Modern.az

“Ermənilər onun başına 50 min dollar pul qoymuşdular” - Şəhid Rövşən Camalovun SON GÜNÜ

“Ermənilər onun başına 50 min dollar pul qoymuşdular” - Şəhid Rövşən Camalovun SON GÜNÜ

Reportaj

9 Yanvar 2020, 10:00

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.

 

Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Camalova həsr olunur.

  

Məlumdur ki, Birinci Qarabağ Müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Rövşən Camalovun son günü, ailəsi ilə son xatirələrindən danışacağıq.

 

Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonu, seyidli kəndində anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olub. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyub canından artıq sevdiyi vətəninin müdafiəsinə qalxıb.

 

Rövşən Camalov Şelli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, yaralı döyüş yoldaşının həyatını xilas edə bilib. Rövşən yarası tam sağalmamış yenidən silahdaşlarının yanına qayıdıb, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Rövşən Camalov 31 dekabr 1993-cü ildə Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə Rövşən Camalov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Modern.az-ın Rövşən Camalovla bağlı suallarını şəhidin anası Fatma Camalova, qardaşı və eyni zamanda döyüş yoldaşı, hansı ki, o döyüşdə iki ayağını vətən uğrunda fəda edən Bəhruz Camalov cavablandırıb.

 

Şəhidin anası Fatma xanım:

 

“Rövşən 1973-cü ilin 31 mart tarixində anadan olub. Xasiyyətcə çox sakit uşaq idi, amma mənim sözümə baxmırdı. Qarabağ müharibəsi başlayanda Rövşən hələ məktəbli idi, 16 yaşındaydı. Uşaqlıqdan vətənə bağlı oğul olub. İndi də deyirəm, Rövşən mənim sözümə baxmadı. “Sənin yaşın müharibəyə düşmür, bala, getmə” dedim, sözümə qulaq asmadı. İkinci oğlum Bəhruz həmin ərəfələrdə Rusiyada yaşayırdı. Müharibənin başladığnı eşidən kimi ailəsini də götürüb bura gəldi. Bəhruz əslində vaxtında hərbi xidmətini başa vurmuşdu, amma yenə də müharibəyə yollandı”.

 

1992-ci ilin iyun ayı…

 

Fatma xanım dərin yanğı hissi ilə ikinci oğlu Bəhruzun yaralandığı anları xatırlayır:

 

“İyun ayının 13-də Bəhruz iki ayağından oldu, hospitalda yatırdı. Bəhruzdan sonra ürəyimə lap böyük qorxu düşdü. Dəfələrlə Rövşənə dedim ki, bala Vətən uğrunda bir balamın iki ayağını verdim, gəl mənə insaf elə, qayıt evinə. Deyirdi ki, ölənə qədər vuruşacam, ana! Mən belə dedikcə Rövşən evə heç gəlmirdi. Nə qədər özümə söz verirdim ki, Rövşən gələndə ağlamayım, amma özümü saxlaya bilmirdim”.

 

Fatma ana o anları xatırladıqca dərin bir “ah” çəkib, özünə gəlməyə çalışırdı. Lakin iki ayağından olmuş Bəhruzunu, vətən yolunda şəhid verdiyi Rövşənin xatırladıqca, çəkdiyi “ah” sanki yeri-göyü inildədirdi.

 

“Bəhruzun yaralanmasından bir ay keçməmiş Rövşən güllə yarasıyla “Semaşko” xəstəxanasına yatırıldı. Bəhruz onda Papanindəki Mərkəzi Hərbi Klinik Hospitalda yatırdı. Qızım “Semaşko” xəstəxanası ilə Papanindəki hospital arasında qalmışdı, gah Bəhruzun, gah da Rövşənin yanına gedirdi. İyul ayı idi…Güllə Rövşənin çənəsinin altından girib, yanağından çıxmışdı. Balam nə yemək yeyə, nə də su içə bilirdi. Rövşənə yeməyi, suyu boru vasitəsilə verirdik”.

 

Rövşən Camalov döyüş yoldaşları arasında “Peka Rövşən” ləqəbi ilə tanınıb

 

“Rövşənin evə gələndə üstündə gəzdirdiyi “Peka”nın (Pulemyot - red.) mərmi darağını əlimə alanda oturub zülm çəkərək ağlayır, “Ay bala, sən bunu üstündə necə daşıyırsan?” deyirdim. Deyilənə görə, ermənilər Rövşənin adını “Rembo” qoyublarmış. Döyüş yoldaşları isə ona “Peka Rövşən” deyiblər. Yoldaşlarından aldığım məlumata görə, ermənilər Rövşənin başına 50 min dollar pul qoyublar.

Rövşən ermənilərin girov götürdüyü döyüş yoldaşı Fəxrəddin Abışovu 6 ay sonra erməni leytenantla dəyişdi. Hansı ki, həmin erməni leytnantı Rövşən vurmuşdu. Meyiti neytralda qalan ermənini nə bizimkilər, nə də düşmən götürə bilirdi. Lakin 3 gün sonra Rövşən həmin meyiti götürüb Fəxrəddinlə dəyişdi. Rövşən Fəxrəddini ermənilərin əlindən alan kimi aparıb evlərinə özü təhvil verdi”.

 

Rövşən Camalovun qardaşı və çiyin-çiyinə vuruşduğu döyüş yoldaşı Bəhruz Camalov:

 

“Rövşən xaraktercə çox sakit idi, lakin döyüşdə onu görənlər sakit olduğuna inanmazdı. 1992-ci ildə; müharibənin ən qızğın vaxtlarında Rövşəngilin dəstəsi erməninin Xoranbot kəndini almışdılar. Lakin 3 gün sonra ermənilər ora hücum etdilər”.

 

Rövşən həmişə canından əvvəl, vətənini düşünüb. Çənə sümüyündən güllə yarası aldığı vaxt o, xəstəxanada qala bilmir, tək düşündüyü müharibəyə getmək idi. 1993-cü ilin may ayında rayonumuzun Abdal-Gülablı və digər kəndlərinin alındığını eşidən kimi Rövşən müalicəsini yarımçıq qoyub döyüşə yollandı.

Döyüşdə Rövşənin yoldaşlarından biri mərmi darağına ilişib, vurulubmuş. Rövşən mərmi darağını açıb yoldaşını çıxarmaq istəyəndə düşmən mərmisinə tuş gəlib”.

 

Şəhidin anası:

 

“Rövşən şəhid düşəndə bizim xəbərimiz yox idi. Döyüş yoldaşları Rövşənin nəşini çiyinlərində küçədə gəzdiriblər, lakin ailəsinin harda məskunlaşdığından xəbərsiz olublar. Səhərə yaxın bildim ki, balam şəhid düşüb”.

 

Şəhid Rövşən Camalov  31 mart Soyqırım günü doğulub, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü şəhid olub.

Ürəyindəki yanğı səsindəki titrəmədən hiss olunan Fatma ana oğluna Milli Qəhrəman adı verilmədiyi üçün məyusluğunu gözlərindəki yaşla bəlli etsə də, məğrurcasına “mənim oğlum xalqın qəhrəmanıdır” deyir.

 

“1994-cü ildə Ümumilli liderimiz Heydər Əliyev mənə dedi ki, Ağdam alınanda oğluna Milli Qəhrəman adı veriləcək. Mən və həyat yoldaşım hazırda Bərdədə Pambıqçılıq Texnikomu yataqxanasında yaşayır”.

Fatma xanım Rövşən Camalovun evdə həvəskar olaraq istifadə etdiyi nağarasından tutmuş, bütün şəkillərinə qədər hər şeyini Bakının Tarix muzeyinə verib.

 

“Onsuz mənim daimi yaşanılacaq evim-eşiyim yoxdur. Ona görə də Rövşənə aid hər şeyi muzeyə verməyi məntiqli hesab etdim”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir