Modern.az

“Seriallarda xalqımızın ailə dəyərləri təhrif olunur” - MTRŞ televiziyalardan narazıdır

“Seriallarda xalqımızın ailə dəyərləri təhrif olunur” - MTRŞ televiziyalardan narazıdır

Aktual

30 Dekabr 2019, 17:07

“2019-cu il ərzində özəl yayımçılar tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verilib. Televiziya kanallarının yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

 

Hesabatda vurğulanır ki, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları mövcud olub:

 

“Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların (Xəzər TV, ATV, Lider TV, ARB) xəbər buraxılışlarında rast gəlinib. Aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb edib. Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.

Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin (Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır)  tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanmışdır”.

 

Bundan əlavə MTRŞ hesabatında qeyd edib ki, bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinə tam surətdə riayət olunmaması diqqəti cəlb edib:

 

“Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması halları sosial problemlərin müzakirə olunduğu verilişlərdə də baş verir. Belə ki, müzakirə tipli verilişlərdə bir çox hallarda ailələrin, şəxslərin özəl-intim həyatının nümunə olmayacaq təfsilatları müzakirəyə çıxarılır, faktlar səsləndirilir.

Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında (“Kişi ürəyi” adlı dərman vasitəsi və s.) da rast gəlinib.

Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.

Ümumilikdə qeyd etmək lazımdır ki, Şura tərəfindən atılmış ciddi addımlar nəticəsində 2019-cu il ərzində teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin yayımçılar tərəfindən icrası istiqamətində müsbət dinamika müşahidə edilib. Yayımçıların proqram səbətində ölkə və şəxsi istehsal olan efir materiallarının, o cümlədən maarifləndirici və əyləndirici layihələrin, verilişlərin artması da diqqəti cəlb edib. Serial təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işinə əvvəlki illərdə göstərilmiş dövlət dəstəyinin nəticəsi olaraq bu il ərzində yayımçıların efirində xeyli sayda yeni serialların yayımlanması müşahidə olunub”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub