Modern.az

Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var

Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var

8 Dekabr 2019, 20:49

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanmış  hesabatı təqdim edib.

Modern.az xəbər verir ki,  “Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat layihə çərçivəsində keçirilən dəyirmi masada ictimaiyyətə  təqdim olunub. 

Dəyirmi masanın moderatoru, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev  dövlət  satınalmalarında şəffaflıq və hesabatlıqla bağlı problemlərdən danışıb.

Qeyd edilib ki,  Azərbaycanda  dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var. KİV-də, müxtəlif tədqiqatlarda, həmçinin, bu hesabatda dövlət satınalmalarında müşahidə olunan nöqsanlar barədə çoxsaylı faktlar öz əksini tapır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmur, rəqəmlər şişirdilir, tenderlər, kotirovka sorğuları formal keçirilir və formal şirkətlər yaradılır, onlar zəruri olan tender iştirakçısı sayını  təmin edirlər, sonda  əksər hallarda satınalma subyektinin əvvəlcədən müəyyən etdiyi, yaxud razılaşdığı şirkət qalib olunur.

Platforma koordinatoru bildirib ki,  bu sahədə şəffaflığın təmin edilməsi çox mühüm bir vəzifə kimi qarşıda durur, ölkə rəhbərliyi tərəfindən də bu nöqsanlar açıq şəkildə qeyd edilib.

Ə.Nuriyev bu layihə çərçivəsində hazırlanan təkliflərin hökumətə təqdim ediləcəyini də vurğulayıb.

Hesabatı təqdim edən layihə eksperti Sahib Məmmədov bildirib ki,  hazırda elektron satınalma modelinə keçidi, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur. Bununla belə ötən dövr ərzində dövlət satınalmaları üçün nəzərdə tutulan prosedurlara əməl olunması və şəffaflığın təmin olunması ilə bağlı mövcud problemlərin tam həll olunmasını qeyd etmək mümkün deyildir. Ən ciddi problemlərdən biri kimi  Azərbaycan qanunvericiliyində elektron tenderdən istifadə ilə bağlı dövlət qurumlarına hər hansı məcburedici normanın olmamasıdır. Həmçinin tenderlərlə bağlı “məlumat axtarış” imkanı məhdud səviyyədə olduğunu qeyd edilir. Bu hesabat  hazırlanarkən internet portalında axtarış sisteminin qüsurlu olması müşahidə olunub. Bu isə istifadəçilərə istənilən məlumatı dərhal əldə etmək imkanı vermir və əldə edilməli məlumatın axtarılmasına çox vaxtın sərf olunmasına gətirir.

Ekspert konkret numunələrlə 10 manat nizamnamə kapitalı olan bir yeni kommersiya qurumuna müxtəlif təyinatlı xidmətlərin göstərilməsi üçün bir neçə ay ərzində on milyonlarla manat vəsaitin (tenderin qalibi olaraq) ayrılmasını göstərib və bunun  qanunvericiliyin tələblərinə zidd olması və bu müqavilələrin şübhəli göründüyünü bildirib.

S.Məmmədov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının dövlət satınalmaları ilə bağlı standart və tövsiyyələrini yerli parktika ilə müqayisəli şəkildə təqdim edib.

Sonda layihə eksperti təklifləri diqqətə çatıdırıb.

Qeyd edək ki, layihə çərçivəsində “Dövlət satınalmaları haqqında!” qanun da təhlil edilib və boşluqların aradan qaldırılması üşün təkliflər hazırlanıb.

Tədbir iştirakçıları öz fikirlərini və təkliflərini qeyd ediblər. Bu təkliflər nəzərə alınmaqla “Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat Azərbaycan Açıq Hökumət Platformasının saytında yerləşdirilib.

Hesabatla aşağldakı link vasitəsilə tanış olmaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir