Modern.az

Mətbuat Şurası 3 qəzetin adını «qara siyahı»dan çıxarır

Mətbuat Şurası 3 qəzetin adını «qara siyahı»dan çıxarır

16 Mart 2012, 16:16

Bu gün Mətbuat Şurasının «apellyasiya qrupu»nun növbəti iclası keçirilib. Toplantını açan qrupun sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, ötən iclasdan keçən müddətdə «apellyasiya qrupu»na ümumilikdə 30-dan artıq təqdimat olub. Onların 20-i hazırda müzakirəyə çıxarılır.

Qeyd edək ki, MŞ-nin «apellyasiya qrupu» «qara siyahı»da yer alan KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərin araşdırılması məqsədilə yaradılıb. V.Rəhimzadə ötən müddətdə bununla bağlı faktların eyni zamanda Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında da müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Komissiya üzvü, MŞ sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, müraciətlərin araşdırılması prosesində «Reket jurnalistika» ilə mübarizə Komissiyanın rəyinin nəzərə alınması müraciət müəllifləri olan qəzetlərin konkret hansı səbəbdən siyahıya düşmələrinin motivlərinə geniş aydınlıq gətirmək nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Komissiyanın digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas isə bildirib ki, «qara siyahı»dan çıxmaq üçün müraciət edənlərin bəzilərinin vaxtilə siyahıya düşmələrinə əsas verən hərəkətlərin motivləri məsələlərə daha ehtiyatla yanaşmağı zəruriləşdirir. «Reket nəşr»lərin müəyyənləşdiriliməsinə dair Təlimatın şərtləri ciddi şəkildə gözlənilməlidir.

Komissiya üzvləri müzakirələrdən sonra 3 nəşrin adının «qara siyahı»dan çıxarılması barədə MŞ İdarə Heyətinə müvafiq təqdimatın göndərilməsi rəyinə gəliblər. İclasda həmçinin rəyə gəlinib ki, digər nəşrlərlə bağlı monitorinqlər davam etdirilsin. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi