Modern.az

Sosial şəbəkə istifadəçilərinə müraciət: ONLARA İNANMAYIN

Sosial şəbəkə istifadəçilərinə müraciət: ONLARA İNANMAYIN

Media

6 Yanvar 2020, 15:43

Sosial şəbəkələrin gündəlik həyatımızda xüsusi önəm daşıması danılmazdır. Təkcə əyləncə üçün yox, yeni informasiya əldə etmək və eyni zamanda, cəmiyyətə müəyyən informasiya ötürmək üçün də sosial şəbəkələr əlverişlidir. Lakin çox təəssüf olsun ki, biz bəzi hallarda bu platformada qeyri-dəqiq, sırf müəyyən maraqlara xidmət edən xəbərlərin yayıldığını da görürük. Ən pisi isə bəzi mətbuat nümayəndələrinin də belə xəbərlərə birbaşa istinad edərək, heç bir mənbədən məlumatı dəqiqləşdirməməsidir.

 

Maraqlıdır, sosial şəbəkələrdə yalan informasiyaların yayılmasının qarşısını almaq mümkündürmü? Bu xəbərləri yayanların məqsədi nədir?

 

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, indi sosial şəbəkələr müxtəlif qrupların, siyasi güclərin, müəyyən maraqları olan dairələrin təsiri altındadır:

 

“Həmin dairələr də istədiyi kimi trollar və  müxtəlif qruplar vasitəsilə informasiyanı yönləndirə, idarə edərək ictimai rəyi yoxlayıb, eyni zamanda, ictimai rəylə oynaya bilirlər. Bu baxımdan, hesab edirəm ki, kütlə psixologiyasının müəyyən xarakterik cəhətləri də sosial şəbəkədə özünü göstərir. İnsanlar belə hallarda yayılan məlumatlara məsuliyyət hissindən uzaq, emosional reaksiyalar verirlər. Düşünürəm ki, güclü və obyektiv mətbuat olarsa, sosial şəbəkədə baş verən hallara operativ reaksiya verməklə informasiyanın arxasınca sürünmək yox, informasiyanı idarə etmək və qabaqlamaqla bu halların qarşısını almaq olar. Amma yenə də deyim ki, sosial şəbəkələr cəmiyyət üçün yenidir və bu mənada belə halların olması təbiidir. Zaman, vaxt və mətbuatın etibarlılığı, eyni zamanda, sosial şəbəkədə profillərin etibarlılığı gələcəkdə bu kimi halların azalmasına gətirib çıxaracaq”.

 

 

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cəmiyyətə təsirindən aslı olaraq müəyyən orqanların belə qeyri-dəqiq məlumatların paylaşılmasına nəzarət etməli olduğunu vurğulayıb:

 

“Dünya təcrübəsinə baxsaq görərik ki, ABŞ prezidenti Donald Tramp da sosial şəbəkə üzərindən rəsmi məlumat verir. Lakin bu rəsmi mənbədir, bunu jurnalist istifadə edə bilər. Amma sıradan bir sosial şəbəkə istifadəçisinin paylaşımını xəbərə çevirmək və ona inanmaq qeyri-peşəkarlıqdır. Yazılan xəbərdə ən azı bir neçə mənbəyə istinad olmalıdır. Elə son hadisədə, general Qasım Süleymaninin öldürülməsi ilə bağlı biz sosial şəbəkələrdə müxtəlif xəbərlər oxuduq. Biri yazdı ki, general türkdür, biri yazdı ki, farsdır və s. Bu cür mənasız xəbərlərlə insanların başını qatıb, düzgün olmayan informasiyanı paylaşmaq doğru deyil. Burada məsuliyyət KİV əməkdaşlarına düşür. Onlar sosial şəbəkədə yayılan hər informasiyanı xəbər kimi dəyərləndirməsinlər, müəyyən mənbədən məlumatı təsdiq etsinlər. Cəmiyyətə təsirindən asılı olaraq, müəyyən orqanlar belə qeyri-dəqiq məlumatların paylaşılmasına nəzarət edə bilərlər. Yəni yayılan informasiyanın insanlara təhlükə törədə bilməsi, təsiri araşdırılmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü