Modern.az

Övladlarımızı əlimizdən alan xurafat və dini radikalizm - EHTIYATLI OLAQ!

Övladlarımızı əlimizdən alan xurafat və dini radikalizm - EHTIYATLI OLAQ!

Aktual

9 Dekabr 2019, 11:00

İstənilən xalqın təşəkkülündə çox mühüm rol oynayan və onu digər toplumlardan əsaslı surətdə fərqləndirən dəyərlər sistemi mövcuddur. Hazırda dünyada 3 minədək xalqın yaşadığını nəzərə alsaq, onların hər birinin özünəməxsus mental xüsusiyyətlərinin mövcudluğunu qeyd etməliyik.

Bir xalqı məhv etmək üçün onu öz kökündən ayırmaq yetər

Azərbaycan xalqı tarixin müəyən dönəmlərində üzləşdiyi ağır sınaqlara baxmayaraq, malik olduğu milli adət-ənənələrini qoruyaraq, özünəməxsusluğunu heç vaxt itirməyib.

Bu amil Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin dayanıqlılığının və kənar təsirlərə qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Əks halda, bir neçə dəfə müstəqilliyini itirən xalqımız yadelli işğalçıların düşünülmüş assimlyasiya siyasətinin qurbanı olardı. Azərbaycan xalqı isə nəinki milli xüsusiyyətlərini itirdi, hətta işğalçı qüvvələrin nümayəndələrini malik olduğu böyük mədəniyyət daxilində “əriməyə” məcbur etdi.
Əbəs yerə deyilməyib, bir xalqı məhv etmək üçün onu öz kökündən ayırmaq yetər. Azərbaycanda 70 il davam etmiş Sovet əsarəti dövründə xalqımızın əsrlər boyu tapındığı İslam dini qadağan edildi, məscidlər dağıdıldı, millətin adı dəyişdirildi, milli mədəniyyətin təbliği məhdudlaşdırıldı, “Allahsızlıq” ideologiyasının təbliğinə çalışıldı...
Lakin Sovet rejiminin xalqımız üzərində apardığı “dəyişdirmə eksperimenti” nəticəsiz qaldı. Azərbaycanlılar öz kökü və dəyərləri üzərində formalaşmış varlığını qorudu. Nəyin sayəsində? Sözsüz ki, burada mənəvi dəyərlər sisteminin dayanıqlığı həlledici qoruyucu faktor oldu.
Bəs xalqımızın mənəvi dəyərlər sisteminə nələr daxildir? İbtidai inanclardan qaynaqlanan adət-ənənələr, xeyir-şər mərasimləri, yüksək əxlaq və tərbiyə, fərdə və cəmiyyətə sayğı, dürüstlük, yardımsevərlik, kollektivçilik, digər toplum və dinlərə qarşı dözümlülük və sair.

Dünya ölkələri tərəfindən də qəbul edilən məqbul model 

Təbii ki, Allahsız cəmiyyətdə yaşamaq mümkün deyil, Allaha inansan da, inanmasan da Allah anlayışı olmalıdır. Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb.
Bu gün müstəqil Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir. Bununla yanaşı, dövlət fərdlərə azadlıq verib. Azərbaycan Konstitusiyasının 18-ci maddəsində açıq-aşkar yazılıb ki, din dövlətdən ayrıdır. Hər birimiz istədiyimiz dinə etiqad edə bilərik. Azərbaycanda istənilən dinin nümayəndəsinin ibadət edə biləcəyi məkanlar var. Ölkəmizdə yaşayan qeyri-müsəlmanlar Avropadakı müsəlmanların qarşılaşdığı təhqirlərə məruz qalmır.
Hazırda Azərbaycanda 800-dən çox dini icma qeydiyyatdan keçib ki, bunun da  31-i qeyri-müsəlman icmasıdır.
Azərbaycanda dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri hökm sürür. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırmaqdadır. 
Böyük tarixə malik ibadətgahların təmir və bərpası aparılır, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində dini dözümlülük və tolerantlıq yüksək səviyyəyə çatıb və bu siyasət dünya ölkələri tərəfindən də məqbul model kimi qəbul olunur, bəyənilir. Bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti isə təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurub. 
Bütün bunlar ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür. Təsadüfi deyil ki, başqa bölgələrdə bir-birləri ilə qanlı ziddiyyətlər aparan dini konfessiyalar məhz respublikamızda qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir və qanunun tələblərindən kənara çıxmırlar. Bu baxımdan 14-15 noyabr 2019-cu il tarixində Bakıda keçirilən, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı Dünya Dini Liderlərinin 2-ci Zirvə Görüşü təsadüf sayılmamalıdır. Dünyanın gərgin siyasi tablosu göstərir ki, tolerantlıq və vətəndaş həmrəyliyi bu gün dövlətin təhlükəsizliyini təmin edən zəruri amilə çevrilib. Xüsusilə də qaynar geosiyasi məkanda, müxtəlif sivilaziyaların toqquşduğu bölgədə, dini zəminli toqquşmaların sərhədində yerləşən Azərbaycan Respublikasında...

Dini münaqişələri Azərbaycana transfer etməyə çalışan qüvvələr 

Amma müasir informasiya texnologiyalarının fasiləsiz inkişafı və qlobalizmin təzyiqləri bu gün də Azərbaycanın milli-mənəvi dəyərlər sistemi üçün müəyyən təhdidlər yaratmaqdadır.
Azərbaycanın indiki sabit mənzərəsini qəbul etməyən, məlum dini münaqişələri ölkəmizə də transfer etməyə çalışan qüvvələr var və onlar respublikamızda dini durumu süni vasitələrlə gərginləşdirməyə cəhdlər edirlər. Son dövrlərdə radikal dini cərəyanların ölkə ərazisində fəallığını artırmağa çalışmaları da təsadüfi sayıla bilməz. Etiraf olunmalıdır ki, bir sıra hallarda həmin yad dini cərəyanların təsirlərinə düşən gənclərimiz, yeniyetmələrimiz az olmur.
Bəzi hallarda kimlərsə tərəfindən dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən çıxarılaraq, əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlinir. Belə dini çağırışlara qoşularaq, Suriyada, İraqda və digər ərazilərdə döyüşən azərbaycanlı gənclər də aşkara çıxdı.

Faktlar...


2017-ci il:
Dövlət Təhlükəsizliyi Xidmətinin o zamankı rəisi Mədət Quliyev: "Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı qara təbliğata inanıb İraq və Suriyaya gedərək, İŞİD-ə qoşulub. Onlar yaxşı iş gördüklərinə inanıblar. Amma əslində bu, cinayət işidir...
Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".
Yenə 2017-ci il. Bakıda xristian yönümlü təriqətin üzvü olan 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. N.Qulubəyova oğlunun bədənindən “pis ruhları çıxartmaq” istəyirmiş.
2018-ci il. Şabran rayonunda 6 nəfər kişi 25 yaşlı Murad Soltanovun bədənindən “şər qüvvələri çıxarmaq” istəyərkən onun ölümünə səbəb olub. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə” etdiklərini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb.
Bunlar Azərbaycandakı dini radikalizm, xurafat və cəhalətə dair yüzlərlə faktdan bir neçəsidir...


Həyəcan təbili...

Ekspertlər də deyirlər ki, bu gün hər sahədə olduğu kimi, dini müstəvidə də savadın, intellektin artırılması ən başlıca amil sayılmalıdır. Həqiqətlərin olduğu kimi insanlara çatdırılmasında isə medianın gücünün gərəkliliyi vurğulanır. Ağıllı-savadlı ictimaiyyət nümayəndələri bildirirlər ki, media vasitəsilə əhaliyə yönəlik dini maaifləndirmə işinin genişləndirilməsi, bu konteksdə mətbuatda dini məlumatlandırma yazılarının dərc edilməsi, TV-lərdə dini mövzuda verilişlərin yayımlanmasına ciddi ehtiyac var.
Dini Qurumlarla İş üzrə Dövlət Kiçitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, jurnalistlər dini mövzuda yazılar yazarkən, verilişlər hazırlayarkən bəzi məqamları nəzərə almalıdırlar:
“Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün çox Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir”.

M.Qurbanlı deyir ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək - burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

“Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB-nin sədri Niyaz Niftiyevin sözlərinə görə, din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalı.

O etiraf edir ki, yaşadığımız dönəmdə dini radikallıq və xurafat meyilləri güclənib, dinin siyasiləşdirilməsi cəhdləri təzahür edir. N.Niftiyev xurafatın qüsurlu dini təbliğatın nəticəsi olduğunu düşünür:
“Xurafat dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İnkişaf təhsilin, xurafat cəhalətin meyvəsidir. Elm-təhsil olmayanda din xurafata çevrilir”.
Eksperin sözlərinə görə, xurafatın və radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır.


Maarifləndirmə və... yenə də maarifləndirmə...

Media eksperti Yadigar Məmmədli də vurğulayıb ki, maariflənmə işində seyrçi mövqe tutmaq nə mediaya, nə də ki, bu sahə ilə məşğul olan teoloqlara başucalığı gətirər:

“Deməli hərəkətə keçmək lazımdır. Bunun üçün isə media ilə İlahiyyat İnstitutu arasındakı münasibəti yavaş-yavaş daha da inkişaf etdirmək lazımdır. Eyni zamanda, İlahiyyat İnstitutu da sanballı KİV-lərlə əməkdaşlıq etməlidir. Yəni biz gündəmi xurafatın əlinə verməli deyilik, gündəmi özümüz yaratmalıyıq ki, onlar kölgədə qalsın.

Media cəmiyyəti əhəmiyyətli informasiya ilə təmin etməlidir ki, o çaşqınlıq içində qalmasın. Xurafatın, mövhumatın qarşısını almaq üçün isə din alimləri və ruhanilərimizlə yanaşı, bu sahəni bilən media ekspertləri də faəl olmalıdır.
Məsələn, bir müddət əvvəl cəmiyyətdə olay yaradan “cin çıxarma” məsələsinə qarşı alternativ, adekvat hansı addım atıldı? Bəlkə də atıldı, amma cəmiyyətdə o əks reaksiya verdimi? Mən  media mənsubu olaraq burada şəxsən həm də özümüzü qınayıram ki, bu məsələlərdə söz sahibi ola bilmirik. Eyni zamanda, həm də ruhani alimlərimizi qınayıram, onlar da öz sözünü deməlidir. Deyilə bilər ki, bizə tribuna verilmədi. Mən inanmıram ki, hansısa bir ciddi xəbər portalı və ya kütləvi informasiya vasitəsi ilahiyyatçı alimlərimizin fikirlərinə yer ayırmasın. Ağıllı, təmkinli fikirlərlə cəmiyyəti inandırmağa hər zaman ehtiyac var”.

Bəli, din ideoloji sahədə ən həssas və incə mahiyyətə sahibdir. Biz bu həssas məsələdə Azərbaycan qanunvericiliyindən kənarda fəaliyyət göstərən dini sektalara, dağıdıcı qüvvələrə qarşı ehtiyatlı olmalıyıq...


Əfqan Qafarlı

Qeyd:
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı