Modern.az

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ

18 Yanvar 2020, 13:21

 

“Yadda saxla: tunelin sonunda işıq gəlirsə, altı haldan beşində bu sən tərəfə şütüyən qatarın işıqları olur”

 

Pol Dikson Ölümün buz nəfəsəsi üzümü yandırıb ötdü...

 

Bilənlər bilir ki, bir neçə gün əvvəl ağır bir yol hadisəsindən yüngül xəsarətlərlə qutardım. Qəzaya düşdüyüm maşından gözmuncuğu əvəzinə səngərdən götürdüyüm bir giliz asmışdım. Çünki bilirəm ki, əslində əşyaya da, hadisəyə mahiyyət verən bizim onu necə qavramağımzıdır. Necə deyərlər, qavrayışımızın sabitliyi anadangəlmə xüsusiyyət deyil. Və mən də elə düşünürdüm ki, hamıya adi gələn bu giliz mənim üçün gözmuncuğudur. Bu gilizin ucundakı güllənin bir erməni daşnakını gəbərdib-gəbərtmədiyinə əmin deyiləm. Amma, onun adi bir dəmir parçası kimi atılmasını istəməmişdim. Həm də, həmin gilizi torpağın üzərindən götürəndə müsbət enerji hiss eləmişdim.

 

Uşaqlıq illərininizin keçdiyi evdə də belə bir günc var, çoxunuz bunu duyursunuz. Beləcə, səngərdən götürdüyüm giliz bir neçə ildi ki, maşının ön şüşəsində - gözümün qabağında idi.

 

“Təsadüfü güllə heç vaxt yan keçmir”. Bunu Vesna Dençiç deyib. Əslində həmin qəza da bir yox, daha çox təsadüfün (bəlkə də bilmədiyimiz anunauyğunluğun) çəmidir. Bir nəfər marketə gedəndə açarı maşının üzərində qoyur, o birisi içkili halda həmin maşını qaçırdır, yolunun üstündə maşınları əzir və nəhayət oğurlanmış maşını mənim idarə etdiyim avtomobilə çırpır.

 

 

Hadisəni eşidib səhhətimlə maraqlanan bütün insanlara təşəkkür edirəm. İş və keçmiş döyüşçü yoldaşlarım, qohum və tanışlarla yanaşı üzünü görmədiyim virtual dostlar da əlaqə saxladılar. Sağ olun, yaxşı ki, varsınız. Qarşılıqlı şükranlıqdan sonra, qəzadan necə SAĞ və SAĞLAM qutardığımı soruşurlar. Heç özümdə bilmirəm.

 

1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə çiynimdən asılan binoklun kəmərini qıran və qolumla belimin arasındakı bir neçə santimetirlik yerdən geçən qəlpələrinin trayektoruyasını hələ də anlamadığım kimi. Müharibə vaxtı əsas arzulardan birincisi SAĞ qalmaq idi, ikincisi və ondan geri qalmayanı isə SAĞLAM qalmaq. Məsələn heç kim tutaq ki, yataq xəstəsi kimi SAĞ qalmaq istəməzdi. Heç olmasa müharibə zamanı hansısa hadislərin baş verməsi, ölüm-itim ehtimalı daha çox idi və psixoloji hazır idik. Bu halda isə “Elnaməddin” adlı birisinin içkili halda maşın qaçırması və onu qadağan olunmuş istiqamətlə gələrək düz maşına çırpmasının heç bir bağışlanma ehtimalı yoxdur.

 

Öyrəndim ki, bu “yol terrorçusu” 2017-ci ildə həbsdən çıxıb. O, artıq saxlanılıb, məhkəmənin qərarı ilə nə cəza alacağı mənim üçün çox da önəmli deyil. Çəkindiyim onun yenə azad olandan sonra edəcəyi cinayətlər və onların qurbanlarıdır. Axı, qəzaya düşəndə həmişə şanslı olmaq mümkün deyil.. 13 ildir ki, İctimai Televizyanın Qarabağ bürosunda çalışıram. O maşınla isə 9 ildən çox idi ki, bir yerdəydik, yaxşı və pis, çətin və asan xəbərləri birlikdə hazırlamşışdıq. Amma indi yolumuz ayrıldı...

 

Gözlənilməz bir qəzadan sağ qurtardım, operatorla mənim on illik yol yoldaşımız olan xidməti maşınımız yararsız hala düşdü. Onunla tanışlıqdan sonra, daha doğrusu ayrılıq ərəfəsində başa düşdüm ki, bəzi bölgələrdə əllərini maşının üzərinə qoyub “bu dəzgah haqqı” deyib and içəndə verdikləri qiymətlərində səmimi imişlər... Ümid və həyacanın gözləri iri olur, deyirlər. Qaçırdığı maşınla bir neçə avtomobili əzən həmən şəxsin fotosunu polis şöbəsində görəndə gözlərimə inanmadım. Çünki, maşın vuran anda onun mənim yaddaşıma çökən sifət daha fərqli, uşaqlıq dövründən qalan bir kabus kimi idi.

 

Tam yararsız hala düşmüş maşının yanından qayıdıram. O ki, qaldı gilizə - onu tapmadım. Həyat davam edir, kim bilir, yeni ümidlərimizin gözmuncuğu nə olacaq. Ümidin gözmuncuğu isə hər adamda fərqli olur və özü öz xəbərdarlıq işarəsini verir. Bütün arzular, o cümlədən SAĞ və SAĞLAM yaşamaq arzusu ümidlə qidalanmayanda ölür...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır