Modern.az

Səudiyyə Ərəbistanının nümayəndələri BANM-a gəldilər

Səudiyyə Ərəbistanının nümayəndələri BANM-a gəldilər

9 Dekabr 2019, 11:03

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-qaz və Minerallar Universitetinin (KFUPM) nümayəndələri ilə görüşüb. 

 

Görüşdə KFUPM-in Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Dr. Əbdüləziz Əl-Kaabi, Gelologiya üzrə fəlsəfə doktoru və Geologiya elmləri kafedrasının müdir müavini  Dr. Con Hamfri, Geofizika üzrə fəlsəfə doktoru Dr. SanLin Kaka, Neft-qaz sahəsində inteqrativ tədqiqat mərkəzi nəzdində Petrofizika üzrə proqram rəhbəri Dr. Cək Dvorkin, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanının xüsusi köməkçisi Məhəmməd Almaziad, eləcə də BANM-in əməkdaşları iştirak ediblər. 

 

Görüşün əsas məqsədi birgə effektiv əməkdaşlığın qurulması və perspektivlərin müzakirəsi olub.

 

Qonaqları salamlayan rektor Elmar Qasımov Ali Məktəb haqqında məlumat verərək bildirib ki, BANM ölkənin ilk ingilisdilli texniki ali təhsil müəssisəsidir və tədris Böyük Britaniyanın Heriot-Watt Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir. O bildirib ki, hər il I qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti BANM-i seçir və Ali Məktəb Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşır.  E.Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlığın qurulduğunu, tələbələrin həmin şirkətlərdə istehsalat təcrübələri keçməsi üçün əlverişli şəraitin yaradıldığını, tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulduğunu, eləcə də beynəlxalq şirkətlərlə və universitetlərlə birgə həyata keçirilən elmi-tədqiqat layihələri barədə məlumatları qonaqların diqqətinə çatdırıb. 

 

Kral Fahd adına Neft-qaz və Minerallar Universitetinin Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Dr. Əbdüləziz Əl-Kaabi texniki biliklərlə yanaşı, “Qeyri-ənənəvi öyrənmə mühiti” – standartdankənar təhsilin, sosial bacarıqların (effektiv ünsiyyətqurma, təqdimat, liderlik, komanda ilə işləmək və s.) vacibliyini vuruğulayaraq universitetin üç modullu yay məktəbləri təşkil etdiyini BANM əməkdaşlarının nəzərinə çatdırıb. O, gələcəkdə BANM-lə əməkdaşlıq çərçivəsində Neft-qaz və Minerallar Universitetinin tələbələrinin Bakıda təcrübə keçmələrinin məqsədəuyğun olduğunu bildirib. 

 

Görüşdə hər iki ali təhsil müəssisəsinin əməkdaşlıq perspektivləri və bir çox fəaliyyətlərin icrası üçün Anlaşma Memorandumunun imzalanmasının zəruriliyi də müzakirə olunub. 

 

Eyni zamanda, yay aylarında yerli və əcnəbi tələbələrin iştirakı ilə birgə Yay məktəbinin təşkil edilməsi barədə qərar qəbul edilib. 50-dən çox tələbənin iştirak edəcəyi Yay Məktəbi tələbələrin liderlik, komandada işləmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. 

 

 Qonaqlar Ali Məktəbin kampusu və yaradılmış şəraitlə də yaxından tanış olublar. 

 

Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-qaz və Minerallar Universiteti (KFUPM - King Fahd University of Petroleum & Minerals)  Orta Şərq və Şimali Afrika regionunda elm, mühəndislik, energetika, biznes idarəetməsi sahələri üzrə keyfiyyətli təhsil verən universitet hesab olunur. Universitet əsasən bakalavriat, magistratura və doktorantura pilləsi üzrə kadr hazırlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi