Modern.az

Onlar da TV-lərdən narazıdırlar: “Kimə salam verirsən, Azərbaycan telekallarından gileylənir”

Onlar da TV-lərdən narazıdırlar: “Kimə salam verirsən, Azərbaycan telekallarından gileylənir”

Media

18 Dekabr 2019, 12:27

Övlad ailənin güzügüsü olan kimi, televiziya da xalqın, cəmiyyətin güzgüsüdür.  Baş verən hadisələri, aktual problemləri, xalqın milli-mədəni irsini nümayiş etdirib, maarifləndirmə, bilgiləndirmə və əyləncə funksiyasını özündə ehtiva etməli olan televiziyalarımız hazırda bunu nə dərəcədə bacarır? Ümumiyyətlə, televiziyada nə kimi dəyişikliklər olmalıdır, çatışmazlıqlarımız nədən ibarətdir?  

 

Modern.az bu dəfə gələcəyin jurnalistləri, bu sahə üzrə təhsil alan tələbələr arasında sorğu keçirib.

 

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Ümid Oruc müasir kanallarda daha çox əyləncə tipli verilişlərin yayımlandığı müddətdə yenidənqurma işlərinin də zəruri olacağını bildirib:

 

“Özəl kanallarda bu prinsiplərin pozulma halları özünü daha çox büruzə verir. Tarixən jurnalistikanın bir təməl funksiyası olub:  İctimai fikri formalaşdırmaq. Elə zənn edirəm ki, hansı kanal rəhbərliyində ki, jurnalistika təhsili olan jurnalistlər işləyir, orada bu prinsip əsas meyar kimi götürülür. Amma bununla hər şey bitmir, kəmiyyət ölçü meyarı kimi götürülüb, keyfiyyət ikinci plana atıldığı müddətdə qüsurlar özünü əks etdirəcək. Müasir kanallar jurnalistikanın maarifləndirmə və bilgiləndirmə funksiyasından daha çox əyləndirmə funksiyasına üstünlük verdiyi müddətdə  kanallarda yeniləşmə və ümumtədqiqat işlərinə ehtiyyac duyulur və duyulacaq. Analitik proqramlar, maarifləndirici və həmçinin ictimai əhəmiyyət kəsb edən ciddi mövzular üzərində proqramlara üstünlük verilsə, yaxşı olar. Hər hansı bir film çəkiləndə belə, ictimai mesaj ötürə biləcək filmlərin, serialların yayımlanması daha məqsədəuyğun olar. Doğrudur, bəzi kanallar sırf musiqi, xəbər formatı üzərində qurulur və ixtisaslaşmış kanal hesab edilir. Amma hər ehtimalda maarifləndirmək və bilgiləndirmək birinci olmalıdır. Musiqi kanalı zövqün formalaşmasına xidmət etməli, xəbər kanalı məlumatlandırıcı və aydınladıcı xarakter daşımalıdır. Hər ehtimalda jurnalist öz mövqeyini ortaya qoya bilməz”.

 

Ü.Oruc İctimai Televiziyada yayımlanan "3D" verilişini janr və mahiyyət etibarilə bəyəndiyini vurğulayıb:

 

““3D” proqramı müsahibə janrında olsa da, özündə jurnalistikaya aid bütün vacib xüsusiyyətləri əks etdirir. Əvvəlcə maarifləndirir, bilgiləndirir daha sonra qismən də olsa əyləncəyə yer verir. Jurnalistikanın əyləndirmək funksiyası şit, heç də gülməli olmayan və heç bir mesaj verməyən verlişlərin və ya hər hansı məşhurların qeyri-səmimi və qeyri-etik ifadələrlə çıxış edən aparıcıların ekranlaşdırılması üzərində qurulmayıb. Düşünürəm ki, Azərbaycan telekanalları İctimai Televiziyanı və orada yayımlanan proqramları şablonlaşdırmamaq şərtiylə özlərinə nümunə götürsələr, hər şey düzələr. Mən bir gənc olaraq və həmçinin jurnalistika fakültəsinin tələbəsi olduğumdan dolayı bütün kanalları izləyir və müəyyən səhvləri aşkar edirəm və düşünürəm ki, buna hər hansı bir şəxs və ya təşkilat deyil, birbaşa Milli Televiziya və Radio Şurası nəzarət etməli və alternativ qərarlar verməlidir”.

 

Ege Universitetinin jurnalistika fakültəsinin magistrantı Həşim Səhrablı  hazırda Azərbaycan televiziyalarının vəziyyətinin ürəkaçan olmadığını bildirib:

 

“Uşaqlarımıza nümunə göstərə biləcəyimiz verilişlər barmaqla sayılacaq qədər azdır. Bundan başqa, televiziya jurnalistikası jurnalistikanın özəl təməli olan həqiqət prizmasını da hərdən kobud şəkildə, ya bilərəkdən, ya bilməyərəkdən pozur. Ancaq ürəkaçan məqamlar da var. Son günlərdə İctimai Televiziyanın sağlam verilişləri buna nümunə ola bilər. Mən bir jurnalist və Azərbaycan gənci olaraq digər bütün televiziyaların İTV-dən nümunə götürməyə çağırıram. Çünki İTV bu cür davranışla illərdir media patronlarının yalan üzərində qurduğu "Azərbaycan xalqı ciddi verilişləri deyil, bayağı verilişləri izləyir deyə, televiziya reytinq üçün buna məcbur qalır" tezisini qırdı. Bu ciddi bir uğur, xalqın intelektual və öz gələcəyinə qayğı göstərən verilişləri izləmək potensialına sahib olduğunu sübut etdi”.

 

 

 

 

BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Aynurə Xudaverdiyeva bildirib ki, onu Azərbaycanda heç bir televiziya kanalının fəaliyyəti qane etmir:

 

“Efirdə ali təhsilli, dünyagörüşü olan jurnalistləri görmək istəyərdim. Həmin şəxslərin əksəriyyyəti doğru-düzgün efir nitqinin necə olmasını bilmir. Bundan başqa telvizyalarda səhər ad günləri, günorta bu kimi bayağı verilişlər yığışdırılmalıdır. Guya ki, sosial problemlərdən danışan, daha doğrusu ailə-məişət problemlərindən bəhs edən verilişlər efirdə yer almasa yaxşıdır. Çünki bu verilişlər yeniyetmələrin psixologiyasına aşırı dərəcədə mənfi təsir göstərir. Məsələn, bir yeniyetmə baxır ki, hansısa uşaq evdən qaçıb, yaxud da bir gəlin həyat yoldaşını tərk edib, onda o uşaqda da fikir yaranır ki, o da evindən qaçsa daha rahat və azad olar. Bu da təbii ki, gələcək nəslin əxlaq normalarını sıradan çıxarır. Bu cür verilişlərdənsə, cəmiyyəti maarifləndirməyə xidmət edən elmi, mədəni verilişlərə üstünlük versələr daha yaxşı olar”.

 

BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Kənan Novruzov hazırkı verilişlərin bir çoxunun ictimai şüura mənfi yöndə təsir etdiyini bildirib:

 

“Məsələn, “Bizimləsən” verilişini izləyən tamaşaçı həmin verilişdən heç nə öyrənə bilmir, qazancı olmur. Bu kimi verilişlərə tamaşaçı sadəcə boş vaxtını keçirmək üçün baxır. Amma bundan fərqli olaraq, insanlar İctimai TV-də yayımlanan “Dikdaban” verilişində, yaxud da “3D” formatlı verilişdə mütləq şəkildə yeni informasiya əldə etmiş olur, nəsə öyrənir. Amma əfsuslar olsun ki, bu vəzifə həmin o adını çəkdiyim “Bizimləsən” verilişində, yaxud da  Xəzər TV-dəki “Ay Zaur” verilişində yoxdur. “Space” televiziyasında “El bizim, sirr bizim” verilişi var idi. İctimai müzakirələrin aparılması nəzərdə tutulsa da, həmin verilişdə də biz ancaq şou görə bilirdik. Bu tipli verilişlərin əvəzinə xalqı maarifləndirməyə xidmət edən, vaxt itksi olmayan verilişləri yayımlamaq daha doğru olardı”.

 

BDU-nun jurnalistika fakültəsinin magistrantı Yetər Kərimli uşaqlar və gənclər üçün verilişlərin olmasının vacibliyini vurğulayıb:

 

“Əslində televiziyalarda bu gün sırf sosial məsuliyyət öhdəliyinin həyata keçirilməməsi, ya da  daha az həyata keçirilməsi məsələsi məni narahat edir. Məsələn, İctimai TV, AzTV sosial məsuliyyət layihələrini daha çox həyata keçirməlidir, çünki bu onların öhdəliyidir. Özəl televiziyalar müstəqil və dövlət kanallarına baxanda sosial məsuliyyət nəzəriyyəsini daha çox həyata keçirirlər. İkinci bir problem isə uşaq və gənclər üçün olan verlişlərin azlığıdır. Yəni kanallarda bu gün uşaqlar və gənclər üçün olan verilişlər demək olar ki, yox səviyyəsindədir”.

    

BDU-nun beynəlxalq jurnalistika ixtisası üzrə magistrantı Azad Nuriyev televiziya kanallarından narazı qalmağını bir sıra səbəblərlə əlaqələndirib:

 

“Müasir dövrdə Azərbaycan televiziyalarının fəaliyyəti məni tam qane edə bilməz. Bunun da öz səbəbləri var. İlk olaraq televiziya kanalları adlarına uyğun verilişlər istehsal etmirlər. Son günlərdə İctimai Televiziyanın adına və ictimaiyyətin istəyinə uyğun verilişlər yayımlamağa başlaması məni sözün həqiqi mənasında sevindirdi. Bəzi televiziya kanalları elə düşünür ki, gəncləri ancaq əyləncəli verilişlər maraqlandırır. Amma jurnalistika prinsiplərinə nəzər salsaq orada TV-nin həm də öyrətmək, əyləndirmək və məlumatlandırmaq kimi mühüm vəzifələrinin olduğunu görərik. Bir çox televiziya bu 3 prinsipi balanslaşdıra bilmir. Əyləncəyə daha çox, hətta günün 80-90 faizini əyləncə verilişlərinə ayıran televiziya kanalları var. İctimai Televiziyada yayımlanan "3D" tipli verilişlərin sayının çox olması cəmiyyətimizin hərtərəfli maarifləndirilməsi üçün vacib işlər görür. Ona görə də kanallarda sosial verilişlərin saatlarına daha çox yer ayırmağa üstünlük verməyi özümə borc bilirəm. Əyləncə hissəsi isə ayrılmaz olaraq qalır. Əlavə olaraq hətta ehtiyac olarsa, xarici telekanalların təcrübəsinə əsaslanaraq əyləncə kanalının yaradılması üçün Milli Televiziya və Radio Şurasına müraciət edərdim. Çünki mövzuların birtərəfli olması da yekunda kanalların süqutuna gətirib çıxarır. Ona görə də rəngarəng olmaq və lazımi məqamları dəyərləndirməyin hər bir telekanal üçün üstünlük olduğunu düşünürəm”.

 

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Rahim Mirzəcan mətbuatın, televiziyanın dövlət və sponsordan aslılığının düzgün hal olmadığını bildirib:

 

"Ümumilli lider Heydər Əliyev müəllim peşəsinə böyük dəyər verərək deyirdi: "Mən müəllimdən uca ad tanımıram". Düşünün, müəllim şagirdin, tələbənin, mütəxəssisin müəllimidirsə, jurnalist bütün cəmiyyətin, böyük bir kütlənin müəllimidir. Dünyada demokratiya beşiyi kimi tanınan ABŞ-ın prezidentlərindən biri belə deyirdi: "Əgər mən mətbuatsız hakimiyyət, yoxsa hakimiyyətsiz mətbuat seçimi arasında qalsaydım, heç tərəddüd etmədən 2-ci variantı seçərdim". Bu da mətbuatın, televiziyanın əslində necə təsirli, söz sahibliliyindən, gücündən xəbər verir. Konkret olaraq televiziyadan danışırıqsa, A-dan Z-yə hər kəsinin evinin qonağı olur. Hələ gənc və bu sahədə fəaliyyətə yeni başladığım üçün efirdə olan jurnalistlərimizi və televiziyalarımızın ümumi vəziyyətini müzakirə etmək çətindir. Gərək özümüz tənqid edə biləcək səviyyədə olaq ki, rahatlıqla səhvləri deyək və öz variantımızı, alternativlərimizi peşəkarlığlımızı nümayiş etdirə bilək. Məhz bu baxımdan söz demək sözün bütün mənalarında çətindir. Ancaq sizin sualınızın cavabı olaraq deyim ki, televiziyaların bugünkü vəziyyəti heç də ürəkaçan deyil. Müasir televiziyalarımızdan söhbət düşəndə ağıla gələn ilk fikirlər mənfi çalarda olur. Bu, toplumun əksəriyyətində belədir. Az qala kimə salam versən, Azərbaycan telekallarından gileylənirlər, hətta ümumiyyətlə imtina etdiklərini, baxmadıqlarını deyirlər. Ancaq bu o demək deyil ki, bizdə ciddi materiallar yoxdur. Var, həm də toplumun bir qismi tərəfindən maraqla qarşılanır. Eyni zamanda, bununla qarşılaşan, ictimai fikri zədələməyə kodlaşdırılan ucuz proqramlar da az deyil. Bunun da bir sıra, məsələn, "kütlə" tərəfindən reytinq qazanmaq, uyğun şirkətlərin sponsor kimi bu işdə marağını təmin etmək və s. kimi səbəbləri var. Hardasa axırı gedib maliyyə probleminə söykənir. Gərək, mətbuat əlavə "sponsordan", həmçinin dövlətdən asılı olmasın. Beynəlxalq arenaya nəzər salsaq, görərik ki, dünyanın heç bir nöqtəsində "dövlət televiziyası", "dövlət mətbu orqanı" deyilən bir nəsnə yoxdur. Bu da təsirsiz ötüşmür. Digər tərəfdən jurnalistlərə fərd kimi yanaşsaq, demək olar, bir çoxu hardasa jurnalistika ilə bağlı qalaq-qalaq kitablar yazmış pedaqoqlardan dərs alıblar. Bu ixtisaslarla bağlı yazılan dərsliklər isə tarixdən başqa bir şey deyil. Bunu çəkinmədən deyirəm. Müasir mövzularımız yoxdur, tarixdən, nağıllardan, uydurmalardan danışırıq. Sonra da yeri gəldi, gəlmədi təcrübəsiz, qeyri-peşəkar və bilgisiz adlandırılırıq. Deyən yoxdur ki, siz bizə müasir, tələb olunan materiallar verin, biz də oxuyaq, eyni zamanda istifadə edə bilək. Axı nə vaxta qədər Sovet dövrünün üstündə durmalıyıq? Mövzu çox geniş bir mövzudur. Problemdən danışdıqca mövzu, mövzu axtardıqca problem çıxır ortaya. Qısacası, bu sahədə dəyişikliklərin, ilk növbədə jurnalist təhsili məsələsi istiqamətində olmasını istəyərdim. Jurnalistika həm də problemdir. "Cəmiyyətin müəllimləri" xüsusi yetişdirilməli, onlara tarix əzbərlətdirilməli deyil, onları elə bugünkü "problem ocağında" bişirmək lazımdır ki, fəaliyyət də hər kəsi qane etsin".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?