı bir yerdən götürülüb" və ya "Su axar, çuxurunu tapar", yaxud "Atı atın yanına bağlasan, rəngini yox, xasiyyətini götürər".


İkincisi, Ermənistan əsgəri Azərbaycanın tarixi torpaqlarını işğal edibsə, Azərbaycan xalqına qarşı soyqırım, vəhşilik, qəddarlıq, ölüm, qaçqınlıq törədibsə və indi də buna davam edirsə, günahkar və səbəbkar kimdir? Əlbəttə, Ermənistanın işğalçı siyasəti və Köçəryan-Sarkisyan- Paşinyan siyasi zəncirinin cinayətkar fəaliyyəti. İş bundadır ki, Azərbaycan Respublikasında gender problemlərinə, qadın hüquqlarına həsr olunmuş beynəlxalq tədbirlərdə və humanitar forumlarda Azərbaycan analarının Ermənistan tərəfindən Qarabağda davam etdirilən işğalçılıq və qətliam siyasətinə qarşı mövqeyi mütəxəssislər tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən dəfələrlə səsləndirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 16 ildir  istər Sülhməramlı səfir, istərsə də siyasi və humanitar fəaliyyətində qadınların hüquqi, siyasi, sosial problemlərinə həmişə diqqətlə yanaşanda, qaçqın həyatı yaşayan və şəhid anası olan Azərbaycan analarının müharibəyə qarşı etiraz səslərini dünyaya yayanda və onun sülhməramlı siyasi fəaliyyət beynəlxalq miqyasda dəstəklənəndə, görəsən, Ermənistanın anaları, elə A.Akopyanın özü niyə susurdu? Belə də qadın həmrəyliyi olar? Əsl ermənipərəst "həmrəylikdir". A.Akopyanın "sülh platforması" daha çox ermənipərəst qüvvələri Azərbaycana qarşı ideoloji təxribatlara yönəltməyə hesablanıb. Ən azı ona görə ki, bəyanatlarında qadınları Ermənistan işğalında olan Dağlıq Qarabağa dəvət edir.


Bu günlərdə Ermənistanda qadınların N.Paşinyan hakimiyyətinə qarşı, gənclərin Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə qarşı kütləvi etirazlarının fonunda onun arvadının sülh həvəsinə düşməsi məntiqlə siyasi manipulyasiyadan, qadınların ana hissləri ilə oynamaqdan başqa bir şey deyil.  
Bir də axı qondarma "DQR"ə səfər edən xanımların başda Anna Akopyan olmaqla mənəviyyatı, siyasi əxlaqı və ədaləti yerindədirsə, həqiqətən sülh məramlıdırlarsa, niyə onları müşayiət edənlərlə maraqlanmırlar, özlərini görməməzliyə vururlar? Axı qonqarma "DQR"-ə onun qondarma "prezidenti"nin müşayiəti ilə səfər etməyin özü artıq sülhü deyil, işğalı və müharibəni dəstəkləməyə bərabərdir.


Anna Akopyan öz çıxışlarında daha bir siyasi və tarixi səhv buraxıb. Bu, muğam haqqında işlətdiyi anlaşılmaz sözlərdir. Təəssüf ki, "sülhpərəst" Anna Akopyan bu məsələdə də işğalçı tərəfin dəstəkçisi kimi çıxış edib. Ona görə ki, Ermənistan Azərbaycanın təkcə ərazilərini deyil, maddi və qeyri-maddi mədəniyyətini də işğala məruz qoyaraq, mədəniyyətimizə qarşı saxtakarlığı, plagiatı və vandalizmi davam etdirir. Ermənistanın belə bir vandal, anti-humanist mövqeyini A.Akopyan muğam barədə atmacasında istəmədən açıq büruzə verib. N.Paşinyanın bu özündənmüştəbeh, "sülhsevər"qadınının Dağlıq Qarabağda muğam səsləndirmək istəyində bulunması əslində, Qarabağ torpaqlarımızla yanaşı, musiqi mədəniyyətimizi də işğal etmələrinə bir işarədir. Halbuki muğam - Qafqaz ərazilərində və mədəniyyətlərində tarixən yalnız Azərbaycan xalqına məxsusdur. Muğamı Qarabağda - vətənimizdə səsləndirməyə bir xalq kimi yalnız bizim mənəvi haqqımız çatır. (Ümumiyyətlə, Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı anti-humanist, qeyri-obyektiv  və işğalçı mövqeyi haqqında dünya yaxşı məlumatlandırılmalı, bu məsələ, həmişə gündəlikdə dayanmalıdır).


İkincisi, muğamı  SSRİ dönəmində Azərbaycanın muğam sənətkarlarından öyrənən 5-10 erməni musiqiçisi bu janrı dünən də, bu gün də olsa-olsa Azərbaycan milli alətlərində (tar, kamança, balaban, saz, ud, qanun, tütək və s.) azacıq  çala bilir, vəssalam. Muğam tarixən erməni musiqisinə heç vaxt aid olmayıb və bu gün də belədir.  Qəribədir, erməni Qarabağda muğamı necə çalıb-oxuya bilər? Yəni A.Akopyan da əri kimi bu qədər anormaldır? Onun "sülh istəyi" fonunda Dağlıq Qarabağ, yaxud deyək ki, Rusiya erməsinin ifası ilə bizə muğam konserti vermək istəməsi ən azı mənəvi etikaya, sülhsevərliyə dəxli olmayan və qadına yaraşmayan hiyləgər atmacadır. "Erməni dilində muğam", "erməni ifasında muğam", "uydurma DQR-də muğam" - Anna Akopyanın təkcə sərsəm fikri deyil, şəxsən onun da, ona zuy tutanların da, ermənilərin də dünyanı özünə güldürməsidir.


Üçüncüsü, Qarabağ dünyanın muğam üzrə tarixi beşiyidir. Azərbaycan xalqının istedadlı və məşhur sənətkarları Qarabağda, xüsusən də Şuşada professional səviyyədə muğam oxuyanda, dinləyəndə, ermənilər bu ərazidə yaşamırdılar.


Anna Akopyanın və ətrafında olan ermənipərəst, pulla alınmış "sülhpərvər" qadınların nəzərinə bir həqiqəti də çatdırmaq lazımdır ki, sizlərin Qarabağda "muğam konserti" düzənləmək "siyasətiniz" nə Azərbaycan xalqına, nə Azərbaycan qadınına, nə öz vətənini qoruyan Azərbaycan əsgərinə, nə  dünyanın sülhpərvər analarına, nə də musiqiçilərə lazım deyil. Ona görə ki, əvvəla Azərbaycan muğamı BMT-nin beynəlxalq qurumu olan UNESCO tərəfindən bəşəriyyətin Azərbaycan xalqına məxsus qeyri-maddi irsi kimi tanınıbdır. Digər tərəfdən, erməni Anna Akopyanın Dağlıq Qarabağda muğam oxutmaq həvəsi, onların torpaqlarımızı işğal etməsinə bərabər bir şeydir. Bir də axı, Anna Akopyanın boş qazan kimi yalandan guruldaması nəyə lazım? Erməni musiqisində mövcud janrların, alətlərin, əsərlərin mütləq əksəriyyəti Azərbaycan musiqisindən oğurlanıb.


Nəhayət, Azərbaycanın paytaxtında Beynəlxaq Muğam Mərkəzi, Qarabağın Ağcabədi rayonunda  və digər bölgələrdə Muğam mərkəzləri fəaliyyət göstərir. Onların fəaliyyəti və Heydər Əliyev Fondunun beynəlxalq muğam layihələri dünyəvi dəstək qazanıb. Bunlar Azərbaycanın qeyri-maddi mədəniyyətində muğamın ölməzliyindən və müasir varisliyindən xəbər verir. Anna Akopyana və onun "sülhpərvər qadınlar" cameəsinə, əgər istəsələr Qarabağda, lap elə Şuşanın Cıdır düzündə əsl muğam konsertləri vermək, "Qarabağ şikəstəsi"ni, Şuşanın xalq mahnılarını və rəqslərini səsləndirmək, inşallah, görkəmli musiqiçilərimiz tərəfindən baş tutacaq. 


Görəsən, bizim gözəl muğamlarımızı hansısa erməni düdüyünün çox zövqsüz ifasında dinləmək A.Akopyana, N.Paşinyana, yalançı "sülhsevər" qadınlara nəyə lazımdır? Mükəmməl musiqini yaxşı, professional, bilici, istedadlı və mükəmməl musiqiçidən dinləyərlər. Buyursunlar, dünyanın, elə Rusiyanın da  aparıcı konsert salonlarında, İnternetdə nə qədər istəyirlərsə Qarabağdan olan sənətkarlarımızı, müxtəlif bölgələrimizin muğam ustalarını dinləsinlər. Buyursunlar, Heydər Əliyev Fondunun beynəlxalq "Qarabağ musiqiçiləri" layihəsində yer alan qədim və müasir ifaları dinləsinlər.


Bəli, dünya bilir ki, bizim muğam musiqiqimiz humanist ideyalarla, sülh və insanlıq fəlsəfəsi ilə zəngindir. Dinləyib, adam olsunlar. Adam olub, Ermənistanın işğalçı ordusunu tarixi torpaqlarımızdan birdəfəlik çıxartsınlar ki, Qarabağa sülh və əmin-amanlıq gətirək.      



Ariz Abduləliyev,
Bakı Musiqi Akademiyasının aparıcı elmi işçisi, dosent,
“91-lər” hərəkatının üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi