Modern.az

Əmin ər-Reyhani muzeyi və xəzinətil-cəvahir...

Əmin ər-Reyhani muzeyi və xəzinətil-cəvahir...

4 Yanvar 2020, 11:14

Şəhrizad Süleyman

Şərqşünas-tədqiqatçı, Əbu-Dabi Universitetinin müəllimi

Fərqli zaman və məkanlarda yaşayıb-yaratmış, ədəbi, elmi, tarixi, fəlsəfi əsərləri ilə bəşər mədəniyyətinə "əl-kunz əl-dəhəb", dürri-gövhər sədəflər  bəxş etmiş müxtəlif millətlərə mənsub  qüvveyi-aqilləri, fövqəl fəhm sahiblərini  "bəhrül- ülumi-ədəbi" və "kitabi-xəzinətil-cəvahir"  üzərində qurulan millətlərarası qızıl körpü  birləşdirir. Tarixi, elmi, ədəbi əlaqələri özündə ehtiva edən "Cisril-sadaka" – dostluq körpülərinin inşa olunmasında və möhkəmlənməsində mühüm rol oynayan qüdrətli söz ustadları, elm fədailəri sözün həqiqi mənasında, əbədiyyət  zirvəsinin fövqünə ucalaraq leyəli-kəhkəşanda bərq vuran ən parlaq ulduzlara bənzəyirlər. Livanın paytaxtı Beyruta növbəti səfərimdə dünya şöhrətli yazıçı  Əmin ər-Reyhaninin ev muzeyini ziyarət edərkən gördüyüm mənzərə müsbət mənada təəccüb və eyni zamanda qürur hissimə səbəb oldu. 1876-cı ildə Livanın Cəbəl-Lübnan bölgəsinə aid Fureykə dağ kəndində anadan olmuş filosof-mütəfəkkir, ingilis və ərəbdilli əsərləri ilə nəinki  Şərq aləmində, hətta bütün dünyada şöhrət qazanmış şair, ədib Əmin ər-Reyhani muzeyində Azərbaycan bayrağı ilə bərabər sərgilənən azərbaycanlı şərqşünas alim Aida İmanquliyevanın ərəbcə "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabını seyr edərkən xalqlararası elmi, ədəbi, mədəni dostluq əlaqələrinin bariz nümunəsinin bir daha şahidi oldum.

Şərqşünas alimin  Ər-Reyhaninin ev muzeyində sərgilənən "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabı XIX əsrin sonu – XX əsrin əvvəllərində Amerikada yaranmış və ərəbcə "Əl-ədəbil məhcər" adlandırılan mühacir ərəb ədəbiyyatını fikir həyatında mühüm rol oynamış dünya şöhrətli ədiblərin qələmə aldıqları zəngin irslərinin tədqiqinə həsr olunub. "Mən ərəb ədəbiyyatını tədqiq edə-edə bu ədəbiyyata marağım artırdı" deyən kitab müəllifinin  təbirincə desək, "o öz tədqiqat obyekti kimi Şərq dünyasının Qərbdə yazıb-yaradan üç böyük mütəfəkkirini: Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüayni seçdi."  XIX yüzilliyin ikinci yarısında "Bələd əl-Şəm" (Şam diyarı) adlandırılan ölkələrin (Livan, Suriya, İordaniya, Fələstin) ictimai-siyasi və iqtisadi həyatındakı dərin böhran insanları kütləvi şəkildə vətənlərini tərk etməyə, əcnəbi məmləkətlərə üz tutmağa məcbur etdi. Bu insanlar arasında millətin düşünən beyinləri, işıqlı aydınları da var idi. Ərəb ölkələrindən doğma Vətənlərini tərk edən ədib və şairlərin, xüsusilə yaradıcı Livan ziyalılarının Amerika qitəsinə mühacirəti məhcər ədəbiyyatının yaranmasına və təşəkkülünə səbəb oldu. Tədqiqatçı-alim elmi monoqrafiyasında qeyd edir: "VII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini vermiş ərəb mədəniyyəti XIX əsrin sonu – XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması ilə yenidən zirvəyə ucalmışdır." Qürbətdə mühacir ömrü yaşamalarına baxmayaraq milli məfkurəyə, mənəvi dəyərlərə, qədim mədəniyyətlərinə sadiq qalan və Şərq ruhunu, Şərq təfəkkürünü Qərb aləmində təbliğ etməkdən hədsiz zövq alan vətənpərvər ziyalıların, yaradıcı ərəb aydınlarının yaşantılarından, duyğularından, fikir və düşüncələrindən, dünyaya baxışlarından söhbət  açan Aida xanım məhcər ədiblərin klassikaya və modernizmə olan münasibətlərini qiymətləndirir, onların yaradıcılıqlarına xas olan mühüm keyfiyyətləri incəliklə arayıb seçir, fərdi üslub məziyyətlərini açıqlayırdı: "Onlara əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan ümumbəşəri və humanist ideallar əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin təsdiqi üçün müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda heç vaxt unutmaq lazım deyil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə də onlar iki mədəni ənənənin - həm Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular." Məhz belə bir zamanda ərəb ədəbiyyatında "Suriya-Amerika məktəbi" adlanan ədəbi cərəyan yarandı və şərqşünas alimin fikrincə, "Yeni ərəb ədəbiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin yazıçıları öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həmçinin Şərq ölkələrinin milli ədəbiyyatlarında da davamçıları üçün yol açmışlar."

ABŞ-da mühacir həyatı yaşayan öz köklərinə bağlı, milli məfkurəli və eyni zamanda müasir düşüncəli ərəb aydınları vahid ideya altında birləşərək  1920-ci ildə Nyu-York şəhərində "ər-Rabiətül-qələmiyyə" adlı "Qələmlər Birliyi" ədəbi təsis etdilər. Aida İmanquliyeva qeyd edir ki, "Təşkilata 11 il sədrlik edən Cübran vətənindən uzaq düşən ərəb ziyalılarını onun ətrafında birləşdirmişdir." Birliyin əsas mətbu orqanı olan "əs-Saih" məcmuəsi Amerika qitəsindən Ərəb dünyasına çox önəmli mesajlar ünvanlamış, xeyli sayda ədib və şairlərin ədəbi yaradıcılığına mühüm təsir göstərmişdir. Şərqşünas alimimiz  fakt və nəzəri mülahizələr əsasında "Qələmlər birliyi"nin "ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod - tənqidi realizm metodu gətirdiklərini" bildirir və yeni mərhələdə ərəb ədəbiyyatının keçdiyi yolu elmi-nəzəri cəhətdən təhlil edirdi: "Əlbəttə, "Qələmlər birliyi"nin üzvləri klassik ədəbiyyatı öyrənir, əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük qiymət verirdilər. Onlar etiraf edirdilər ki, onların əsərləri bir çoxları üçün daim ilham mənbəyi olaraq qalacaqdır. Bununla yanaşı, mühacir yazıçılar ədəbiyyatda yeni orijinal yollar axtarırdılar. Vətəndə adətən müraciət etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən, şəraitə cavab verə bilən, aktuallığı ilə fərqlənən və qəzetlər üçün daha çox əlverişli olan kiçik novellalarla, məqalələrlə, şeir parçaları ilə əvəz olunurdu."


"Qələmlər birliyi"ndə fəaliyyət göstərən və yaşadıqları ölkədə mükəmməl ali təhsil almış məhcər ərəb ədəbiyyatının tanınmış təmsilçiləri  Amerika və Avropa oxucusu ilə birbaşa təmas qurmaq, Qərb həyatı yaşayan Şərq ruhunu qərblinin öz lüğəti-lisanında ifadə etmək məqsədilə ingilis dilində əsərlər yazıb-yaradırdılar. Bu baxımdan Aida İmanquliyeva  "Suriya-Amerika" məktəbini milli bədii irsin xarici ölkə ədəbiyyatına çıxışı kimi qiymətləndirirdi: "Ərəb ədəbiyyatının fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu ilə yeniləşdirmək rolu Suriya-Amerika məktəbinin aparıcı nümayəndələrinin üzərinə düşdü." Muhacir şair və ədiblərin məhz ingilisdilli  fəaliyyətləri onlara ölkələri, qitələri aşaraq "hovlul-aləm" – dünya çapında tanınmaqlarına və mükəmməl dil göstəricisi baxımından dünyanın ədəbi-bədii cameəsində ərəb-Amerika yazıçıları kimi qəbul edilmələrinə və şöhrət qazanmalarına uğurlu yol açdı.

Şərqşünas alim mühacir yazıçıların əsərlərini dəyərləndirərkən ikidilli yaradıcılıq fəaliyyətlərinin məhz mədəniyyətləri qovuşdurmaq arzusundan qaynaqlandığını ifadə edirdi: "Qərb və Şərq bir-birini yalnız bərabərhüquqlu qarşılıqlı əlaqə və qarşılıqlı hörmət şəraitində zənginləşdirə bilərlər, mənəviyyatın həqiqi hərəkətverici qüvvəsi olan, mürəkkəb fəlsəfi ideyaları anlaşıqlı dildə geniş oxucu kütləsinə çatdıra bilən ədəbiyyat isə sivilizasiyalararası dialoqda ən yaxşı vasitəçilərdən biridir... O dövrün ingilis dilli ərəb mühacirət nəşrləri Qərb oxucusunu ərəb Şərqi ilə tanış edirdi. Bu, Qərblə Şərq arasında mədəni əlaqələrin inkişafı üçün olduqca zəruri idi. Ər-Reyhani, C.X. Cübran, M. Nüaymənin adları həm Amerikada, həm də ərəb Şərqində məşhur idi."

Qeyd olunduğu kimi, Şərq ruhunun, ərəb düşüncəsinin  qərblinin öz doğma lisanında səslənməsi, Qərb oxucusu ilə mütərcim olmadan birbaşa ünsiyyəti milli ədəbiyyatın dünya ədəbiyyatına birbaşa inteqrasiyası və dünyanın ədəbi-bədii yaradıcılıq sferasında qəbulolunma faktı ilə yanaşı, ümumbəşəri ədəbi dəyərlərin vəhdəti, mədəniyyətlərarası münasibətlərin və fərqli dünyagörüşlərin uğurlu mübadiləsiylə nəticələnir. Livanlı xristian Cübran Xəlilin ərəbdilli əsərləri ilə yanaşı ingilis dilində qələm aldığı və dünyada şöhrət qazanmasına səbəb olan  "Peyğəmbər" əsəri onun yaradıcılığında xüsusi yer tutur. Dünya şöhrətli yazıçının həyat və yaradıcılığını tədqiq edən professor Aida İmanquliyevanın fikrincə, "Peyğəmbər" Cübranın mənəvi estetik kredosudur. "Qəlbimin bir tərəfində İsa, digər tərəfində isə Məhəmməd oturub" deyən Cübran bütün dinləri ümumbəşəri dəyərlərlərin aliliyində birləşdirmiş və insanlığa bəşəri məhəbbət hisslərini, "əl-hob il-bəşər"i böyük ustalıqla tərənnüm etmişdir. "Mən iki dünyanın vətəndaşıyam - kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani də ikidilli yaradıcılıq prosesini ədəbi düşüncənin qlobal həllində ən önəmli vasitələrdən sayırdı. Ədəbiyyatşünas, tənqidçı alim Aida İmanquliyevanın  fikrinə görə, "Ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür." Bu baxımdan ərəb məhcər ədəbiyyatının müqtədir nümayəndələri üzərlərinə düşən ədəbi missiyanı böyük ustalıqla yerinə yetirməklə XX əsr dünya ədəbiyyatına öz töhfələrini verdilər.

Multikultural ədəbi irsin və müqayisəli ədəbiyyatşünaslığın bəşəri tələbləri kontekstindən çıxış edən Aida İmanquliyeva məhcər şair və ədiblərin ədəbi-bədii zövqünün formalaşmasında, fikir və düşüncələrinin dünyəviləşməsində yeni ideya və poetik üslublara malik Qərb ədəbi-mədəni irsinin mühüm rol oynadığını qeyd edirdi: "Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər." Tədqiqatçı alimin fikrincə, "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Qərb dəyərlərini yeni formada–milli ənənələrlə sintez şəklində ifadə etmişlər. Ədəbi inkişaf prosesi gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləcə, onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və yeni formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı surətdə faydalanmışlar." Aida İmanquliyevanın gəldiyi elmi qənaətlərə görə, ərəb ədəbiyyatına xas milli ənənələrlə Qərb romantizminin mürəkkəb sintezi, Şərq ruhunun Qərb həyatında bədii ifadəsi Şərq-Qərb mədəniyyətlərinin ümumiləşmiş vəhdəti ilə yanaşı dünya ədəbi prosesində ümumbəşəri səviyyəyə yüksəlməyə zəmin yaratmışdır. "Suriya-Amerika məktəbi"nə xas yazıçıların ədəbi yaradıcılığına "Göl məktəbi" (Lake poets – göl məktəbi XVIII əsrin sonları-XIX əsrin əvvəllərində ingilis romantik şairlərinin birləşdiyi qrupun şərti adı), Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi sirayət etmişdir. Ədəbi cərəyanların məhcər ədəbiyyatına təsirini araşdıran və ardıcıl elmi təhlilini verən Aida İmanquliyevaya qeyd edirdi ki, "Suriya-Amerika məktəbi"nin adı çəkilən üç cərəyanla təmasının nəticəsi burada müəyyən bədii metodların formalaşması oldu: "Göl məktəbi" və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət realist Nüayməni formalaşdırdı."

Tənqidçi alimin fikrincə, ərəb məhcər ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının poetik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. Bu baxımdan müəllif  "Yeni ərəb ədəbiyyatı korifeyləri" monoqrafiyasında qeyd edir: "Cübran və Reyhani müəyyən məqamlarda öz realist baxışları ilə Qərb romantiklərindən bir addım irəli gedirlər. Onların yaradıcılığında romantik lövhələr çox vaxt realist mənzərələrlə yanaşı təsvir edilir."

Aida İmanquliyeva  "Ədibə əl-məhcər" (Məhcər ədibləri) məktəbinin görkəmli nümayəndələri Cübran Xəlil, ər-Reyhani, Mixail Nüaymə və digər qələm sahiblərinin irsindən bəhs edərkən onların yaradıcılığında yer alan qərb mövzuları ilə yanaşı, ənənəvi şərq mövzularının da olduğunu diqqətə çatdırır: "Mühacir yazıçılar yeni ədəbi üslubun yaradıcıları idilər. Onlar mümkün qədər bu üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bərabər, onlar ərəb klassik ədəbiyyatının ənənə və dəyərlərinə sayğılı münasibət nümayiş etdirmişlər." O, bu məntiqin davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi Şərq nağıl motivinin, Əmin ər-Reyhani və Cübran Xəlil şeirlərində Şərq aforizmlərinin yer almasını yeni modernist ərəb ədəbiyyatında özünü mühafizə edə bilmiş  Şərq ənənəsinin elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin və gözəlliyin kəşfidir. Məsələn, Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə rəğbəti hər bir əsərdə açıq-aydın hiss olunmaqdadır." Aida xanımın fikrincə, "ümumi planda baxdıqda Cübran əsasən kosmik insan idealını, ər-Reyhani klassik Şərqi, Nüaymə isə yaşadığı gerçək ərəb mühitini və onun problemlərini tərənnüm edir."

Ərəb-Avropa və Ərəb-Amerika ədəbi əlaqələrinin elmi əsaslarla və geniş şəkildə tədqiqat olunması sahəsində yeni səhifələr açmış Aida İmanquliyeva yaradıcılığının əsas məziyyətləri fərqli mədəniyyətlərin ortaq dəyərləri, dünyəvi dəyərlərin öyrənilməsi, Şərq-Qərb münasibətləri kontekstində sivilizasiyaların dialoqu və  ümumbəşəri vəhdət ideyasıdır. Onun elmi tədqiqatlarında milli mənəvi dəyərlər sistemi ümümbəşəri məna kəsb edir. Şərqşünas alim qeyd edirdi ki, "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Qərb dəyərlərini yeni formada – milli ənənələrlə sintez şəklində ifadə etmişlər. Onların ədəbi fəaliyyətləri Qərb və Şərq ədəbiyyatlarının öz mənəvi nailiyyətlərini bir-biri ilə mübadilə etdikləri informasiya kanalı rolunu oynayırdı."

Professor Aida İmanquliyeva elmi tədqiqatlarında dünya şöhrətli  yazıçı Əmin ər-Reyhaniyə məxüsusi yer ayırmışdır. Aida xanıma görə, ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndəsi olan Əmin ər-Reyhani sadəcə yazıçı deyil, həm də dövrünün böyük mütəfəkkiri olmuşdur. "Əmin ər-Reyhani livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda işləmişdir. O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir" - deyən şərqşünas alim Əmin ər-Reyhaninin hərtərəfli yaradıcılığa, dərin dünyagörüşə malik bir şəxs olduğunu diqqətə çatdırırdı. Aida xanım qeyd edirdi: "Qələmlər birliyinin üzvləri ərəb ədəbiyyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də poeziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi." O, Qərbdə mükəmməl təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna daima sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivilizasiyanın zahiri cazibəsindən üstün tutmuş və yaradıcılığında qədim Şərqin prioritetliyini diqqətdə saxlamışdır. Sözü gedən ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Məşhur şeirlə bağlı Aida xanım qeyd edirdi ki, "Əmin ər-Reyhaninin "Mən Şərqəm" şeirində Şərqin keçmiş əzəməti barədə düşüncələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır."

Şərqşünas alim Əmin ər-Reyhanini  yeni ərəb ədəbiyyatında romantizmin təşəkkülündə  fəal rolu olan bir ədib kimi də təqdim edir: "Ər-Reyhani ərəb romantik ədəbiyyatının janr tərkibinə, mövzu seçiminə və poetikasına gətirdiyi rəngarəngliyi ilə seçilir. Onun yaradıcılığında romantizm milli xarakter kəsb edir. Ər-Reyhani  romantizminin özünəməxsusluğu, bədii üslubu onun yüksək sənətkarlıqla yazdığı əsərlərində əks olunmuşdur."

"Məni müxtəlif səslər səyahətə çağırır... Millət və vətənin səsi, vətənpərvərlik və milli problemlərin həlli məsələsi" deyən Ər-Reyhani 1922-ci ildə "əl-Vatan əl-Arabi" adlandırılan ərəb dünyasına uzun müddətli səyahətə çıxmış, İraq, Misir, Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, Küveyt, Fələstin, Mərakeş və s. ölkələrə səfərlərində ölkə başçıları, nüfuzlu din və dövlət xadimləri, fəal ictimaiyyət nümayəndələri ilə söhbətlər aparmış, ərəb ölkələrinin keçmişi və müasir durumundan, ictimai-siyasi hadisələrdən, təmasda olduğu şəxslərdən bəhs edən bir sıra maraqlı əsərlər qələmə almışdır. Getdiyi ölkələrlə bağlı səfər təəssüratları onun "Ərəb kralları", "Birinci Feysəl", "İraqın qəlbi", "Beyrutun ürəyi"  kimi əsərlərində əks olunmuşdur. Müxtəlif janrlarda ədəbi, fəlsəfi, tarixi, publisistik əsərlər qələmə almış ər-Reyhani yaradıcılığı barədə ərəbşünas alimimiz qeyd edir: "O, özünü yalnız yazıçı deyil, həm də mübariz vətənpərvər hiss edirdi. Özünün bütün maraq və düşüncələri ilə o, xalqın ictimai-siyasi və mənəvi həyatının mərkəzində dururdu. Ər-Reyhaninin publisistika ilə təbii bağlılığı da buradan irəli gəlirdi."

Əmin ər-Reyhani ingilis dilində qələmə aldığı məşhur "My East and West" ("Mənim Şərqim və Qərbim") əsərində yazırdı: "Şərqdə və Qərbdə mütəfəkkirlər qohumdurlar, şairlər iki qardaşın oğullarıdırlar, təxəyyülün novatorları dünyada sülh və xoş məramın müjdəçiləridirlər. Onların əsərləri millətlər arasında geniş yollar açır və onlar həmişəyaşar bələdçi və qoruyucudurlar." Dünya şöhrətli ərəb yazıçısı ölkələr və xalqlararası mədəni, elmi, ədəbi dostluq əlaqələrinin qurulmasında tarixdə iz qoymuş fövqəl zəka sahiblərinin yaradıcı qələmlərindən süzülən əsərlərin mühüm rol oynadığını israrla vurğulayırdı. Bu baxımdan, Aida İmanquliyeva da  ölkələr arasında dostluq münasibətlərinin yaranmasında və inkişaf etməsində ədəbi əlaqələrin danılmaz rolundan bəhs edərək qeyd edirdi: "Ədəbi əlaqələrin tarixi xalqların tarixi qədər qədimdir." Ötən əsrdə yaşayıb-yaratmış şərqşünas alimin fikrincə, ədəbi əlaqələr dünyadakı müxtəlif millətlər, xalqlar arasında çoxşaxəli mədəni əlaqələrin meydana gəlməsinə və milli mənəviyyatla ümumbəşəri dəyərlərin qovuşaraq daha geniş məzmun kəsb etməsinə münbit şərait yaradır.


Ardı var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi