Modern.az

“Sınıq pəncərələrə tutulmuş qəzet” kimi Adam - Hikmət Xudiyev

“Sınıq pəncərələrə tutulmuş qəzet” kimi Adam - Hikmət Xudiyev

22 Dekabr 2019, 12:53

Əslində insan ömrünün dəyəri heç də onun yaşadığı illərlə ölçülmür. Yaş rəmzi olaraq bir rəqəmdir, 40, 50, 60 və bu rəqəmi müəyyənləşdirən də heç özümüz deyilik. Bu Tanrının işidir, ikirəqəmli də edə bilər, üçrəqəmli də... Amma müddəti qeyri-müəyyən olan ömrün necə yaşanması insanın özündən asılıdır. Əgər Vaqif Bayatlı Ödər demiş “sınıq pəncərələrə tutulmuş qəzet” kimi olmadınsa, ömür pəncərəsindən geriyə çevrilib baxanda gözünün önünə boş və boz səhradan başqa heç nə görünməyəcək.


Bəli, zəngin keçmiş yaratmaq asan başa gələn məsələ deyil, bunun üçün insan çətinliklərdən, mübarizələrdən, sınaqlardan keçməlidir. Ömür nağıl deyil ki, həmişə şirin olsun, anaların laylasının, nənələrin kökəsinin qoxusu gəlsin, sonda da göydən üç alma düşsün. Həyat kövrək dırnaqlarla sərt qayaların qarşıdurmasıdır, ağrılara dözəcəksənsə, hədəfə doğru addımlaya biləcəksən, istədiyin zirvəni fəth etməyə nail olacaqsan.


Bu sətirləri yazarkən bu gün 60 yaşı tamam olan Hikmət Xudiyevin gözümün önündən keçən ömür yollarına nəzər salıram.


1980-ci illərin sonları... Erməni daşnaklarının qəzəbinin son həddə çatdığı bir vaxtda Xankəndi şəhər daxili işlər şöbəsində polis zabiti kimi xidmət edən Hikmət Xudiyevin hansı təhlükələrlə üzləşdiyini xatırlayıram...


1990-cı illərin əvvəlləri... Anlaşılmayan və qeyri-müəyyən qarşıdurmalar zamanı Şəki şəhər daxili işlər şöbəsində xidmətini davam etdirən Hikmət Xudiyevin mövcud mürəkkəb vəziyyətdəki xidməti fəaliyyətini yada salıram.


Daha sonra Bakl həyatı, qayğıların bir-birinə qarışdığı bir vaxt, problemlərin bir-birini üstələdiyi bir dövr, torpaqlarımızın işğalı, köçkünlük həyatının ağrı-acıları Hikmət müəllimin həyatına bir-birnin ardınca zərbələr vurdu. Amma o, öz gücü, iradəsi ilə nizamı pozulmuş, səliqəsi itmiş bu həyatı sahmana sala bildi, hər şeyi yerbəyer etdi.


Deyirlər ki, uman yerdən küsərlər. Hikmət müəllim o çətin vaxtlarda heç kimdən küsmədi, çünki umacaq yeri yox idi. Qohum və tanışlar vitrinində nə dayılar var idi, nə də ki, əmilər. Beləliklə də yalnız özünə güvənmək qalırdı.


Özünə inam hissi böyük qüvvədir. Bu qüvvəni Hikmət müəllim özündə tapdı, ictimai mövqeyini nümayiş etdirə bildi, xidməti vəzifəsinin icrasında fərqlənməyi bacardı, xəritədə kişik görünən böyük Azərbaycanı köksünə sıxdı, barıt qoxulu Qarabağın azadlağı üçün mümkün olan gücünü əsirgəmədi.


Hikmət müəllim çiynində rütbə gəzdirməklə qələmini də yerə qoymadı. İyirmiyə yaxın kitabın müəllifi olan Hikmət Xudiyevin bədii yaradıcılığında olduğu kimi, yanğın təhlükəsizliyi ilə bağlı elmi araşdırmalarında da millilik qabarıq şəkildə özünə biruzə verdi.


Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, polkovnik Hikmət Xudiyev bu gün də tükənmədən xidməti fəaliyyətini, elmi və bədii yaradıcılığını uğurla davam etdirir. Əslində 60 il arzuları gerçəkləşdirmək üçün çox da yetərli bir rəqəm deyil. Elə buna görə də insan həmişə tələsir, hətta bəzən hadisələri qabaqlamaq istəyir. Yəqin ki, bu tələskənlik məqbul sayılmır, axı hər şeyin öz vaxtı var. Amma elə arzular var ki, onu həyata keçirmək üçün zamanın sürətindən çıxıb daha sürətlə irəli getməlisən. Hikmət müəllimin arzusu da zamanın ixtiyarına buraxılası arzulardan deyil. Elə yubiley günündə də Hikmət müəllimə ən böyük arzusunun, Qarabağın azadlığını görmək, Xankəndinə dönmək istəyinin gerçəkləşməsini arzulayaq.


Bu sətirlərin müəllifi olaraq həm qardaşın, həm də dostum olan Hikmət müəllimə şəxsi arzum isə Xankəndində sahibsiz qalan dədə məzarımızı ziyarət edəcək günə qədər Allahdan ömür istəməyimdir.


Bir daha təbrik edirəm, yubileyin mübarək! Gələcək illərin aydın və işıqlı olsun...



İlham Cəmiloğlu    

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi