Modern.az

YAP-dan tənqidlərə CAVAB: “Kimlərin namizəd kimi irəli sürülməsi partiyanın daxili işidir”

YAP-dan tənqidlərə CAVAB: “Kimlərin namizəd kimi irəli sürülməsi partiyanın daxili işidir”

Ölkə

29 Dekabr 2019, 16:30

“Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edəndə parlamentin yenilənməsinin vacibliyini vurğuladı. Amma bu, o demək deyil ki, Milli Məclis mütləq tam tərkibdə dəyişməlidir”.

 

Bu sözləri Modern.az-a hakim partiyanın 2020-ci il 9 fevralda keçiriləcək parlament seçkilərinə irəli sürdüyü namizəd siyahısının tənqidə məruz qalmasından danışarkən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, parlamentin buraxılması cəmiyyətə Milli Məclisi vaxtından əvvəl yenidən formalaşdırmaq imkanının verilməsidir:

 

“Biz çox şadıq ki, Konstitusiya Məhkəməsi bunu dəyərləndirdi. Ölkə başçısı da buna şərait yaratdı. Parlamentin necə olacağını bu gün sosial şəbəkə, ayrı-ayrı rəyçilər deyil, seçicilər müəyyənləşdirir. Mən təəssüf edirəm, cəmiyyətin bir hissəsi bu həqiqəti qəbul etmək istəmir. Halbuki hansı partiyanın kimləri namizəd kimi irəli sürəcəyi o partiyanın daxili işidir”.

 

Təmsil etdiyi partiyanın 123 nəfər namizədindən 75-nin yeni simalar olduğunu xatırladan şöbə müdiri beşinci çağırış parlamentdə təmsil olunanların ancaq bir qisminin yenidən namizəd olduğunu vurğulayıb:

 

“Yeni namizədlərin içərisində qələbə qazana biləcək, cəmiyyətin mənafeyini daha yüksək səviyyədə müdafiyə edə biləcək xeyli insan var. Məsələn, İlahiyyət İnstitutunun rektoru Ceyhun Məmmədovu, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Ramil Həsənovu, Almaniyada alman dilində dissertasiya müdafiə etmiş, 99 saylı Şəmkir seçki dairəsindən namizəd Nurlan adlı gənci və digərlərini misal göstərə bilərəm. Onlar hamısı yeni simalardır. Hesab edirik ki, biz cəmiyyətə doğrudan da maraq doğuran, onun maraqlarını müdafiə edə biləcək kollektiv təqdim etmişik. O ki qaldı kimlərinsə kimlərəsə irad bildirməsi, yada salmaq lazımdır ki, hər kəsin yalnız bir səsi var. Hər kəs ancaq bir dairədə səs verə bilər. Təəssüf ki, kimsə bütün Azərbaycan üzrə rəy bildirməyə çalışır, parlamentin tərkibinin necə olacağı barədə özünün indidən tələbini ortaya qoyur. Bu isə demokratiya prinsiplərinə ziddir. Kiminsə, kimdənsə xoşu gəlmirsə, seçki günü namizədlərin içərisindən seçərək, başqasına – alternativinə səs verə bilər”.

 

A.Mirzəzadə hesab edir ki, dünyanın heç bir ölkəsində parlametin tərkibinin tamamilə dəyişdirilməsi prosesi heç vaxt baş verməyib:

 

“Azərbaycanda da parlament yenilənir. Tərkibin nə qədər dəyişəcəyini isə seçicilər müəyyənləşdirəcək. Seçkidə YAP-dan başqa digər partiyanın təmsilçiləri, müstəqil namizədlər də iştirak edirlər. Onların da seçilmək hüququ var. Nəyə görə biz hesab edirik ki, seçkidə ancaq YAP namizədləri iştirak edir? Seçicinin imkanları kifayət qədər genişdir. Bizim təqdim etdiyimiz siyahıda sosial təbəqələr, bütün yaş qrupları, regionlar nəzərə alınıb. Düzdür, təəssüf edirəm ki, siyahıda qadınların sayı azdır. Ancaq hesab edirəm, 27 nəfər YAP-çı qadından 70-80 faizi seçilsə, başqa partiyalardan, müstəqil namizədlərdən də qadınlar üstünlük qazanacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır