Modern.az

Partiyalar seçkiyə hansı vəsaitlə gedirlər? - “Dost-tanışlar kömək edəcək”

Partiyalar seçkiyə hansı vəsaitlə gedirlər? - “Dost-tanışlar kömək edəcək”

Aktual

17 Dekabr 2019, 11:07

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri baş tutacaq. Bundan sonra, 2020-ci il fevralın 9-da isə parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Seçkinin seçkiyə qarışdığı bir dönəmdə ən böyük məsuliyyət isə siyasi partiyaların üzərinə düşür. Hər bir siyasi partiya seçkilərdə iştirakla bağlı qərarını qəbul edib, qatıldığı təqdirdə namizədlərini müəyyənləşdirir.

 

Seçki kampaniyasının aparılması kifayət qədər ciddi proses olduğuna görə, siyasi partiyaların bu məqamda maliyyə dayaqları da yetərli olmalıdır. Ona görə, maliyyə durumunun hansı səviyyədə olduğunu öyrənmək üçün onların bəziləri ilə əlaqə saxladıq. 

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Modern.az-a bildirib ki, tək parlament seçilərində partiyanın 30-a qədər nümayəndəsi iştirak edəcək:

 

“Böyük ehtimalla hər kəs daha çox öz imkanlarını səfərbər edəcək. Amma partiyanın da dəstəyi olacaq. Bizim imkanlarımız məhduddur. Amma seçkilərdə iştirak edəcəyik. O qədər də böyük vəsait xərclənməyəcək. Əksərən, namizədlərin öz üzərinə məsuliyyət düşdüyündən partiyanın böyük imkanları olsaydı daha böyük seçki kampaniyası həyata keçirərdik”.

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı xatırladıb ki, partiya büdcədən müəyyən vəsait alır:

 

“2020-ci ilin büdcəsinin müzakirəsi zamanı hörmətli həmkarım Siyavuş Novruzovun təklifi ilə partiyaların seçkiyə gedəcəyi əsas gətirilərək, vəsaitin müəyyən qədər artırılması irəli sürüldü. Hökumət də bu təklifə müsbət münasibət bildirdi və vəsait ayrıldı. Bu vəsaitin ayrılması da bizə maliyyə dəstəyi olacaq.

Partiyanın məhdud da olsa maliyyə dəstəyi var. Seçkilərə qatılsaq, hər birimizin özünün şəxsi vəsaitləri də bura əlavə olunacaq. Ümidvaram ki, qanunvericilikdə nəzərdə tutulan seçki kampaniyasını həyata keçirməyə imkanlarımız yetəcək”.

 

Vəhdət Partiyasının Tahir Kərimli də partiyanın parlament partiyası olduğuna görə, müəyyən vəsait aldığını qeyd edib:

“Amma bu vəsait digər xərclər üçün də istifadə edilir. Seçki növbədənkənar olduğuna görə, bizi haqlayıb. O baxımdan, müəyyən qədər əlavə vəsait tapmalı olacağıq. Çünki parlament seçkiləri xeyli xərc tələb edir”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə maliyyə məsələləri ilə bağlı həmişə problemlər olduğunu vurğulayıb:

 

“Bizim dürüst, halal addımlarımız ilə partiyamız inkişaf edib. Həmişə dövlətçiliyin yanında olmuşuq, indi də bu fikirdəyik. Rayon təşkilat sədrlərinin bəziləri xırda sahibkarlıqla məşğuldurlar, onlar da maliyyə dəstəyi göstərirlər. Biz çətinliklə də olsa, bu məsələlərin öhdəsindən gəlməyə çalışırıq”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə partiyanın parlament seçkilərində yüksək səviyyədə seçki kampaniyası aparmayacağını söyləyib:

 

“Dost-tanışların kiçik maliyyə köməkləri sayəsində seçki kampaniyasını təşkil etməyə çalışacağıq. 25 nəfər namizədimiz var. Digər siyasi partiyalar da seçkilərdə iştirak edirlər. Uzlaşma aparmağa çalışacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır