Modern.az

Ermənistanın “Azərbaycan evi”, “Qarabağ məktəbi” qorxusu – AZƏRBAYCAN DİASPORUNDAN NARAHATLIQLAR VAR  

Ermənistanın “Azərbaycan evi”, “Qarabağ məktəbi” qorxusu – AZƏRBAYCAN DİASPORUNDAN NARAHATLIQLAR VAR  

Diaspor

15 Yanvar 2020, 09:40

Son zamanlar Ermənistan mediası xaricdəki soydaşlarımızın fəallaşmasına, xüsusilə də milli məsələlərdə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların toparlanmasına diqqət ayırır.

 

Hiss edilir ki, xarici ölkələrdə “Azərbaycan evi”nin, “Qarabağ məktəbi”nin açılması düşmən ölkəni ciddi narahat edir. Qarşı tərəf bunu gizlətmir də...

 

Nəzərə alsaq ki, bu günə qədər Ermənistan mətbuatında bu tipli yazılara rast gəlinməyib, birdən-birə belə mövqelərin sərgilənməsi heç şübhəsiz ki, Azərbaycan diasporunun güclənməsi ilə bağlıdır.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə davamlı olaraq xarici ölkələrdəki soydaşlarımızın kompakt yaşadığı şəhərlərdə “Azərbaycan evləri” yaradılaraq, istifadəyə verilir.

 

2019-cu ildə İspaniya, Macarıstan, İtaliya, Ukrayna, Estoniya, Belçika, Polşa, Almaniya, Gürcüstanda “Azərbaycan evi” açılıb.

 

2020-ci ildə isə daha 8 ölkədə “Azərbaycan evi”nin açılması planlaşdırılır.

 

Bundan başqa azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə “Qarabağ məktəbi” də fəaliyyət göstərir.

 

Şübhə yoxdur ki, Azərbaycan diasporunun inkişaf mexanizmlərinin işə salınması düşmən ölkənin planlarını  pozur.

 

İllərdir ki, dünya ölkələrinə Qarabağı öz dədə malı kimi təqdim edən mənfur qonşularımız xarici ölkələrdə  Azərbaycana məxsus Qarabağ məktəbinin açılmasını həzm edə bilmir.

 

Yada salaq ki, uzun zamandır Ermənistan tərəfi xarici ölkələrdə azərbaycanlıların yaratdıqları Koordinasiya Şuralarından da narahat olduqlarını ifadə edirlər. Hətta bu təcrübədən yararlanmaq gərək olduğu fikrini də gizlətmirlər.

 

Disporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatında səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan diasporunun Yol Xəritəsi tam hazırdır və burada yanaşma standartlar deyil, mövcud şərait və gerçəklik qiymətləndirilir. Demək ki, gərək olan bütün məsələlər öyrənilib. Heç şübhəsiz ki, bu da ermənilərə yeni-yeni “sürprizlər” vəd edir. Və onlar da bunu anlamamış deyillər.

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasından Dövlət Komitəsinə dəstək...

 

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev “Qarabağ məktəbi”nin xarici ölkələrdə açılmasını müsbət qiymətləndirib:

 

“Xarici ölkələrdə “Qarabağ məktəbi”nin açılması Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq bizi də məmnun etdi. Buna görə də Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, Qarabağ adlı məktəblərin xarici ölkələrdə açılması həm Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. Eyni zamanda bizim xaricdə yaşayan soydaşlarımız, xüsusilə icma üzvlərinin həmin məktəblərin ətrafında sıx birləşməsi zamanı əldə edəcəkləri bilikləri yerləşdikləri ölkələrin insanlarına çatdırılması baxımından xüsusi önəm kəsb edir. Gələcəkdə icma olaraq bu kimi məktəblərin açılmasına dəstək verməyə və əlimizdən gələni etməyə hazırıq. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin bu işi həyata keçirməsi təqdirəlayiqdir”.

 

Azərbaycan diasporunun inkişafı Ermənistanı narahat edir...

 

 

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistanda yüz illərdir ki, diaspor təcrübəsi var:

“Dövlət yaranmamışdan qabaq diaspor sahəsinə daha çox önəm veriblər. Onların diasporla bağlı xüsusi alətləri olub. Burada kilsəni nəzərdə tuturam. Ermənilər bir çox ölkələrdə səfirlik açmamışdan öncə kilsə açıblar. Məsələn, Baltikyanı ölkələrdə səfir kimi çalşarkən  Latviyada səfirlikləri olmadığı halda, kilsə açdıqlarının şahidi olmuşam. Kilsə vasitəsilə diaspor işlərini ciddi şəkildə həyata keçirirdilər. Kilsənin tərkibində də məktəbləri fəaliyyət göstərirdi. Azərbaycana gəldikdə isə son illər diaspor sahəsində aparılan işlər erməniləri narahat edir. Onlar Ermənistan-Azərbaycan münaqişəsində diaspordan geniş istifadə edirlər. Biz bunu həmişə görürük. Onlar da başa düşürlər ki, Azərbaycan qısa müddətdə diaspor hərəkatına bu formada önəm verilirsə, bir müddətdən sonra diasporumuzun gücü çox ciddi faktora çevriləcək. Çünki diaspor işinin  bizdə ikinci mərhələsi başlayır. Özü də bu mərhələ fərqlidir. Ermənilər diaspor sahəsində aparılan işlərdən narahatdırlarsa, deməli, bizim işlərimiz doğrudan da yaxşı istiqamətdə gedir. Hesab edirəm ki, ermənilər çox işlərdən narahat olmalıdırlar. Bura həm diaspor fəaliyyəti, həm də Azərbaycanın iqtisadiyyatı daxildir. Onlar artıq başa düşürlər ki,  Azərbaycan dəyişib və diaspor sahəsində də  xeyli inkişafa doğru işlər görülür”.

 

Erməniləri məyus edəcəyik...

 

 

Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri Yaşar Musayev deyib ki, ermənilərin təxribat yoluna əl atmasının illərlə şahidi olmuşuq:

 

“Həqiqətən də Azərbaycan diasporunun güclənmə səbəbləri var. Bu da Azərbaycan diasporunun yeni formada təşkilatlanmağa başlamasıdır. Bu təşkilatlanma nədən ibarətdir. Azərbaycan evləri açılır. Nəinki Almaniyada, dünyanın bir çox ölkələrində Koordinasiya Şuraları fəaliyyət göstərir. Bu Koordinasiya Şuraları biri-birilə əlaqədədir. Azərbaycan diaspor mərkəzləri Azərbaycançılıq ideyalarının və Azərbaycan milli maraqlarının nədən ibarət olduğunu formalaşdırıb. Ona görə də ermənilər bu cür işlərdən narahatdırlar. Çünki onlar bizi düşmən kimi görürlər. Azərbaycan diasporunun güclənməsi ermənilərin zəifləməsi deməkdir. Ona görə də “Azərbaycan evi” və “Qarabağ məktəbi”nin açılmasına onların qısqanclıqla yanaşması tam olaraq başadüşüləndir. Səmimiyyətimlə deyirəm ki, diasporumuz daha da güclənəcək və yaxın gələcəkdə erməniləri məyus edəcəyik. 2019-cu ilin sonlarında Almaniyanın iki böyük şəhərində “Azərbaycan evi” açılıb.

 

Fevralın 1-də isə Azərbaycan evinin nəzdində “Qarabağ məktəbi” fəaliyyətə başlayacaq. Qarabağ adı altında dil kurslarının,  Azərbaycan mədəniyyətinin  tədris olunması işi ilə məşğul olacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı