Modern.az

Bir xatiratın izi ilə...

Bir xatiratın izi ilə...

31 Dekabr 2019, 10:03

Azərbaycanda ədəbiyyat elmi sahəsində yeni və güclü tənqidçi nəslinin formalaşması keçən əsrin ortalarına təsadüf edir. Məhz, onların elmi nəzəriyyələri bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığını öz işığı ilə aydınlatmaqdadır. Bu il anadan olmasının 110 illiyini qeyd etdiyimiz qocaman akademik Məmməd Cəfər Cəfərov  həmin nəslin öncüllərindən olmuşdur.

 

Biz bu gün onun həyat və yaradıcılığında olan hər detalı yenidən bir-bir sadalamaq, elmdə yüksəlişini və uğurlarını xronoloji ardıcıllıqla yada salmaq fikrində deyilik. Bildiyimiz kimi, görkəmli alim Məmməd Cəfər Cəfərovun istər sağlığında, istərsə də vəfatından sonra haqqında kifayət qədər çoxlu elmi məqalələr yazılmış, kitablar nəşr olunmuş və yəqin ki, ədəbi-elmi camiyamız bundan sonra da bu işləri davam etdiriləcəkdir. Bu yazıda onun özünün qələmə aldığı xatirələrdən yola çıxaraq görkəmli akademikin həyatında olmuş bəzi maraqlı nüanslara toxunacağıq.  

 

742... Bu Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, nasir, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun adına təşkil olunmuş fondun nömrəsidir. Fondun təşkili 2009-cu ildə tamamlanmışdı və bu addım Arxiv tərəfindən qocaman akademikin anadan olmasının 100 illiyinə həsr olunmuş ən böyük diqqəti idi desək, heç də yanılmarıq. Fondda görkəmli alimin müxtəlif səpkili, zəngin əlyazmaları, həyat və elmi fəaliyyətini əks etdirən sənədlər, məktublaşmaları, haqqında yazılan məqalələr və möhtəşəm ömrü ölümsüzləşdirən fotoşəkilləri yer almaqdadır. Fond siyahısına göz atarkən diqqəti bir yarımbaşlıq cəlb edir... “Xatirələr”... üç saxlama vahidindən ibarət olan bu xatirələri oxuduqda onun necə çətin və keşməkeşli, ancaq qeyrətli və şərəfli yol keçmiş bir elm adamına aid olduğunu görürsən... Və həmin adamın Elm dağının zirvəsinə öz zəhməti ilə necə yüksəldiyini bir xatıratın izi ilə qiyabi də olsa, şahid olursan, agah olursan...Təbii ki, biz də görkəmli alimin səksən üç illik ömrünün bəzi məqamlarını qısaca olsa da xatırlamaqla bir daha onu yad etmək istərdik.

 

Naxçıvanda dərzi ailəsində dünyaya göz açmış Məmməd Cəfərin valideynlərini erkən itirməsi, güzəran ağrı-acılarını uşaq yaşlarından dadması və bir çox yaşıdlarından fərqli olaraq kiçik yaşlarından ailə qayğılarını çiyinlərində daşıması ona həyatda daha mübariz və qətiyyətli olmağı öyrətmişdi. Elm-irfan sahibi olmağı özünün həyat amalı hesab edən Məmməd Cəfərin ilk müəllimi dahi dramaturq Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rəsizadə olmuşdur. Məktəbdə oxumaq eşqinə bəzi insanların etinasız yanaşması onu bir gün xalq maarif komissarı Ruhulla Axundova bir məktub ilə müraciətinə məcbur edir. Şikayətini şeirlə bildirən Məmməd Cəfər komissarın göstərişi ilə arzu etdiyi Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunur. İstedadlı öyrənci texnikumun son kursundan birbaşa Ali Pedaqoji İnstitutun filologiya fakültəsinə göndərilir (1931). Semestr imtahanları zamanı Məmməd Cəfərin Avropa ədəbiyyatından verilən suallara qənaətbəxş cavab verməsi imtahan komissiyasının sədri olan qərb ədəbiyyatı tarixi üzrə kafedranın müdiri Hacıbaba Nəzərlinin diqqətini cəlb edir. Hacıbaba Nəzərli Məmməd Cəfəri başçılıq etdiyi kafedraya uyğun bir mütəxəssis və hətta özündən sonra kafedra müdiri olaraq görürdü. Çox keçmir ki, M.C.Cəfərov H.Nəzərlinin rəhbərliyi ilə XVIII əsr böyük fransız mütəfəkkiri Volterin ədəbi görüşləri haqqında “Volterin bədii yaradıcılığı” adlı diplom işi üzərində işləyir. Eyni zamanda gənc aspirant elmi rəhbərinin iki il ərzində apardığı qərb ədəbiyyatı tarixi kursunda da dərs deməyə başlayır (1935).

 

1937-ci ildə bütün ölkə miqyasında bolşeviklərin təbirincə desək, “burjua ünsürlər”ə qarşı “təmizləmə” əməliyyatlarına start verilmişdi. Tarixin qara səhifəsi adlandırdığımız bu hadisələr Azərbaycan ədəbi mühitindən də yan keçməmişdi.  Neçə-neçə vətənpərvər və istedadlı şair, yazıçı, tənqıdçi və ədəbiyyatşünas alim “xalq düşməni” damğası ilə repressiv tədbirlərə məruz qalmışdı. Kimisi güllələnmiş, kimisi də ittifaq ölkəsinin buz tutmuş soyuq torpaqlarına – meşələrinə, çöllərinə sürülmüşdü. Dəhşətli məqam o idi ki, cəza tədbirlərinin ilkin mərhələsi NKVD-nin (Xalq Daxili İşlər Kommisarlığı) insanın qanını donduran sorğu otaqlarından başlayırdı... Və burada işgəncəli dindirilmələr zamanı çörək kəsmiş, amal yoldaşı olmuş, dost olmuş insanlar bir-birlərinin üzünə durmaq, bir-birlərini satmaq, hətta yada düşməyənləri belə “qara geyimli”lərin yadına salmaq məcburiyyətində qalırdılar. Məhz, belə bir dövrdə özünü bir elm adamı kimi yetişdirmək çox çətin idi. 1936-cı ildə institut rəhbərliyinin gözlənilməz dəyişikiliyindən sonra təhsil ocağının qapısı “qara geyimli” nkvdçilər tərəfindən tez-tez döyülməyə başlandı. Məmməd Cəfərin diplom işi üzrə elmi rəhbəri olan Hacıbaba Nəzərlinin və daha bir neçə müəllimin həbs olunması onu daxilən çox incidirdi.

 

Həmin repressiv tədbirlərin tüğyan etdiyi illərdə növbəti hədəflərdən biri Səməd Vurğun olur. Şairin şeiriyyəti haqqında kəskin tənqidi yazıya Məmməd Cəfər çəkinmədən “Səməd Vurğun yaradıcılığında xəlqilik” adlı bir məqalə ilə “Ədəbiyyat” qəzetində cavab verir. Gənc tənqidçi-alim Yazıçılar İttifaqında Səməd Vurğuna həsr olunmuş iclasda da çəkinmədən şairin yaradıcılıq yolu və ideyalarını təhlil edən bir məruzə ilə çıxış edir. Məruzə çox gurultulu təsir bağışlayır. Çıxış zamanı Məmməd Cəfər müəyyən illərdə nəzm sahəsində olan formalizmləri də kəskin tənqid edir. İclasdan iki həftə sonra Azərbaycan Sovet Yazıçılar İttifaqında tənqid şöbəsinin işinin təkmilləşdirilməsi üçün bir neçə ədəbiyyatşünasın ittifaqa cəlb olunması qərara alınır. Adı çəkilən ədəbi tənqidçilərdən biri də təbii ki, gənc Məmməd Cəfər Cəfərov olur.

 

Akademik M.C.Cəfərovun fəaliyyəti zəngin və çoxşaxəli olmuşdur. Tələbəlik illərindən başlayan qəzetçilik fəaliyyəti onu daha sonralar həm güclü nasir, həm də savadlı ədəbi tənqidçi kimi püxtələşdirmişdi. Belə ki, “Gənc işçi” və “Kommunist maarifi” qəzetlərinin redaksiyalarında şöbə müdiri işləmiş istedadlı alim ədəbi tənqidi məqalələrini vaxtaşırı olaraq dövri mətbuatda çap etdirməyə başlamışdır. Əsasən,“Kommunist”, “Ədəbiyyat” və “Yeni yol” qəzetlərində müxtəlif ədəbiyyat məsələlərinə toxunan Məmməd Cəfər eyni zamanda Azərbaycan, rus və Avropa ədiblərinin həyat və yaradıcılıqları haqqında elmi-publisistik məqalələrlə çıxış edirdi. Ayrıca onu da qeyd etmək istərdik ki, görkəmli alim yeni dövr “Molla Nəsrəddin”çisi idi. Onun “Zorən təbib”, “Zurnaçı”, “Dəmdəməki”, “M.N.” və “M.Zeynaloğlu”  imzaları ilə yazdığı bədii oçerklər, felyetonlar, novellalar və hekayələr həmişə geniş oxucu kütləsi qazanmışdı.

 

M.C.Cəfərovun elmi-pedaqoji fəaliyyəti ali məktəblərdə müəllimlik işi ilə bitmirdi. O, həmçinin respublikada təhsil sahəsində görülən quruculuq işlərində də fəal iştirak edirdi. 1943-cü ildə Azərbaycan SSR KP MK-nın qərarı ilə Quba Müəllimlər İnstitutunun yaradılması işinə start verilir. İnstitutun yaradılması və direktor vəzifəsi Məmməd Cəfər Cəfərova həvalə edilir. Ancaq görkəmli alim institutun qurulması işini öz üzərinə götürsə də, direktor vəzifəsindən imtina edir. İki il (1943-45) institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan görkəmli alim yeni təsis olunmuş təhsil ocağının möhkəmlənməsində səy və bacarığını əsir gəməmişdi.

 

Müasir ədəbi proseslərin problem və axtarışları,yaradıcılıq metodları və ədəbi məktəbləri, milli estetik fikir tariximiz və ana dilimizin keçmişi və bu günü haqqında ibrətamiz məzmunlu və yığcam bədii əsərlər müəllifi olan akademik Məmməd Cəfər Cəfərov otuza yaxın kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuşdur. Bu əsərlərlə tanış olmaq imkanı əldə etdikdə görkəmli alimin ziyadəsi ilə həm güclü rusşünaslığına, həm güclü avropaşünaslığına və ən əsası mükəmməl klassik azərbaycanşünaslığına bir daha şahid oluruq. Onun bir çox tanınmış Azərbaycan və dünya o cümlədən, rus ədiblərinə həsr olunmuş bioqrafik elmi məqalələri və əsərləri bu gündə ədəbiyyat tarixinin öyrənilməsində mühüm mənbələrdən biri hesab etmək olar.

Unutmamalıyıq ki, Məmməd Cəfər Cəfərov özünəməxsus ədəbi tədqiq və tənqid nəzəriyyəsinə sahib nadir ədəbiyyatşünas alimlərindəndir və Azərbaycan ədəbiyyatşünaslığının araşdırılmasında bu nəzəriyyənin əsaslarını bilmək hər zaman vacib olacaqdır.

 

Cavid MƏMMƏDLİ

 

 

 

 

 

 

 

 

 

 

               

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...