Modern.az

Deputat mandatı uğrunda “qırğın düşəcək” DAİRƏLƏR

Deputat mandatı uğrunda “qırğın düşəcək” DAİRƏLƏR

28 Dekabr 2019, 14:12

2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkiləri Yeni Azərbaycan Partiyasının (YAP) namizəd siyahısını açıqlaması ilə daha rəqabətli prosesə çevrilib.

Tanınmış jurnalistlər, iqtisadçılar, bitərəf deputatlar, ictimai fəal gənclər Milli Məclisə iddialarını ortaya qoyublar...

Xüsusilə, el dilində desək, "qırğın düşəcək" dairələr var ki, indidən bu dairələrdə rəqabət güclənib.

 

Modern.az parlament seçkilərində tanınmış simaların üz-üzə gələcəyi maraqlı dairələri təqdim edir.

 

İlk olaraq, siyasətçilərin mübarizə apardığı ən fəal dairə 35 saylı Xətai üçüncü seçki dairəsidir. Bu dairədən Ümid Partiyasının sədri İqbal Ağazadə , “Yeni Müsavat Media Qrupu”nun rəhbəri Rauf Arifoğlu qarşı-qarşıyadırlar. Bu dairədən YAP-ın namizədi isə Əliyev Turan Adil oğludur. Onun haqqında mediada heç bir məlumat dərc olunmayıb.

 

15 saylı Yasamal birinci seçki dairəsində də mübarizənin qızğın olacağı gözlənilir. Müsavat Partiyasının başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu həmin dairədə üz-üzə gələcək. Dairənin beşinci çağırış Milli Məclisdə deputatı isə Ülvi Quliyevdir. O da yenidən elə həmin dairədən namizədliyini irəli sürür. 15 saylı dairədən YAP-ın namizədi isə Nağıyev Rauf Nəriman oğludur. 

 

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüb. Bu dairədən YAP-ın namizədi elə həmin rayonda yerləşən 252 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hacıyeva Afaq Şirzad qızıdır.

 

Parlament seçkilərinə qatılan tanınmış jurnalistlər də iddialı rəqiblərlə qarşılaşırlar. Jurnalist Zahir Əzəmət və Ceyhun Musaoğlu 45 saylı Abşeron seçki dairəsində bir-birinə rəqibdirlər. Amma onların daha nüfuzlu rəqibi isə beşinci çağırış Milli Məclisin spikeri  Oqtay Əsədov olacaq. YAP bu dairədən O.Əsədovun namizədliyini yenidən irəli sürüb. 

 

Tanınmış jurnalist Aygün Muradxanlı beşinci çağırış Milli Məclisin deputatı Eldar Quliyevə rəqib olmağa hazırlaşır. Onların hər ikisinin Bakı kəndlərindən olduğunu nəzərə alsaq, 28 saylı Sabunçu üçüncü seçki dairəsində maraqlı mübarizəyə şahidlik edəcəyik.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-deputat Sabir Rüstəmxanlı 61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb. YAP isə həmin dairədə isə rayon icra başçısının müavini Gültəkin Sadıqovanın namizədliyini dəstəkləyir. Hakim partiyanın gəncləri və qadınları daha çox dəstəklədiyini nəzərə alsaq, VHP sədri və icra başçısının müavini arasındakı mübarizənin qızğın olacağını deyə bilərik.

 

Beşinci çağırış Milli Məclisin deputatı Əli Məsimli 114 saylı Şəki kənd birinci seçki dairəsindən müstəqil namizəddir. Bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi isə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovadır.

 

Deputat Çingiz Qənizadə yenə də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəddir. Onun qarşısına YAP namizədi olaraq, İmişli Rayon İcra Hakimiyyətinin Yеtkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kоmissiyanın məsul katibi Rüfət Muradov çıxacaq.

 

Tanınmış bloger Mehman Hüseynov da parlament seçkilərində iştirak edir. O, 31 saylı Suraxanı seçki dairəsindən namizədliyini irəli sürüb. M.Hüseynov YAP-ın namizədi, 118 saylı tam orta məktəbin direktoru Nizaməddin Ağcayev ilə mübarizə aparacaq. Tanınmış təhsil eksperti Etibar Əliyev də bu dairədən namizəddir. Həmçinin 31 saylı dairədən daha bir tanınmış şəxs var ki, bu da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, beşnici çağırış Milli Məclisin deputatı Fərəc Quliyevdir. Bu dairədə isə rəqabətin güclü olacağı dəqiqdir.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsib Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai dördüncü seçki dairəsindən namizəddir. Onun hakim partiyadan rəqibi isə Xətai rayonunda sıravi bələdiyyə üzvü olan gənc Kənan Rzayevdir.

 

52 saylı Quba seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov isə bu seçkilərdə YAP-ın gənc xanım namizədi ilə üz-üzə gələcək. Hakim partiya Quba rayon təşkilatının Qadınlar Şurasının sədri Aysel Şeydayevanın həmin dairədən namizədliyini irəli sürüb.

 

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən 105 saylı Tovuz seçki dairəsindən namizədliyini irəli sürüb. Bu dairədə o Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Məhəbbət Hüseynova ilə rəqabət aparacaq.

 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 22 saylı Nəsimi ikinci seçki dairəsindən yenidən namizədliyini irəli sürüb. O, YAP namizədlərindən Sərraf Hüseynov ilə üz-üzə gələcək. S. Hüseynov YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputatlığa namizədliyini irəli sürəcəyini bəyan edib. Bu dairədən YAP Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu ilə qatılır. Onlar arasında da maraqlı mübarizə olacağı gözlənilir.

 

Jurnalist Elşad Paşasoy isə namizədliyini 72 saylı Yardımlı – Masallı seçki dairəsindən irəli sürməyi düşünür. Bu dairədən beşnici çağırış Milli Məclisin deputatı Musa Qasımlı da namizədliyini verib. YAP namizədi isə Əliyev Sərvər Məlikməmməd oğludur. Hakim partiyanın bu namizədi də tamamilə yeni simadır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir