Modern.az

Mehman Hüseynov “Hərəkət” seçki blokunun məqsədlərindən DANIŞDI

Mehman Hüseynov “Hərəkət” seçki blokunun məqsədlərindən DANIŞDI

25 Dekabr 2019, 17:53

Bu gün parlament seçkilərində iştirak üçün gənclərin yaratdığı “Hərəkət” adlı seçki blokunun təqdimatı keçirilib.

Modern.az-ın məlumatına görə, blokun namizədləri arasında tanınmışlardan Azər Qasımlı, Elgiz Qəhrəman, Mehman Hüseynov, Turqut Qəmbər, Rəbiyyə Məmmədova, İlkin Rüstəmzadə və başqaları var.

Blok üzvlərindən biri olan Mehman Hüseynov Modern.az-a birliyin fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, bloku bələdiyyə seçkilərinə getməzdən əvvəl yaratmaq fikrində olublar:


“Növbədənkənar parlament seçkilərinin elan olunması buna köklənməyimizə səbəb oldu. Hərəkatda müstəqil gənclər, heç bir partiyanın üzvü olmayan siyasətçilər toplaşıb. Bu bloku yaratmışıq ki, sırf insanlarla işləyib, seçiciləri prosesə cəlb edək. Seçkilərdə sözsüz ki, mübarizə aparacağıq. Amma məqsəd mandat almaq deyil. Əsas məqsədimiz seçkilərdə yeni ab-hava yaratmaqdır. Fəallaşmaq və insanları oyatmaq istiqamətində fəaliyyət üçün bu blok yaradılıb”.  

Mehman Hüseynov parlament seçkilərində namizədliyin təsdiq olunması üçün artıq imza toplamağa başladığını söyləyib:

“Düşünürəm ki, 2-3 günə imzaların hamısı tamamlanacaq. 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən parlament seçkilərinə qatılıram. Bu seçkilərdə də fərqli seçki kampaniyası aparacağıq. Blok daxilində ayrı məsələ, amma mən fərdi qaydada seçki kampaniyamı kreativ, maraqlı həyata keçirmək üçün əlimdən gələni edəcəyəm”.

“Hərəkət” Blokunun gələcəkdə siyasi təşkilata, partiyaya çevrilməsi haqqında söz-söhbətlərə gəlincə, M. Hüseynov bunun üçün bütün üzvlərin həmrəyliyinin gərəkli olduğunu düşünür:

“Blok sırf iki aylıq bir təsisatdır. Seçki prosesinə hazırlıq üçün formalaşdırılmış birlikdir. Gələcəkdə siyasi təşkilata çevrilib, çevrilməyəcəyi haqqında bir söz deyə bilmərəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir