Modern.az

ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM

ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM

17 Yanvar 2020, 16:20

“...Qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinə 24 iyun 1938-ci ildə keçirilən birbaşa seçkilərdə seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi”. (mənbə:http: www.meclis.gov.az/?/az/content/70) Üstəlik o dövrdə Azərbaycandan SSRİ Ali Sovetinə də deputatlar seçilirdi. Bununla yanaşı rayon və şəhər yerli xalq deputatları sovetləri vardı. Azərbaycan Ali Sovetinə seçkilər dörd ildən bir keçirilirdi. 12 500 nəfərə bir deputat düşürdü. Onlar ildə iki dəfə sessiyaya yığışırdı. Sovet dövrünün son – 1990-cı il seçkilərində isə Azərbaycan SSR Ali Sovetinə 360 deputat seçilmişdi.

 

Müstəqillik dövründə keçirilən ilk 1995-ci il seçkilərində isə yeni qanuna əsasən Azərbaycan əhalisi 125 deputatla təmsil olundu. Onlardan 25-i proporsional (partiya xəttiylə), 100-ü isə mojaritar (fərdi) seçki sistemi üzrə. Sonrakı seçkilərdə isə proporsional seçki sistemi ləğv olundu.

 

 

İndi deyəcəksiniz ki, “ay Mahir, burda maraqlı nə var? Azərbaycan artıq 29 ildir ki, müstəqildir. Ötən əsrə səyahət edib, o vaxtkı statistik seçki ab-havasını qabartmağa, özü də dörd çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş və yenidən seçkilərə qatılan Eldar Quliyev haqqında yazdığın yazıda ifadə etməyə nə lüzum var ki?” Var. Bəzi məqamları müqayisə etməyim lazımdır ki, hər şey aydın olsun. Bir də ki, yazı üslubum belədir.

 

O vaxtla müqayisədə indi əhalinin sayı iki dəfə artıb. Artıq on milyonu keçmişik. Amma deputatların sayı demək olar ki, üç dəfə azalıb. İndi bir deputat sovet dövründəki kimi 12600 seçicinin deyil, bundan üç-dörd dəfə artıq insanın seçimidir.

 

Sovet dövrü deputatlar ildə iki dəfə sessiyaya yığışırdı. O da bir neçə günlüyə. Bu gün isə deputat Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etməli, qanunvericilik təşəbbüsünü həyata keçirməli, Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirməli, deputat sorğuları verməli və seçicilərlə iş aparmalıdır. Bütün bu sadaladıqlarım deputatın səlahiyyətlərinə və fəaliyyət formalarına daxildir. İndi özünüz fikirləşin – seçkidən qabaq “hər bir seçicinin deputatı olacağam” deyərək kənd-kənd, qapı-qapı gəzib yağlı vədlər verən, nəhayət Bakıdan yüzlərlə kilometr uzaqda seçilən deputat öz seçicisinin qayğılarıyla maraqlanmaq istəsə ona vaxt və yaxud da aldığı məvacib yetərmi? Bu məvacib heç onun ailə qayğılarına da bəs etməz.

 

"Kəndə gəlirdim. Yollarınız bərbaddır. Mənə dedilər ki, su təminatı da pisdir. Sizin kəndə hələ də qaz çəkilməyib? Uşaqlar tam orta təhsil almaq üçün yağışda-qarda qonşu kəndin məktəbinə gedirlər? Əgər mənə səs versəniz bu problemləri Milli Məclis qarşısında qaldıracağam” deyir deputatlığa namizəd. Görəsən Milli Məclis məktəb tikən, yol, işıq, qaz, su çəkəndirmi? Xeyr. Deputat sadəcə sorğu verə bilər və bu sorğu kağız üzərində qala da bilər, qalmaya da. Deputat onun seçildiyi rayonun problemlərinin büdcədə öz əksini tapmadığını görüb büdcə müzakirələri zamanı etiraz edə bilər. Səs çoxluğunun qarşılığında bu etiraz effekt verərmi? Görəsən rayonda kimin səlahiyyəti və hörməti böyükdür – deputatın, yoxsa icra başçısının? Bir də ki, deputatlığa namizəd “bu problemləri Milli Məclis qarşısında qaldıracağam” deyir. Seçici isə bunu “deputat seçilsəm həll edəcəyəm” kimi başa düşür, qəbul edir.

 

Keçək həyati məsələlərə. Seçici deputatı toya çağırır. Bir ayda deputatı neçə seçicisi toya çağıra bilər? Yaxud da ki, yas mərasimi. Məcbur deyil? Getməyə də bilər? Onun səlahiyyətlərinə daxil deyil? Bəs seçki kampaniyasında “sizin xeyrinizdə də, şərinizdə də yanınızda olacağam” deyən həmin deputat deyildimi? Ehtiyacı olanlara Qurban bayramında qurbanlıq pay, Novruzda, Yeni ildə bayram sovqatı hədiyyə etməməlidirmi millət vəkili? Hələ xırda məişət qayğılarını demirəm. Deputat maaşı buna bəs edirmi? Hesablamışam. Bu maaş heç onun benzin, yemək puluna da çatmaz. Sonra da deyirlər ki, deputat bizneslə məşğul olmasın, vəzifədə işləməsin. Qohum-əqrabası hansısa bizneslə məşğul olanda da bunu deputatın ayağına yazırlar. Bəs onda necə olsun? Əhaliyə hansı lazımdır? “Yetim” deputat, yoxsa imkanlı? Bütün qapılar üzünə bağlananda, əli yananda ağzına təpən seçicinin döyməyə bir qapısı olmalıdır, ya yox? Axı bu deputat onun səsiylə yüksəyə qalxıb. Deputatın qanun istehsal etməsi seçicini maraqlandıran ən sonuncu və əhəmiyyət vermədiyi bir məqamdır. O istəyər ki, deputat daim onun yanında olsun, əlçatan olsun.

 

 

İndi deyəcəksiniz ki, ay Mahir, sən bütün seçiciləri fağır, kasıb etdin. Axı hamısı elə deyil. Düz deyirsiniz. Rəsmi statistik rəqəmlərə əsaslansam qırx min seçicidən ən azı, ən azı 5-10 faiz yoxsulluq səviyyəsində yaşayır. El dilində desək, qapı döyəndirlər.

 

HAŞİYƏ: Milli Məclisə getmişəm. Qapıda dayanıb adam gözləyirəm. İçəridə iclas gedir. Binanın ətrafında adamlar yığışıb. Seçdikləri deputatlar haqqında “xoş sözlər” deyirlər, özü də ki, hayqıraraq. Heç kim qarşılarına çıxmır. Çıxsalar belə – çifayda. Bu “alqışlananlar” o deputatlardır ki, özlərinin maddi və mənəvi yardıma ehtiyacı var. (SON)

 

Deputat toya gedir. Heç seçicinin, şəhid övladının, qaçqın uşağının toyu olmasın, olsun tanış-bilişin, deputat həmkarlarının övladının toyu. 50 manat yazdıranda deyirlər ki, “kül bunun başına. O boyda deputatdır, toya saldığı pula bax”. Heç olmasa yüz manat atmalıdır ki, bu cür tənələrdən kənar qalsın – o da qismən. Rayon, kənd yerində isə nəməri şəhərdəki kimi “poçt yeşiyi”nə atmırlar. Qapının ağzında oturan pul dəftərinə yazır. Deputat da gedən kimi yüz adam yaxınlaşır ki, bəs filankəs nə qədər saldı toya? Bəd və ya xoş xəbər də o saat yayılır kəndə, el-obaya. Arvadların bulaq başında, kişilərin isə çayxanada etdikləri qiybətin manşet xəbərinə çevrilir nəmərin məbləği. El-oba yaxşıdır, artıq bu cür xəbərlər Feysbuka da yol açıb.

 

HAŞİYƏ: Birinin anası rəhmətə gedir. O da yardım üçün həmkəndlisi, hazırda deputat olan, keçmişdə vəzifədə işləmiş eloğlusuna ağız açır. Deputat da zərfin içinə pul qoyaraq sürücüsündən göndərir. Bu kasıb eloğlu da zərfi açanda və içində 30 manat pul görəndə az qalır ki, havalansın. Şokdan ayılan kimi tezcənə kompyuterini açıb və öz Feysbuk səhifəsində deputata olan “dərin minnətdarlıq hislərini” ifadə edərək ictimailəşdirib. (SON)

 

 

Sovet dövrü parlamentə seçilən fəhlə yenə də fabrik-zavodda fəhlə işləyirdi. Öz seçicilərinin arasındaydı. Həm də rayon partiya komitəsinin 1-ci katibinin kabineti ilə yanaşı otağı vardı. Direktor ondan çəkinirdi. Həmin fəhlə-deputat lazım olanda özü kimi fəhlənin əlindən tutub bürokratik aparatın qapılarını təpiklə açırdı. Sovet dövrü deputat seçilən kəndli yenə də pambığını, üzümünü yığar, inəyini sağar, qoyununu otarardı. Həm də seçicilərinin arasındaydı. Cəmi yüz rubl deputat maaşı alardı (SSRİ Ali Sovetinin deputatı – 200 rubl). Kəndçi kimi qazandığından qat-qat aşağı. Seçicilərinin qarşılaşdığı problemlərin o da içindəydi. Sovet vaxtı həm də bütün rayon və şəhər partiya komitələrinin 1-ci katibləri öz başçılıq etdiyi rayonlardan deputat seçilirdilər. Öz rayonlarının problemlərini yüksək səviyyədə onlar da qaldırırdılar və əsasən həllinə nail olurdular. Üstəlik rayonun SSRİ Ali Sovetində də yüksək nümayəndələri olurdu. Hələ rayon xalq deputatları sovetini demirəm. Kəndçi dükana yalnız qənd, çay, düyü, şirni-mirni, pal-paltar almağa gedərdi. Qalan hər şeyi həyətdəki təsərrüfatdan idi. Üstəlik işlədikləri fermadan, tarladan şəhər zəhmətkeşlərini də təmin edirdilər. Şəhərdəki qohumlarına mütəmadi kənd sovqatı da göndərirdilər. Uşaqlarını ali məktəblərdə oxutdururdular. Kreditin, borcun nə olduğunu bilmirdilər. Bəs indi necədir? Hər kənddə, rayonda ticarət mərkəzləri yan-yana düzülüb. Kimi tərpədirsən ya banka borcu var, ya da təhsil haqqına. Pay torpaqları isə əkilmir, boşuna qalıb.

 

Seçdikləri deputatlar isə gözəl qanunlar qəbul edirlər. Seçiciyə isə qanun yox, çətin durumunda döymək istədiyi qapı lazımdır. Deputat isə onun yanında yox, ondan çox-çox uzaqda – Bakıdadır.

 

İndi deyəcəksiniz ki, bütün bu yazdıqlarının axı deputat, ziyalı, alim, müəllim Eldar Quliyevlə nə əlaqəsi var? O ki, rayondan deputat deyil. Mərkəzdən cəmi 30-40 kilometr uzaqda yerləşən, Bakının dörd qədim və böyük kəndinin – Maştağa, Zabrat, Bilgəh, Nardaran kənd sakinlərinin seçimidir. 9 fevral seçkilərində də namizədliyini irəli sürüb. Düzü sevindim bu xəbərə. Yox, təkcə atam Qabilin dostu, Bakılısı olduğuna görə yox...

 

 

HAŞİYƏ: Modern.az saytında xüsusi şərhlə yayımladığım “Prezident Heydər Əliyevlə şair Qabilin zarafatları-1” videosuna (//modern.az/articles/68821/1/) çoxunuz baxmısınız. Xüsusilə də bu yeri:

 

“Qabil: Uşaqlar bir balaca süfrə açıblar. Gedək istəyirsiz.

Heydər Əliyev: Hardadır süfrə?

Qabil: İnturistin “mramornı” salonunda.

Heydər Əliyev: Mramornı? (gülür)

Qabil: Gedəyin, qutab-zad qoyublar. Qutab-zad bişirib uşaqlar. Başqa şey... Gedəy bir az oturağın. Bir yüz vurağın. 70 ildə bir dəfə olan şeydir də... Vaxtınız varsa feyziyab olarıq. Hamınızı dəvət eləyirəm e... hamınızı. Mənim özümü də dəvət ediblər...”

 

Ən çox sevdiyim video xatirədir bu. Deyirlər ki, sevginin, tütünün, şərabın yaşı olmur. İllər keçdikcə daha da qiymətə minir. Bu video xatirə də mənimçün çox qiymətlidir, daha doğrusu qiymətsiz. İndi soruşacaqsınız ki, iki dahi şəxsiyyətin arasında olan bu söhbətin Eldar Quliyevə – özü də o vaxt deputat olmayan, sovet dövründəki şöhrətinə malik olmayan “Azərittifaq” kimi qurumun sədri, 45 yaşlı Eldar Quliyevə nə dəxli?

 

Xəyalım məni 1997-ci ilin yanvar ayına aparır. Atamın Opera və Balet Teatrında 70 illik yubileyi keçiriləcəkdi. Yanvarın 6-na təyin olunmuşdu. 70 yaşı 1996-cı il avqustun 12-də tamam olsa da, payız ayında keçirilməsi nəzərdə tutulsa da, Mədəniyyət nazirinin səhlənkarlığı ucbatından ötür-ötürə salınmışdı. Prezident Heydər Əliyev işə qarışandan sonra hər şey yoluna düşdü.

 

 

Amma nazirlik yenə də maneələr yaradırdı. Daha doğrusu bəhanələr: “Dəvətnamə çap etməyə, bədii hissədə iştirak edəcək artistlərə verməyə, teatrı arendaya götürməyə pulumuz yoxdur...” və sairə, ilaxır.

 

Bu ərəfədə Naxçıvanda, Hüseyn Cavidin yubileyində atamın Heydər Əliyevə dediyi “Polad Bülbüloğlu yubileyimin keçirilməsinə pəl vurur” cümləsi “öz bəhrəsini” bu formada verirdi. Bu yubileydə daha bir böyük problem isə banketin təşkili idi ki, bu nə Poladlıq, nə də Qabillik idi. Mədəniyyət nazirinin dəvətnamə çap etdirməyə “pulu yox idi”, o ki, qalsın qonaqlığa. Heç Qabilin də o qədər pulu yox idi. O cümlədən mənim də, qohum əqrabamızın da, dostların da...

 

Heydər Əliyevlə səhnəarxası görüşdə xəbər tutdum ki, bəs qonaqlıq olacaq. Özü də Təzə “İnturist”in Mərmər zalında. “UŞAQLAR” təşkil edib. Özü də ki, yüksək səviyyədə. Atam özü də dəvətlidir. Çünki Heydər Əliyevə “mənim özümü də dəvət ediblər” dedi. Yubileydən sonra ora getdik. Yüksək səviyyəli, 150 nəfərlik bir ziyafət idi. Süfrəyə də atamın təbirincə desək “bülbül dilindən kotletəcən” düzülmüşdü.

 

Sonradan isə bildim ki, atamın ərkyana, özü də prezidentin hüzurunda iki dəfə “UŞAQLAR” dediyi, onun özünü də, bizim hamımızı da ora dəvət edən, o boyda Mədəniyyət nazirliyinin tanınmış nazirinin bütün bəhanələrini kəsən şəxs “Azərittifaq”ın sədri Eldar Quliyevmiş.

 

Hər bir bədii əsərdəki qəhrəmanların prototipi var. Lakin bu, çox vaxt açıqlanmır. Yazıçı ölüb dünyadan gedəndən sonra da. Bu yük tədqiqatçı-alimlərin boynuna düşür. Onlar da bu sirləri çətin ki, aça bilsinlər. Çünki bilmirlər. Şahidlər isə azala-azala gedir. Sayta qoyulan videonun səbəbkarı isə mənəm. Dolayısı yolla mən – Mahir Qabiloğlu bu əsərin müəllifiyəm. Orda iki nəfər var. Bir Prezident Heydər Əliyev, bir də Xalq şairi Qabil. Bu hamınıza gün kimi aydındır. Bir də ki, atamın ərklə dediyi “UŞAQLAR”. Mənim bu yazımdan sonra onu da tanıdınız – millət vəkili Eldar Quliyev. Qabilin 70 illik yubiley banketinin, təşkilat işlərinin rəhbəri. El dilində desək – sponsoru. Atam Qabilin bu cür səxavətli və təmənnasız insanlar barədə dediyi bir cümləsini xatırlatmağın lap yeridir: “Pulunu verən, canını da verər”. (“Deputat Eldar Quliyev və ya UŞAQLAR” xatirəsi: //modern.az/az/news/92080) (SON)

 

 

...Təkcə, xeyirxah insan, ədəbiyyatı sevən, istedadı qiymətləndirən şəxs olduğuna görə yox. Öz seçicilərinə qaynayıb-qarışan, qədim Maştağa kəndində doğulan, məhz kökü o kənddən olan, hamını üzbəsurət tanıyan, deputat olmayanda belə qapısından heç kimi naəlac qaytarmayan, cavan yaşından ağsaqqallığı, yaxşılıq eləməyi ata-babalarından qəbul edib-yaşadan biri olduğu üçün. İndi deyəcəksiniz ki, ay Mahir, Eldar müəllimin deputat kimi elədikləriylə bağlı heç olmasa bir-iki misal çək. Özümə aid olanı yazıb açıqladım. Buna ixtiyarım çatır. Amma köhnə bakılılarda, köhnə kişilərdə belə bir qanun bu gün də qorunub saxlanır, yaşadılır. “Sağ əlin verdiyini, sol əl bilməməlidir”. Eldar müəllim də belələrindəndir. Çünki etdiklərinin çoxunu deputat kimi etməyib. Elədiklərinin çoxu deputatın rəsmi səlahiyyətinə və vəzifəsinə aid də deyil. Heç deputat olmasaydı da edərdi bunları. Heç öz seçicisi yox, ərazidə müvəqqəti məskunlaşan kimsə də qapısını döysəydi yardım göstərərdi. Kəsdiyi qurban payından, bayramlarda ayırdığı sovqatdan o ərazidə qeydiyyatsız yaşayan ehtiyacı olanlara da paylayardı. Necə ki, belə də edir. Bax buna görə sevindim. Bir də ona görə sevindim ki, ağzıgöyçəklərin “neyləyir e... dörd çağırış deputat olub da... daha nə istəyir axı...” kimi sözlərindən sınıb ruhdan düşmədi. Çünki yaxşı bilir ki, öz seçicilərinə lazımdır.

 

O ki qaldı deputat və iqtisadçı-alim kimi beynəlxaq arenada fəaliyyətinə – onu fəxrlə açıqlaya bilərəm. Rəsmi mənbələrdə oxumuşam: “Eldar Quliyev 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilib. 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunub.

 

 

Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilib. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunub, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırılmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülüb. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsəri və kitabı nəşr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

 

Belə bir məqam seçkiqabağı həyatımızda tez-tez səslənir. Hansısa partiya mənsubları deyir ki, “partiya məsləhət bilsə seçkilərə yenidən qatılacağam”. Bitərəflər isə “seçicilərim istəsə yenidən namizədliyimi irəli sürəcəyəm” söyləyirlər. Görəsən bu nala-mıxa vuranların “sərbəst namizəd” anlayışından xəbərləri yoxdurmu? Yəqin ki, var. Amma özləri də yaxşı bilirlər ki, nə partiya onları yenidən deputat görmək istəyir, nə də seçiciləri. Çünki millət vəkili olduqları müddətdə heç birinin etimadını doğrultmayıblar. Hansılar ki, deputat adını şərəflə daşıyıb növbəti dəfə ürəklə seçkilərə qatılırlar – bir daha seçicilərinin etimadını qazanmaq ümidiylə.

 

 

Mən də Eldar Quliyevin yenidən deputat seçilməsini istəyirəm və seçiləcəyinə inanıram. Çünki Bakının ən qədim kəndləri olan Maştağa, Nardaran, Bilgəh və Zabrat camaatına ən layiqli, kökü ordan olan deputat sayıram onu. Çünki bakılımdır – bakılılar yerlibazlıqdan uzaq olsalar da... Çünki ziyalıdır, ədəbiyyatı sevəndir, istedadı qiymətləndirəndir – axı mənim də belə millət vəkilinə ehtiyacım var. Çünki yaxşı kişidir – elədiklərini dilinə gətirmir. Kişi elədiyini deməz. Çünki gözəl ailə başçısıdır, babadır. Özü də, övladları da dövlətçiliyə, prezidentlərinə sadiq adamdırlar.

 

 

 

MAHİR QABİLOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?