Modern.az

Bələdiyyə seçkilərində seçici fəallığı niyə aşağı oldu?

Bələdiyyə seçkilərində seçici fəallığı niyə aşağı oldu?

24 Dekabr 2019, 13:16

“Ötən bələdiyyə seçkilərində seçici fəallığı 38,25 faiz idi. Bu ilki seçkilərdə isə 6 faiz aşağı düşüb”.

 

Bu sözləri Modern.az-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib. O, qeyd edib ki, fəallığın aşağı olmasının səbəbi seçkilərin bələdiyyə seçkisi olmasıdır:

 

“Əvvəllər - 1999-cu ildə, ilk bələdiyyə seçkiləri keçiriləndə insanların bələdiyyələrə böyük inamı var idi. Yerli özünüidarə kimi bələdiyyələrin əhalinin problemlərinin həllində böyük rol oynayacağına inanırdılar. Son illərdə bələdiyyələrin səlahiyyətinin az olması, nüfuzunun aşağı düşməsi, hətta bəzi bələdiyyə sədrlərinin məsuliyyətə cəlb eidlməsi, yerli özünüidarə təcrübəsinin səmərə vermədiyini göstərdi. Əhalinin də bələdiyyələrə inamı azaldı. Amma növbəti dövrdə əgər bələdiyyələrə yeni səlahiyyətlər verilərsə, onların xalq arasında nüfuzu artarsa, seçkilərdə yenidən fəallığı hiss edə bilərik. İctimai rəy böyük qüvvədir. Hakimiyyət özü də bələdiyyələrə münasibətin necə olduğundan xəbərdardır. Ola bilər, yeni tərkib bələdiyyələrə yeni səlahiyyətlər də verilsin. Xüsusilə, icra başçılarının bəldiyyə işlərinə qarışmaması təmin edilsə, bələdiyyələrin fəaliyyəti aktivləşə bilər”.

 

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 38 621 seçicidən 16 800 nəfəri (43.50 faiz) səs verib. Seçici fəallığının ən aşağı olduğu dairə isə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 085 seçicidən 10 156 nəfəri (24.13 faiz) səs verib. Ümumilikdə, respublika üzrə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?