Modern.az

İcra başçısı Gəncədə 3 gün bayram keçirilməsinə qərar verib - FOTO

İcra başçısı Gəncədə 3 gün bayram keçirilməsinə qərar verib - FOTO

Aktual

20 Mart 2012, 11:28

Gəncədə Novruz meydanının açılışı olub. Baharın gəlişi münasibəti ilə meydanda keçirilən tədbirdə “Novruz şou” adlı proqram nümayiş etdirilib. Bu günkü tədbirlə Gəncədə 3 günlük bayram tədbirlərinə start verilib.

İllərdir baxımsız vəziyyətdə olan Novruz meydanı bayram münasibəti ilə əsaslı təmir edilərək yenidən qurulub və şəhər sakinlərinin istifadəsinə verilib.

Modern.az-ın məlumatına görə, açılış mərasimində Gəncə şəhər icra başçısı Elmar Vəliyev yenidən qurmadan sonra meydanla tanış olub. İcra başçısına məlumat verilib ki, meydan yazı gəlişini təcəssüm etdirən səməni  və müxtəlif xarici ölkələrdən gətirilən 3500-dən artıq gül-çiçəklə bəzədilib, Novruz abidəsi təmir edilib, fəvvarə qurulub. Bayram münasibəti ilə meydanda adət ənənələrimizi özündə əks etdirən, bayram süfrəsinin ayrılmaz hissəsi olan müxtəlif təamların hazırlanmasını nümayiş etdirən səhnəciklər göstərilib. İcra başçısı çıxış edərək Gəncə sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib və bayramın şəhərdə silsilə tədbirlərlə davam edəcəyini qeyd edib.

Elmar Vəliyev: “Bu gün bayramla yanaşı Yeni Gəncə qəsəbəsində abadlıq quruculuq işlərinə də start verdik. 28 may prospekti yenidən qurulur. Burda müasir işıqlanma dirəkləri qoyulacaq, asfalt salınacaq, bir sözlə qəsəbənin abadlaşdırılması üçün böyük işlər görüləcək”.

Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam etdirilib. Novruz bayramının əsas qəhramanları kosa və keçəl, Bahar qızı və Dədə Qorqud müxtəlif səhnəciklərlə sakinləri təbrik edib. Yumurta döyüşdürülüb, şəhərin incəsənət xadimlərinin ifasında müxtəlif mahnılar səsləndirilib. Bayram tonqalı yandırılıb, tonqal ətrafında halay vuruluraq rəqs edilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!