Modern.az

“Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil” - MÜSAHİBƏ  

“Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil” - MÜSAHİBƏ  

16 Dekabr 2019, 15:08

Düz on il əvvəl, 2009-cu ilin 16 dekabrında  AMEA-da Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirilib. Üç gün davam edən beynəlxalq elmi konfransda Suriya və Azərbaycanın nəsimişünas alimlərinin elmi məruzələri dinlənilib. Konfransın işini bütövlükdə nəsimişünaslıq üçün töhfə adlandırmaq olar. Belə ki, elmi konfransda Nəsiminin həyat və yaradıcılığı ilə bağlı bu günə qədər nəsimişünaslığa məlum olmayan yeniliklər səsləndirilmişdi. Beynəlxalq elmi konfransın gedişində  görkəmli nəsimişünas alim,  AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərlinin fikirlərini qələmə almışdıq.

Modern.az saytı mərhum Ə.Səfərlinin 2009-cu ilin 18 dekabrında "Mədəniyyət” qəzetində dərc olunmuş müsahibənin aktuallığını nəzərə alıb başa çatmaqda olan “Nəsimi ili” çərçivəsində oxucuların diqqətinə çatdırıb.

   
 - Əliyar müəllim, XIV əsrdə yaşayıb-yaratmış Nəsiminin dünyaya göz açdığı məkan haqqında hələ də mübahisələrə son qoyulmayıb. Bu barədə yekdil fikrə gəlmək nədən mümkün deyil?


- Çox təəssüflər olsun ki, bu günə qədər Nəsiminin elmi tərcümeyi-halı yaradılmayıb. Bu barədə monoqrafiya və məqalələr yazılıb. Ancaq bunlar qənaətbəxş deyil. Birincisi onu deyim ki, Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil. Şairin türk və fars divanlarında anadan olduğu məkan haqqında heç bir işarəyə rast gəlinmir. Həmçinin Nəsimi ilə bağlı orta əsr mənbələrində - təzkirələrdə, xronikalarda, cünglərdə, tarixi əsərlərdə anadan olduğu yer barədə heç bir məlumata rast gəlinmir. Bütün bunlarla yanaşı, bəzi qaynaqlarda bir neçə fərziyyə irəli sürülür. Ərəb tarixçiləri yazırlar ki, Nəsimi Təbriz şəhərində anadan olub. Türk mənbələrində Nəsiminin Diyarbəkirdə, Nisibində və b. yerlərdə dünyaya göz açdığı qeyd olunur. XIV əsrdə yaşamış təzkirəçi Qəstomonlu Lətifi yazır: «Nəsimi Bağdadın Nəsimi qəsəbəsində anadan olub. Nisbəsi, təxəllüsü də elə anadan olduğu yerlə bağlıdır». Bütün bunlar elə fərziyyə və ehtimal olaraq qalır.

  
 - Nəsiminin Şirvanda - Şamaxıda doğulması fikrinə də rast gəlirik.

 
 - Mən güman edirəm ki, Nəsimi daha çox təbrizlidir. Mən o qənaətdəyəm ki, Nəsimi müəllimi - mürşidi Fəzlullah Nəimi ilə Təbrizdən çıxıb Şirvana gəlmişdi. Məqsədləri hürufilik ideallarını yaymaq olub. Nəsiminin dili, üslubu, deyim tərzi Təbriz ləhcəsinə daha çox yaxındır. Tədqiqatçıların böyük əksəriyyəti Nəsiminin Təbrizdə anadan olmasını təsdiqləyirlər. 
 
  Ötən əsrin 20-ci illərində əzabkeş tədqiqatçı Salman Mümtaz yazır ki, Nəsiminin Şaxəndan adlı qardaşı olmuşdur. Qardaşı Nəsimiyə yazıb ki, ilahi sirləri geniş şəkildə açıb-bildirmə, bunları açıb-ağartmaq qorxuludur. Salman Mümtaz onu da göstərir ki, Şamaxıdakı məşhur qəbiristanlıq Şaxəndanın adı ilə bağlıdır. Elə bunun əsasında da görkəmli tədqiqatçı Nəsiminin Şamaxıda dünyaya gəldiyini yazmışdır. Nəsiminin Şamaxıda anadan olmasını tarixi mənbələr təsdiqləmir. Yuxarıda dediyim kimi, şairin Təbrizdə anadan olduğunu bir çox mənbələr özündə qoruyub saxlayır.

   
- Nəsimi fars və ərəb dillərində də yazıb-yaratmışdır. Bu səbəbdən onun milli mənsubiyyətinə iddia olunmur?

   
- Nəsimi Azərbaycan türküdür. Onun milliyyəti barədə heç bir mübahisəli fikir yoxdur. Nəsimi Güney və Quzey Azərbaycanın ərazilərində daha çox gəzib-dolaşmışdır. Nəsimi laməkan olmuş, bir yerdə qərar tutmamış, dərvişanə bir ömür sürmüşdür. Belə bir həyat tərzi də onun dünyagörüşü ilə bağlı idi. Nəsimi müxtəlif ünvanlara, məkanlara üz tutaraq hürufiliyi yayır, hürufi fəlsəfəsini və nəğmələrini şərh edirdi. Belə bir ömür sürmüş şəxsin hansı ünvanda anadan olmasını və həyat sürməsini konkret demək çətindir.

  
 - Bəs, Hələbə niyə gedib çıxmışdı?

 
- Çox güman ki, Nəsimi Azərbaycanın, Anadolunun müxtəlif yerlərində ciddi təqiblərə məruz qalmış, həyatına təhlükə hiss edən şair Azərbaycan və Türkiyə sərhədlərindən uzaqlaşmışdır. Onun Hələbə üz tutmasını bir ehtimalla da bağlaya bilərik. Şair Hələbə qohum-əqrəbasının yanına getmiş, həyatını xilas etmək və ideyalarını yaymaq naminə geyimini dəyişmiş, çalışmışdır ki, onu heç kəs tanımasın. Onun tez-tez yaşayış yerini dəyişməsi də elə bununla bağlı idi. Nəsimi bütün ömrü boyu təqiblərə məruz qalmışdır.

   
- Sovet tədqiqatçıları Nəsimini islam dininə qarşı çıxan bir şair kimi təqdim edirdilər. Bu, həqiqətənmi belədir?

   
- Nəsimi Allah-İnsan birliyini-vəhdətini irəli sürmüşdür. Bu ideya təkcə XIV əsr üçün deyil, yaşadığımız XXI əsrin özündə belə möcüzə sayılmalıdır. XIV əsrin islam dünyası üçün isə sözün həqiqi mənasında, bir inqilab idi. Ağılda, idrakda, təfəkkürdə görünməmiş bir inqilab. Bu günün özündə belə Nəsiminin böyüklüyü, fəlsəfi vüsəti, fikir genişliyi lazımi səviyyədə öyrənilməyib. Konfransda çıxışımda da bildirdim ki, AMEA-nın institutllarında, həmçinin universitetlərdə gənc nəsimişünas alimlər yox dərəcəsindədir. Mütəfəkkir şairin yaradıcılığı ilə bağlı xüsusi tədqiqat mövzuları verilmir. Çünki heç kəs böyük zəhmət tələb edən dərin araşdırmalara qatlaşmaq istəmir. Bu gün daha çox müasir ədəbiyyatla bağlı sadə mövzularda dissertasiyalar yazılır. Mən bu barədə EA-nın müvafiq institutlarında keçirilmiş yığıncaqlarda çıxış edərək bildirmişəm ki, nəyə görə XX əsrə qədərki dövrlər lazımi səviyyədə tədqiq olunmur.
  
- Müasir nəsimişünaslardan kimlərin adlarını çəkə bilərsiniz?

 
- İki nəfərin adını çəkə bilərəm: Səadət Şıxıyeva və Rəhim Əliyev. Çox təəssüf ki, nəsimişünas yetişdirmirik. Bu boşluq sabah daha çox hiss olunacaq. Elmi konfransın tribunasından da bildirdim ki, bu günə qədər Nəsiminin əsərlərinin elmi-tənqidi mətni hazırlanmayıb. Düzdür, 1973-cü ildə şairin əsərlərinin 3 cildlik tənqidi mətni nəşr olunub. Ancaq nəşr saysız-hesabsız nöqsanlarla doludur.

 
- Bu qüsur və çatışmazlıqlar nədən irəli gəlir?

  
- Təşkilati işlərə lazımi səviyyədə diqqət yetirməməyimizdən. EA-nın Ədəbiyyat İnstitutunun nəzdində Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq edən xüsusi şöbələr fəaliyyət göstərməlidir. Bir vaxtlar nizamişünaslıq şöbəsi fəaliyyət göstərirdi, onu da sonradan ləğv etdilər.

  
 - İslam dini və hürufilik. Bu barədə danışmağınız maraqlı olardı. Müasir dövrümüzdə
islam dininin elmi dərki üçün hürufiliyin rolu, əhəmiyyəti varmı?

   
- Etiraf edək ki, islam dini adı altında insanların ağlı, zəkası, dünyagörüşü alt-üst edilir, korlanır. İslam pərdəsi arxasında fanatizm, xurafat və cəhalət yayılır. Hürufilik insan şəxsiyyətinin azadlığına xüsusi qiymət, ağıla, idraka daha çox önəm verirdi. Hürufilər insanı Allahlaşdırır və Allahı insanlaşdırır. İnsanı uca tutur, insanı Allah səviyyəsinə qaldırır. Bununla da Allahla İnsanın vəhdətini irəli sürür. Hürufilər insanla Allahın qovuşmasını özlərinin idealı elan etmişdilər. İnsan azadlığını, onun mənəvi sərbəstliyini, fikir hürriyyətini, ideya saflığını hər şeydən uca tuturdular. Nəsimi əsərlərində iki cür insandan söhbət açır: bir vəhit, yəni Allahla qovuşan insan, bir də şeytan - iblis səviyyəsində olan insanlar. Böyük mütəfəkkir insanlara fərq qoyub. Şairin nəzərində Allahla qovuşan insan mələkdir.
   
Şərin, şeytanın tərəfdarlarını şair alqışlamayıb. Nəsimiyə görə, nəfsin qulu olanlar müqəddəs insan deyillər. Nəsimiyə görə, insan qəlbində Allah eşqini gəzdirməlidir. Qəlbində Allah eşqi olan insanın əxlaqı saf, əqidəsi təmiz olur.
   
Hürufilər dünyada yeni bir dinin yaranması ideyasını irəli sürürdülər. Onların düşüncəsinə görə, dinlərin çoxluğu insanların parçalanmasına, müharibələrin yaranmasına səbəb olur. Hürufilər vahid din altında bütün bəşəriyyəti birləşdirmək niyyətində idilər. Onlar vahid din dedikdə yalnız hürufiliyi nəzərdə tutmurdular. Hürufilər mövcud dinlərdəki bütün mütərəqqi fikir və əməlləri birləşdirməklə, vahid din yaratmaqla bəşəriyyəti birləşdirmək istəyirdilər. Belə güman edirdilər ki, bununla da ayrı-seçkiliyə məruz qalmış xalqlar, millətlər bir din altında birləşmiş olacaqlar.


Xeybər GÖYYALLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır