Modern.az

Pakistanın Azərbaycandakı səfiri: “Bakıda ən yaxın dostum nazir Əli Abbasovdur” - MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı səfiri: “Bakıda ən yaxın dostum nazir Əli Abbasovdur” - MÜSAHİBƏ

Müsahibə

27 Mart 2012, 11:22

İnayətulla Kakar: “Pakistanda nazirlərdən birinin xanımı azərbaycanlıdır”

Modern.az
saytı Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərilə silsilə müsahibələr təqdim edəcək. Bu qəbildən olan ilk müsahibimiz bir müddət öncə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou olmuşdu.
Budəfəki həmsöhbətimiz Pakistan İslam Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri İnayətulla Kakardır.

- Cənab səfir, öncə müsahibə üçün təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. Siz artıq bir neçə aydır ki, Pakistan Respublikasının Azərbaycandakı səfiri olaraq fəaliyyət göstərirsiniz. Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istərdik...

- Mən Azərbaycana gəldiyim ilk gündən yerli mətbuata açıq olmağa çalışıram və hər zaman sizin suallarınızı böyük məmuniyyətlə cavablandırmağa hazıram. O ki qaldı Azərbaycanla bağlı təəssüratlarıma, çox müsbətdir. Azərbaycan çox gözəl, inkişaf etmiş bir ölkədir. Mən Azərbaycana gəldiyim gündən sizin ölkənizi, insanlarınızı sevməyə  başlamışam.  Hesab edirəm ki, Bakı hazırda dünyanın ən müasir, ən modern şəhərlərindən biridir. Burada çox sayda inşaat işləri aparılır, körpülər, keçidlər tikilir. Bakı günbəgün gözəlləşir və modernləşir. Məni sevindirən əsas məsələ odur ki, Azərbaycan insanı Pakistanı çox sevir, bizi heç də yad kimi qarşılamırlar. Əlbəttə, mən də ilk gündən Azərbaycanı, Bakını sevməyə başladım. İnsanlarınız çox mehriban və qonaqpərvərdirlər. Bu mənim xoşuma gəlir.

- Pakistanla Azərbaycan arasında Sizcə hansı oxşar və fərqli cəhətlər mövcuddur?

- Pakistan və Azərbaycan hər ikisi müsəlman ölkəsidir. Bizim bağlılığımız İslam bağlılığıdir. İkincisi isə Pakistan və Azərbaycan heç də bir-birlərinə uzaq deyillər, oxşardılar. Tarixə nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcud olub. Hətta bizim müsəqilliyimizdən öncəyə qayıtdıqda görərik ki, qədim İpək yolu Pakistan və Azərbaycanı birləşdirib. Dəvə karvanları Pakistandan İpək yolu vasitəsilə Azərbaycana gəlib. İçərişəhərdə olan Musa saray Pakistanda bir şəhərin adıdır. Bu da insanlarımız arasında ta qədimlərdən gələn sıx münasibətləri təcəssüm etdirir. Azərbaycan müstəqillik qazanandan sonra da Pakistanla bir çox sahələrdə dostluq, əməkdaşlıq etməyə başladı. Bildiyimiz kimi, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hazırda da ölkələrimiz arasında gediş-gəliş mövcuddur. Hətta, bir çox pakistanlı soydaşlarımız azərbaycanlı xanımlarla ailə həyatı qurublar. Azərbaycanla Pakistanı biləşdirən bir çox ünsürlər var. Onu da deyim ki, Pakistanın nazirlərindən biri azərbaycanlı xanımla evlidir. Bizdə olan məlumata görə, yüzdən çox pakistanlı Azərbaycanda ailə həyatı qurub yaşayır. Yəni, Azərbaycanla Pakistanı qədimdən bu  günə kimi birləşdirən bir çox tellər mövcuddur.

-  Hal-hazırda iki ölkə arasında olan münasibətləri necə qiymətlədirisiniz?

- Qeyd etdiyim kimi,  Azərbaycan müstəqillik qazanandan bu günə kimi  ölkələrimiz arasında çox yüksək səviyyədə siyasi münasibətlər qurulub. Azərbaycanın Qarabağ problemi ortaya çıxandan sonra Pakistan həmişə Azərbaycana tam dəstək verib. Buna görə də Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Çünki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Buna oxşar olaraq da Azərbaycan Kəşmir problemində Pakistana tam dəstək oluğunu göstərdi. Hazırki Prezident İlham Əliyev və mərhum dövlət başçınız Heydər Əliyev də Pakistana çoxsaylı səfərlər ediblər. Hətta, bu yaxınlarda da Pakistandan Azərbaycana iki yüksək səviyyəli səfərlər oldu. Biz hər zaman Azərbaycanın yanında olmağa hazırıq.
Pakistan Senatında Xocalı soyqırımına dair qətnamə yekdilliklə qəbul olundu. Bundan əlavə beynəlxalq arenada, beynəlxalq təşkilatlarda da Azərbaycan və Pakistan bir-birlərinə dəstək verirlər. Bu yaxınlarda hər iki dövlət BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bütün bunlar sübut edir ki, ölkələrimiz çox yüksək səviyyədə əlaqələrə malikdir.

- Qeyd etdiniz iki, ölkələrimiz arasında mövcud olan strateji əlaqələr çox yüksək səviyyədədir. Bilmək istərdik ki, Azərbaycanın Pakistana qarşı mövqeyində sizi qane etməyən tərəflər varmı?

-  Mən belə düşünmürəm. Əgər biz yüksək səviyyəli münasibətlərdən danışırıqsa, bizi qane etməyən cəhət və ümumiyyətlə belə bir şey ola bilməz. Lakin şəxsən mənim qane olmadığım əsas məsələ ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olmamasıdır. Biz nədənsə siyasi əlaqələrimizi yüksək iqtisadi münasibətlərdə göstərə bilmirik. Təəssüflər olsun ki, iqtisadi münasibətlərimiz çox aşağı səviyyədədir. Mən çox istərdim ki, Azərbaycanla Pakistan arasında olan dostluq, qardaşlıq əlaqələri iqtisadi əlaqələrin canlanmasına gətirib çıxartsın. Bundan savayı məni qane etməyən heç bir məsələ yoxdur.

- Son zamanlar Azərbaycana gələn Pakistan vətəndaşlarının sayı ötən illərlə müqayisədə xeyli çoxalıb. Onlar ölkəmizdə hansı problemlərlə üzləşirlər? Sizə bununla bağlı müraciətlər olurmu?

-  Qeyd edim ki, Azərbaycana üç qrupdan ilan pakistanlı gəlir. Bunlardan bir qismi Azərbaycana gələrək  burda azərbaycanlı xanımlarla evənirlər. Onların artıq Azərbaycanda ailə bağları movcuddur. Hətta, onlar ölkənizdən çox razıdırlar və heç bir şikayətləri də yoxdur. İkinci növ pakistanlılar isə Azərbaycana gəlib burada işləməyə can artırlar. Xüsusən də xarici şirkətlərin tərkibində işləmək üçün Azərbaycana gələn pakistanlılar da öz həyatlarından razıdırlar. Onlar da heç nədən şikayətçi deyillər, hər şey qaydasındadı. Axırıncı bir kateqoriya var ki, onlar  Azərbaycanla bağlı məlumatsız olduqları halda bura gəlib iş tapmaq, çalışmaq istəyirlər. Bu insanlar gəlirlər Azərbaycana halbuki, bir çox şeyi bilmirlər. Onlara yalniş məlumat verirlər. Belə olan halda Azərbaycana gələrək dəyişik şeylərlə qarşılaşırlar. Belə baxanda  Azərbaycandaki pakistanlıların ciddi bir problemləri yoxdur. Əlimizdən gəldiyi qədər biz onların üzləşdiyi hər hansı problem olarsa, həll edirik.

- Cənab səfir, xeyli vaxtdır Azəraycanda yaşayırsınız. Başqa bir ölkədə, fərqli  bir mühitdə yaşamaq sizin üçün çətin deyil ki?

-  Təbii ki, başqa bir ölkəyə getmək, fərqli mühitə uyğunlaşmaq çox çətindir. Normal halda başqa bir ölkəyə gedərkən insanlar bir müddət gec öyrəşirlər. Lakin biz Azərbaycana gələndə belə bir çətinliyimiz olmadı. Özümüzü öz ölkəmizdəki kimi hiss eləməyə başladıq. Biz Azərbaycanda olmağımızdan çox məmnunuq. Yaşamığımız üçün burda hər şey mükəmməldir. İnsanlarınız da çox mehriban və qonaqpərvərdilər. Mən burada özümü heç də yad bir ölkədəki kimi hiss eləmirəm. Hətta mən bu yaxınılarda Azərbaycanın Şamaxı rayonuna da getdim. Şamaxının qarlı dağları, gözəl təbiəti məni valeh etdi. Azərbaycanın hər bir bölgəsi bizim üçün doğmadır. Vaxt olduqca, mən Azərbaycanın hər bir bölgəsini gəzib-dolaşmaq istərdim. Bir sözlə deyim ki, Azərbaycan bizim üçün çox doğma yerdir.

-  Azərbaycanda yaxın münasibətdə olduğunuz dostlarınız varmı?

-  Bəli Azərbaycanda çoxlu dostlarım var. Qeyd edim ki, mən Azərbaycana gəldiyim gündən bu günə kimi bir çox insanların isti münasibətlərini görmüşəm. Odur ki, dövlət qurumlarından tutmuş digər sahələrə qədər yaxın dostlarım var. Demək olar ki, burda hər yerdə dostlarım var.

- Kimlərin adlarını çəkə bilərsiniz?

-  Mən çox insanların adını çəkə bilərəm. Hətta, bir çox nazirlərlə yaxın münasibətim var. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun adını məmuniyyətlə çəkə bilərəm. O, mənim çox yaxın dostumdu, bizim çox gözəl münasibətlərimiz var. Bundan başqa, Bakı Dövlət Universitetinin bir çox professorları ilə də dostluğumuz var.

- Ailəniz necə, sizinlə birlikdə Bakıda yaşayır, yoxsa Pakistandadır?

-  Bəli, ailəm də mənimlə birlikdə Azərbaycanda yaşayır. Onlar da Azərbaycanı, xüsusən də Bakını çox sevirlər. Qeyd edim ki, həyat yoldaşım, iki qızım və bir oğlum burda mənimlədirlər. Digər oğlum evlidir. O, da bu yaxınlarda nəvəm və gəlinimlə birlikdə Bakıda gəldi. Biz ailəliklə Bakını, bütövlükdə Azərbaycanı çox sevirik. Burada yaşamağımızdan çox məmnunuq.  Demək olar ki, hər həftəsonu biz Bakının küçələrinə çıxırıq, gəzib dincəlirik. Bəzən Bakıətrafı yerlərə də gedirik. Şəhərdə “Torqovıy” kimi tanınan yer və Bakının Dənizkənarı bulvarı ailəmin çox xoşuna gəlir. Biz tez-tez asudə vaxtlarımızda “Toqvovıy”da gəzirik, “Park-Bulvar”da istirahət edirik. Bir sözlə, Bakı çox gözəl şəhərdir.

- Azərbaycan mətbəxi ilə aranız necədir? Milli yeməklərimizdən dadmısınızmı?

-  Təbii ki, mən Azərbaycan mətbəxindən də dadmışam və sizin mətbəxinizi, təamalarınızı çox bəyənirəm. Məsələn, bizdə də kabab var, amma sizin lüləkabab və digər kabablarızdan dəfələrlə dadmışam. Çox xoşuma gəlir. Dolmanız da dadıdır. Biz ailəvi Bakıda gəzintiyə çıxarkən mütləq Azərbaycan mətbəxindən dadırıq. Türklərin lahmacunu da mənim xüsusi ilə xoşuma gəlir.

- Bəs milli musiqimizi necə dinləyirsinizmi? Klassiklərimizdən kimləri tanıyırsınız?

- Təəssüf ki, kiminsə adını çəkə bilməyəcəm.  Amma normalda Azərbaycan musiqisinə qulaq asıram. Demək olar ki, sizin musiqi alətləriniz bizim alətlərlə eynidir. Musiqilərimizdə də oxşarlıq var. Bir neçə dəfə mən sizin musiqilərinizi dinləmişəm. Amma adlarını çəkə bilməyəcəm.

- Azərbaycanda İslam dininə olan münasibəti necə qiymətləndirirsiniz?

-  Təbii ki, hər ikimiz müsəlman dövlətik, amma ola bilər ki, ölkələrin İslam dininə təbii yanaşmaları ola bilər. Mən gördüyüm etibari ilə Azərbaycanın İslam dininə müsbət yanaşması var. Özəlliklə də sizin insanlar İslam dininə tolerant davranırlar. Dini baxışlar, təriqətlər müxtəlif olsa da, görürəm ki, məscidlərdə şiələr və sünnilər birlikdə ibadət edirlər, namaz qılırlar. Bu çox gözəldi. Bu cəmiyyəti birləşdirən rəylərdən biridi.

- Pakistanın qonşu dövlətlərlə hazırki münasibətləri barədə nə deyə bilərsiniz?

 -  Gəlin öncə Qərb qonşumuz Hindistandan başlayaq. Tarixdən bildiyimiz kimi, bir zamanlar Pakistan, Hindistan, Banqladeş bir ölkənin tərkibində olub. Hər zaman işğalçı dövlətlər işğal etdikləri torpaqları tərk edərkən bir çox problemlər qoyub gedirlər. Bu baxımdan Pakistan Kəşmir problemi ilə üzləşdi. Artıq demək olar ki, bütün dünya bu məsələdən halidir. Hətta, qardaş Azərbaycan da Kəşmir məsələsində hər zaman Pakistanın yanında olub, bizə dəstək verib. Bizim  Kəşmir məsələsilə bağlı 60 ildən çoxdur ki, Hindistanla münasibətlərimiz kəsilib. Kəşmir problemlərinə dair BMT-nin bir çox qətnamələri qəbul olunsa da, bu qətnamələr hələ də yerinə yetirilmir. Bizim yaşadığımız problem Dağlıq Qarabağ probleminə bənzəyir. Hələ də ədalət öz yerini tapmayıb. Lakin digər qonşularımızla əlaqələrimiz çox yaxşıdır.
Digər bir qonşumuz Çindir. Çinlə münasibətlərimiz normaldır. Bizlər dost dövlətlərik. Əfqanıstan da bizim qonşuluğumuzda yerləşir. O cümlədən İranla da münasibətlərimiz çox yaxşıdır. Bütövlükdə biz qonşularımızla mehriban, dostluq münasibətlərində olmağa çalışırıq.
İrana qarşı istərdik beynəlxalq aləmdə ikili standartlar olmasın. Yaranan hər hansı problem sülh yolu ilə həll olunmalıdır. Biz pakistanlılar haqsız yerə qan tökülməsini istəmirik. İstərdim beynəlxalq arenada hər bir məsələ hüquq müstəvisində ədalətlə həll olunsun.

 





Anar  RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar