Modern.az

Bizimkilər - Zəminə Əliyeva: “Uşaq yaşlarımdan həyatda ata-anasız addımlayıram” - MÜSAHİBƏ

Bizimkilər - Zəminə Əliyeva: “Uşaq yaşlarımdan həyatda ata-anasız addımlayıram” - MÜSAHİBƏ

27 Dekabr 2019, 09:06

Modern.az saytı “Bizimkilər”rubrikasına davam edir. Biz bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikanın budəfəki qonağı  Energetika nazirinin müşaviri-mətbuat katibi Zəminə Əliyevadır.

 

Zəminə Əliyeva 25 dekabr 1980-ci ildə Zəngilanda anadan olub. 2002-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2002-2013-cü illərdə ANS TV-də müxbir, aparıcı redaktor, baş aparıcı redaktor olub. "Xəbərçi" informasiya proqramında reportyor və aparıcı, "Nəzər Nöqtəsi", "Ötən Həftə" analitik verilişlərində aparıcı, "Xüsusi Tədqiqat", “ASTAR" və "Doğruya Doğru" proqramlarının müəllif və aparıcısı kimi çalışıb. Xeyli sayda sənədli filmin müəllifidir. 2013-2015-ci illərdə Space TV-də Xəbərlər Departamentinin rəhbər müavini işləyib. 2015-2018-ci illərdə Energetika Nazirliyində mətbuat katibi, “Dövlət proqramlarının hazırlanması və icrasına nəzarət”, “İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbələrində müdir müavini işləyib. 2018-ci ilin 14 iyun tarixindən indiyə kimi Energetika nazirinin müşaviri-mətbuat katibidir. Ailəlidir, 2 qızı var.

 

-Zəminə xanım necə oldu ki, jurnalistika istiqamətini seçdiniz?

 

-Hələ orta məktəbdə oxuyanda yazmağa çox həvəsli idim. Adətən inşaları iki, üç səhifədə yazırlar, mənimsə inşalarım iyirmi səhifədən az olmurdu. Bir dil-ədəbiyyat müəllimimiz vardı, indi dünyasını dəyişib, Allah rəhmət eləsin, çox yaxşı müəllim idi. Deyirdi ki, inşalarını oxumağa hər dəfə bir günüm gedir, amma yorulmuram. Məktəblərarası inşa müsabiqələrində iştirak edib qalib də olurdum. Məncə yazmaq bir ehtiyacdır. Mənim üçün də yazmaq həyatımdakı boş qalmış səhifələri doldurmaq ehtiyacı olub. Ona görə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmağım təsadüfi sayılmazdı. Jurnalist kimi fəaliyyətim dövründə də özümü tapdığım yazılarım, proqramlarım, filmlərim olub. Jurnalistika çox əhəmiyyətli peşədir. Mümkün qədər çalışmışam ki, bu peşənin dəyərlərinə xələl gətirməyim. Çünki sözü ucuzlaşdıranda, onu hansısa məqsədlər üçün istifadə edəndə bədəli ağır olur. İlk növbədə özünə hörməti itirirsən. Bu gün jurnalist kimi çalışmasam da, işim yenə yazı-pozu ilə, sözlə bağlıdır. Necə deyərlər, yazıdan qaçmaq olmaz.

 

-Uzun illər ANS-də çalışmısınız. ANS məktəbi sizə nələri öyrətdi?

 

-İlk iş yerinin təsirləri ömür boyu insanın davranışlarını yönləndirir. Mən, müstəqil həyata doğru ilk addımlarımı ANS-də atmışam. Çox çətin idi, sərt, hətta amansız vaxtları da vardı. Bu hər an boğulmaq təhlükəsi ilə dənizdə üzməyi öyrənməyə bənzəyirdi. Amma bu mühit adamı öyrədirdi. ANS öz əməkdaşlarını hər an ekstremal situasiya ilə üzləşməyə hazırlayırdı. Onlarda təkbaşına belə bir vəziyyətdə işləmək vərdişlərini, peşəkar keyfiyyətləri formalaşdırırdı. ANS bir məktəb idi. Bu məktəbdən öyrəndiklərim telejurnalistika bilgilərindən də qat-qat üstündür. Məşğul olduğum işə vicdanla, sevgi və məsuliyyətlə yanaşma hissinə, operativlik vərdişlərinə görə bu məktəbdə keçən illərə minnətdaram.

 

- Həyat yoldaşınız da jurnalistdir. Bir-birinizi necə tanımısınız?

 

-Biz fərqli kurslarda, amma eyni fakültədə oxumuşuq. Tələbə vaxtı yazılarımı oxuyub, bəyəndiyini bildirmişdi. Bir neçə dəfə də tədbirlərdə yolumuz kəsişdi. Sonra da həyatımız... Biz hər şeydən əvvəl bir-birinə hörmət edən iki dost və həmkar olmuşuq.

 

-Adətən, işləyən xanımlar ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirlər. Sizdə vəziyyət necədir?

 

-İş qrafikim ağırdır. Çox vaxt yazıları evdə də davam etdirməli oluram. Ona görə də hər iki işi uzlaşdırmaq çətin olur. Bununla belə çalışıram ki, müəyyən qədər ev işlərinin də öhdəsindən gəlim. Məni bu darmacallıqda ən çox sıxan uşaqlara vaxtın çatmamasıdır. Məktəbdə, bağçada keçirilən valideyn iclaslarında, uşaqların tədbirlərində heç vaxt iştirak edə bilmirəm. Təlqin edirəm ki, bunu məndən gözləməsinlər. Amma əlbəttə ki, uşaqların məmur qadına yox, anaya ehtiyacı var. Balaca qızımın bu yaxınlarda bağçada payız bayramında baş rolda səhnəsi var idi. Mənə dedi ki, səni orada görməyəndə ürəyimdə ağladım. Bu, məni çox sarsıtdı, vicdan əzabı çəkdim. Amma neyləyəsən, iş və şəxsi həyatı uzlaşdırmaq o qədər də asan deyil.  

 

-Azərbaycanda valideynlərin bir qismi qızlarının müəllim və həkim peşəsinə yiyələnməsini istəyirlər. Siz jurnalist olmağa qərar verəndə valideynləriniz bunu necə qarşıladı?

 

-Mənimlə bağlı arzu və münasibətləri öyrənməyə  təəssüf ki, macalım olmayıb. Uşaq yaşlarımdan həyatda ata-anasız addımlayıram. Təkbaşına, həyatla mücadilə edə-edə. 7 yaşında, ikinci sinifdə oxuyarkən anamı itirdim. Həmişə buna çox üzülmüşəm ki, kaş bircə dəfə qiymət cədvəlini ona göstərə biləydim.

 

-Əslən zəngilanlı olduğunuzu bilirik. Zəngilan ağlınızda necə qalıb?

 

-Üzərinə qara rəng daşmış gözəl, amma hüznlü bir tablo kimi... Yarımçıq qalan arzularım, əsir düşən  xatirələrim kimi. Anamın dağıdılmış məzarı kimi. Babamın girov taleyi kimi. Oktyabrın 26-da Zəngilandan ayrılmağımın 26 ili tamam oldu. 

Qarabağdan danışanda belə bir ifadə işlədilir ki, bu məsələdə dözüm önəmlidir. 26 illik ayrılığa mənim dözümüm çatsa da, nənəm kimi yüzlərlə zəngilanlının ömrü yetmədi. Mənə elə gəlir ki, o insanların sayı azaldıqca, o yerlərin yaşamaq ömrü də qısalır. O torpaqdan xəbərsiz dünyaya gələn hər bir uşaqla sanki yadlaşmaq qorxusu artır. Gərək xatirələrimizi, tariximizi dünəndə qoymayaq. Torpağını itirənlər ilk növbədə məhz xatirələrinin, yaddaşlarının izi ilə geri dönə bilərlər.

 

-ANS-in aparıcı qüvvələrindən olan Mir Şahinin rəhbərliyi ilə Real TV açıldı. Keçmiş ANS-çilərin bəzilərini həmin televiziyada görürük. Sizə də Real TV-də iş təklif olundumu?

 

-Mirşahin Ağayev məni fakültədən ANS-ə gətirən əsas müəllimlərimdən biri olub. ANS-də yeni işə başlayanda Sevil Nuriyeva və Orxan Fikrətoğlu ilə birlikdə “Xəbərdar” verilişini hazırlayardıq. Bu proqrama yazdığım mətnlərin üslubunu Mir Şahinin üslubuna bənzədirdilər. Hətta ilkin vaxtlarda soruşurdular ki, Mir Şahin yazmayıb? Mir Şahin müəllim başda olmaqla “Real” komandasının hər bir üzvü mənə çox doğmadır. Bu televiziyanı özümə doğma məkan, qapısını ərklə açdığım ünvan kimi görürəm. Hesab edirəm ki, insan doğmalarının evinə təkliflə, dəvətlə getmir. Hazırda isə məsuliyyət tələb edən və öhdəliklər həvalə edilmiş bir işim var. Real TV ilə də çox yaxşı əməkdaşlıq edirik.

 

-Azərbaycan jurnalistikasının vəziyyətindən danışaq biraz da... Peşəkarlıq artır, yoxsa azalır?

 

-Jurnalistika cəmiyyətdən ayrı əlahiddə bir sahə deyil ki, onu ayrılıqda qiymətləndirək və ya mühakimə edək. Yaxud da bütün məsələləri jurnalistikada həll  edək. Düzdür nəzarətçi funksiyası onun üzərinə böyük məsuliyyət qoyur. Bununla belə güclü və zəif, innovativ və  geri qalan tərəfləri ilə jurnalistika bütövlükdə cəmiyyətin bir parçasıdır. Həqiqətən cəmiyyətin aynasıdır. O ki, qaldı peşəkarlığa. Peşəkarlıq bir dəyərə çevriləndə yüksələcək, yaxud əksinə. Dəyəri yaradansa tələbatdır. Peşəkarlığa, peşəkara tələbatın səviyyəsinə əsasən, müəyyən qənaətlərə gəlmək olar. Hər bir cəmiyyət öz mediasına əvvəlcə dəyər verməlidir, pisini yaxşısından ayırmağı bacarmalıdır, sonra ondan peşəkarlıq tələb etməlidir. Ümumən isə ənənəvi media ilə sosial medianın rəqabətdə olduğu, informasiyanın yayılma və təsiretmə müddətinin saniyələrə qədər azaldığı bir dövrdə peşəkar jurnalistikaya çox böyük ehtiyac var.

 

-Heç yalan xəbər yazıb sizə müraciət edənlər olurmu? Reket jurnalistləri nəzərdə tuturam...

 

-Ümumiyyətlə, jurnalist sözünün qarşısında reket təyininin işlədilməsini ağrılı qarşılayıram. Bu ifadəni işlətməkdən də çəkinirəm. Reketliklə məşğul olan bir qrup şəxs ifadəsi daha doğru olardı. Belə şəxsləri və onların yazdıqlarını ciddi qəbul etməyə və reaksiya verməyə lüzum yoxdur. Hər sualın mütləq bir cavabı var.  Fəaliyyəti şəffaflıq prinsiplərinə əsaslanan istənilən dövlət və biznes qurumu hər bir şəxsin müraciətinə açıqdır. Buyurub maraqlandıqları məsələləri sorğu etsinlər. Qanunla qadağan olunan fəaliyyətlər üzrə iş birliyini isə heç kim bizdən gözləməsin.

 

-Rəhmətlik Natiq Əliyevin dönəmindən işləyirsiniz. Xarakteri necə idi? İşçilərə necə münasibət göstərirdi?

 

-Natiq Əliyev əvvəl maraqlı müsahibim, sonra isə rəhbərim oldu. O, bir çox keyfiyyətləri ilə örnək bir insan idi. Yüksək mövqeyi böyüklüyü, böyüklüyü isə sadəliyi ilə qazanmışdı. Bilirsiniz, hər kəsin yaddaşında işıqlı obrazda qalmaq hər adama nəsib olmur. Mənim də Natiq Əliyev dedikdə ağlıma ilk gələn məhz o işıqdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Neft Strategiyası”nın nailiyyətlərində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin, transmilli enerji layihələrinin uğurlarında mərhum Natiq Əliyevin də mühüm  əməyi var.  

 

-Bəs hazırkı Energetika naziri Pərviz Şahbazov necədir? Olurmu nazirlə müəyyən məsələdə razılaşmayasınız, öz təkliflərinizi verəsiniz?

 

-Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə iki ildən çoxdur ki, çalışıram. Müasir təfəkkürlü, faydalı təkliflərə, yeni təşəbbüslərə açıq, hər kəsin fikirlərini dinləməyi bacaran və işgüzar mühit formalaşdıra bilən rəhbərdir. Kollektivə münasibəti, hər bir işçiyə dəstəyi əməkdaşları motivasiya edir.

 

-Övladlarınızla münasibətləriniz necədir? Tərbiyələrində hansı məqamlara diqqət edirsiniz?

 

-Bunu özləri daha yaxşı deyə bilərlər. Çalışıram ki, sevgi, qayğı sarıdan əskiklik  hiss etməsinlər. Öz körpəliklərini doya-doya yaşasınlar. Doğru insan kimi yetişsinlər. Təhsili, oxumağı həyatlarında ilk yerə qoysunlar. Özlərinə güvənsinlər və bu özgüvəni qazanmaqdan ötrü də çox çalışıb özlərini yetişdirsinlər. Müəyyən yaşdan sonra öz həyatlarının sahibi olsunlar. Müstəqil qərar qəbul etməyi və eyni zamanda doğrunu-yanlışı ayrıd etməyi bacarsınlar.

 

-Özünüzlə bağlı dəyişiklik etmək istəsəniz, nələrdən başlayardınız?

 

-Təhsil, fərdi inkişafla bağlı çoxdan çatmaq istədiyim bir dəyişiklik arzusunun  astanasındayam. Ümid edirəm ki, üzümüzə gələn il buna nail ola biləcəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?