Modern.az

“Övladlarım Vahab və Ayla ən yüksək karyeram, ən möhtəşəm yaradıcılığımdır” - İlhamə Novruzova

“Övladlarım Vahab və Ayla ən yüksək karyeram, ən möhtəşəm yaradıcılığımdır” - İlhamə Novruzova

Media

17 Dekabr 2019, 15:37

Bu gün 17 dekabr tarixində Türk Dünyası Qadın Platformunun (TÜRKAP) sədri və “Lady Radio”nun rəhbəri İlhamə Novruzova 50 illik yubileyini qeyd edir.


Modern.az
-ın əməkdaşı doğum günü ilə bağlı İlhamə Novruzova ilə söhbətləşib.


İlhamə Novruzova 17 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirərək, Azərbaycan Milli Aerokosmik Agentliyində kosmik tədqiqatlar üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. Hələ 1984-1985-ci illərdə və sonradan 1991 – ci ildə televiziyada aparıcı – müxbir kimi çalışan İ.Novruzova 1995-də yenidən mətbuata qayıdaraq, «7 gün», «Panoroma» qəzetlərində müxbir, «525-ci qəzet»də sosial problemlər şöbəsinin müdiri kimi çalışıb. Uzun illər ərzində AzTV, “Space” TV, “Lider” TV, “Xəzər” TV-də aparıcı-redaktor kimi fəaliyyətini davam etdirib, 40-dan çox sənədli filmin müəllifi olub. ASA jurnalistika məktəbinin təsisçisi olan İlhamə Novruzova 2 ilə yaxındır ki, Türkiyədə yaşayır.


- Ad gününü necə qeyd edəcəksiniz, ilk olaraq onu soruşaq...

- Elə ad günümü qeyd etmək üçün Bakıya gəldim. Ankarada yaşasam da, düşündüm ki, özəl günümü ailəmin, dostlarımın çevrəsində keçirməliyəm. Çünki Bakıya vurğunam. İnanın, dünəndən evin pəncərəsini açıb, şəhərimin qoxusunu dönə-dönə içimə çəkirəm. Türkiyəyə gəlincə, orada yaşamağımın səbəbi, daha doğrusu səbəbkarı qızımdır. Bursadakı Uludağ Universitetində memarlıq ixtsası üzrə təhsil alır. Ayrı-ayrı şəhərlərdə yaşasaq da, aramızda ən azından sərhədlər yoxdur. Həftəsonları görüşə bilirik. Bu arada olduqca istedadlı qızım var. Ayla həftədə bir neçə dəfə xərçəng xəstəsi olan uşaqları xəstəxanada ziyarət edərək,  öz yazdığı nağılları oxuyur, sahibsiz heyvanlar üçün evciklər düzəldir. Oğlum Vahab Almaniyada magistr təhsili alır. Çox kəskin hədəfləri var, gələcəyinə ciddi şəkildə fokuslanıb. Amma yaradıcı yönü də var - o qədər mənalı qəzəllər yazır ki... Övladlarımın ikisi ilə də qürur duyuram. Bu 50 yaşımda “Həyatda ən böyük qazancınız nədir” soruşsanız, birmənalı deyərəm ki, işim deyil,  övladlarım və bacılarım! Ayla və Vahab karyeramın da, yaradıcılığımın da zirvələridir.


- Qarşıda, yəni yeni yaşınızda nə kimi planlarınız var?


-
TÜRKAP-ın tərkibində bir çox layihələri reallaşdıracağıq. Belə deyim ki, 2020-ci il artıq bizim üçün layihə ili olacaq. Bəlkə də kiməsə bu işləri həyata keçirmək asan görünə bilər. Lakin heç də belə deyil. Əgər söhbət 6 ölkəni əhatə edən beynəlxalq təşkilatdan gedirsə, hər tərəfin maraqları, ölkələrin spesifikası  nəzərə alınırsa, asan işdən söhbət gedə bilməz. İlk olaraq 8 martda ümumi toplantımız olacaq. Orada ölkələr arasındakı layihələri müəyyən edəcəyik. Bundan başqa, ciddi bir şəkildə Şərq-Qərb qadın dialoqu layihəsi üzrə işləyirik. Azərbaycanda bu sahədə etibarlı partnyorumuz var.  Elə Bakıya gəlmişkən həmin görüş də keçiriləcək. Bundan başqa, ayın 18-i TÜRKPA-nın böyük toplantısında iştirak edib, təkliflərimizi irəli sürəcəyik. Bir sözlə, planlar böyükdür. 


- TÜRKAP-ın qurucu sədrisiniz, sizin platformada işçilər arasında azərbaycanlılar var? Türklərlə işləmək rahatdır ya həmyerlilərinizlə?


-
Təkcə Azərbaycandan Türk Dünyası Qadın Platformasına daxil olan 12 təşkilat var. 12 təşkilatın hərəsində 20-30-a yaxın azərbaycanlı var. Lakin onların çoxu ilə canlı olaraq ünsiyyət yaratmaq imkanım olmur. Söhbət peşəkarlıqdan gedirsə, mənim üçün ya türk ya da azərbaycanlı anlayışının heç bir fərqi yoxdur. Çünki bizim təşkilatda tək türklər deyil, eyni zamanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kiprdən də nümayəndələr var. Sadəcə, Türkiyədə yaşadığım üçün, türklərlə fikir mübadiləsi aparmaq imkanlarım daha genişdir. Onlardan motivasiyanı, enerjini daha çox alıram. Azərbaycanlılarla yalnız Bakıya gələrkən qısa müddətə ünsiyyətə girə bilirəm. Amma bir məqamı qeyd edim ki, qadına şiddət, insan və uşaq haqları  və digər məsələlərdə Türkiyə qadınları daha fəaldırlar. Davamlı şəkildə yeni ideyalar ortaya atıb, çəkinmədən müzakirə edə, dartışa, amma eyni zamanda bir masanı bölüşə bilirlər. Azərbaycan ərazi və əhali baxımından Türkiyədən çox kiçik olsa da, bizim qadın təşkilatları bəzən bu əlaqəni, kordinasiyanı yarada bilmir. Hər kəs necə deyərlər, yorğanı öz üzərinə çəkməyə çalışır, əl-ələ vermirlər. Sadəcə, özlərini nümayiş etdimək istəyirlər, nəticə əldə etmək istəmirlər.

 

- Kifayət qədər aktiv xanımsınız. Ailə ilə işi balanslaşdıra bilirisiniz? Vaxt ayırmadığnız üçün narazı qalanlar olmur ki?


-
Həm iş, həm də ailəyə eyni zamanda vaxt ayıra bilmirəm. Bəlkə də deməli idim ki, “hə, bunu əla bacarıram”, amma yox, alınmır, çox yüklənirəm. Bu, deyərdim ki, mənim ən pis tərəfiimdir. Amma içimdə evimə böyük bir asılılıq var. Dostlar kənarda görüşmək üçün məni dəvət edəndə utanıram deməyə ki, evdə görüşək. Qısacası səs-küylü mühitdən gəncliyimdən bəri uzağam. Elə 50 yaşımı keçirmək üçün də evi seçmişəm.

 


- Feminsit ruhlu birisiniz. Sizcə Azərbaycanda feminist olmaq çətindir ya Türkiyədə?

- Mən kənardan feminist kimi görünsəm də, əslində özümü elə saymıram. Ümumiyyətlə cins və yaş kateqoriyasından aslı olmayaraq insanların bərabərliyinə önəm verirəm.  Lakin heyif ki, həyat praktikası tamamilə başqadır. Biz yalnız ədaləti bərqərar etməyə çalışırıq. Türkiyədə məni təəccübləndirən bir məsələ oldu. Belə ki, bura yeni gələndə təşkilatlarla əlaqələr qurmağa başladıq. “Mor Çatı” adlı nüfuzlu bir təşkilatla əlaqə qurmaq üçün görüşəndə bizə dedilər ki, sizdə radioda “Erkek sözü” proqramı var, siz kişilərlə əməkdaşlıq edirsiniz, sizinlə tərəfdaşlığımız alınmaz. Onda mən şoka düşdüm ki, siz kişi amilini həyatdan tamamilə rədd edərək, bir sistem yaratmaq istəyirsinizsə, necə duruş gətirəcəksiniz? Onlara izah etdim iki, biz kişilərə nifrət etmirik, sadəcə qadın-kişi hüquqlarının bərabər olduğunu deyirik. Azərbaycanda da feminizm anlayışı tam oturuşmayıb. Hətta gender sözünə belə insanlar qəribə yanaşır. Məsələn, kişilərlə bu barədə danışanda sərt mövqe göstərirlər. Yadımdadır, bir dəfə Milli Məclisdə qanun müzakirəsi zamanı kişi deputatlardan biri demişdi ki, niyə görə ancaq qadınlara qarşı zorakılıqdan danışırsınız? Kişilərə qarşı zorakılıq yoxdur ki? Yəni bizdə hələ ki bu termin tam oturuşmayıb, cəmiyyətdə  maarifləndirmə zəifdir.


- Ölkədə hansısa layihəyə başlamaq kimi planınız var? Ya bunun üçün hələ ki vaxt tapa bilmirisiniz?


-
50 yaşın astasnasında qəfil qərar aldım. Birdən-birə işimdən çıxdım, mühiti dəyişdim. Baxmayaraq ki, Türkiyə Azərbaycana çox yaxındır, lakin mənim bu ölkə ilə təmaslarım geniş deyildi. Həyat doğurdan da sən qərar verdiyin yerdən yenidən başlaya bilər. Heç bir yaş dönüş yaratamaq, yeni bir səhifə yaratmaq üçün gec deyil. Əsas odur ki, sən özün bunu həqiqətən istəyə biləsən. Hətta çox sevdiyim bir tələbəm var, Bəhram adında. O vaxt mənə dedi ki, “İlhamə xanım gedirsinizsə, bütün körüpüləri yandırıb gedin”. Həqiqətən də bir şeyə qərar verəndə bütün çürümüş, cırıldayan köhnə körpüləri yandırmalısan. 2 il keçib. Yəqin ki, jurnalist İlhamə Novruzovanı Azərbaycanda artıq unudublar. Amma eybi yoxdur, əsas odur ki, mən jurnalist olduğumu heç zaman unutmuram, çünki bu məslək mənim qanıma hopub. Lakin hazırkı işim gələcəkdə fəaliyyətimi Azərbaycanda da davam etdirməyə imkan verə bilər.


- Son olaraq, yeni yaşınızda özünüzə nə arzulayardınız?


-
Arzum odur ki, dünyada daha qadın fəryadı eşidilməsin. Uşaqların göz yaşı axmasın. Əslində bu arzuları deməklə həm də özümə, öz ailəmə eyni arzunu diləmiş oluram. Azərbaycanda belə bir aksiya var idi: “Qadına vurma, qadına vurul”. Cəmiyyətdə sözün əsl mənasında bizə ruhən vurulan, yəni qadın dəyərinə vurulan kişilərin sayının çox olmasını istəyərdim. Övladlarım sağlam olsun və fəaliyyətimlə həmişə atamın ruhunu şad edim.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir