Modern.az

FHN “Eurohome”da tikintiyə icazə vermədi - SƏBƏB

FHN “Eurohome”da tikintiyə icazə vermədi - SƏBƏB

Hadisə

3 Yanvar 2020, 18:10

"Hazırda "Eurohome" ticarət mərkəzinin yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır. Hadisədən bir aydan az müddətin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb".

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib.

 

O, deyib ki, qanunvericiliyin tələbləri pozulduğuna görə obyektdə aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib:

 

"Eləcə də qeyd edim ki, Bakı şəhərində fəaliyyət göstərən "Binə" və "Sədərək" ticarət mərkəzlərinin tikintisi zamanı yanğın təhlükəsizliyi normalarına laqeyid münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq yanğına qarşı sədlərlə ayrılmasına riayət olunmayıb".

 

Şöbə rəisinin sözlərinə görə, yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması "Eurohome" ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub:

 

"Belə ki, digər yanğına qarşı tələblərlə yanaşı, Tikinti Norma və Qaydalarına uyğun olaraq, ölçüləri və təyinatı nəzərə alınaraq ayrı-ayrı ticarət sahələri vahid dam altında olduğu təqdirdə, onlar biri-birindən yanğına qarşı sədlərlə ayrılmalıdır ki, baş verən yanğın zamanı bir sahədən digər sahələrə yanğının yayılma ehtimalı minimum olsun. Bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi. Lakin, Yanğın Təhlükəsizliyi haqqında AR Qanununa uyğun olaraq obyektin sahibi tərəfindən layihə sənədləri yanğın təhlükəsizliyi baxımından ekspertiza olunması üçün DYNX-yə təqdim olunmamış, tikintisi və istismarı Xidmətlə razılaşdırılmadan həyata keçirilmişdir. Həyatın hər sahəsində insan başına gələndən dərs çıxarırsa, bəlanın səbəbini analiz edib səhvlərini düzəldirsə, özünü növbəti bəlalardan mühafizə etmiş olur, riski minimuma endirir. "Eurohom" misalında isə biz bu məntiqin əksinin şahidi olmaqdayıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır