Modern.az

Həmkarları Qurban Qurbanovun uğursuzluğundan DANIŞDILAR - “Gəlin, Allahsız olmayaq”

Həmkarları Qurban Qurbanovun uğursuzluğundan DANIŞDILAR - “Gəlin, Allahsız olmayaq”

17 Dekabr 2019, 12:58

Sosial şəbəkələr və ictimaiyyət arasında gedən müzakirələrdə “Qarabağ” futbol klubunun Azərbaycan daxilində inkişafı yüksək qiymətləndirilsə də, UEFA Avropa Liqasındakı uğursuzluğu narazılıq doğurub. “Qarabağ”ın Avroliqada zəif nəticə göstərməsini baş məşqçi Qurban Qurbanovla əlaqələndiriblər.

 

Modern.az saytının əməkdaşı cəmiyyətin narazılığına səbəb olan məsələni, Qurban Qurbanovun “Qarabağ”dakı fəaliyyətini sabiq baş məşqçilərdən sorğulayıb.

 

“Qarabağ”ın keçmiş baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, “Qarabağ” hər il Avropa Liqasına çıxır:

 

“Məgər bu inkişaf deyil?! Peşəkar məşqçi digər məşqçinin arxasınca söz danışmır, həmişə onun tərəfində olur. Bu aksiomadır. Ona görə də mənim fikirlərim fərqlidir. Mən düşünürəm ki, əgər məşqçi klubu Avropa Liqasına çıxara bilirsə deməli o, əsl məşqçidir. SSRİ hakimiyyəti dövründən mən belə tərbiyə görmüşəm ki, bir məşqçinin digərinin arxasınca danışmaz, indikilər necədir bilmirəm”.

 

“Xəzər-Lənkəran”ın keçmiş baş məşqçisi Yunis Hüseynov bildirib ki, klub və ya Qurban Qurbanov haqqında fikir söyləməsi düzgün olmaz:

 

“Mən sosial şəbəkələri izləmirəm, amma qeyd etmək istəyirəm ki, “Qarabağ” elə olub ki, uğur qazanıb, bəzən də qazanmayıb. Mənim durub “Qarabağ”ın zəif nöqtəsini, nəyin çatışıb-çatışmadığını deməyim etik qaydalara uyğun olmaz”.

 

Yunis Hüseynov qeyd edib ki, “Qarabağ”ın Avroliqadakı çıxışı qənaətbəxşdir:

 

“Azərbaycan futbolunun üstünlüyündən biri budur ki, bizim klublarımız Avroliqada çıxış edir. Bunu mən nəinki “Qarabağ”a, bütün klublarımıza arzu edirəm. Arzu edirəm ki, hər il Azərbaycan futbol klublarının hamısı Avroliqada çıxış etsin”.

 

“AZAL”ın keçmiş baş məşqçisi Vaqif Sadıqov Qurban Qurbanov haqqında irəli sürülən iradlara qarşı kəskin reaksiya verib:

 

“Gəlin, Allahsız olmayaq. Qurban Qurbanovun Avropa Liqasındakı nailiyyətləri onu göstərir ki, o, hal-hazırda ən güclü “Qarabağ” komandasını yaradıb. Ən vacib məsələ isə, son 6 ildə Avropada səs salan “Qarabağ” layihəsi həyata keçirilir. Vaxt var idi ki, biz Avroliqada çıxış edəndə 1 xal üçün sevinirdik. Sonra sevinirdik ki, bir mərhələ keçək. Daha sonra bizim bir iddiamız var idi ki, qrupa vəsiqə qazanaq. İndi də qrupdan çıxmaq istəyirik. Bu yaxşıdır, hədəflərimiz də budur. İnanın ki, hamımız bunu istəsək, bir olsaq və səbrimiz çatsa ona da nail olacağıq. Bu gün “Qarabağ” da o yoldadır ki, Azərbaycan futbolunu, “Qarabağ layihəsi”ni layiqincə Avropada təmsil edib, böyük uğura imza atmaq üçün irəliləyib. Biz istədiyimiz nailiyyətlərə Allahın izni ilə, tez bir zamanda gələcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir