Modern.az

2019-un yadda qalan mədəniyyət və şou-biznes hadisələri: Boşananlar, gizli evlənənlər, döyülənlər, efirdə biabır olanlar…

2019-un yadda qalan mədəniyyət və şou-biznes hadisələri: Boşananlar, gizli evlənənlər, döyülənlər, efirdə biabır olanlar…

Mədəni̇yyət

29 Dekabr 2019, 10:33

 

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Geridə qoyacağımız bu il mədəniyyət aləmində hansı hadisələrlə yadda qaldı?

 

Modern.az mədəniyyət hadisələrini təqdim edir.

 

Kino tariximizin "Yüksəliş"i

 

Modern.az-ın sualını cavablandıran “Azərbaycanfilm” kinostudiyasının direktoru, professor Cəmil Quliyevin fikrincə, bu il kino sahəsi öz ilini uğurla başa vurur:

 

“İlk öncə onu qeyd etmək istəyirəm ki, bu il Prezident İlham Əliyev Azərbaycan kinosunda yeni filmlərin istehsal olunmasına dair 5 milyon manat vəsait ayırıb. Düşünürəm ki, bu diqqət kino sahəsinə verilmiş olan ən böyük dəyərlərdən biridir. Bu vəsait əsasında “Azərbaycanfilm” kinostudiyasında,  “Salnaməfilm” studiyasında, “Debüt” yaradıcılıq birliyində, eyni zamanda?  “Azanfilm” Animasiya studiyasında müxtəlif növ filmlərin istehsalatına başlanılıb. Artıq “Azərbaycanfilm” kinostudiyasında bir neçə film istehsala başlayıb. Bu filmlərdən “Xoş sonluqlu faciə” filmini misal göstərə bilərəm. Filmin rejissoru Mirbala Səlimlidir. “Xoş sonluqlu faciə” filmi 1937-1938-ci illərdə Azərbaycanda incəsənət, elm və ziyalı adamlara qarşı atılan qanlı terror və repressiyalar haqqındadır. Eyni zamanda, bu film görkəmli şair Səməd Vurğunun “Vaqif” dramı əsasında baş verən dramatik hadisələrdən bəhs edir. Digər bir film Elçin Musaoğlunun rejissorluğu ilə “Məryəm” adlı psixoloji dramıdır. Nəhayət sonuncu film Xalq artisti, rejissor Oqtay Mirqasımovun çəkdiyi “Yüksəliş” filmidir. “Yüksəliş” filmi Qarabağ hadisələrindən bəhs edir. Bu filmlərin hər biri dövrün aktual mövzularından qaynaqlanır. Nəzərinizə çatdırım ki, bu yaxınlarda Xalq artisti Vaqif Mustafayevin filmi də istehsala buraxılıb. Eyni zamanda, bildirmək istərdim ki, Finlandiyada yaşayan rejissorumuz Kamran Şahmərdanın “Görmə qüsuru” adlı filmin çəkilişinə artıq başlanılıb. Filmin ssenari müəllifi görkəmli drammaturq Ramiz Fətəliyev və İlqar Nəcəfə məxsusdur”.

 

Cəmil Quliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu il təşkil etdiyi müsabiqə haqqında da söz açıb:

 

“Bu müsabiqə  ən yaxşı bədii və animasiya film ssenarilərinin müsabiqəsi idi. Müsabiqənin qalib film ssenariləri istehsalata buraxıldı. Bu müsabiqənin artıq ikinci mərhələsi də start götürüb. Müsabiqənin ikinci mərhələsinin son tarixi 2020 -ci ilin yanvarın 15-də bitəcək. Burda da qalib gələn ssenarilərin filmləri istehsalata buraxılacaq. Bura həm sənədli, həm bədii, eyni zamanda, animasiya filmləri də daxil olacaq”.

 

Kinorejissor 2019-cu ildə kino sahəsində itkilərin olduğunu da vurğulayıb:

 

“Bu il kino sahəsində müəyyən itkilərlə də yadda qaldı . Kino sahəsində  çox tanınmış kinorejissor, Xalq artisti Yalçın Əfəndiyev dünyasını dəyişdi. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında sənədli filmlər studiyasına rəhbərlik edib. Ötən əsrin 1960-1970-ci illərdə çəkdiyi filmlər müsabiqələrdə mükafata layiq görülüb. Bu şəxsiyyətin ölümü bizim üçün çox böyük itkilərdən hesab olunur.  Uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələrə dərs deyirdi. Onun ölümü hər birimiz üçün çox ağırdır. Eyni zamanda, bu il bir neçə aktyor və aktrisalarımız  da dünyasını dəyişib. Hər kəsin “Ulduz” filmindən tanıdığı “Nazik”i, yəni Məleykə Şahmərdanova vəfat etdi. O tamaşaçının yaddaşında  pozitiv, komik obraz yaradan bir aktrisa kimi qalıb. Eyni zamanda, bildirim ki, Məleykə xanımın çox gözəl vokal səsi də var idi. Daha bir istedadlı aktyor, rejissor Rövşən Almuradlı bu ilin aprelində dünyasını dəyişdi. Onun çox maraqlı bir filmi vardı, adı “Cavadxan” adlanır.  Mən kino sahəsində bu cür insanların yoxluğunu ağır bir itki kimi dəyərləndirirəm”.

 

Əmirlinin "Varlı qadın"ı

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, “Yuğ” Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərovun fikrincə, Azərbaycan teatrı bu il kifayət qədər məhsuldar olub:

 

 

“Çünki bunu mən demirəm, faktlar və rəqəmlər deyir. Əvvəla, onu xatırladım ki, 2019-cu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın zaman hüdudlarını işarətləyən sonuncu ildir. Yəni, 2019-cu ildə sözügedən proqram çərçivəsində görülən işlər yekunlaşmalı və yeni mərhələyə keçidin başlanğıcı qoyulmalı idi. Yenicə təmirdən çıxaraq, kollektivin ixtiyarına verilmiş Şuşa Teatrının binasında 2019-cu ildə 147-ci teatr mövsümünün açılışı baş tutub. Bu il həmçinin İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası təmirə dayandırılıb.

YUĞ Dövlət Teatrının bina məsələsinin həli istiqamətində də müəyyən işlər görülüb”.

 

Teatrşünas həmçinin 2019-cu ildə teatr xadimlərinin rifahının yaxşılaşdırılması istiqamətində də mühüm addımların atıldığını söyləyib:

 

“Mart ayında ölkə prezidentinin və birinci vitse-prezidentin mədəniyyət xadimləri ilə görüşündən sonra incəsənətin bir sıra sahələrində olduğu kimi, teatr sahəsində də önəmli hadisələr baş verib. Azərbaycan Dövlət Musiqili və Azərbaycan Dövlət Rus Dram teatrlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Akademik statusu verilib, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 3 000 000 (üç milyon) manat vəsait ayrılıb. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılıb. İl ərzində bir çox teatr xadiminə fəxri adlar və mükafatlar təqdim edilib.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya Dövlət Akademik Teatrında Ə.Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıb. Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanın Axmeteli teatrında Tüncer Cücenoğlunun “Uçqun”, Sankt-Peterburqda “Məktəb. Studiya. Emalatxana” festivalı çərçivəsində İsmayıl İmanovun “Astara bağları” pyeslərinə quruluş verib. Teatrşünaslar - sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov Qazaxıstan, Qırğızıstan, Türkiyə kimi ölkələrdə keçirilən bir sıra beynəlxalq teatr festivallarında iştirak edib. Elə özüm də bu il iki dəfə teatrşünas kimi Gürcüstanda keçirilən beynəlxalq tədbirlərə qatılmışam”. 

 

Beynəlxalq festivallarda...

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilmiş Xəzərsahili Dövlətlərin Beynəlxalq Teatr Festivalında, Gəncə Dövlət Dram Teatrı Ukraynanın Kamenskoye şəhərində XI Beynəlxalq Teatr Festivalında, DOM Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında, YUĞ Dövlət Teatrı Rusiya Federasiyasının Kazan şəhərində keçirilən Novruz Beynəlxalq Teatr Festivalında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qırğızıstanın Oş şəhərində VII Beynəlxalq “ART-ORDO-2019” Teatr Festivalında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Albaniyanın Elbasan şəhərində “Skampa-2019” Modern Teatr Festivalında, Azərbaycan Dövlət Pantomima Teatrı Sofiya şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə ölkəmizi təmsil edib. Sevindirici haldır ki, teatrlarımızın festival və qastrol coğrafiyası daha da genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin “Kontrabas” tamaşası ilə iştirak edib”.

 

Teatrşünas bildirib ki, 2019-cu ildə Azərbaycanda bir sıra dünya səviyyəli teatr kollektivləri çıxış edib:

 

“Xüsusilə III “M.A.P.” Beynəlxalq Teatr Festivalı çərçivəsində nümayiş olunan xarici tamaşalar Bakı tamaşaçıları üçün əsl bayrama çevrilib. B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün yaradılmış xüsusi aktyor-rejissor kursunun “Sinif konserti” və “Qafqaz təbaşir dairəsi” və “Ezop” tamaşalarının Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunması da 2019-cu ilin əlamətdar hadisələrindən hesab edilə bilər. Ümumiyyətlə, 2019-cu il festivallar sarıdan məhsuldar olub. Bu il ərzində M.A.P. Beynəlxalq Teatr Festivalı ilə yanaşı, Milli Teatr Gününə həsr “Boş məkanın dolğunluğu adlı” II Eksperimental tamaşalar Festivalı, I Lənkəran Beynəlxalq Teatr Festivalı, “2+1” adlı” III Eksperimental tamaşalar Festivalı keçirilib və bu festivallarda xarici ölkələrin, Bakının və bölgələrin müxtəlif teatr kollektivləri iştirak edib. Ümidverici məqamlardan biri də Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin beynəlxalq və yerli teatr festivallarda müntəzəm iştirakı və mükafatlar qazanması ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, ADMİU Sabah qruplarının “Otello əfsanəsi” tamaşası Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda və 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalının festivalın tərkib hissəsi olan 15-ci Beynəlxalq teatr yarışmasında, “Boksçu” tamaşası isə Maltəpə və Mersində mükafatlara layiq görülüb”.

 

AYB sədri yenə də...

 

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Tural Turan düşünür ki, Azərbaycan Yazıçılar Birliyi bu il daha çox namizədlik məsələsi ilə yadda qaldı:

 

“Azərbaycan Yazıçılar Birliyinin üç  gənc üzvü sədrlik postuna iddialı olduqlarını açıqladılar. Əvvəlcə AYB-də sədrlik iddiası uğrunda aparılan seçkilər dekabra təyin olundu. Daha sonra AYB-nin rəhbərliyi bu müzkirələrdən ehtiyat etdiyinə görə seçkiləri gələn ilin mart-aprel ayına qədər uzatdı. Azərbaycan tarixində ilk dəfə olaraq üç gənc şair rəhbərliyə qarşı öz kəskin iradlarını bildirərək, istefasını tələb etdilər. Düşünürəm ki, bu hadisə bir ilk idi və AYB-nin tarixinə keçdi. Digər tərəfdən isə AYB-nin sədri Anar Rzayev yenə də, öz ampulasında qalmış oldu. Mahiyyət etibarı ilə heçnə dəyişmədi. Dekabr ayında AYB formal xarakterli 85 illik yubley tədbirini keçirmiş oldu. Təssüf ki, bu tədbirə bir çox tanınmış simalar, bölgələrdən olan şairlər, folklor sənətkarları dəvət olunmadı. Yenə də bu il gənclər üçün təşkil olunmuş tədbirlərə yaşı 40-dan yuxarı şəxslər aparıldı. AYB-də yenə də prezident təqaüdünə layiq görülənlərin rəsmi açıqlaması olmadı. Bu il  cənab prezident AYB-yə 800 min manat vəsait ayırdı. Lakin görülən işlərlə bağlı bizlərə heç bir məlumat verilmədi. Azərbaycan Yazıçılar Birliyi bu il də sönük oldu. Mənə elə gəlir ki, AYB tarixində ən böyük canlanma üç gənc yazarın Tural Turan, Fuad Cəfərli və Elnur Rasimoğlunun namizədliklərini irəli sürməsi oldu”.

 

2019-cu il şou-biznes sahəsi müxtəlif hadisələrlə fəxri ada layiq görülənlər, uğurlu layihələr, müğənnilərin şəxsi həyatları, azadlığına qovuşanlar, boşananlarla daha çox yadda qaldı.

 

Həbsxana divarlarından azadlığa çıxanalar

 

Bu ilin ölkə gündəmini ən çox zəbt edən hadisə müğənni Fədayə Laçının azadlığa çıxması oldu. Müğənni “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağamiyə dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün 2017-ci il oktyabrın 30-da həbs olunub. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, cəzası 5 ildən 2 ilə endirilən müğənni bu il oktyabrın 29-da azadlığa çıxıb.

 

İnsan alverində təqsirləndirilərək, həbs edilən tanınmış prodüser Təranə Səmədova  bu il mayın 6-da  azadlığa çıxıb. Tanınmış prodüser, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunaraq, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin başladılmış cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsində 2018-ci il oktyabrın 30 -da iclas zalındaca həbs olunmuşdu.

 

Bu il daha bir məşhur həbs edilərək azadlıqdan məhrum edilib. Belə ki,məşhur müğənni Gülay Zeynallının idmançı həyat yoldaşı Kamil Zeynallı cəmi 10 gün həbsxana həyatı yaşayaraq, azadlığa çıxıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinib. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

 

Fəxri ada layiq görülən müğənnilər

 

Bu il bir çox məşhurlar fəxri adlara layiq görülsə də, ən çox müzakirə obyektinə Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayeva çevrildi. Xalq artisi fəxri adına layiq görülən müğənniləri ictimaiyyətin əksəriyyəti qınadı. Bəziləri onların bu ada layiq olduğunu, bəziləri isə layiq olmadığını söylədi. Hətta həmin ərəfələrdə Bakıya gələn türk şoumen Cem Yılmazın “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi xalq artisti olaram” deməsi bu müzakirələri daha da alovlandırmışdı.

Qeyd edək ki, bu il həmçinin müğənni İlqar Muradov və 74 yaşlı Cavan Zeynallı da Xalq artisti fəxri adına layiq görülənlər sırasındadır. 

Efirlərdə və sosial şəbəkələrdə biabır olanlar

 

Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundov üçün 2019-cu il elə də düşərli olmadı.  Hər iki müğənni aprelin 4-də Space TV-nin “Hər səhər” verlişinin canlı efirində qonaq olublar. Belə ki,qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən Rüfət Axundov canlı yayımın imkanlarından sui-istifadə edərək, efir əxlaqına xas olmayan ifadələr işlədib. Nəticədə onun sözlərinə Əməkdar artist Rəşad İlyasov və verlişin aparıcısı reaksiya verərək gülüblər. Məhz bu səbəbdən Milli Televiziya və Radio Şurası Space TV-ni  səkkiz min manat cərimələyib. Bundan sonra, müğənnilərin fəaliyyətlərinə məhdudiyyətlər qoyulub.

Müğənni Rüfət Axundov Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib. Əməkdar artist Rəşad İlyasovun AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı isə bağlanılıb. Hətta hər iki sənətçiyə bir müddətlik efir qadağası tətbiq edilib.

 

İlin sonuna yaxın baş verən ən qalmaqallı hadisələrdən biri də, müğənni Kərim Abbasovun tele-aparıcı Elçin Əlibəyli haqqında sosial şəbəkədə qeyri-etik ifadələr yazaraq, onu təhqir etməsi oldu. Belə ki, müğənni sosial şəbəkədə yazaraq bunları bildirib:

 

"Camaat, eşidin və bilin, Elçin 12-13 il əvvəl məni özünə yaxın tutmaq üçün əlaqə yaratdı. Qorxumdan onunla tək qala bilmirdim, və əlaqəni kəsməyə qərar verdim. Sonra məndən qisas almaq üçün Təranə (keçmiş arvadı, prodüser Təranə Səmədova - red.) ilə birləşib məni efirdən "vurdu". Öz cinsi azlıq adını mənə qoydu. Mən həm Təranə, həm də Elçinin qurbanı oldum.

Qardaşın Oqtay ("Soy" prodakşının rəhbəri Oqtay Əliyev - red.) sənə məsləhət gördü ki, Kərim zibillərinin üstünü aşmamış, efirdən get. ATV-də işləyəndə orada kimlərin balalarına əl atmamısan ki... Onlarla birləşib, təcavüz etdiyin üçün sənə qarşı  cinayət işi açacam. Əlimdən rahat qurtara bilməyəcəksən.

Ümid edirəm ki, məni məhkəməyə verərsən. Sənin qara günlərin ondan sonra başlayacaq”.

 

Bu müzakirələr bitməmiş tele-aparıcının arvadı tərəfindən döyüldüyü, buna görə polisə müraciət etdiyi barədə məlumatlar yayıldı. Lakin həm tele-aparıcı, həm də xanımı mətbuata açıqlama verərək, yayılan xəbərləri təkzib etdilər. Daxili İşlər Nazirliyi isə bu məsələyə aydınlıq gətirməkdən yayındı.

 

Mədəniyyət aləminin isə ən qalmaqallı olaylarından biri xalq artisti Afaq Bəşirqızının xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətova qarşı sərt ittihamlar səsləndirməsi, Teatr Xadimləri İttifaqının qurultayını boykot etməsi oldu.

 

2019 cu ildə evlənən və boşanan məşhurlar

 

Müğənni Zamiq Hüseynovun ikinci dəfə gizlincə evləndiyi bildirilir. Sənətçi şəxsi həyatı ilə bağlı danışmadığından, yayılan xəbərləri nə təsdiq, nə də inkar edib. Xəbərdə bildirilir ki,müğənni bu ilin mart ayında Aydan adlı bir xanımla  evlənib. Bu yaxınlarda isə,sənətçinin oğlu dünyaya gəlib.

 

Noyabrın 11-də  müğənni Azad Şabanov Toma adlı xanımla ailə qurub. Azad Şabanov proqramların birində həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb. Müğənninin toyu mediaya qapalı olub.

Qeyd edək ki, Azad Şabanov ATV kanalında yayımlanan "Yeni ulduz -7" musiqi yarışmasının ikincisi olub.

 

Müğənni Kazım Can da ikinci dəfə  evlənib. Belə ki, müğənni bundan öncə müğənni Əminə Şirinqızı ilə evli olub. Onunla boşanandan sonra, bu yaxınlarda Brilyant adlı bir qadınla ailə həyatı qurub.

 

Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz da bu il ərə gedib. Toyun maraqlı məqamı bəyin iştirak etməməsi idi. Müğənninin həyat yoldaşı iş adamıdır.

 

Müğənni Əhməd Mustafayev də bu il subaylığa əlvida söyləyib. O, bu il aprelin 15-də əmisi qızı Səbinə ilə nikah masasına  əyləşib. Əhməd Mustafayev özünə 2 dəfə toy edib. Belə ki, toy həm Bakıda, həm də Göyçayda baş tutub.

 

Müğənni Leyla Ramazanlı şou-biznesdə tanınan fotoqraf Kamran Aydınova ərə gedib. Ana olmağa hazırlaşan müğənni hamiləliyinin son aylarını yaşayır.

 

Müğənni və rəqqasə Sevda Sanəliyeva ikinci dəfə də ailəsindən ayrılıb. O həyat yoldaşı Cəmildən  bu ilin yay aylarında ayrılıb. Müğənninin bu nikahdan 2 övladı var.

 

Prodüser Anar Mədətov da həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Prodüser ikinci dəfə Samirə adlı xanımla nikah masasına oturub.

Qeyd edək ki, Anar Mədətov Azərbaycan futbol komandasının və “Qarabağ” FK klubunun hücumcusu Mahir Emrelinin atasıdır.

 

Müğənni İlqar Xəyal ikinci həyat yoldaşından da boşanıb. O, üçüncü dəfə nikah masasına oturub. İfaçının bu nikahdan övladı da dünyaya gəlib.

 

Aktyor Fərda Xudaverdiyevin adı da  bu il boşanan məşhurların sırasında çəkilir. Aktyorun ilk nikahdan 2 övladı var. Başqa bir xanımla ailə həyatı quran aktyorun bu yaxınlarda oğlu dünyaya gəldiyi söylənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır