Modern.az

Etimad Əsədov haqda “Fevraldan sonra... mart” kitabı təqdim olundu

Etimad Əsədov haqda “Fevraldan sonra... mart” kitabı təqdim olundu

Aktual

20 Dekabr 2019, 17:52

Bu gün “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, mərhum Etimad Əsədovun doğum günüdür. 55 illiyi qeyd olunan baş qazinin həyatından bəhs edən “Fevraldan sonra... mart” kitabının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, kitabın müəllifi qazinin həyat yoldaşı, jurnalist Məlahət Rzayevadır. Kitabda Etimad Əsədovun həyatından, müharibə dövründə, ondan sonrakı müddətdə yaşadıqlarından bəhs edilir.

“Fevraldan sonra… mart”ın təqdimatında E. Əsədovun qazi dostları, mətbuat nümayəndələri, yaxınları iştirak ediblər. Azərbaycan himninin ifası ilə başlayan tədbirdə Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu baş qazinin döyüş yolundan, onun cəbhədə mübarizliyindən danışıb.

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu, qazi Yavər Hüseynov, hüquqşünas Osman Kazımov və Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı E. Əsədovun Azərbaycanın mənafeyini hamıdan üstün tutduğunu, ölkənin hər bölgəsindən gələn qazilərin qayğılarını şəxsi problemi kimi qəbul etdiyini, onun həllinə çalışdığını qeyd ediblər.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Etimad Əsədovun jurnalistlərin dostu olduğunu bildirib:

“Ağır müharibə yolu keçmişdi, amma media ilə əməkdaşlıq edirdi, mühakimələri, qazilərin hüquqlarının müdafiəsi uğrunda mübarizəsi diqqətimizdə idi. Bu savaşda jurnalistlər də iştirak edib. Onun ömür-gün yoldaşı Məlahət xanımla qəzetimizin əsası qoyulandan bu günə qədər çiyin-çiyinə çalışırıq. Deyirdim ki, Etimad Əsədovla bağlı çox kitab yazılacaq, ən gözəl kitabın müəllifi isə Məlahət Rzayeva olacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, hər qeyrətli kişinin arxasında qeyrətli qadın dayanır:

“Etimad bəy haqda kitab bütün qazilər haqdadır. Qarabağa da gedəcəyik, Füzulini də geri qaytaracağıq. Məlahət xanım kimi qadınlar yaşasın, gənclər də güc alsınlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?