Modern.az

“Bələdiyyə seçkisindəki namizədimizi tanımıram” - Seçici RƏYLƏRİ

“Bələdiyyə seçkisindəki namizədimizi tanımıram” - Seçici RƏYLƏRİ

22 Dekabr 2019, 15:28

Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Seçkiyə 24 saatdan az vaxt qaldığına görə, namizədlərin təbliğat-təşviqat kampaniyası da yekunlaşıb.

Maraqlıdır, namizədlərin təbliğat və təşfiqat prosesi qənaətbəxşdirmi? İnsanlar sabahkı seçkilərdə iştirak edəcək namizədlərlə tanış ola biliblərmi?

Modern.az bu barədə sorğunu təqdim edir:

V çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə Yasamal rayonunda məntəqələrin birində səs verəcəyini qeyd edib. O dairəsindəki namizədlərin təbliğat-təşfiqat kampaniyasında aktivliyindən  narazı deyil:

“Siyahıda olan Yeni Azərbaycan Partiyasının üzvlərindən birinə səs verməyi düşünürəm”.


V çağırış Milli Məclisin deputatı Aqil Abbas da bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərindədə səs verəcəyini söyləyib:


“Amma namizədlərin əksəriyyətini o qədər də tanımıram”.


Sosioloq Əhməd Qəşəmoğlu isə təbliğat-təşfiqat kampaniyasının o qədər də aktiv aparılmadığını düşünür:


“Mən namizədlərin siyahısı olan lövhəyə baxdım. Heç bir tanıdığım şəxs görə bilmədim. Onları tanımağım üçün əlverişli şərait də olmayıb. Adətən yaxşı seçki texnologiyası olanda həmin insanlar hətta qapı-qapı dolaşıb, vədlər verir, özlərini tanıtmağa çalışırlar. Amma bu dəfə belə bir təbliğat kampaniyası ilə rastlaşmamışam”.


Xalq artisti Flora Kərimova isə yaşadığı ərazidəki bələdiyyəyə namizədlərdən xəbərsizdir:


“Mən bağdayam, nadir hallarda şəhərə çıxıram. Ona görə də, dairəmizin namizədləri haqqında məlumat almamışam. Amma son zamanlar seçkilərə münasibət daha da ciddiləşib. Düşünürəm ki, millətimə layiqli insanlar seçilər”.


Jurnalist Təranə Xudabaxsiyeva  bir neçə gün əvvəl elan lövhələrindən şəkillər paylaşaraq, namizədlərin şəkillərinin asılmadığını bildirib:


“Şəkildən də göründüyü kimi dairəmizdəki bələdiyyəyə namizədləri tanımıram. Təəssüf hissi ilə deməliyəm ki, bələdiyyə seçkilərinin namizədlərinin PR-ı sıfır səviyyəsindədir. Onlar nəinki özlərini PR etmək, heç göstərmək də istəmirlər. O zaman sual yaranır: Biz kimə və nə üçün səs verək? Güvənib səs verəcəyimiz namizəd bizim problemləri illərlə həll edə biləcəkmi?! Sualım açıq qalır. Çünki namizədləri tanımıram onlara bu sualı ünvanlayım”.


Jurnalist Tural İbadlı isə yaşadığı ərazidən seçici siyahısında olmadığını söyləyib:


“Əvvəllər mən Salyan rayonunda qeydiyatda idim. Amma təxminən 15 aydır ki, Abşeron rayonunda qediyyatdayam. Buna baxmayaraq, mənim adım hələ də seçici siyahısında yoxdur. Yəni əvvəllər də belə olurdu. Hər seçki dönəmində mən MSK-nın “qaynar xətt”ini yığırdım, adımı siyahıya salırlar. Bu yaxınlarda seçici siyahısına baxdım və adımı orda görmədim. MSK-ya müraciət etdim. Sonra Abşeron dairə seçki komissiyasından zəng edib üzr istədilər, amma dedilər ki, adımı siyahıya sala bilməyəcəklər. Hətta bu, parlament seçkilərində də mümkün olmayacaq.

Amma, seçki günü özüm məntəqəyə yaxınlaşıb səs verə bilərəm. Qaldı namizədlərimizə, açığı heç birini tanımıram. Elan lövhələrində də adları yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı