Modern.az

Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT

Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT

Aktual

10 Dekabr 2019, 10:45

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bundan qısa müddət sonra – fevral ayının 9-da isə parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Hər iki seçki prosesi, namizədlərin elan olunması ölkə gündəmini zəbt edib. Amma nə bələdiyyə seçkilərinə, nə də parlament seçkilərinə qatılan namizədlərin seçki texnologiyaları barədə yeniliyi nəzərə çarpır. Sosial şəbəkələrin, internet medianın aktiv olduğu bir dövrdə seçki kampaniyasının, təbliğat-təşviqat prosesinin əvənəvi üsullarla həyata keçirilməsi cəmiyyətdə birmənalı qarşılanmır.

 

Yeni seçki texnologiyaları haqqında Modern.az-a danışan ictimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, seçki, təbliğat-təşviqat prosesi zamanı ayrılmış xüsusi lövhələrdə namizədin ad və simasının xatırlanması üçün təbliğat plakatlarından istifadə olunsa da, bu, təbliğat-təşviqat prosesinin minimum hissəsidir. B.Hacıyev xüsusilə parlament seçkilərinə namizədlərin və seçicilərin anlamalı olduğu məqamlara toxunub:

 

“Milli Məclis qanunverici orqandır və məhz buna görə də Milli Məclisə seçkilər zamanı icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər platformada əks olunmamalıdır. Bununla yanaşı, namizəd müxtəlif üsullarla öz gələcək vizyonunu, xarakterini, məsələlərə baxış tərzini seçicilərə kommunikasiya etməyi bacarmalıdır. Bunlar üçün isə seçki lövhələrində təbliğat plakatları kifayət etmir. Bu gün sosial media və internet resursları həm operativlik baxımından, həm də ictimai rəyə təsir baxımından bir çox halda ənənəvi mətbuatı qabaqlayır. Buna görə də namizədlər internet resursların imkanlarından maksimum yararlanaraq, seçki saytları, sosial şəbəkə hesabları vasitələri ilə seçicilərlə davamlı təmas qurmalıdırlar”.

 

B.Hacıyev deyir ki, Azərbaycandakı parlament seçkilərində zaman-zaman namizədlərin seçicilərlə kütləvi görüşləri keçirilsə də, çox az halda "Qapı-qapı" kampaniyasına üstünlük verənlər olub:

 

“Ancaq, bu kampaniyanı keçirənlər seçicilərin daha çox etimadını qazanırlar. Birincisi, ona görə ki, namizəd müxtəlif həyətlər, binaları özü və könüllüləri ilə gəzərək, seçiciyə "biz sizə gəldik, dəstəyinizə ehtiyac var" mesajı verir. İkincisi, plakat, internet kommunikasiyası, kütləvi görüşlər və mitinqlərdən fərqli olaraq, namizədlə seçicilər arasında emosional bağ "Qapı-qapı" kampaniyasında daha güclü olur. Namizəd seçicilərin daha xüsusi problemlərini dinləyir, daha spesifik suallarını cavablandırır, eyni zamanda, seçicilərin namizədlə bağlı tərəddüdlərini zamanında eşidir və növbəti görüşlərdə onlara cavabını hazırlayır”.

 

Həmsöhbətimiz seçki kampaniyasının maliyyə tərəfindən də danışıb:

 

“Namizədliyini irəli sürən şəxslərin bir çoxu seçki kampaniyasını özü maliyyələşdirib, inzibati resurslardan, ödənişli işçilərdən istifadə etsə də, könüllülərə üstünlük verən və seçki kampaniyasını tərəfdaşlarının ianələri hesabına maliyyələşdirənlər seçicilərdə daha böyük inam formalaşdırır. Çünki, namizəd öz dairəsində qeydiyyatda olan şəxslərdən ibarət könüllülərlə sosial təsdiq effekti yarada bilir. Dairədə bir çoxları öz tanıdıqları şəxslərin həmin namizədin qərargahında könüllü çalışdığını görüb, həmin namizədə daha yaxın emosional bağ hiss edə bilir. İanələr isə namizədin bir neçə nəfərə yox, seçicilərə hesabatlı olmaq istədiyi siqnalını verir. Namizəd bununla "sizin dəstəyinizlə seçilib, sizə xidmət edəcəm, sizə hesabatlı olacam" mesajını verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar