Modern.az

Ermənistan Türkiyəyə qarşı ikinci “təzyiq cəbhəsi” açmaq istəyir

Ermənistan Türkiyəyə qarşı ikinci “təzyiq cəbhəsi” açmaq istəyir

22 Dekabr 2019, 19:09

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist 

Əgər Ermənistan öz iddiasından əl çəkməsə, onda gərək Azərbaycan da Rusiyanın qarşısına "Türkmənçay müqaviləsi"nin ləğvi məsələsini qoysun...

Bütün dünya yaxşı bilir ki, ermənilərin özlərindən uydurduqları "erməni soyqırımı" bir mifdir. Ancaq nəzərə alsaq ki, dövlətlərin əbədi dostu yox, əbədi maraqları olur, o zaman bu mifin yeri gələndə əldə bayraq edilərək Türkiyəyə qarşı siyasi "təzyiq aləti" kimi istifadəyə "yararlı" olması, bir çox dövlətlərin ondan açıq şəkildə imtina etməsinə əngəl yaradır. 

Sözsüz ki, 12 dekabrda ABŞ Konqresinin Türkiyəyə qarşı bu "təzyiq aləti"ni işə salıb qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul etməsinin səbəbləri heç kimə sirr deyil. Yəni Türkiyənin ABŞ-ın yaxın şərq siyasətinə əks getməsi, xüsusən də Suriyada terrorçuların kimlər tərəfindən dəstəkləndiklərini ifşa etməsi, bu üzdən də öz dövlət maraqlarını qorumaq məqsədi ilə ora qoşun yeritməsi, həmçinin Rusiyadan S-400 raket kompleksini alması ABŞ-ın əlindəki "erməni soyqırım" kartını yenidən "qarışdırdı".

Doğrudur, mahiyyət etibarı ilə milçək vızıltısına bənzəyən bu son 159 saylı "qətnamə" öhdəlik baxımından heç bir hüquqi qüvvəyə malik olmasa da, amma haqsız olduğundan hələki ürək bulandırır. Əlbəttə, erməni politoloqu Narek Minasyan da qeyd edir ki, ermənilər bu "qətnamə"nin hüquqi gücünün olmadığını yaxşı anlayırlar. Çünki indiyədək bir çox ölkələr, həmçinin Rusiya da bu qondarma "oyunu" tanıyıb, amma bu, Türkiyənin siyasətinə heç bir təsir etməyib. Ancaq haylar bunu işin çox vacib olan ilk mərhələsi kimi dəyərləndirirlər və növbəti mərhələdə qarşıya Konqres, həmçinin dünyanı qara günə qoyan "Ağ ev"lə mütəmadi olaraq "iş" apararaq hüquqi gücə malik olan yeni bir qətnamə qəbul etdirmək vəzifəsi qoyurlar.

Diqqət edin, "Sputnik Armeniya"-ya müsahibə verən Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq institutunun direktoru Ruben Safrastyan ABŞ Konqresinin son qətnaməsindən ruhlanaraq - "Ölkə diplomatiyası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını təbliğ etmək üçün dünyada erməni amilinin güclənməsindən yararlanmalıdır..." - deyir. Yeri gəlmişkən, "Sputnik Armeniya" bu yazını - "Dünyada erməni  faktorunun güclənməsi: növbəti dayanacaq Qarabağın müstəqilliyi olacaq?" başlığı ilə təqdim edib.

 

Bu arada onu qeyd edək ki, əgər ermənilər 1915-ci ildə soylarının qırılıb ya qırılmadığını həqiqətən də hüquqi baxımdan təsdiq etdirmək istəyirlərsə, o zaman Türkiyənin illərdir təklif etdiyi - "tarixçilərdən ibarət komissiya yaradılsın və arxivlər açılsın" çağırışına razılıq verməlidirlər. Əgər tarixi arxiv sənədlərində ermənilərin soylarının qırılmış olduğu sübut olunsa, bundan sonra onlar beynəlxalq məhkəməyə müraciət edib öz təzminatlarını tələb edə bilərlər. Sadəcə ermənilər özləri də yaxşı bilirlər ki, arxivlər açılsa tarixi sənədlərin "tozu" ilk növbədə elə onların öz gözlərinə dolacaq və milli ideologiya kimi qəbul etdikləri - "Böyük Ermənistan" 1988-ci ildə baş verən zəlzələdə batan Spitak kimi batacaq. Bu üzdən də ermənilər uydurduqları bu mifin bəzi dünya ölkələri tərəfindən Türkiyəyə qarşı əlverişli "təzyiq aləti" olduğunu da yaxşı anladıqlarından istəyirlər ki, "soyqırıqlıqlarını" tarixi sənəd-sübut olmadan hüquqi qüvvəyə mindirsinlər və təzminat kimi hazırda Türkiyəyə məxsus olan, ancaq ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları əraziləri ələ keçirsinlər. Əlbəttə, onların bu mifi heç bir hüquqa, heç bir fakta  söykənmədiyindən onun hüquqi qüvvəyə malik olub həyata keçəcəyinə heç kim, həmçinin elə ermənilərin özləri də inammırlar.

 

Yuxarıda qeyd etdiyimiz erməni politoloqu Narek Minasyanın fikrindən fərqli olaraq, indi bir çox "ermənibaşlar" ABŞ qarşısında qoyduqları "soyqırım" məsələsinin tanıdılması işinin artıq sona çatdığını deyirlər. Məhz bu üzdən də Ermənistan Türkiyəyə qarşı ikinci "təzyiq cəbhəsi" açmaq istəyir. Onlar bu dəfə ABŞ tərəfindən "şulercəsinə" qarışdırılmış "soyqırım kartı"nı ələ götürüb Rusiya ilə "21" oyunu oynamaq fikrindədirlər.     

Baxın, ermənilər hesab edirlər ki, ABŞ senatının qəbul etdiyi son qətnamə artıq öz-özlüyündə Rusiyadan 1915-1923-cü illərdə baş verən erməni məsələləri ilə bağlı son qərar verməsini tələb edir. Onlar burada, Rusiyanın ABŞ-la dost olmadığından, amma Türkiyə ilə isti münasibətləri olduğunu əsas gətirərək, Rusiya mediasında əsaslı faktlarla "erməni soyqırımı"nın təkzib edilməsini qəbul etmirlər və bu təbliğatın auditoriyaya "erməni soyqırımı"nın birmənalı olaraq yalan olduğunu göstərdiyinə görə narahatlıqlarını bildirirlər.

Ermənilər indiki halda Ermənistanın Rusiya tərəfindən təbii qazla "boğulduğunu", həmçinin, güya Qarabağın Azərbaycana təslim edilməsinə məcbur edilməsini 1917-1923-cü illərdə Sovet Rusiyasının onlarla eyni cür davrandıqları kimi səciyyələndirirlər. Beləliklə, baş verən olaylardan çıxarış edən ermənilər siyasi spekulyasiyaya əl ataraq Rusiyanın qarşısına - "Ermənistan Rusiyanın, yoxsa ABŞ-ın yanında olmalıdır?" sualını qoyurlar.

Sözsüz ki, həmişə olduğu kimi öz istəklərinə çatmaq üçün "məzlum" qiyafədə  "qaragözlük" edən hayların bu dəfəki hay-həşir salmalarında əsas məqsəd Rusiya Sovet Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında 16 mart 1921-ci ildə bağlanmış Moskva sülh müqavilənin ləğv olunmasına nail olmaqdır. Bu arada onu da qeyd edək ki, Moskva müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin ilin 13 oktyabrında Azərbaycan, Gürcüstan və Ermənistan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan bu müqavilə Qars müqaviləsi adlanır. Bitmə müddəti müəyyənləşdirilməmiş müqavilə 11 sentyabr 1922-ci ildən qüvvəyə minmişdir. Bu əsnada bir məqam da maraqlıdır ki, hələ 1995-ci ildə Rusiya qondarma "erməni soyqırımı"nı tanıdıqdan dərhal sonra Türkiyəyə - "Bu, hüquqi əhəmiyyətə malik deyil və 1921-ci ildə bağlanmış müqavilələr öz qüvvəsində qalacaqdır" deyə, olayla bağlı şifahi arayış versə də, ancaq ermənilər Rusiya ilə "21 oyunu" oynamaqda görünür israrlıdırlar.

Ancaq ötən illərdə ermənilər bu müqavilənin ləğvinə bir neçə dəfə cəhd etsələr də nail ola bilməyiblər. Ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə həmişə ərazi iddialarını mü­dafiə ediblər. Qars konfransından sonra qaldırılan "er­məni məsələsi" ilə bağlı Mustafa Kamal Atatürk 1 mart 1922-ci ildə çıxışı zamanı - "Bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Serv müqaviləsinin tətbiqolunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır" deyə, bu məsələni o zaman birdəfəlik bağlamışdır.

1945-ci ilin iyununda isə SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etmişdi. Hətta bu ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. SSRİ-nin bu iddiası ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Amma müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da artırmasını qəbul etməyən İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu və nəticədə SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi. 2016-cı ildə də ermənipərəst bəzi rus deputatların bu müqavilənin ləğvi ilə bağlı tələbləri mediada gündəmə gəlmişdir.

Aydın məsələdir ki, qondarma "soyqırım"la öz istəklərinə nail ola bilməyəcəklərini anlayan ermənilər Rusiyadan bu müqavilənin ləğv olunmasını istəməklə, Türkiyəyə qarşı yeni "təzyiq aləti" düzəldib Qarabağı de-yure təsdiqlətmək, Naxçıvana və Türkiyənin bir çox ərazilərinə olan torpaq iddialarını isə aktiv fazaya keçirmək istəyirlər.

Naxçıvan demişkən, Türk ordusunun Suriya ərazisində apardığı antiterror əməliyyatları zamanı erməni mediası - "Türk ordusunun başının Suriyada qatıldığı bir zamanda Ermənistan aktivlik sərgiləməli, fürsətdən istifadə edərək Naxçıvan ərazisinə daxil olmalı, habelə Azərbaycana qarşı yeni hücumlar təşkil etməlidir" - yazıb, çağırışlar edirdi.

Əslində ermənilərin "21 oyununa" tarixçilər və siyasətşünaslar fikir bildirsələr, bu daha doğru olardı, ancaq son olaraq belə qənaətə gəlmək olar ki, əgər Ermənistan öz yersiz iddiasından əl çəkməsə, onda gərək Azərbaycan da Rusiyanın qarşısına "Türkmənçay müqaviləsi"nin ləğvi məsələsini qoysun. Bundan əlavə, 1918-ci ildə ermənilərə dövlət yaratmaları üçün verilmiş İrəvan, həmçinin bolşeviklərin Qafqazı işğal edərkən ermənilərə təslim etdiyi Zəngəzur mahalı geri istənilsin.

Ancaq müasir dünyada onu da unutmaq olmaz ki, 1975-ci ildə qəbul olunmuş "Helsinski yekun aktı"nda qəbul edilmiş - sərhədlərinin toxunulmazlığı, suveren bərabərlik, dövlətlərin ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi və digər prinsiplər təsdiqlənib və hər bir ölkənin bu aktın qəbul olunduğu tarixədək yaşadığı ərazilər onun hüquqi ərazisi hesab olunub. Bu prinsiplərin hansısa formada pozulması sözsüz ki, beynəlxalq qanunlara ziddir. Ermənistanın beynəlxalq qanunlara "barmaqarası" baxdığını Qarabağ münaqişəsi fonunda Azərbaycan xalqı yaxşı bildiyindən, onun Naxçıvanla bağlı səsləndirdiyi iddialara qarşı rəsmi Bakı gərək birdəfəlik sərt mövqe ortaya qoysun!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu