Modern.az

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda keçiriləcək parlament seçkilərini çoxsaylı müşahidəçilər qrupu izləyəcək”

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda keçiriləcək parlament seçkilərini çoxsaylı müşahidəçilər qrupu izləyəcək”

10 Yanvar 2020, 19:49

Sosial şəbəkələrdə Avropa Parlamentinin müşahidə missiyasının fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləməyəcəyi ilə bağlı fikirlər yer alıb. 

Bəs, gerçəklik nədir, bu fikirlər həqiqətdirmi?

 

 Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bu məsələlrələ bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Cavanşir müəllim, fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki öncəsi ümumi vəziyyəti necə dəyərləndirirsiz?

- Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq işləri tam gücü ilə gedir. Bu gün deputatlığa namizədlərin qeydiyyata alınması üçün sonuncu gündür. Artıq 617 nəfər vətəndaşın namizədliyi qeydə alınıb. MSK-nın verdiyi açıqlamalardan aydın olur ki, namizədlər 10-dan çox siyasi partiya və blokları təmsil edir, eləcə də öz namizədliyini müstəqil surətdə irəli sürən və ya təşəbbüs qrupları tərəfindən namizədliyi irəli sürülmüş bitərəf vətəndaşlar da namizədlər siyahısında yer alıb.

 

- Siz beşinci çağırış Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olmusuz. Bilmək istərdik ki, təmsil olunduğumuz beynəlxalq təşkilatlardan seçkiləri müşahidə etmək üçün kimlər gələcək?

- Həmişə olduğu kimi, bu ilki parlament seçkilərində də çoxsaylı müşahidəçilər olacaq. Yerli müşahidəçilərdən başqa seçki prosesləri bir çox beynəlxalq təşkilatlar tərəfindən izlənəcək və bununla əlaqədar bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərilib.
ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, İslam Əməkdaşlıq Təşkilatı, MDB PA, GUAM PA, QDİƏT PA və sairə beynəlxalq təşkilatlardan eləcə də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğu çoxsaylı Avropa ölkələrinin milli parlamentləri tərəfindən müşahidə missiyalarının gəlişi gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdan gələn seçkilər həm ölkə daxilində, həm də xaricdə böyük maraq doğurur.

 

 

- Bildiyiniz kimi, Avropa İttifaqının üzvü olmadığımızdan Avropa Parlamentinə rəsmi dəvət də göndərilməyib. Ancaq bəzi mətbuat səhifələrində Avropa Parlamentinin seçkiləri izləməkdən imtina etdikləri barədə məlumatlar yer alıb. Bu barədə sizin də fikirlərinizi eşitmək istərdik.

- Bu tamamilə yanlış məlumatdır. Avropa Parlamentinə seçkilərlə bağlı heç dəvət göndərilməyib ki, ondan imtina da olsun. Çünki Avropa Parlamenti Avropa İttifaqəna üzv olan ölkələrin parlamentidir və onun səlahiyyətinə Avropa İttifaqı ərazisində keçirilən seçkilərin müşahidə olunması daxildir. Azərbaycan Aİ-nın üzvü olmadığı üçün Avropa Parlamenti ölkəmizdə keçiriləcək seçkiləri izləməyəcək. Bu missiyanı Avropanın başqa qurumları daha dəqiq desək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həyata keçirir.  Büronun çoxsaylı müşahidə missiyası artıq öz işinə başlayıb və onlar seçki öncəsi vəziyyəti dəyərləndirməklə məşğuldurlar.

 

- Son olaraq seçki öncəsi seçici fəallığını necə qiymətləndirirsiz?

- Builki seçkilərdə seçici fəallığının artması müşahidə olunur. Son bir neçə ildə ölkədə həyata keçirilən ardıcıl islahatlar bütün sahələrdə olduğu kimi, ictimai-siyasi mühitdə də pozitiv bir canlanma yaradıb. Vətəndaşlar islahatların daha da genişlənməsini istəyir və daha fəal şəkildə ölkədə gedən proseslərə qoşulurlar. Bu öz növbəsində seçkilərin daha mükəmməl və daha məsuliyyətli şəkildə həyata keçirilməsinə öz töhfəsini verəcək. Xalqın etimadını qazanan bütün namizədlərin seçkiləri uğurla başa çatdıracaqlarına əminəm.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır