Arxiv
15 mart 2012, 20:52 | AKTUAL
Zamanı geri qaytarmaq olmaz və ya axına qarşı üzmək ağıllı iş deyil

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru

Sabit siyasi sistem milli mənəviyyata söykənən əxlaqi keyfiyyətləri siyasi dəyər kimi formalaşdırır

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Respublikası bütün istiqamətlər üzrə ciddi irəliləyiş və inkişaf əldə etməyi bacarıb. Bu gün artıq Azərbaycanın iqtisadi yüksəlişi, regionların, qeyri-neft sektorunun inkişafı, intellektual potensialının artması, eləcə də, ölkəmizdə demokratiya və insan hüquqlarının bərqərar olunması istiqamətində əldə etdiyi tərəqqi ölkəmizi sevən və sevməyənlər tərəfindən qəbul edilməkdədir. Amma hesab edirik ki, hər bir ölkənin inkişafı hər nə qədər onun hərbi, iqtisadi, sənaye, intellektual qüdrəti ilə ölçülürsə, bir o qədər də həmin cəmiyyətin siyasi sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Ötən illər ərzində Azərbaycanda sabit siyasi sistem formalaşmışdır. Bu sistem milli mənəviyyata söykənən əxlaqi keyfiyyətlərin siyasi dəyər kimi formalaşmasını təmin etmiş beləliklə, siyasi sistemimizdə özünəməxsus siyasi mədəniyyət təşəkkül tapmışdır.

Azərbaycan dövləti fikir müxtəlifliyi və müxalifliyini demokratik norma kimi görür

Azərbaycanın siyasi palitrasına nəzər salsaq görərik ki, demokratik sistemin tələblərinə cavab verən bütün göstərici və əsasları Azərbaycanın siyasi sistemində tapmaq olar. Yəni, Azərbaycan Respublikasının Milli Məclisində bir neçə siyasi partiyanın nümayəndələri təmsil olunurlar, ölkəmizdə QHT-lər, insan hüquqları təşkilatları sərbəst şəkildə fəaliyyət göstərirlər, söz, fikir və mətbuat azadlığı bərqərar olunub. Bütün bu proseslərin içərisində dövlət ədalətli hakim kimi ən müxtəlif siyasi cərəyanların, fikir sahiblərinin nümayəndələrinə bərabər məsafə saxlamaqla onların hər birinə eyni doğmalığı göstərir. Heç şübhəsiz ki, Azərbaycanda fərqliliyin, fikir müxtəlifliyinin və müxalifliyinin inkişafında maraqlı olan elə ilk növbədə dövlətin özüdür. Çünki bu gün Azərbaycanı idarə edənlər bilirlər ki, düşüncə, fikir azadlığı, yeni ideya istehsalı, rəngarənglik olmasa ölkəmizin inkişafı birtərəfli olar. Ona görə də, bu gün dövlətin ali marağı ondan ibarətdir ki, Azərbaycanda siyasi, iqtisadi paralel olaraq sosial, mədəni, idman, aqrar və qeyri-neft sektorları və s. inkişaf etsin.

Rəqabət beynəlxalq münasibətlər sisteminin əzəli faktoru kimi

Məsələ burasındadır ki, ölkəmizin uzunmüddətli sabit inkişafı bir sıra xarici və daxili qüvvələrdə müəyyən qıcığa səbəb olur. Bu da təbiidir. Çünki yerləşdiyimiz mürəkkəb geosiyasi coğrafiyada və bütün dünyada dövlətlər və xalqlar bir-biri ilə rəqabət içərisindədirlər. Bu rəqabət, əslində, beynəlxalq münasibətlər sisteminin dinamikasını şərtləndirir, onu canlı olaraq ayaqda tutur. Heç şübhəsiz ki, istər beynəlxalq, istərsə də ölkədaxili münasibətlərdə siyasi proseslər müəyyən əxlaq və normalara söykənməlidir. Azərbaycanın son 20 illik tarixi onu göstərdi ki, kim siyasətdə dediyimiz normalara, yəni, xalqın mentalitetindən, mədəniyyətindən doğan dəyərlərə sadiq qalaraq siyasi fəaliyyət ilə məşğul olursa təbii ki, xalqın dəstəyini də almağa nail olur. Bu, bir növ Azərbaycan xalqının ictimai əxlaq, siyasi mədəniyyət dəyərləridir. İnkişaf edən Azərbaycan ictimaiyyəti heç şübhəsiz ki, cəmiyyətdə baş verən prosesləri dərindən izləməklə bərabər, eyni zamanda, onu obyektiv kriteriyalara dayanaraq qiymətləndirməyi də yaxşı bacarır.

Dövlət qurmaq və onu mühafizə etmək istedadı

Müstəqilliyimizin 20 illik tarixi bir daha isbat etdi ki, uzun əsrlər boyu müstəqil dövlət qurmağı bacaran Azərbaycan xalqı bu gün də, istər əxlaqi, istər mədəni, istərsə də siyasi dünyagörüşündə yaşatdığı dövlətqurma istedadını hələ də qoruyub saxlamaqdadır. Eyni zamanda, Azərbaycan xalqı qurduğu dövləti mühafizə etməyə, qoruyub saxlamağa da qadir bir xalqdır. Nadir hallarda bəzi siyasi manipulyatorlar Azərbaycan xalqının iradəsi adı altında antidövlətçilik hərəkətləri nümayiş etdirməyə nail olsalar da dərhal xalq bunu başa düşərək həmin şəxsləri cəzalandırır. Yaxın keçmişimizdə, 1993-cü il 4 iyul, 1994-cü il 3-4 oktyabr, 1995-ci ilin 16-17 mart hadisələrində də heç şübhəsiz ki, Azərbaycan xalqı bir daha tarixdən gələn bu milli keyfiyyətini büruzə verməklə öz dövlətçiliyini qorumuş oldu.

Siyasi-mədəni və siyasi-əxlaqi dəyərləri bilməyən siyasətbazlar

Təəssüf ki, bəzi özünə siyasətçi deyən şəxslər, vaxtı ilə bu və ya digər icra strukturlarında müəyyən məsul vəzifə tutmuş insanlar siyasətçi olmadıqlarına və Azərbaycan xalqının siyasi təfəkkürünü, siyasi-mədəni, siyasi-əxlaqi dəyərlərini bilmədiklərinə görə, kənardan bu proseslərə müdaxilə etməklə bir növ özlərini xalqın iradəsinə qarşı qoyurlar. Zaman göstərdi ki, bu insanlar əsla siyasətdə uğur qazana bilmirlər. Bunlar kimlərdi?! Yarımçıq elmi işçilər, yarımçıq hərbçilər, yarımçıq sahibkarlar, yarımçıq direktorlar və s. onlar dünyada baş verən siyasi prosesləri dərk edə bilmədikləri kimi ölkəmizdə baş verən siyasi proseslərin də dərin qatlarına enə bilmirlər. Çünki onlar xalqdan çox uzaqdırlar. Belə olanda isə dediyimiz kimi ən müxtəlif kataklizmlər və hadisələr yaranır. Məhz zaman-zaman Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində maraqlı olmayan xarici qüvvələrin istinad etdiyi subyektlər də həmin şəxslərdir. Xüsusən bu şəxslər o zaman fəallaşırlar ki, ölkədə güclü inkişaf gedir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı mövqelərimiz güclənir, Azərbaycan beynəlxalq arenada söz sahibi olur və s. Bu zaman məhz ölkə daxilindəki özünü siyasətçi adlandıran qaragüruhlar xaricdəki antiazərbaycançı mərkəzlərin təlimatları ilə hərəkətə keçirlər. Son dövrlərdə cəmiyyətimizdə müşahidə etdiyimiz hadisələr də məhz burdan qaynaqlanır.

1993-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin məqsədi və İsa Sadıqovun məntiqsizliyi

Ayrı-ayrı qəzetlərdə məhz təkrar-təkrar 1992-1993-cü illərdə olan hadisələri yenidən qeyri-obyektiv şəkildə şərh etməyə cəhdlər göstərilir. Onlar Azərbaycan xalqını bir növ bu hadisələrə qaytarmaqla o dövrdə baş verənlər üzərindən siyasi dividend əldə etməyə çalışırlar. Bunlardan biri də İsa Sadıqovdur. Bu adamın kim olduğu Azərbaycan xalqına yaxşı bəlli olmadığı üçün onun düşüncələri xalqımız üçün maraqlı deyil. Hərbçi olan və yol verdiyi səhvlərə görə, dövlət, məhz dövlət institutları tərəfindən cəzalandırılan bu şəxs bu gün cılız şəxsi ambisiyalar və şəxsi qisas zəminində çox sönük yazılar yazmağa başlayıb və “Azadlıq” qəzetini özü üçün tribuna seçib. Özünütəkziblə dolu olan bu yazılarda həmin şəxsin qisasçılıq hissləri və duyğuları dərhal özünü büruzə verir. Əlbəttə ki, o dövrdə baş verən hadisələr vaxtı ilə Azərbaycan mətbuatında geniş şəkildə işıqlandırılıb və xalq bu barədə ətraflı məlumatlıdır. Mən əminəm ki, heç həmin şəxsin özü də öz yazdıqlarının obyektiv olduğuna inanmır və yazdıqlarının şəxsi təxəyyülünün məhsulu olduğunu bilir. Buna baxmayaraq, yazının zərərli cəhəti ondan ibarətdir ki, o dövrün hadisələrini bilməyən bəzi gənclərdə və ya az məlumatlı olan vətəndaşlarda həmin dövr barədə yalnış təsəvvürlər yarada bilər. Məhz başqa bir səbəbdən deyil, yalnız bu səbəbdən yazıdakı müəyyən məsələlərə toxunmağı vacib hesab edirik.
1993-1995-ci illərdə Azərbaycanda dövlət çevrilişinə cəhdlərin başlıca mahiyyəti ondan ibarət idi ki, ölkə güclənməsin, daxildə daim xaos yaşansın, qarşıdurma olsun və Azərbaycan öz ərazilərinin işğalına ciddi müqavimət göstərə bilməsin. Bunun üçün ayrı-ayrı xarici güc mərkəzləri tərəfindən Azərbaycanda müxtəlif qruplaşmalar yaradılmışdı. Həmin xarici qüvvələr kimin arxasında olduğunu və ya ölkə daxilində fəaliyyət göstərən qüvvələr kim tərəfindən müdafiə olunduğunu gizlətmirdirlər. Hətta o dövrdə “filankəsin vəzifəsi 7 dövlətlə, filankəsin vəzifəyə gəlməsi 3 dövlətlə razılaşdırılıb” kimi məşhur tezislər var idi. Yəni, bu, bir siyasi əxlaq, mədəniyyət və siyasi iradə deyildi. Çox təəssüf ki, o dövrdə Azərbaycan cəmiyyətini idarə edən və yaxud hakimiyyətə iddialı olan qrupların siyasi iradəsi yalnız bundan ibarət idi və heç bir halda xalqın iradəsinə söykənmirdi. Ona görə də, hadisələrin inkişafı məhz 1994-cü ilin 3-4 iyul hadisələrinə gətirib çıxardı. O dövrdə rəsmən qiyam baş verdi. Ayrı-ayrı ölkələrdən idarə olunan qruplaşmalar ölkəni döyüş poliqonuna çevirdilər. Ölkədə vətəndaş müharibəsi başladı. Burada da məqsəd Azərbaycanı müxtəlif əlamətlərə görə federasiyalara parçalamaqdan ibarət idi. Bu qüvvələrin bir qismi - şimal tərəfdən idarə olunan qüvvələr məhz Azərbaycanın zəif düşməsi nəticəsində ermənilərin qalibiyyətinə əmin idilər. Digər qismi isə bəzi Qərb dairələrindən, qonşu dövlətlər tərəfindən idarə olunurdular. Onların da məqsədi ondan ibarət idi ki, Azərbaycan nə qədər zəif düşərsə dost və qardaş adı altında ölkənin iqtisadi və karbohidrogen resurslarından bir o qədər maneəsiz istifadə edə bilərlər. Başqa güc mərkəzləri isə Azərbaycanda müəyyən dini təmayülləri himayə etməklə etnik separatçılıq cəhdlərini alovlandırmaqla hesab edirdilər ki, həm ermənilərə kömək etmiş olacaqlar, həm də tarixən Azərbaycanın müstəqilliyini həzm etməyən həmin qüvvələr yenidən ölkənin müxtəlif əyalətlərində nəzarəti bərpa etməklə ölkəmizə vassalları kimi baxacaqlar. Baş verən hadisələrin mahiyyəti bundan ibarət idi! Məhz Azərbaycan xalqı bu həqiqəti dərk etdikdən sonra Ulu öndər Heydər Əliyevi Azərbaycana təkidlə dəvət etdi. Təkidli dəvət terminində və ya bu söz birləşməsində əsla şişirtmə yoxdur. Çünki xalq bunu intiutiv olaraq dərk edirdi ki, belə getsə, qısa müddətdən sonra Azərbaycan müstəqil dövlət kimi mövcud olmayacaq.

Ləğv olunmuş batalyonlar siyasiləşmiş silahlı qruplar idi. Bu silah isə dövlətə tuşlanmışdı

Məlumdur ki, 1993-cü ildən sonra Heydər Əliyev hadisələrin inkişafını yavaş-yavaş nəzarət altına almağa başladı. Bəlli oldu ki, əslində, güya ermənilərə qarşı vuruşmaq üçün yaradılmış ayrı-ayrı şəxslərə aid olan batalyonlar Vətəni qorumaq üçün deyil, bir-birinə qarşı durmaqla məhz həmin qruplaşmaların rəhbərlərini hakimiyyətə gətirilməsi üçün yaradılıb. Bu mənzərə o qədər qorxunc idi ki, artıq qarşıdurmalar real hərbi müstəviyə transfer olunmuşdu. O dövrdə biz çox tez-tez eşidirdik ki, filankəsin batalyonu acıq edərək cəbhədən çəkildi. Filankəsin batalyonu hücuma keçdi. Filankəsin batalyonu ilə filankəsin batalyonu arasında ciddi toqquşma oldu və s. (İ.Sadıqov həmin prosesdə iştirak etdiyi üçün bu məsələləri yaxşı bilir) Məhz buna görə də, Azərbaycanda vahid ordu yaratmaq üçün həmin qeyri-qanuni birləşmələr ləğv edildi. Çox təəssüf ki, İsa Sadıqov indi həmin qeyri-qanuni hərbi birləşmələrin ləğvini milli ordunun ləğv edilməsi kimi qələmə verməyə çalışır. Əslində, o özünü aldadır. O, Azərbaycan xalqını aldada bilməyəcək. Çünki bu informasiyalar xalqın yaddaşında hələ canlıdır.

İ.Sadıqovun çarəsiz etirafları

O dövrün mürəkkəb hərbi siyasi və iqtisadi vəziyyətini təhlil edən Ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanın vəziyyətini belə səciyyələndirmişdi: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”.
Hesab edirik ki, bu müdrik sözlər o dövrdə Azərbaycanını ən bariz və xarakterik təsviri idi. İ.Sadıqov da yazılarında bunu etiraf edir. Qeyd edir ki, bir sıra digər hərbi-siyasi qüvvələrlə yanaşı, “OMON”çular da hakimiyyətə iddialı idi və s. Dolayısı ilə ölkədə mərkəzləşmiş hakimiyyət yox idi. Bu isə müstəqilliyimizin itirilməsi təhlükəsini yaradırdı.

Dövlət Şurası ideyası əslində Azərbaycanın parçalanmasına hesablanmışdı

Həmin dövrdə irəli sürülən tələblərdən biri də Azərbaycanda Dövlət Şurasının yaradılması idi. İsa Sadıqov da yazılarında bu məsələyə toxunub. Əslində, sözügedən dövlət şurasının yaradılması ölkəmizin federativ əsaslarda parçalanması idi. Ölkəmizin Cənub, Qərb, Şimal, Bakı və s. şəklində parçalanması təhlükəsi mövcud idi. Heydər Əliyev bunun da qarşısını aldı. Belə olduğu halda əgər İsa Sadıqov doğrudan da demokratik, güclü dövlət istəyirsə nəyə görə narazıdır?! Açıq şəkildə deyirsə ki, hakimiyyət koalisiyası, Dövlət Şurası qurulmalı idi, bunu da qeyd etsin ki, söylədiyi qüvvələrin “liderləri” bir-biri ilə görüşərək belə bir koalisiyanı, dövlət şurasını yaratmağa çalışırdılar. Hətta, A.Mütəllibovu, Ə.Vəzirovu da Dövlət Şurasına üzv olmağa dəvət edirdilər. Belə olan halda Azərbaycanda vahid mərkəzi və unitar dövlətdən danışmaq mümkün deyildi. Parçalanmış Azərbaycanın xəritəsi də bəlli idi. Ona görə də, bu gün biz o dövrdə hadisələrə müdaxilə edən və xalqın iradəsini təmsil edən istedadlı dövlət xadimi Heydər Əliyevə bütün bu birləşmələri ləğv etdiyinə görə minnətdar olmalıyıq. Bir şeyi də qeyd etmək vacibdir ki, məhz, həmin siyasiləşmiş qruplaşmalar, yaxud, “batalyonlar” ləğv edildikdən sonra 1994-cü ilin qış hücumu zamanı vahid komandanlığa tabe olan ordu xeyli sayda kənd və qəsəbəmizi işğaldan azad etdi. Bununla da, Azərbaycanın torpaqlarının işğal edilmə tendensiyasına son qoyuldu. Bundan sonra, ermənilər dərk etdilər ki, artıq Azərbaycan torpaqlarını işğal etmək heç də asan olmayacaq. Yalnız bundan sonra məcbur olub 1994-cü ilin may ayında atəşkəsə imza atdılar.

Atəşkəsin imzalanması hərbi-siyasi nailiyyət idi

Həmin dövrdə atəşkəsin imzalanması Azərbaycanın hərbi və siyasi qələbəsi idi. Əgər müharibə uzun müddət davam etsə idi, ermənilərin məqsədi Kür çayına qədər gəlib çatmaq və Gürcüstandan Türkiyəyə gedəcək Bakıdan ixrac olunacaq neft kəmərlərini nəzarətə götürməkdən ibarət idi. Torpaqlarımız işğal altındaykən, ermənilər həm də milli sərvətimizə şərik olmaq istəyirdilər. Koalisiyon hökumət qurmaq cəhdi də əslində, buna xidmət edirdi. Bilirsiniz ki, o dövrdə Azərbaycanın milli sərvətləri müxtəlif qruplaşmaların liderlərinin nəzarəti altında idi. “OMON” mis, metal və s. biznesi ilə məşğul olurdu, müxtəlif malların ölkəyə gətiriliməsinə nəzarət edirdi və heç bir dövlət qurumu onun qarşısını ala bilmirdi. Başqa qruplaşmalar isə digər sahələrə nəzarət edirdi. Faktiki olaraq, ölkənin sərvətləri, hərbi-siyasi qruplaşmalar arasında bölünmüşdü, hər kəs istədiyi kimi hərəkət edirdi. Məhz belə olmasaydı, Sürət Hüseynov baş nazir olarkən 1994-cü il hadisələrində cənub bölgəsinə göndərilən zaman Əlikram Hümbətova deməzdi ki, sən bu işi gərək mənim vaxtımda etməzdin. Bu qədər ifşaedici fikirdən sonra, biz o dövrdə hansı sabitlikdən və yaxud hansı birlikdən danışa bilərik. Azərbaycan xalqı bu fikri söyləyən insanı necə müdafiə edə bilər.

1995-ci ilin 16-17 mart hadisələri zamanı xalq-hakimiyyət birliyi dövləti xilas etdi

Hesab edirik ki, həmin dövrdə milli iradənin bir siyasi liderdə təcəssüm (təcəlli) etməsi məhz Azərbaycan xalqının tarixi nailiyyəti idi. Xalq özü də bu prosesləri dərindən dərk etdiyini və Heydər Əliyevin tərəfində olduğunu istər siyasi, hüquqi müstəvidə, yəni seçki prosesində, istərsə də digər sahələrdə göstərirdi. 1995-ci ilin 16-17 mart hadisələri dövründə biz bir daha bunun şahidi olduq. Xalq meydana çıxaraq, Prezident Aparatının qarşısına gələrək öz liderini müdafiə etdi. Əslində, xalq Heydər Əliyevin timsalında öz iradəsini müdafiə edirdi. Və yaxud o dövrdə Heydər Əliyev dövlət, dövlət isə Heydər Əliyev hesab edilirdi. Tarix göstərdi ki, keçid dövrü üçün yalnız belə bir siyasi model bizi xilas edə bilərdi, etdi də! Çünki xalqın Heydər Əliyevə inamı və etimadı sonsuz idi. Məhz bu inam və birlik Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi. Hadisələrin əsl mahiyyəti ondan ibarət idi ki, o dövrdə federasiya tərəfdarları, etnik separatçılıqla məşğul olanlar dövlət koalisiyası və şurası yaradılması tərəfdarları bu və ya digər şəkildə siyasi meydandan uzaqlaşdırıldı və Azərbaycanda vahid mərkəzi dövlət yaradıldı. Bunu Heydər Əliyev etdi. Belə olan halda bu gün o dövrdən nə yazırsansa yazın, nə demək istəyirsənsə deyin, bunun heç birini nə xalq, nə gənclik, nə də heç bir siyasi auditoriya qəbul etməyəcək. Məhz o dövrdə 1995-ci ilin mart hadisələrindən sonra aprel ayının 5-6-da iki gün respublika sarayında ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin təhlilinə həsr olunmuş sayca 3-cü ümumxalq nümayəndələrinin toplantısı keçirildi. Böyük dövlət xadimi Heydər Əliyev qədim dövlətçilik ənənəmizdən gələn bu xalq qurultayı ənənəsini canlı olaraq yaşatdı. Ulu öndər bu qədim Azərbaycan dövlətçilik ənənəsinə sadiq qalaraq 5-6 aprel tarixində qeyd etdiyimiz məkanda ümumxalq toplantısı keçirdi. Həmin toplantını Heydər Əliyev müdrik kəlamla açdı: “Hər bir ölkə, xalq XX əsrdə öz ölkəsi üçün nələr əldə etiyini, nələr itirdiyini əsrin sonuna qədər yekunlaşdırmalıdır. Biz Azərbaycanı XXI əsrdə tarixini yazmalıyıq. XX əsrdə keçdiyimiz yolu araşdırmalıyıq, tədqiq etməliyik, nələr əldə etdiyimizi, nələr itirdiyimizi müəyyən etməliyik”.

Artıq heç kəs heç bir zaman xalqın iradəsindən kənar hakimiyyətə gələ bilməyəcək

1995-ci il hadisələrindən sonra Azərbaycanda artıq silahlı qarşıdurmaya, etnik separatçılığa son qoyuldu və mərkəzi dövlət yaradıldı. 1996-cı ildə Heydər Əliyev ümumxalq toplantısında yekun nitqində ötən dövrü belə ümumiləşdirirdi: “Azərbaycanda zorla güc işlətmək silah gücünə hakimiyyətə gəlmək mümkün deyil. Bunu hamı bilməli, dərk etməlidir və belə cinayət əməllərindən çəkinməlidir”.

Həqiqətən də, dövlətçilik tariximizin sonrakı inkişafı sübut etdi ki silah gücü ilə xarici antiazərbaycançı mərkəzlərin iradəsi ilə hakimiyyətə gəlmək erası başa çatdı. Əminik ki, artıq heç vaxt, heç kəs xalqın iradəsindən kənar hakimiyyətə gələ bilməyəcək. Çünki yenidən silahlı qruplaşmalar yaratmaq, xarici qüvvələrdən maliyyə yardımı əldə etməklə, Azərbaycanda çevriliş etmək hakimiyyəti ələ keçirmək cəhdlərini reallaşdırmaq mümkün olmayacaq. Azərbaycanda real hüquqi siyasi sistem var və ölkədə hakimiyyətə gəlməyin yolu məhz bu siyasi sistemin vətəndaşlar və siyasətçilərə verdiyi mexanizmlər vasitəsilə həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi” - VİDEO 17 Sentyabr 2019, 11:13 Hikmət Hacıyev: “Azərbaycan etibarlı tərəfdaş kimi tanınır” 17 Sentyabr 2019, 11:04 Cəbhə xəttində monitorinq keçiriləcək 17 Sentyabr 2019, 10:56 Əli Məsimli: “Gələn ilin büdcəsində sosial xərclərə daha çox vəsait ayrılacaq” 17 Sentyabr 2019, 10:51 Putinin “Quran”dan sitat gətirməsi nəyə işarədir? - Liderlərin görüşünün PƏRDƏARXASI 17 Sentyabr 2019, 10:50 Bakıda keçmiş arvadını və polisləri yandırmaq istəyən şəxs tutuldu 17 Sentyabr 2019, 10:39 Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42