Modern.az

Buna görə iddialarını geri götürüblər” - Mais Məmmədov  

“Buna görə iddialarını geri götürüblər” - Mais Məmmədov  

10 Yanvar 2020, 18:12

Bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri ləğv edilib.

 

Bu qərarın səbəbi haqqında Modern.az-a danışan Şuranın Aparat rəhbəri Asəf Hacıyev xatırladıb ki, müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim etmişdi:

 

“Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “OMD Azerbaijan” MMC idi.

 

İddiaçılardan biri ayın 7-si, biri ayın 8-i, digəri isə ayın 9-u müsabiqədə iştirak etməkdən imtina edib. Beləliklə, müsabiqədə iştirak edən yalnız iki şirkət - “Balans Studiyası” MMC və “İNS ÇM” MMC qalıb. Şuranın “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndində göstərilib ki, Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər. Buna görə, hələlik Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib. Yeni müsabiqə nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov saytımıza bildirib ki, digər iddiaçılar radio tezliyini almaq istəmirlər:

 

“Yəqin ki, buna görə iddialarını geri götürüblər. Bəs digər iki şirkət niyə nəzərə alınmır? İkisindən birinə tezlik verilə bilərdi”.

 

Mais Məmmədov iddiasını qüvvədə saxlayan digər iki şirkətin sahibləri Vahid Mustafayev və Seyfulla Mustafayev qardaşlarının iddianı geri götürməklə bağlı digər üç şirkətə müraciət etmədiyini vurğulayıb:

 

“Biz heç kimdən xahiş etməmişik, tələb etməmişik ki, iddiasını geri götürsün. Geri çəkilib-çəkilməmək onların öz işləridir. Bizim nə işimiz var?!”

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən, "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.

 

2019-cu il noyabr ayının 12-də isə ümumrespublika radio kanalının açılması üçün 102.0 MHz işçi tezliyinə müsabiqə elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi