Modern.az

Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur

Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur

15 Dekabr 2019, 15:36

Elçin Alıoğlu

"Politoloq X", "Politoloq Y", "Politoloq Z"... Hərdən məni də kütləvi informasiya vasitələrində politoloq kimi təqdim edirlər.

Etsinlər, sadəcə, gülümsəyirəm.

Çünki hər zaman və hər yerdə xahiş edirəm ki, təqdimatda sadəcə, "jurnalist" yazsınlar, desinlər.

Bu ad ən üstün görəvdi mənimçün.

Keçək mətləbə.

Əzizlər, bəylər və xanımlar, yoldaşlar. Sizə bir sirr açım -"politologiya" adlı elm yoxdur Qərbdə. Şərqdə də yoxdur.

Sadəcə, postsovet məkanında belə əcaib, süni, uydurma saxta "elm" var.

Qərbdə olan "political science"dir, yəni siyasi elmlər.

"Politologiya" kəlməsi isə Sovetlər Birliyinin qürub zamanında gündəmə gətirilən, can verən marksizm-leninizmin ölü doğduğu "elm"dir.

1980-ci illərin sonlarında mən də oxumuşdum "siyasət fəlsəfəsi" kimi təqdim edilən, qarmaqarışıq iqtibaslarla dolu, ofisioz makulaturanı.

"Politologiya"nın beşiyi Rusiyadır. Daha doğrusu, 1991-ci il.

Məhz həmin vaxtda Moskvadakı Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun "Fəhlə sinfi və müasir dünya" jurnalının sonradan bu struktura başçılıq edəcək Mixail İlyinin təşəbbüsü ilə ad dəyişdi, oldu "Polis".

Yəni sən demə, "Siyasi tədqiqatlar".

Normal siyasi elmlərin Rusiyada "politologiya" adlanmasının səbəbi çox sadədir: qeyri-müəyyən, "politoloq"u heç nəyə vadar etməyən "politoloq" kəlməsi siyasi tədqiqatçı və siyasi şərhçi təki fərqli fiqurlar arasındakı aşkar fərqləri pərdələməyə imkan verirdi.

Daha sonra isə siyasi texnoloq işini də pərdələməyə xidmət etdi.
1990-cı illərinə əvvəllərində elm aləmində tanınmayan, heç bir elmi uğuru olmayan, amma "dünyadakı siyasi prosesləri şərh edən" çoxlu insanlar peyda oldular. Məhv olan elmdən bu "peşə"yə axın başlanmışdı.

Kimlər yoxdu o adamların arasında: tarixçilər, filoloqlar, pedaqoqlar, jurnalistlər.

Daha sonra "politoloq"lar iki düşərgəyə parçalandılar: "mediativlər" və "elm aşiqləri". Mediativlər sürəkli olaraq qəzetlərə, TV-lərə, saytlara, radiostansiyalara müsahibələr, açıqlamalar verirdilər. "Elm aşiqləri" isə akademik kafedralara, oradan da xaricdəki fondlara yönəldilər.

O illərdə Qərb postsovet məkanındakı ölkələrdə sosial elmlər sahəsindəki müxtəlif araşdırmalara və əcaib "sorğular"a çox pul ayırırdı.

"Mediativ"lərlə "elm aşiqləri" arasında sürəkli mübarizə gedirdi: "aşiqlər" qarşı tərəfi mənbələri pis bilməkdə, qarşı tərəf də "aşiq"ləri real şəyatdan və proseslərdən kənar qalan "kitab qurdları" sayırdılar.

Mübarizə 2002-ci ildə, "elm aşiq"lərinin daha praqmat "mediativ"lərə məğlubiyyəti ilə başa çatdı.

"Elmi kommunizm" kimi demaqoji, primitiv və uydurma "elm"in törəməsi olan "politologiya" ən unikal, təkrarsız saxtakarlıqlar arasındadır.

Çünki "politologiya dərslikləri" adlı kitablar əslində mümkün olan hər yerdən yığılmış və kompilyasiya olunmuş məlumatlar, siyasətlə əlaqəsi olmayan predmet sahəsindən toplanmış informasiyalar, iqtibaslardır.

İfrat dərəcədə çox təsnifat, müəyyənləşdirmə, tipologiya, məhdudlaşdırma və s. olmaq şərtilə psevdoelmi tərzdə yazılmış belə sovetizm qalıqları olan kitabları oxumaq əzabdır.

"Politologiya elmi" faktiki yox, "məna yüklü" predmet sayılır.

Nə məktəbləri var, nə təsdiqləmə strategiyası, nə də baza metodologiyası.

Bundan başqa, siyasi nəzəriyyə, siyasət fəlsəfəsi, siyasi sistemlərin müqayisəli təhlili və beynəlxalq münasibətlərin tədqiqatı da tərkib hissələr sayılır, amma belə deyil.

Məsələn, "qonşu" sosiologiyada hər şey dəqiq, faktikidir.

Qayıdaq Qərbə. Qərbdə sadəcə, bir sayt var ki, adında "politologiya" kəlməsi keçir. Politology us adlı bu saytı bir amerikalı yaradıb.

"Politologiya" adlı neologizm isə postsovet məkanından savayı bütün dünyada siyasət və texnologiyanın üzvi birləşməsi sayılır.

Postsovet məkanında "politologiya" əslində TV-lərdən və saytlardan siyasətlə bağlı həvəskar açıqlamalar verib debatlar aparmaqdan ibarətdir, heyhat...

Halbuki Qərbdəki siyasət elmlərindən elmi intizamı, nəticələrin metodoloji əsaslandırılmasını və s.-ni əxz etməliydik.

Uzun sözün qısası, aerodinamika elminə "uçuşologiya"nın nə aidiyyatı varsa, siyasi elmlərə də politologiyanın bir elə dəxli var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...