Modern.az

ABŞ-İran qarşıdurmasında Çin faktoru: “Bu prosesi hərəkətə gətirən şəxsən Süleymani olub” - sabiq nazirlə MÜSAHİBƏ

ABŞ-İran qarşıdurmasında Çin faktoru: “Bu prosesi hərəkətə gətirən şəxsən Süleymani olub” - sabiq nazirlə MÜSAHİBƏ

Müsahibə

8 Yanvar 2020, 13:53

Hazırda İran-ABŞ arasında yaşanan gərginlik dünya gündəminin bir nömrəli problemlərindən biridir.  

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  bu mövzu ətrafında Modern.az-a müsahibə verib.

 

-  Tofiq müəllim, fikrinizcə, ABŞ-İran qarşıdurması dünya üçün nə vəd edir?

- İndiki mərhələdə hamıya bəllidir ki,  gərginləşmə dalğası artır və bu, müxtəlif istiqamətlərdə baş verir. İsrail də bu proseslərdən kənarda qala bilməz. Demək ki, Ərəb Korfəzi ölkələri bu cür hadisələrdə istər-istəməz iştirak edəcək. Qüvvələrin konfiqurasiyası onu göstərir ki, əsasən ABŞ qoşunları İraq və körfəz ərazilərdə yerləşir. İranın proksi dəstələri zərbələrini bu istiqamətdə endirəcək. Bəzi müşahidəçilər deyirlər ki, bu prosesin kökündə İraq hökumətinin rolu var. Bunu da onunla əlaqələndirirlər ki, İraqın Çinlə böyük bir neft sazişi bağlamaq fikri var idi.Təxminən 10 il ərzində 600 milyard dollar dəyərində İraq höküməti Çinə neft ixrac etmək üçün öhdəlik götürmək istəyirdi. Çin də bu sahəyə böyük miqdarda sərmayə qoymağa hazır idi. Hiss olunurdu ki, bu prosesi əsas hərəkətə gətirən İran tərəfi, şəxsən Süleymani olub. Biz görürük ki, vəziyyət daha da gərginləşir və kəskinləşir. Ona görə İran- ABŞ məsələsindən ortaya əlavə Çin faktoru da çıxır. Bu konfliktlər müxtəlif münaqişələr zonası əmələ gətirir. Birincisi, İran-ABŞ, ikincisi İran-İsrail, üçüncüsü İran-Ərəb ölkələri, yəni körfəz ölkələri sünni ideologiyası.

Biz bu məsələdə eyni zamanda sünni-şiə qarşıdurmasını da görəcəyik. Çünki İraqın 55 faizi şiə, İran əhalisinin 20 faizi isə sunnidir. Bu baxımdan hesab edirəm ki, müxtəlif istiqamətdə olan bu konfliktlər böyük bir münaqişə zonası yaradıb. Coğrafi və iqtisadi baxımdan yaxın ölkə olan İranda vəziyyətin gərginləşməsi öz növbəsində Azərbaycana da təsir edəcək. Çünki İran tərəfi ilə geniş humanitar əlaqələr mövcuddur, gediş-gəliş var. Sünni-şiə qarşıdurmasının olması Azərbaycana ciddi təhlükələr yarada bilər. Amma ənənəvi olaraq Azərbaycanda olan sünni-şiə qardaşlığı, ruhani idarəsi tərəfindən həyata keçirilən siyasətlə yarana biləcək konfliktin qarşısını almaq mümkün olardı. Lakin xaricdə olan qüvvələr bu məsələyə xələl gətirə bilərlər. Ona görə Azərbaycan bu işlərdə diqqətli olmalıdır. İran-Azərbaycan əlaqələrini götürsək, əsas alqoritm ondan ibarət idi ki, İran Azərbaycan tərəfinin daxili işlərinə qarışmır, Azərbaycan da İrandakı soydaşlarımızın məsələsini İranın daxili işi hesab edir. Bu baxımdan qeyri-rəsmi saziş uzun illərdir ki, Azərbaycan-İran əlaqələrinin sakit, problemsiz şəkildə inkişafına imkan verirdi.  Hesab edirəm ki, bu münasibətlər bu şəkildə davam etsə, yəni tərəflər qeyri-rəsmi öhtəliklərə əməl etsələr, problem yaranmayacaq. Bunu ona görə qeyd edirəm ki, münaqişə yaradan tərəflər Azərbaycan faktorundan istifadə etmək istəyində olacaqlar və ölkəmizi öz tərəflərinə çəkməyə cəhdlər olacaq. Bu da ən əsas təhlükələrdən biridir. Azərbaycan tərəfi bu qarşıdurmadan uzaq durmalı və konfliktin yaranmaması üçün xoş münasibətini sərgiləməlidir.

 

- ABŞ-İran qarşıdurması Üçüncü Dünya Müharibəsinin yaranmasına gətirib çıxara bilərmi? Ümumiyyətlə, bu münaqişəni Yaxın Şərq məsələsinin kuliminasiya nöqtəsi hesab edirsinizmi?

- Mən elə hesab etmirəm ki, biz Üçüncü Dünya Müharibəsi ərəfəsindəyik. Qərb heç vaxt imkan verməz ki, İranın nüvə silahı meydana gəlsin. Çünki bu Qərb üçün qırmızı xəttir. Bölgədə nüvə silahının daşıyıcıları olan ölkələr mövcuddur. Artıq İsrail rəsmi şəkildə bildirib ki, ölkə olaraq onlar nüvə silahlarına malikdirlər. Bəzən bu açıqlamanı siyasi səhv kimi qiymətləndirirlər. Dünya müharibəsi ayrı bir məfhumdur. Belə ki, dünyanın bir hissəsi başqa bir hissəsi ilə mübarizə aparır və 40-a yaxın ölkə bu prosesdıə iştirak edir. Düşünmürəm ki, belə hal baş versin. Müdrik siyasətçilər qarşıdurmanın hansısa mərhələsində məntiqli addım ataraq problemi həll edə bilərlər. Çünki münaqişə dərinləşərsə yarana biləcək təhlükəni sözlə ifadə etmək çətin olar.      

    

- Münaqişədə Rusiya ilə Türkiyənin mövqeyini necə dəyərləndirmək olar?

- Rusiya prezidenti Putinin son səfərləri onu göstərir ki, bu ölkələr irimiqyaslı qarşıdurmaya mane olmaq niyyətindədirlər. Hesab edirəm ki, bu addımlar hansısa nəticəyə gətirib çıxara biləcək. Çünki bu ölkələrin ABŞ və İranla yaxşı münasibətləri var. Bu baxımdan xoş niyyətli addımlar artıq baş turur. Ümid edirəm ki, müsbət nəticələr əldə etmək mümkün olacaq. Hər halda, baş verən hadisələrin xeyri ondan ibarətdir ki, münaqişədə olan və digər ölkələr başa düşürlər ki, qırmızı sədd var ki, onu keçmək olmaz. Hesab edirəm ki, hər iki tərəfə dərs olacaq ki, gələcəkdə bu məsələdə daha ehtiyatlı şəkildə davransınlar.

 

-  Tofiq müəllim, İranın ən tanınmış generallarında olan Qasım Süleymani öldürüldü. Buna cavab olaraq da İran tərəfi ABŞ-ın hərbi bazalarını raket atəşinə tutdu. Necə düşünürsünüz, Ağ Ev bu məsələdə sakit dayanacaq , yoxsa hər hansısa işlər görüləcək?

- İranın prokisləri imkan verir ki, qarşı tərəfi atəşə tutmaq mümkün olsun. Lakin İran dövlətinin də bu prosesə qoşulması təbii olaraq qırmızı xətlərdən biridir. Yəni dövlətə məxsus qoşunların bu məsələdə iştirakı düzgün deyil. İrann qisas almaq siyasəti proksi qoşunlarla baş verə bilər. Bildiyimiz ki, İran generalı ilə yanaşı İraqın şiə hərbi birləşmələrinin rəhbəri də öldürülüb. Bu baxımdan hesab edirəm ki, mümkündür ki, qısamüddətli olaraq  İran proksiləri ABŞ qoşunlarına qarşı mübarizə aparsınlar. Amma yenə də baxaq görək ki, hadisələr necə inkişaf edəcək.

 

-  Bu proseslərin Qarabağ probleminə nə kimi təsiri ola bilər?

İstər-istəməz Azərbaycan faktoru üz-üzə gələn hər iki ölkə üçün vacibdir. Təbii ki, biz bunu yaxın zamanda hiss edəcəyik. Azərbaycan faktoruna İranda yaşayan azərbaycanlılar da daxildir. Bundan qabaq olan münasibətlərə Azərbaycan tərəfindən hər zaman hörmət edilməlidir. Hesab edirəm ki, Qarabağ məsələsinin həll olunmasına hər iki ölkə tərəfindən diqqət ayrıla bilər.

 

-  İran məsələsində kürd faktoru da var. ABŞ-İran qarşıdurması regionda kürd dövlətinin yaranmasına gətirib çıxara bilərmi?

- Kürd məsələsi on illərdir ki, mövcuddur. Müxtəlif ölkələrdə kürd icmaları var və bəzi yerlərdə əhalinin böyük faizini kürdlər təşkil edir. Onların bu prosesdə iştirak etməsi bir məsələdən asılıdır. Kürdlərin bu və ya digər ölkədə özünü normal inkişaf etdirmək üçün şəraitləri mövcuddur, yoxsa yox. Bu şəraitin mövcud olmaması, eləcə də kənar təsirlərin də yaranması nəticəsində kürd problemini ortaya çıxarır. Bu da xaricdən olan istiqamətlərin təsirindın asılıdır. Münaqişədə olan ölkələr çalışacaqlar ki, kürd məsələsində iştirak edən hərbi birləşmələri öz tərəflərinə çəksinlər. Amma açıq deyək ki, İranın kürdlərlə olan problemi digər ölkələrin kürdlərlə olan problemlərindən heç nə ilə fərqlənmir. Bir neçə il əvvəl kürdlər öz müstəqilliyini elan etmək istəyəndə Türkiyənin də mövqeyini gördük. İndi Türkiyənin ABŞ üçün əhəmiyyəti kəskin şəkildə artıb. Türkiyənin üzərinə olan kəskin basqılar, yəni konqresin “qondarma soyqırımı” tanıması və s. indi ikinci plana keçib.

Türkiyənin bu məsələlərin həllində həm hərbi- demoqrafik, həm də iqtisadi nüfuzu əsas faktorlardan biridir. Türkiyə-Azərbaycan münasibətləri də bu məsələnin bir elementidir və Qarabağ probleminin həllində bu elementin müəyyən təsiri ola bilər.

 

- Bəzi müşahidəçilər hesab edir ki, Türkiyə yenidən NATO-nun  əsas güclərindən olacaq və bu ölkənin Rusiya ilə münasibətlərinin pozulması zamanın tələbidir. Bu məsələni necə qiymətləndirisiniz?

- Bir çox halda bizdə Türkiyə-ABŞ, Türkiyə-Rusiya münasibətlərinin şərhini düzgün hesab etmirəm. Məsələn, belə deyirlər ki, Türkiyə-ABŞ əlaqələri pozulacaq və s. Söhbət hansı tarixi prosesdən gedir?

Türkiyənin bir ölkə olaraq iqtisadi nailiyyətlərində çox ciddi irəliləyiş var. Dünyanın 20 iqtisadi ölkəsinin arasında Türkiyənin də adının olması buna əyani sübutdur. Hərbi sənayenin də inkişafını görməmək mümkün deyil. Türkiyə istəyir ki,  onun dünyadakı rolu qiymətləndirilsin və atılan addımlarda onun da maraqları qiymətləndirilsin. Yəni, bu tamamilə normal bir siyasi iradədir. Dediyiniz məsələ isə gələcəyin öhtəsindədir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi