Modern.az

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranması günüdür - TARİX

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranması günüdür - TARİX

7 Dekabr 2019, 09:44

101-ci  ilini qeyd etdiyimiz Azərbaycan Parlamenti bütün müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub.

 

1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

 

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.

 

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.

 

 

 

Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

 

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.

 

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.

 

M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verib: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir