Modern.az

 “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI

 “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI

8 Dekabr 2019, 11:11

Modern.az saytı jurnalist Səfurə Çərkızqızının arxivindən daha bir yazını təqdim edir. Azərbaycanın tanınmış şairəsi Nurəngiz Gün haqqında – onun sağlığında ( 2001-ci ildə) yazılmış bu yazı elektrob mediada yayımlanmamışdı.

***

...Deyirlər, dövrünün ən azad qadını olub. Qəlb tıncıxdıran çərçivələrə, “olmaz” qadağalı qaydalara məhəl qoymayıb. Öz dünyasını yaşayıb, qəlbinin səsini dinləyib. Bu xanım Nurəngiz Gündü. Xatırlayan da olacaq, unudan da...


Azərbaycan Televiziyasında diktor işləyib. 1960-cı illərin ortalarından 70-ci illərə kimi.  Birdən-birə səsi-sorağı kəsilib.  Özü ekranlarda görünməsə də, səsi, gözəlliyi uzun zaman söhbətlərin mövzusuna çevrilib. 


Onu Təhminə kimi də tanıyırlar. Deyirlər, Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki Təhminə obrazında onu yaradıb. Bu bənzətmədən acığı gəlir:


“Təhminənin mənə çatması üçün xeyli yol getməyi lazımdı.  Nurəngiz Gündən 17 Təhminə çıxar. Düzdü, azad qadındım, amma azadlığımda tərbiyəsizlik olmayıb. Eynilikdən həmişə sıxılmışam. Ölçülü-biçili yaşantılar mənlik deyil. Eyni danışıq tərzi, oxşar geyim, insanlarla süni rəftar ...çoxlarında belədi”.


“Vaxtında doğulmamışam”-deyir.  “Bir az tezdi, bir az gec”. Heç yerdə yerini tapmır. “Televiziyaya getdim, bir azdan mühit məni sıxdı. Sonra İncəsənət Universitetini seçdim, yenə də hiss elədim ki, axtardığım bu deyil. Hər yerdə darıxıram. Ailəmdən də buna görə ayrıldım. Heç nə ürəyimi rahatlamır”.


İndi bir özü, bir də yazı masasıdı. Çoxumuzun həsrətində olduğu şeylər...Qapısını dünyanın üzünə bağlayıb yazılarıyla məşğuldu. “Yazı-pozu başımı elə qatır ki, bilmirəm, gün harda çıxıb, harda batır...”


Amma “birdən yazılarıma da açığım tutur”-deyir. “Çünki onlar da azadlığımı alırlar. Əlimdəkini bitirib hamısını atacam...”


Nə istəyir,  görəsən? 


Özü də bilmir. Bircə onu bilir ki, nəsə yerində deyil.


“Nə yaxşı nəvəmin gözləri var. Deyəsən, rahatlığım ordadı...”


Kimsəni görmək istəmir. Bəlkə, hər kəsin azadlığına şərik çıxacağı  qorxusundadı?...


Özü belə düşünmür. Onu ən çox düşündürənsə həyatın puçluğu, faniliyidi.  “Həyatla işim yoxdu mənim. Ömrüm boyu bir kimsəni təhqir eləməmişəm.  Həyatsa təhqirlərlə doludu. İnsanlar yaşamırlar, həyatı oynayırlar. Mənim burda yerim yoxdu”.

 
2001

Səfurə Çərkəzqızı,
“Sevdalılar” kitabı

***

Redaksiyadan: Azərbaycanın tanınmış şairəsi Nurəngiz Gün 21 sentyabr 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan Nurəngiz Gün Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan  Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata “Tanrı” povesti ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə - Türkiyədə, Estoniyada, Özbəkistanda, İranda, İraqda, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb.
Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilib.
Öz əsrarəngiz şeirləri ilə  ilğımlı sevgiləri xatırladan, poeziyası azadlıq, ümid, kədər və məhəbbət ətrinə bələnən Nurəngiz Gün ömrünün 76-cı payıznda – 20 dekabr 2014-cü il tarixində vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır