Modern.az

Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər

Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər

Reportaj

13 Dekabr 2019, 10:33

Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”.
Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800-1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı Lənkəran şəhər İcra Hakimiyyətinin icra başçısı Taleh Qaraşova həsr olunur.


Taleh Qaraşov ölkə başçısının 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

 

V çağırış Milli Məclisin üzvü Rüfət Quliyev:



“Mən Taleh Qaraşovun fəaliyyətini olduqca yüksək qiymətləndirirəm. Taleh Qaraşov cənabları artıq altıncı rayondur ki, orda İcra Hakimiyyətinə rəhbərlik edir. Təbiidir ki, bu qədər vəzifədə çalışan adamın kifayət qədər təcrübəsi olur, idarəetmə sistemində mexanizm qurur və uğurlar qazanır. Taleh müəllimin ən böyük uğuru kənd təsərrüfatı ilə bağlıdır. Abadlıq işləri bütün Azərbaycan şəhər və rayonlarında olduğu kimi Lənkəranda da gedib. Prezidentin tapşırıqlarına uyğun olaraq Taleh müəllimin səyləri nəticəsində sitrus meyvələri, çəltik, çay, meyvə-tərəvəz əkini sahəsində xeyli işlər görülüb. Lənkəranda hər il çay, çəltik, sitrus bayramı keçirilir. Mən bütün bunları yaxşı qiymətləndirirəm”.

 

Rüfət Quliyev qeyd edib ki, Lənkəran Sovet hakimiyyəti dönəmindən meyvə-tərəvəz şəhəri olub və indi də buna önəm verilir:

 

“İstənilən ölkədə və regionda hər şey bir dəfəyə həll olunmur. Amma infrasrtuktur baxmından demək istəyirəm ki, Lənkəranda problemlər 90-95 faiz həll olunub. Lənkəran aqrar rayondur, şəhərin özündə bütün problemlər demək olar ki, həllini tapıb. Dağətəyi kəndlərdə az sayda problemlər qalıb ki, onlar da yaxın zamanda öz həllini tapacaq. İnkişaf edən ölkədə təbiidir ki, müəyyən nöqsanlar da olur, bu həyat fəlsəfəsinin qanunudur. Bütün problemlər həll oluna bilməz. Təbii ki, görülməli işlər var, onlar da 3-5 ilə tamamlanacaq, amma əsas işlər görülüb”.

 

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı:

 


“Mənim Taleh Qaraşov haqqında fikirlərim heç də ürəkaçıcı deyil. Lənkəranın iqtisadi göstəricilərinə baxdıqda - istər kənd təssərrüfatı, istər sənaye sahəsində görünür ki, heç bir irəliləyiş yoxdur. İş yerləri olduqca azdır, gözdən pərdə asmaq üçün açılan bir-iki obyektlər də sonradan bağlanır. Onlar da yeni açılan iş yerləri kimi qeydiyyata düşür, lakin sonradan bağlanır. Həmçinin, bu böyük uğur kimi qələmə verilir ki, filan qədər iş yeləri fəaliyyət göstərir. Lənkəran bolsulu yer olduğundan orada su problemi yoxdur”.

 

Yadigar Sadıqlı qeyd edib ki, elektrik enerjisi ilə təminat sahəsində son zamanlar pisləşmə müşahidə olunur:

 

“Lənkəranda tez-tez işıqların sönməsi halları baş verir. Mənim müşahidə etdiyimə görə, rayonda qaz məsələsi yaxşı vəziyyətdədir. Rayonun yolları o qədər də normal vəziyyətdə deyil. Lənkəranın ən böyük problemlərindən biri kanalzasiya sistemi ilə bağlıdır, hətta demək olar ki, insan rayonun bir çox yerlərindən keçəndə əlini burnuna tutub keçir.
Siyasi məsələlərə gəldikdə isə qeyd etmək istəyirəm ki, rayonda müxalifətçilərə qarşı güclü təzyiq var. Bir dəfə mənim öz evimdə Müsavat Partiyasının Lənkəran təşkilatının yığıncağını keçirmək istəyirdik, polis qanunsuz şəkildə icazə vermədi. Evimdə keçirdiyim toplantıya qarışdılar, bəhanə gətirdilər ki, qonşular narahat olur. Lakin qonşular polisə etirazını bildirirdilər ki, biz belə şikayət etməmişik. Bundan əlavə, 2015-ci ildə parlament seçkiləri zamanı bir nəfər belə müxalif partiya üzvlərinə seçkilərdə iştirak hüququ verilməyib”.

 


“Azpost.info” saytının təsisçisi və baş redaktoru Xaqani Səfəroğlu:

 


“Lənkəran bölgənin mərkəzi rayonudur. Hələ sovet dövründən burada sənaye və aqrar sahə bir yerdə fəaliyyət göstərib. Lənkəranda müxtəlif emal zavodları, fabriklər, texnoloji məhsullar hazırlayan müəssislər işləyib. 90-cı illərdə Lənkəran bütün ölkədə olduğu kimi, sosial-iqtisadi problemlər girdabında idi. Lakin 2000-ci illərdən etibarən Lənkəranın problemlərinin müəyyən hissəsi həll olunmağa başladı. Prezident İlham Əliyevin regionların inkişafı üçün imzaladığı dövlət proqramları Lənkəranda da həyata keçirilib. Məktəblər, xəstəxanalar tikilib, yollar çəkilib. İnfrastrukurun qurulması üçün addımlar atılıb. Bu işlərin aparılmasında şəhər rəhbərliyinin fəaliyyəti əsas vektor olmalıdır.
İcra başçısı Taleh Qaraşov artıq 10 ilə yaxındır rayona rəhbərlik edir. Lənkəran kimi ictmai-siyasi çəkisi olan rayonun idarəçiliyi bir çox hallarda novatorluq tələb edir. Xüsusən dövlət başçısının elan etdiyi islahatlar siyasəti idarəçi məmurların öz iş prinsiplərinə yenidən baxmasını zərurətə çevirib.
Lənkəranda əsas problem işsizlik sayılır. Fəaliyyət göstərən müəsissələr tələbatı ödəmir. Lənkəranda əhali artır, amma torpaq çatışmazlığı mövcuddur. Lənkəran rayonunun əhalisinin sayı 225 min nəfərdən çoxdur. Əhalinin 40 faizi şəhər yerində, 60 faizi isə kənd yerində yaşayır. Uşaqları və pensiyaçıları çıxsaq, əhalinin 69 faizi əmək qabiliyyətli yaşdadır”.

 

Xaqani Səfəroğlu qeyd edib ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslansaq, Lənkəranda 126 min əmək qabiliyyətli insan var:

 

“Rəsmi rəqəmlərə görə, Lənkəranda məşğulluq o qədər də ürəkaçan deyil: dövlət işində çalışanların sayı 12 min nəfər civarındadır. Bunun üzərinə sənaye və tikintidə işləyən 2224 nəfəri əlavə etsək, bu 14224 nəfər deməkdir. Qalan 100 min əməkqabiliyyətli insanın müəyyən bir hissəsi kənd təsərrüfatında çalışır, digər hissəsi də Rusiyadadır. Yeni iş yerlərinin açılması əsas prioritetlərdən olmalıdır. Lənkəranın Yaxın Şərqə mal ixracı üçün əlverişli beynəlxalq bağa çevrilmə şansı böyükdür. Turizm sahəsi də hələ ki lazımi nəticələri verimir. İnfrastrukturun qurulması üçün xeyli işlər görülməlidir. Mənim fikrimcə, şəhər rəhbərliyi Lənkəranın baş planının qurulmasına start verməlidir. Sovet vaxtının memarlıq tələbələri ilə dizayn olunmuş mərkəzi hissə yenidən qurulmalıdır. Mərkəzi bazar, kənd avtobuslarının dayanacaqları oradan köçürülməlidir. Bundan əlavə, Lənkəranın kanalızasiya sisteminin qurulması ilə bağlı ciddi iş aparılmalıdır. Rayonda sovet dövründən qalma kanalizasiya xətləri var ki, bu da ildən-ilə artan şəhər əhalisini təmin etmir. Prezident 2013-cü ildə Lənkəran rayonun kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı sərəncam verib. Amma bu iş yarıda qalıb. O sərəncam həyata keçirilməlidir. Bu günlərdə Lənkəranın ölkədə ən zəif inkişaf etmiş rayon olması barədə Statistika Komitəsinin açıqlaması da kədərlidir. Bu baxımdan rayon rəhbərliyi üzərinə böyük məsuliyyət düşür. Taleh Qaraşov dövlət başçısının tələbləri əsasında icra strukturunun işini dövrə uyğun qurmalıdır”.

 


İqtisadçı Qadir İbrahimli mövzu ilə bağlı danışmaq istəməyib:

“Mən Lənkəranın icra başçısının fəaliyyətini izləmirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir