Modern.az

Jurnalistlərin razı qaldıqları mətbuat katibləri... - ADLAR

Jurnalistlərin razı qaldıqları mətbuat katibləri... - ADLAR

24 Dekabr 2019, 09:59

Dövlət orqanlarının jurnalistə ən əlçatan işçisi mətbuat katibi olmalıdır desək, yəqin ki, bütün həmkarlarımız bizimlə razılaşar. Təəssüf ki, reallıq bunu əks etdirmir. Bəzi mətbuat katibləri sadəcə sözdə o vəzifəni icra edir, amma nə yaxşı ki, operativ və mediaya açıq mətbuat xidmətləri də az deyil.


Maraqlıdır, jurnalistlər hansı mətbuat xidmətlərinin işindən razıdırlar?


Modern.az saytı fəaliyyəti razılıq doğuran mətbuat xidmətlərinin kimliyini öyrənmək üçün jurnalistlər arasında sorğu keçirib.

Modern.az-ın əməkdaşı Gülşən Raufqızı bildirib ki, elektron KİV-lərin yazılı medianı üstələdiyi bir dövrdə operativlik bütün tələblərdən önə keçir:


“Bu baxımdan jurnalistin baş verən hadisəyə çevik yanaşması həm də məsələnin birbaşa bağlı olduğu dövət qurumundan asılıdır. Təsəvvür edin, hansısa məlumat əldə edirsən, onu həmin dövlət qurumuna təsdiqlətməmiş yaya bilmirsən. Yayanda da deyirlər “bu, qeyri-peşəkarlıqdır”. Bu mənada bizim operativliyimiz həm də dövlət qurumlarının mətbuat katiblərinin fəaliyyətindən birbaşa asılıdır. Nə yaxşı ki, son vaxtlar dövlət qurumlarının mətbuat xidmətlərində müsbətə doğru dəyişiklik hiss ediləcək dərəcədədir.

Dövlət qurumları ilə sıx işləyən jurnalist kimi demək olar ki, həftə ərzində dəfələrlə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova hansısa məsələ ilə bağlı müraciət edirəm. Mən hələ onlardan “cavab yoxdur” ifadəsini eşitməmişəm. Onlar mütləq hansısa vasitə ilə - ya telefonla, ya da sosial şəbəkə vasitəsilə sullara cavab verirlər. Eyni zamanda, “Azəriqaz” QSC-nin mətbuat katibi Ceyhun Səfərov, “Azərişıq” QSC-nin mətbuat katibi Tanrıverdi Mustafayev, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıbov, Vergilər Nazirliyinin əməkdaşı Şahin Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova, Kənd Təsərrüfatı Nazirliynin mətbuat katibi Vüqar Hüseynov, İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev, DANX-ın mətbuat katibi Nuridə Allahyarova, Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, "ASAN" xidmətin mətbuat katibi Elnur Niftəliyev, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev,  Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin əməkdaşları sorğularımı cavabsız qoymurlar.

 


Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bir çox hallarda baş verən hadisələrlə bağlı məlumatları ümumi yayır. Güc strukturları olduğundan bu da başadüşüləndir.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva yeni təyin olunmasına baxmayaraq, mətbuatla əlaqələrin qurulmasında maraqlıdır.

 

Xüsusi olaraq, ötən ilin noyabrında Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbərinin dəyişdirilməsi və bu vəzifəyə İsrafil Kərimovun təyin olunmasını vurğulamaq istərdim. Çünki keçmiş həmkarı Nailə Məmmədovadan fərqli olaraq, İsrafil Kərimov vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Sağ əli Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın başına deyirəm. Yeri gəlmişkən, az qala 1 ay olacaq ki, Maliyyə Nazirliyinə sorğu göndərmişəm, hələ də cavab yoxdur. Mətbuat katibi bildirir ki, “sorğu müvafiq şöbəyə yönləndirilib”. Bir sözlə sorğunun cavabı nəsə çox məşəqqətli yollardan keçir”. 


“Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu 
bir sıra mətbuat katiblərinin vəzifəyə təyin olunandan sonra dəyişdiyini deyir:


“Məmurlaşdıqlarına görə bəzi mətbuat katibləri jurnalistlər üçün əlçatmaz olurlar. Ümumiyyətlə, mətbuat katibinin sorğulara operativ cavab verməsi həmin qurumla bağlı dezinformasiyaların yaranmasına imkan vermir. Hazırda işindən razı olduğum mətbuat katibi ƏƏSMN-dən Fazil Talıbov, Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov, BNA-nın mətbuat katibi Mais Ağayev, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, MSK-nın mətbuat katibi Şahin Əsədli, DİN-nin regional qrupları, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov və “ASAN Xidmət”dən Elnur Niftəliyevdir”.



“Kaspi” qəzetinin əməkdaşı Xəyalə Rəis 
deyir ki, ən razı qaldığı mətbuat xidməti Mədəniyyət Nazirliyinə mənsubdur: 


“Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox bizim işimizə yarayar. Əslində onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, bizimıə əlaqə qurmaqdır. Bəzən olur ki, media nümayəndəsi ilə mətbuat katiblərinin arasında anlaşılmazlıq yaranır. Belə ki, hansısa qurumun mətbuat katibi media nümayəndələrini sualları düzgün ünvanlamamaqda, həmin təşkilatla bağlı prosesləri bilməməkdə suçlayırlar. Bəzi hallarda mətbuat xidmətləri məsuliyyətdən və cavabdan qaçmaq üçün də bunu edə bilərlər.  Bəzən isə apardığımız bir araşdırma ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxladıqda deyirlər “suallarınızı e-mailimizə göndərin”. Həmin prosesin  üzərindən bir həftə keçdikdən sonra bizə hər suala bir cümləlik cavab yazıb göndərirlər. Məsələnin üzərindən bir həftə keçdikdən sonra nə o sualın bir mahiyyəti qalır, nə də həmin suala verilən cavabın. 
Mənim bu mövsüm ən çox razı qaldığım qurum isə Mədəniyyət Nazirliyinin mətbuat katibidir. Belə ki, nazirliyə yeni gələn gənc kadrlar həqiqətən çox operativ və axtardığımız suallara zamanında cavab verməyi bacarırlar.  Türkan Cəfərova hər gün nazirliyin keçirdiyi tədbirləri vatsap və email vasitəsi ilə bizə göndərərək,  öncədən keçirilən tədbirlərlə bağlı bizi məlumatlandırır. Bundan başqa,  teatrlarımızın mətbuat xidmətləri də çox operativdirlər. Onların iş prinsipi də məni qane edir. Onlarla bərabər,  Beynəlxalq Muğam Mərkəzinin mətbuat katibi Lalə Azəri ilə bir neçə dəfə əlaqə saxlamışam və zamanında məni yönləndirib, lazımi insanların nömrələrin tapılmasında, mərkəzdə olan yeniliklər, layihələrlə bağlı məlumatın operativ ötürülməsində aktiv bir xanımdır”.


“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə
 razı qaldığı mətbuat katiblərini belə sıralayıb:

““Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova, “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, BNA-nın mətbuat katibi Mais Ağayev, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu, Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli, Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli razı qaldığım mətbuat katibləri sırasındadır”. 


“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı 
əsasən ali təhsil müəssələrinin mətbuat xidmətlərinin adını çəkib:


“Fəaliyyətindən razı qaldıqlarım sırasında DİN-in mətbuat xidmətinin əməkdaşlarını da qeyd edə bilərəm. UNEC-in, BDU-nun, ATU-nun, DGK-nın, DGK Akademiyasının mətbuat xidmətlərinin rəhbərlərinin adlarını çəkmək olar. Onlar mətbuatla demək olar ki, hər gün əlaqə saxlayır, müxtəlif informasiyalar verirlər”.

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd bu məsələ ilə bağlı ümumi vəziyyətin qənaətbəxş olduğunu söyləyərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin medianın önəmini, mahiyyətini, rolunu, gücünü dönə-dönə vurğulamasından sonra ayrı-ayrı məmurlar da  mətbuata xüsusi diqqət yetirməyə başlayıblar:

“Etiraf edək ki, əvvəllər belə deyildi. Hansısa dövlət qurumundan, lap elə “JEK” müdirindən belə münasibət almaq mümkün olmurdu. Hətta bəziləri jurnalistlərə 3-cü, 4-cü sort insanlar kimi baxırdılar. Bəzi məqamlarda jurnalistlər aşağılanırdı. Lakin qeyd etdiyim kimi, ölkə başçısının mediaya göstərdiyi diqqət, dəfələrlə “Mən mediadan məlumatlar alıram” siqnalını verməsi bəzi məmurların əl-ayağını yığdı. Bir zamanlar öz mətbuat katibinə media ilə işləməyi yasaqlayan, ümumiyyətlə, mətbuat katibi ştatını ləğv edən qurumlar indi yenidən ələ-ayağa düşüblər. Bu mənada indiki halda dövlət qurumları rəhbərlərinin, eləcə də o qurumların məbutat katiblərinin mediaya münasibətində müsbət bir dönüş yaranıb.  Mənim 5 il əvvəl verdiyim açıqlama ilə bugünkü münasibətimi müqayisə etsəniz,  bir paradoksla qarşılaşacaqsınız. İndi mətbuat katibləri də media ilə intensiv, sıx əlaqələr qurmaqda maraqlıdırlar. 
Yaxşı işləyənlər sırasında Dövlət İmtahan Mərkəzi (DİM), “ASAN Xidmət”, Ekologiya Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, BNA, “Bakı Metropoliteni”, Dövlət Gömrük Komitəsi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərenereji” ASC, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət  Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və başqa qurumların mətbuat katiblərini misal göstərə bilərəm. Bu qurumların mətbuat katiblərindən xəbər almaq həmişə mümkün olub. 
Amma onu da əlavə edim ki, hələ də jurnalistlərdən qaçmaq istəyən mətbuat katibləri var. Biri elə bizim Mais Ağayev. Əvvəllər aktiv idi, sonradan... 
Bununla yanaşı, hələ də “sualınızı bizə sorğu şəkilində göndərin” deyib o sualın cavabını günlərlə, həftələrlə “iyləndirən” dövlət qurumları da mövcuddur. İnanıram, onlar da özlərində cəsarət tapıb mətbuatın qarşısına çıxacaqlar”.



A.Əhməd mətbuat katiblərinin media ilə təmasında, işbirliyində müəyyən arzuolunmaz məqamların, nöqsanların  olduğunu da dilə gətirib: 

“Bu işlərdə bəyənmədiyim məsələ bilirsiniz nədi? Dövlət qurumuna media ilə işlə deyəndə, onlar bir qrup mətbuat nümayəndəsini avtobusa doldurub, hansısa otelə aparıb qonaqlıq verirlər. Doğru deyil. Bu, bir az asılılıq yaradır axı. Jurnalistin “dilini gödəldir”, qələmini qırır.  Biz ənənələr ölkəsiyik. Çörək kəsdiyimiz bir adamın rəhbərlik etdiyi qurumda hər hansı neqativ hadisə baş verən zaman, o çörəyi tapdayıb, olayla bağlı obyektiv məqalə yaza bilmirik. Ona görə, jurnalistlərə balıq yox, tilov vermək gərəkir. Jurnalistə dolma, kabab deyil, operativ xəbər verin ki, o media nümayəndəsi də xəbəri istehsal edib, qonararını alsın. Həmin qonararla da istədiyini alıb, nuş etsin. Gərək dövlət qurumları da  yanaşmalarını dəyişsinlər.    Bütün hallarda ümumi fon, mənzərə, palitra xoşagələndir».



“Oxu.az” saytının əməkdaşı 
 Könül Cəfərli deyib ki, bəzi qurumların özləri  məlumatların ictimailəşməsində maraqlıdır:


“Baş verən hadisə və mövzuya görə mətbuat xidmətinin operativliyi dəyişir. Müntəzəm olaraq çalışdığım qurumlar arasında “Bakı Metropoliteni” - Bəxtiyar Məmmədov, Gömrük Komitəsi - Natiq Axundov, “Azərişıq” - Tanrıverdi Mustafayev, Səhiyyə Nazirliyi - Pərviz Abubəkirov, Vergilər Nazirliyi - Şahin Məmmədov, "Azərsu" - Anar Cəbrayıllı, “Azərbaycan Dəmir Yolları” - Natəvan Bayramova müraciətlərə daha tez və dolğun cavab verir. Ən pis ehtimalda vaxt itkisinə yol vermədən müvafiq şöbələrə yönləndirmələri də müsbət haldır deyə,  düşünürəm. Bu cavab digər qurumları kölgədə qoymasın. Çünki, mən sadəcə çalışdığım qurumlar arasından misal göstərdim. Digər qurumlar da jurnalistlərlə maksimum sıx əməkdaşlıq etməyə can atır. Yenə də deyirəm, hər şey nisbidir”. 


“Report.az” saytının “İqtisadiyyyat” bölməsinin müxbri Aynur Bayramova 
öz sahəsinə uyğun olaraq razı qaldığı mətbuat xidmərlərini belə sıralayıb:


““Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin işçisi Zaur İsayev daim sorğularıma və işimin asanlaşmasına kömək olur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mətbuat katibi Vüsalə Quliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının fəaliyyəti də məni tam qane edir”.



“Axar.az” saytının əməkdaşı Billurə Yunus
un fəaliyyətini yüksək qiymətləndirdiyi mıətbuat katibləri bunlardır:


““Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu, AMEA Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov, “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunmasının İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Fariz Hüseynov, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla”.



“Ayna.az” saytının əməkdaşı Təranə Xudabaxşiyevanın 
razı qaldığı mətbuat katibləri aşağıdakılardır: 

“Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, “Azərbaycan Avtomobil Yolları” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı”.



“Lent.az”
 saytının əməkdaşı Hicranə İsmayılova əvvəlki illərdən fərqli olaraq 2019-cu ildə demək olar ki, suallarına cavab tapmaqda çətinlik çəkmədiyini deyir: 

“Düzdür, bəzi mövzular olub ki, rəsmi cavab verilməyib, ancaq ümumilikdə mətbuat xidmətlərinin əksəriyyətindən razıyam. Onlar arasında mütəmadi işlədiklərim və cavab aldıqlarımın isə sayı çoxdur. Məsələn, “Bakı Metropoliteni” QSC -nin mətbuat katibi Bəxtiyar Məmmədov, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev, “Azərbaycan Avtomobil Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin  mətbuat katibi Pərvin Məmmədova, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Aysel Fərziyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, "Azərsu"yun mətbuat katibi Anar Cəbrayıllı, "Azəriqaz"ın mətbuat katibi Ceyhun Səfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov, Təhsil Nazirliyininin mətbuat xidmətindən Billurə Hacızadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev, Bakı Şəhəri İcra Hakimiyyətinin sözçüsü  İsrafil Kərimov, Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova, Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli, İlahiyyat İnistitunun mətbuat katibi Ayşən Hüseynova,  “Azərbaycan Hava Yolları” QSC-nin sözçüsü Paşa Kəsəmənski və s. 
Əslində sadaladıqlarımın siyahısını artırmaq da mümkündür, sadəcə hazırda ağlımda qalanlar bunlardır. Ümid edirəm ki, 2020-ci ildə mətbuat katibləri daha ciddi olaraq öz üzərilərində işləyəcəklər və fəaliyyətləri daha da yaxşılaşacaq. Buradan digər mətbuat xidmətlərinin əməkdaşlarına isə səslənirəm ki, fəaliyyətlərində örnək götürsünlər. Çünki sözügedən vəzifə ancaq press-reliz hazırlamaqdan və tədbirlər təşkil etməkdən ibarət deyil”.



“Qafqazinfo”nun əməkdaşı Günel Türksoy 
fəaliyyətini yüksək qiymətləndirdiyi mətbuat katiblərini belə qruplaşdırıb:


“Fəaliyyətindən razı qaldığım mətbuat xidmətlərinin içərisində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev, “Azərbaycan Avtomobil Yolları”  ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Faziln Talıbov, “Bakı Metropoliteni” QSC -nin mətbuat katibi Bəxtiyar Məmmədov, Gömrük Komitəsinin mətbuat katibi  Natiq Axundov, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədov, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev və hazırda adlarını unutduğum bəzi mətbuat katibləri var”.


“525-ci qəzet”in əməkdaşı Sevinc Qarayevanın 
cavabı isə belə olub:

“Başı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov, UNEC-dən Elnarə Məmmədova, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininmətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva, Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə razı qaldığım mətbuat katibləri arasındadır”.


“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Nigar Adil 
gənc mətbuat katibləri ilə işləməyin daha rahat olduğunu deyir:


“Elektron media və sosial şəbəkələrin həyatımıza hakim olduğu bir zamanda jurnalist olaraq bir nömrəli vəzifəmiz xəbəri gecikdirmədən və obyektiv şəkildə yayımlamaqdır. Bu işdə əməkdaşlıq etdiyimiz qurumları təmsil edən mətbuat katibləri bizim ən böyük dəstəkçilərimizdir. Məhz onların operativliyi sayəsində biz xəbəri, baş vermiş hər hansı hadisə ilə bağlı aidiyyatı qurumu təmsil edən rəsmilərin fikirlərini zamanında yayımlaya bilirik. Gənc mətbuat katibləri ilə işləmək daha əlverişlidir. Çünki onlar da bizim kimi xəbərin operativ yayımlanmasına önəm verirlər. İl ərzində çalışıb və razı qaldığım qurumlar və mətbuat katibləri bunlardı: 
Mədəniyyət Nazirliyinin mətbuat katibi Türkan Cəfərova, Muğam Mərkəzinin mətbuat katibi Lalə Azəri, Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova, “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev və Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli”.



“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli 
deyir ki, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərlə həmkar olmalarına baxmayaraq, bəziləri vəzifəyə təyin olunduqdan sonra bu həqiqəti unudurlar:

“Dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri də bizim həmkarlarımızdırlar. Amma təəssüflər olsun ki, bəzi jurnalistlər hansısa qurumun mətbuat xidmətinin rəhbəri təyin edildikdə məmurdan da sərt olur. Təbii ki, bu, təkcə ondan asılı olan məsələ deyil. Qurumun rəhbəri necə sistem qurursa, mətbuat xidməti də ona uyğun davranır. Baş Prokurorluğun, Mərkəzi Seçki Komissiyasının, Milli Məclisin, Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Xidmət”in, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, “Azərsu”, “Azərişıq”, “Bakı Metropoliteni”ninn mətbuat xidmətlərinin rəhbərlərinin işindən çox razıyıq. Yəni istənilən saatda bu insanlara zəng edə, cavab ala bilərsiniz. Digər qurumların mətbuat xidmətlərinə də bu cür işləməyi tövsiyə edirəm. İşində qüsur olmayan məmur mediadan çəkinmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır