Modern.az

Jurnalistlər təhsil qurumlarının mətbuat xidmətlərini dəyərləndirdilər – “Xeyli irəliləyiş var  və...”-SORĞU

Jurnalistlər təhsil qurumlarının mətbuat xidmətlərini dəyərləndirdilər – “Xeyli irəliləyiş var  və...”-SORĞU

29 Dekabr 2019, 16:26

İctimaiyyət ölkə təhsilində baş verənlər, yenilik və islahatlardan media vasitəsilə xəbərdar olur. Media qurumları isə onu proseslərdən xəbərdar etmək üçün təhsil qurumlarının mətbuat xidmətləri ilə bir araya gəlməli, əlaqə saxlamalı olurlar. Mətbuat katibi təmsil etdiyi qurum haqqında davamlı məlumat yayımlayan, ictimai rəyi öyrənən və və onu formalaşdıran şəxsdir.

Bəs, hazırda ali təhsil müəssisələri mediaya nə dərəcədə açıqdırlar?  Onlar böhran vəziyyətində media ilə işləməyə hazırdırlarmı?

AzEdu.az bu barədə təhsil qurumları ilə işləyən jurnalistlərin fikirlərini öyrənib.

Müsavat.com-un redaktoru Xalid Kazımlı qeyd edib ki, çalışdığı qurumun bir çox təhsil müəssisələrinin mətbuat xidmətləri ilə sıx əlaqəsi var:

“Onlar öz materiallarını vaxtaşırı bizə göndərir, suallarımızı cavablayırlar. Məsələn, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, DGK Akademiyasının mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımov, ATU-dan Günel Aslanovanın, UNEC-dən Elnarə Məmmədovanın adını qeyd edə bilərəm. O biri təhsil müəssisələrinin mətbut xidmətləri bir balaca passivdirlər”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl neçə illərdir, təhsil sahəsindən yazır. Dediyinə görə, bu illər ərzində təhsildə baş verənlərə real prizmadan yanaşmağa çalışıb. Elə bu baxımdan mətbuat xidmətləri ilə daha sıx təması olub:

“Baş verən hadisələrə daha tez cavab almağa çalışırıq. Bəzən anında ələ etmək istədiyimiz cavabı bir qədər gec alırıq. Təbii, bunun da səbəbləri var. Ancaq mətbuat xidmətləri və katibləri ilə bağlı danışarkən ad çəkəcəyəm: Təhsil Nazilriyindən Billurə Hacızadə, Bakı Şəhəri Təhsil İdarəsindən Bəşarət Məmmədov ünvanladığım suallara cavab verməyə çalışırlar.

Eyni zamanda universitetlərin də mətbuat katibləri arasında razı qaldığım şəxslər var. Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat  katibi Bəhruz Nəzərov, Bakı Slavyan Universitetindən  Mabsur İbrahimovun iş prosesindən razıyam".

Trend.az-ın  əməkdaşı İlhamə İsabalayeva mətbuat  xidmətinin əsas işinin sorğuların cavablandırılması ilə bağlı olduğunu qeyd edib:

“Təhsil Nazirliyində göndərilən sorğulara cavab verilir.  Təhsil Nazirliyi, məncə, yalnız mənimlə deyil, bütün jurnalistlərlə gözəl əlaqə qurmağı bacarıb. Şöbənin əməkdaşı Billurə Hacızadə jurnalistlərin suallarının cavabsız qalmaması üçün əlindən gələni əsirgəmir. Bu məsələdə TN-dəki işindən müvəqqəti uzaqlaşan Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Hüseynovun da adını xüsusilə qeyd etmək istərdim.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi sorğuları yaxşı səviyyədə cavablayır. Dövlət İmtahan Mərkəzi də media ilə sıx əlaqədədir. Suallarımızı sorğu şəklində olmasa da, cavablayır. Ümumiyyətlə, təhsil qurumların, ali təhsil müəssisələrinin media ilə əlaqələri qənaətbəxş hesab edilə bilər”.

Lent.az saytının əməkdaşı Hicaranə Əlişqızı isə bildirib ki, ümumilikdə təhsillə əlaqədar yazılar hazırlayarkən çətinlik çəkmir. Bunun əsas səbəblərdən biri isə mətbuat xidmətlərinin fəaliyyətləri ilə bağlıdır:

“Düşünürəm ki, Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova, Azərbaycan Dillər Universitetinin sözçüsü Cavid Zeynallı, İlahiyyat İnstitutunun mətbuat xidmətini rəhbəri Ayşən Hüseynova, Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamirə Ədilova, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova, Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin əməkdaşı Rəcəb Rza, Azərbaycan Memarlıq və İnşaat Universitetinin sözçüsü Nəcibə Mirzəyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Bəhruz Nəzərov, Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov bu sahədə xüsusilə seçilənlər sırasındadırlar.

Adlarını qeyd etdiklərimdən savayı da hər hansısa mətbuat xidmətinin fəaliyyətindən narazı qalmamışam, çünki həmişə mövzu ilə bağlı qısa da olsa məlumat veriblər”.

Report.az-ın əməkdaşı Səid Qərib isə əslində, jurnalistlərin mətbuat xidmətlərinin məsul şəxslərinin fəaliyyətindən həmişə narazı qalmasının başa düşülən olduğunu vurğulayıb:

“Çünki jurnalist ilk xəbəri hər zaman özü yaymaq istəyir, buna görə də operativ şəkildə xəbərin əldə olunması üçün can atır. Bəzi hallarda isə mətbuat xidməti rəhbərləri suala,sorğuya cavab verməkdən yayınırlar. Əvvəllər, bu kimi hallarla Təhsil Nazirliyində də az-çox qarşılaşırdıq. Amma artıq nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun fəaliyyəti mətbuat tərəfindən müsbət dəyərləndirilir. Onların fəaliyyəti nəticəsində oxucuları məlumatlandırmaq üçün lazım olan informasiyanı daha rahat şəkildə əldə edə bilirik. Artıq Təhsil Nazirliyi mətbuata hər zaman açıq olan barmaqla sayılası qurumlardan biridir. Onların sağ əli digər qurumların başına.

Universitetlərin mətbuatla necə işləməsinə gəlincə isə heç də bütün ali təhsil müəssisələri mətbuata açıq deyil. Təbii ki, ali məktəblərin mətbuatla işləyən məsul şəxslərinin fəaliyyəti həmin təhsil müəssisələrinin rəhbərlərindən asılıdır. Belə çıxır ki, bəzi rektorlar jurnalistlər üçün informasiyanın əlçatanlığının qarşısını almağa çalışırlar. Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovadan nümunə götürsünlər”.

 “Şərq” qəzetinin redaktoru Ayyət Əhməd bildirib ki, bu məsələ ilə bağlı ümumi vəziyyət ürəkaçandır:

“Son zamanlar mətbuat katiblərinin mediaya açılımı aydın şəkildə müşahidə olunur. Bütün bunlar isə Prezident  İlham Əliyevin mətbuatın əhəmiyyətini, cəmiyyətdəki rolunu, gücünü dönə-dönə vurğulamasından sonra baş verdi.

Əvvəllər bu sahədə vəziyyət elə də arzuolunan səviyyədə deyildi. Amma Prezidentin dəfələrlə “Mən mediadan məlumatlar alıram” mesajını verməsi bəzi məmurların əl-ayağını yığdı. Bir zamanlar öz mətbuat katibinə media ilə işləməyi yasaqlayan, ümumiyyətlə, mətbuat katibi ştatını ləğv edən qurumlar indi yenidən fəallaşmağa başlayıblar. Bu mənada indiki halda təhsil ocaqları rəhbərlərinin, eləcə də o qurumların mətbuat katiblərinin mediaya münasibətində müsbət bir dönüş yaranıb.  İndi mətbuat katibləri də media ilə intensiv əlaqələr qurmaqda maraqlıdırlar. Hazırda ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət təhsil ocaqlarından məlumatlar almaq çətin deyil. Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi(DİM),  Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət  Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və “Xəzər” Univeristeti, Təfəkkür Universiteti, Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Təhsil Şöbələrindən məlumat almaq çətinlik yaratmır.

Amma o da heç kimə sirr deyil ki, bəzən bəzi təhsil ocaqları media ilə təmaslardan çəkinir. Əslində, bu, doğru yanaşma deyil. Yəni, fəaliyyəti şəffaf olan bir qurum niyə mediadan çəkinməlidir ki?! Əksinə, təhsil müəssisələri məbuatla əlaqələrini genişləndirib, fəaliyyətini cəmiyyətə təqdim etməlidirlər. Bu həmin təhsil müəssisəninin özü üçün daha faydalıdır. Mətbuata açıq olarlarsa, bütün işlərini şəffaf quracaqlar ki, bu da onların cəmiyyətdə yüksək nüfuz qazanmasına  yol açacaq. Məsələn, bir neçə ildir, ali təhsil müəssisələri imtahanlar ərəfəsində, imtahların gedişatını yoxlamaq üçün media turlar həyata keçirirlər. Bu, çox yaxşı təcrübədir”.

Mediapress.az-ın baş redaktoru Könül Aypara il boyu əldə etmək istədiyi məlumatları məhz qurumun mətbuat xidmətinin rəhbərindən almalı olduqlarını, bunun vacibliyini vurğulayıb:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovla ilə  daim təmasda olub, vaxtlı-vaxtında suallarıma cavab ala bilmişəm.

Həmçinin, BDU-nin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova mətbuata açıq olan mətbuat xidmətlərindəndir”.

Tia.az saytının baş redaktoru Əlişir Əhədin fikrincə, ötən illərlə müqayisədə təhsildə kifayət qədər irəliləyiş və yeniliklər olub:

“İstər maddi texniki, istərsə də idarəçilik, kadr məsələləri baxımından müsbət dəyişiklərin şahidiyik. Doğrudur, bütün sahələrdə olduğu kimi kiçik də olsa bu sahədə problemlər qalır, amma əsas odur ki, görülən işlərin bu problemlərin həllinə hesablandığının şahidi oluruq.

Əslində, təhsildə baş verən islahatlar günümüzün tələblərinə cavab verir. Şübhəsiz, strateji sahələrdən olan təhsilin inkişafı istiqamətində atılan addımlar ölkəmizin gələcəyinə yatırılmış sərmayədir.

Mətbuata cavabdeh şəxslərə gəldikdə isə onların fəaliyyəti təbii ki, qurumun şəffaf və qeyri-şəffaf işləməsindən asılıdır. Əgər biz bu gün Təhsil Nazirliyinin və onlara tabeli qurumların inkişafından, şəffaflığından danışırıqsa qurumun sözçüsü də jurnalistlərin qarşısına üzü ağ çıxacaq.

Bütün olanları nəzərə aldıqda adı çəkilən nazirliyin –AR Təhsil Nazirliyi-  qurumlarının mətbuata məsul şəxslərindən də razı qaldığımızı bildirirəm”.

Palitranews.az-ın əməkdaşı Tural Tağıyevin fikrincə, təhsil qurumları son illərdə xeyli əlçatan olub:

“Əvvəl bir qədər operativlik yox idi. Son illərdə isə birinci və ya ikinci şəxs vasitəsilə məlumat əldə etmək mümkün olur. Bu məlumatı xüsusilə də odur ki, sosial şəbəkələr vasitəsilə əldə edirik, mətbuat katibinə zəng vumağa ehtiyac qalmır.

Məsələn, Bakı Şəhəti üzrə Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov sosial şəbəkədən aktiv istifadə etdiyinə görə, telefon əlaqəsinə ehtiyac qalmır.  Təhsil Nzirliyinin mətbuat xidmətində də sosial şəbəkəd aktiv olan şəxslər çalışırlar. Bir sıra ali təhsil müəssisələrində də vəziyyət belədir”.

 

Apa.az-ın əməkdaşı Günay Elşadqızı təhsil sahəsi ilə çalışan bir jurnalist kimi əlaqədar fəaliyyətlərini normal hesab edir:

“Təhsil qurumlarının fəaliyyətini media üçün əlçatanlılıq baxımından yaxşı hesab edirəm. Konkret olaraq Təhsil Nazirliyinin mətbuat şöbəsi- Billurə Hacızadə, Fərizə Əhmədova ilə rahat əlaqə saxlamaq olur. Eynən, universitetlərlə də...  Bir neçə universitet var ki, onlarla işləmək, sorğu ilə müraciət edib cavab almaq və əlçatanlılıq baxımından nisbətən rahatdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər